Siyasət

Yeni dönəm üçün həm də yeni media siyasəti lazımdır

11 Yanvar 2021 13:41
Baxış: 293

Vətən savaşından zəfərlə çıxdıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ordusu 30 ilə yaxındır düşmən işğalında olan Vətən torpaqlarını cəmi 44 günlük savaşla azad edib Ermənistanı dizə gətirdi. Bu isə çağdaş Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır. İndi bizim bütün məsələlərə baxışımız fərqlidir, fərqli də olmalıdır. Azərbaycan bundan sonra elə bir xətt götürməlidir ki, burada tək-tək deyil, kompleks yanaşma tətbiq edilsin.

O cümlədən də media siyasətimizi kökündən dəyişməyin vaxtı çatıb. Savaş günlərində medianın davranışını ciddi-ciddi müşahidə edən birisi kimi deyə bilərəm ki, bizim qüsurlarımız çox oldu. Bəzən də həddən artıq çox. Elə savaşa qədər də ciddi problemlər yaşamaqdaydıq. Özəlliklə də böhranlı anlarda. Niyə? Ona görə ki, bu sahənin qanunvericilik istiqaməti günün tələblərinə cavab vermir!

Hər şeydən öncə qeyd edək ki, KİV haqqında bütün qanunlarımızı yenidən işləyib zamanın tələblərinə təcili uyğunlaşdırmaq lazımdır. Heç kimə sirr deyil ki, indiki sürətli inkişaf dövründə bu sahənin qanunları illərlə dəyişilməz qala bilməz. Düzdür, müəyyən mərhələlərdə bu qanunlara əlavə və dəyişikliklər edilib. Lakin yetərli deyil.

Yetərli deyil ki, günümüzün mediasında hərc-mərclik hələ də qalmaqdadır. Ona görə də sahəyə ümumilikdə çəki-düzən vermək üçün yeni qanunlar qəbul edilməlidir. Bu qanunların qəbulu zamanı media-ifadə azadlığıyla bərabər məsuliyyət məsələsi də ciddi şəkildə əksini tapmalıdır.

Daha bir vacib məqam isə sosial media və internet jurnalistikasının nəhayət ki, ciddi şəkildə qanun çərçivəsinə salınmasıdır. Əlbəttə, biz insanların konstitusion haqqı olan ifadə azadlığını əngəlləməyə çağırmırıq. Lakin məsuliyyətin də daim diqqətdə olmasında yarar olduğunu düşünürük.

Biz elə qanunlar qəbul etməli, elə bir dövlət siyasəti yürütməliyik ki, müasir informasiya-kommunikasiya texnologiyalarından dövlətin və vətəndaşların faydası üçün düzgün istifadə imkanları yaransın. Hər birimiz bilirik ki, yeni mediadan sui-istifadə halları baş alıb gedir. Saxta xəbərçilik, qarayaxma, söyüş-təhqir kampaniyaları, düşmən dəyirmanına su tökən zərərli paylaşımlar təəssüf ki, günümüzün gerçəklikləridir. Bütün bunlardan zərər görənsə həm ayrı-ayrı fərdlər, həm də bütövlükdə dövlətdir. Ona görə də bu məsələləri də nizama salmaq üçün qanunların imkanlarından istifadə şəraiti yaradılmalıdır.

Hər şeydən öncə bizi həm də informasiya təhlükəsizliyi ciddi narahat edir. Düzdür, 44 günlük Vətən savaşında bu sahədə ciddi gərginliklər yaşanmadı (müəyyən istisnalar olsa da). Lakin bu o demək deyil ki, həmişə belə olub və olacaq. Biz savaşdan öncə dəfələrlə bu sahədə problemlərlə üzləşmişik. Bundan sonra da üzləşmə ehtimalımız yox deyildir.

Ermənilərin (həm də yalnız onların deyil) bizim media seqmentimizə ustalıqla ötürdüyü saxta xəbərlərin Azərbaycan mediasında araşdırılmadan tirajlanması halları heç də az olmayıb. Elə indinin özündə də müşahidə edilməkdədir.

Örnək: Ötən gecə Şuşa ətrafında atışma səsləri eşidilməsi haqqında xəbərlər yayıldı. Azacıq araşdırdıq, bəlli oldu ki, xəbəri yayan erməni radiosudur. Erməni kanalları bunu Azərbaycanın ayağına da yazdılar dərhal. Hətta iddia etdilər ki, yanvarın 11-də Moskvada keçiriləcək üçtərəfli görüş ərəfəsində Azərbaycan təxribat törədir. Təəssüf ki, Azərbaycan sosial media seqmentində bu xəbər tirajlandı. Biz bu yazını yazarkən bəlli oldu ki, gerçəkdən də silah səsləri eşidilib. Lakin bunun mətləbə dəxli yoxdur. Sadəcə bir neçə sərxoş erməni Xankəndində havaya atəş açıb və onlar artıq zərərsizləşdiriliblər. Göründüyü kimi, bizim media istifadəçilərimiz qanunların yaratdığı boşluq üzündən Azərbaycana qarşı informasiya təxribatında alət oldular. Halbuki bu sahə gərəkli şəkildə tənzimlənsəydi, belə hal baş verməzdi.

Yeri gəlmişkən qeyd edək ki, belə saxta xəbərlərə alət olmaq həm də qeyri-peşəkarlıqdan irəli gəlir. Şəxsən özüm həmişə hansısa bir xəbər meydana çıxanda onu mümkün qədər geniş araşdırıb əslini tapmağa çalışıram. Bunu bacarmayanda da sadəcə paylaşmıram, yazmıram, dərc etmirəm. Ta ki, gerçək ortaya çıxana qədər. Mediamızda baş alıb gedən qeyri-peşəkarlıq, təəssüf ki, öz əleyhimizə işləməyə davam edir.

