Siyasət

"Onlar Putinlə görüşmək istədilər, razılaşmadım" - Paşinyandan yeni etiraf

30 Noyabr 2020 14:00
Baxış: 4 942

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ müharibəsi zamanı danışıqların necə getməsi barədə yeni açıqlama ilə çıxış edib.

O, Ermənistanın birinci və ikinci prezidentləri Levon Ter-Petrosyanla Robert Köçəryanın anons edilən, amma sonradan qəflətən "ləğv olunan" Moskva səfərinin təfərrüatları barədə Facebook səhifəsində yazıb.

N.Paşinyanın sözlərinə görə, oktyabrın 20-də Dağlıq Qarabağdakı separatçı xuntanın sabiq rəhbərləri Arkadi Qukasyanla Bako Saakyan savaş günlərində milli vəhdət nümunəsi olaraq Ermənistanın indiki və keçmiş rəhbərlərinin görüşünün keçirilməsini təklif ediblər.

"Onlar Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyirdilər. Lakin mən Dmitri Medvedyevlə görüşü təklif etdim. Onlara hətta əlahiddə reys üçün təyyarə də verəcəyimi dedim", - Paşinyan yazıb.

N.Paşinyan daha sonra bildirib ki, sabiqlər Moskvada Rusiyanın XİN başçısı Sergey Lavrovla görüşü təşkil etmək üçün Ermənistanın artıq keçmiş xarici işlər naziri Zöhrab Mnasakanyanla da əlaqə saxlayıblar: "Mənə dedilər ki, Köçəryanla Ter-Petosyanı xüsusi nümyəndələr qismində qəbul etməsi üçün Vladimir Putindən xahiş edim. Dedim ki, Rusiya prezidenti ilə sürəkli təmaslardayam, bəzi günlərdə isə onunla gündə 5-6 dəfə danışıram. Yaxşı, Putin məndən soruşsaydı ki, hansı məsələni ona deyə bilmirəm və xüsusi nümayəndələr vasitəsilə çatdırmaq istəyirəm - nə cavab verəcəkdim? Sergey Lavrovla bağlı xahiş və vasitəçiliyin zərurəti səslənəndə Mnasakanyanda da elə bu sual yaranmışdı".

Paşinyan belə variantın əvəzinə Rusiyanı Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedyevlə görüşü, sonra da "ali səviyyədə görüş"ün təşkili üçün orada cəhdlər göstərilməsini təklif edib.

"Bu zaman bəlli oldu ki, təklifim onlara maraqlı deyil. Mənimçün tam gözlənilməz olaraq Saakyan dedi ki, Ter-Petrosyanla Köçəryan artıq Lavrovla görüşlə bağlı razıldaşıblar. Belədirsə, məndən nə istəyirdilər? Dedim ki, gedin, görüşün Moskvada. Elə həmin vaxt Köçəryana pasportunun qaytarılması barədə göstəriş verdim. Lakin sabiq prezidentlər Moskvaya getmədilər", - Ermənistanın baş naziri yazıb.

O, daha sonra Qarabağdakı savaş günlərində aparılan danışıqların təfərrüatlarından bəhs edib.

Paşinyanın sözlərinə görə, oktyabrın 19-da Dağlıq Qarabağdakı terrorçu xuntanın rəhbəri Araik Harutyunyan ona zəng edərək hərbi əməliyyatların dayandırılmasını istəyib: "O, sadəcə, ö fikrini çatdırmadı - bu, həm də Arkadi Qukasyanın, Bako Saakyanın, Levon Ter-Petrosyanın, Robert Köçəryanın və Serj Sarqsyanın mövqeyi idi. Dərhal Rusiya prezidenti Vladimir Putinə zəng etdim. O da dedi ki, hərbi əməliyyatları Rusiyanın təkliflərinin məntiqi əsasında dayandırmaq gərəkdir. Yəni Qarabağın statusu məsələsinin həllini təxirə salmaq, 7 rayonu Azərbaycana qaytarmaq, Qarabağda rusiyalı sülhməramlıları yerləşdirmək. İlkin varianta görə, sülhməramlılar Dağlıq Qarabağın sərhədləri boyunca və Laçın dəhlizində olmalıydılar".

Bu variantı Araik Haryutyuna deyəndə o, Paşinyanla razılaşıb.

Daha sonra Paşinyan ölkədəki siyasi partiyaların nümayəndələrini müşavirəyə çağırıb, onlara qərarını açıqlayıb. Müşavirə iştirakçılarının əksəriyyəti narazı qalıblar, toplantıdan sonra isə sosial şəbəkələrdə yazıblar ki, "Qarabağ uğrunda ümumxalq mübarizəsinə mane olan hər kəs xəyanətkardır".

Paşinyan daha sonra yazıb: "Elə həmin gün parlamentdəki fraksiyaların nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını keçirdim. İclasda Ermənistan prezidenti və bütün ermənilərin Katolikosu da vardı. Müxalifəti əmin etdim ki, onlara hər hansı məsuliyyəti yükləmək niyyətində deyiləm. Sadəcə, qərar vermişəm və nəyisə xalqdan gizli etməyim barədə rəy formalaşmasını istəmirəm. O vaxt aşkar bəyanat versəydim, təklif olunmuş ssenaridən Azərbaycan imtina edəcəkdi,  biz də çətin vəziyyətə düşəcəkdik. Ona görə Təhlükəsizlik Şurasının iclasından sonra Putinə zəng vurub təkliflə razı olduğumu dedim. Putin də səhərədək bütün məsələləri Əliyevlə müzakirə edəcəyini və mənə zəng vuracağını dedi. Ertəsi gün isə Bako Saakyan və Arkadi Qukasyan mənimlə görüşdə bəyan etdilər ki, Qarabağın statusunun dəqiqləşdirilmədiyi hər hansı anlaşmaya qarşı çıxırlar. Mahiyyət etibarilə onlar Ermənistanın sabiq prezidentlərinin də mövqelərindən bəhs edirdilər. Lakin bütün bunlar əhəmiyyətli deyildi, çünki artıq qərar vermişdim və işi başa çatdırmaq niyyətində idim".

N.Paşinyanın sözlərinə görə, ertəsi gün Rusiya prezidenti zəng vurub: "O dedi ki, Azərbaycan razıdır, lakin sülhməramlılar sabiq Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri boyunca yox, faktiki təmas xətti boyunca yerləşdirilməlilir. Çünki Hadrutla Talış azərbaycanlıların nəzarətindədir və onlar həmin mövqelərdən geri çəkilmək niyyətində deyillər. Bundan başqa, azərbaycanlıların Şuşaya qayıdışına erməni tərəfi təminat verməlidir.

Beləliklə, atəşkəs mümkünsüz oldu. Çünki dedim ki, Hadrutla bağlı razılaşsam belə, Şuşanın verilməsini təsəvvür edə bilmirəm. Azərbaycanlıların qayıdışına etiraz etməyim Rusiya prezidentini təəccübləndirdli. Arqumentlərimi səsləndirəndə o, "məntiqidir" dedi. Çünki qayıdışdan sonra Şuşa sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edəcəkdilər. Az sonra Xankəndi yoluna kimin nəzarət edəcəyi məsələsi gündəmə gələcəkdi. Əminəm ki, Şuşa ilə bağlı belə ssenariyə razılaşsaydım, Azərbaycan yeni şərtini - Şuşadan Qırmızı Bazara yola nəzarət məsələsini irəli sürəcəkdi".

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.