Siyasət

"Ermənistan özünü reablitasiya etmək fürsəti əldə edib"

14 Yanvar 2021 10:33
Baxış: 1 027

Yanvarın 11-də baş tutan bu görüşün əsas nəticəsi ondan ibarət oldu ki, problemlərin hamısı Azərbaycan Ermənistan qarşıdurması üzərində siyasi gündəlikdən iqtisadi gündəliyə keçid etdi.

Bunu Milli.Az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, həm Bakı, həm Moskva rəsmi İrəvana işarə etdilər ki, indi siyasi məsələlərdən bir az uzaqlaşmaq daha məsləhətlidir:

"Bu, ondan xəbər verir ki, artq siyasi zəmində olan anlaşılmazlıqlar, iddialar, təzadlar bir növ arxa plana keçir. Onlar, təbii ki, gözdən itə bilməz, itməyəcək də. Ancaq onların həlli ilə bağlı zaman-zaman, vaxtaşırı tərəflər görüşəcəklər. Burada Rusiyanın vasitəçiliyi özünü əks etdirməlidir.

Sualların sayı cavablardan qat-qat üstündür. Amma buna baxmayaraq zaman tələb olunur ki, həmin qapalı qalmış məsələlər də öz həllinə yaxınlaşsın. Bu görüşdə, təbii ki, əsas persona kimi Azərbaycan və Rusiya Prezidentləri çıxış etdilər. Çünki Nikol Paşinyan bir növ kölgədə idi, sonra onun lazımsız müdaxilələri də heç bir dəstəyə layiq görülmədi və bu təbiidir. Tək ona görə yox ki, Ermənistan artıq məğlub olub, həm də ona görə ki, o qondarma problemlərin gündəmə gəlməsi diqqəti əsas məsələlərdən yayındıra bilər. Ona görə də nə İlham Əliyev, nə də Vladimir Putin status məsələsinə, erməni əsirlərinin qaytarılması kimi məsələlərə o qədər də diqqət yetirmədilər. Çünki indi regionun artıq yeni bir inkişaf müstəvisinə çıxmaq şansları açılıb.

Uzun illər idi Ermənistanın bölgəmizdə tormoz rolunu oynamasının şahidi idik. Düzdür, biz inteqrasiya məsələlərində, yeni layihələrin işlənilib üzə çıxmasında böyük fəallıq göstərdik. Bu da bölgənin və Avrasiyanın böyük məkanının geosiyasi mənzərəsini bir növ canlandırdı. Bundan tək biz qazanmadıq, bizimlə bərabər tərəfdaşlarımız da qazandılar. Ancaq bu proseslərin hamısından təcrid olunmuş oyundan kənar vəziyyətdə olan Ermənistan, nəhayət ki, öz siyasətinin qurbanına çevrilməklə həm də iqtisadi meydana qayıtmaq şansı əldə edərək özünü reablitasiya etmək fürsəti əldə edir.

Təbii, bu, indi ermənilərin özlərinin daxili qüvvələrindən asılı olacaq ki, onlar prosesləri necə tənzimləyəcəklər, onların üstünlüyü nədən ibarət olacaq?! Amma indi həm Bakı, həm Moskva rəsmi İrəvana işarə etdilər ki, siyasi məsələrdən bir az uzaqlaşmaq daha məsləhətlidir, xüsusuilə də Ermənistanın özü üçün. Və Ermənistanın ərazisindən keçən kommunikasiyalar, dəhlizlər bütün bölgə ölkələrinin mənfəətinə şərait yaradacaq. Burada söhbət həm Azərbaycandan, həm Türkiyədən, həm Rusiyadan, həm İrandan, həm Gürcüstandan, həm də Ermənistanın özündən gedir və getməlidir. Çünki başqa cür ola bilməz".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.