Yaddan çıxmamış çap mediasının durumuna da qısaca nəzər salmaq istərdik. Bir sözlə desək, bərbad! Bu sahə elə bir gündədir ki, ümumiyyətlə söküb yenidən yığmaq lazımdır. Azərbaycan qəzetlərinin çoxu hələ də ağ-qara, ən yaxşı halda 4 rəngdə çıxır. Hələ də 16 səhifəlik qəzetləri oxumalı oluruq. Dünyanın dörd bir tərəfini gəzmiş həm də bir oxucu olaraq deyə bilərəm ki, bizim qəzetlər oxunmaq üçün gəl-gəl demir! Cəlb etmir çap mediamız oxucunu. Satış və yayımdan isə ümumiyyətlə danışmaq mümkün deyil. Hələ də qəzet köşklərində saqqız, siqaret kimi gündəlik xırda tələbat mallarının satışı üstünlük təşkil edir.

Hələ Bakı şəhəri yaxşıdır. Bölgələrdə isə ümumiyyətlə qəzet satışını gündüz çıraqla axtarsaq da tapa bilmirik. Ona görə də bu sahəni də söküb yenidən yığmaq lazımdır. Bunun üçün də KİV sahəsinə aid qanunları elə hala gətirməliyik ki, qəzetlərin satışı, abunəsi də müəyyən bir stimul götürə bilsin.

Söz qəzetlərdən düşmüşkən, "Azərbaycan" Nəşriyyatına toxunmadan keçə bilmərik. Bu məşhur bina hazırda mediamızın ayıb yeridir. Bəli, çəkinmədən bu ifadəni işlədə bilirik! Çox təəssüflə qeyd etməliyik ki, bu binadan indiki dövrdə keyfiyyətli jurnalistika məhsulları üçün deyil, mediadan sui-istifadə üçün gen-bol istifadə edilir. Ümumiyyətlə binanın içərisinə daxil olanda adamı qəribə hisslər bürüyür. Az qala ölkədə media adına fəaliyyət göstərən bütün üz qaraları bu binada toplaşıb. Ona görə də qanunlar öz yerində, bu bina ilə bağlı da elə günü bu gündən tədbirlərə başlamaq lazımdır. Təcili binanı boşaldıb təmir etmək, təyinatı üzrə istifadəsinə şərait yaratmaq ümumi media siyasətinin vazkeçilməz tərkib hissəsi olmalıdır. Azərbaycan kimi sözün həqiqi mənasında iddialı və inkişaf edən bir dövlətə belə bir media mərkəzi yalnız və yalnız ayıb olacaq məkandır. Onu da əlavə edək ki, binanı təmir edib jurnalistikaya müqəddəs bir peşə kimi baxan insanların ixtiyarına vermək düzgün olardı.

Bir də illərdir dilə gətirdiyimiz, lakin hələ də həllini gözləyən "Mətbuat Muzeyi" məsələsini həll etmək pis olmazdı. Oxucularımız xatırlar, Azərbaycan Mətbuat Şurası bunun üçün "AzərNəşr"in binasının ayrılması təklifilə çıxış etmişdi. Bizcə də bu işi həll edib mətbuatımızın şəhərin mərkəzindəki bu binada baxımlı bir muzeyini qurmaq yerinə düşərdi.

Bir də qurulduğu gündən daha çox tənqidlərlə gündəmdə olan KİV DF-nin məsələsinə yenidən baxmaq lazımdır. Şəxsi qənaətimdir ki, bu qurum qarşısına qoyulan vəzifələrin öhdəsindən gələ bilmədi. Düzdür, icraçı direktor dəyişdikdən sonra müəyyən müsbət siqnallar alınır. Lakin yetərli sayıla biləcək qədər deyil. Ona görə həm də KİV DF-ni əhatə edəcək media sahəsində yeni tənzimləmələrə ehtiyac var. Özü də təxirəsalınmaz ehtiyac.

Yuxarıda qanunlar haqqında yazdıq. Bu sahədə sıfırdan bir fəaliyyət vacibdir. Eyni zamanda yeni qanunlar çərçivəsində fəaliyyət göstərəcək media tənzimləmə mexanizmləri də yenidən qurulmalı, onların səlahiyyət çərçivəsi geniş olmalı, təsir mexanizmləri konkretləşdirilməlidir. KİV DF ilə bərabər Milli Televiziya və Radio Şurası, İctimai TV və Radio Yayımları Şirkəti İctimai Yayım Şurası, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Mətbuat Şurası kimi qurumların işi yeni dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Gərək olarsa onların bəzilərini ləğv etmək, yaxud da yenidən qurmaq işin xeyrinə olardı. Həm də bu qurumların həqiqətən də çevik fəaliyyəti üçün səlahiyyətlərinin genişləndirilməsinə gərək var. Ümumiyyətlə isə, dövlətin media siyasətinin daha effektiv gerçəkləşdirilməsi, çevik kommunikasiya imkanlarının yaradılması üçün bir yeni (üst) quruma ciddi ehtiyac duyulmaqdadır.

Sözardı: Medianın dili məsələsinə də geniş toxuna bilərdik. Lakin bilərəkdən bunu lap sona saxladıq. Çünki yuxarıda qeyd edilən məsələlər həllini tapdıqdan sonra ana dilimizin istifadəsi də yoluna düşəcək.

Sözardına sözardı: Ümid etmək istərdik ki, bu təkliflərimiz nəzərə alınacaq və media sahəsində həqiqətən də normallaşma başlayacaq. Özəlliklə də TV kanallarımızın yeknəsəq və boz verilişlərindən, radiolarımızın şit zarafatlarından canımız qurtulacaq...

Azər Həsrət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.