Siyasət

Ağdamın azad edilməsi ilə Azərbaycanın zəfər tarixinə daha bir gün yazıldı

20 Noyabr 2020 10:39
Baxış: 722

Müasir müstəqil Azərbaycanın zəfər tarixinə daha bir gün yazıldı. Azərbaycanın dilbər guşələrindən olan Ağdamın 27 illik işğalına noyabrın 20-də son qoyuldu. Mən öncə bu münasibətlə başda cənab Ali Baş Komandan İlham Əliyev olmaqla bütün xalqımızı, o cümlədən ağdamlıları təbrik edirəm.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Ağdamın 1993-cü ilin iyul ayının 23-də Ermənistan tərəfindən işğal edildiyini deyən deputat bildirib ki, məlum olduğu kimi işğalçı Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində havadarlarının köməyi ilə Dağlıq Qarabağı zəbt etdikdən sonra bununla kifayətlənmədi:

"Azərbaycanın daha 7 rayonu düşmən dövlətin silahlı qüvvələrinin təcavüzünə məruz qaldı. Belə inzibati-ərazi vahidlərindən biri də Ağdam rayonu idi. Bəhs olunan dövrdə Azərbaycanın Dağlıq Qarabağ ətrafında yerləşən digər yaşayış məntəqələri kimi, Ağdama da düşmən hücumlarının ardı-arası kəsilmirdi. Nəhayət, 1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Ağdam şəhəri işğal edildi.

Xüsusi olaraq qeyd edim ki, Ağdam Dağlıq Qarabağ münaqişəsinin lap əvvəlindən müharibənin çətinliklərinə ən çox məruz qalan yaşayış məntəqələrindəndir. Ağdam sakinləri 1988-ci ildən başlayaraq əvvəlcə Ermənistandan, sonradan isə Dağlıq Qarabağdan olan azərbaycanlı qaçqınlara qucaq açır, onların çətinliklərini bölüşürdülər. Eyni zamanda ağdamlılar düşmənlə döyüşlərdə qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalıblar. Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlər zamanı rayonda 6 min nəfərə yaxın həmvətənimiz şəhid olub. Rayonun 16 Milli Qəhrəmanı var.

Düşmənin işğalı nəticəsində rayonun 1150 kvadrat kilometrlik ərazisinin 882 kvadrat kilometri zəbt edilib, 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılaraq tamamilə məhv edilib. O cümlədən 200 mindən artıq rayon əhalisinin böyük əksəriyyəti öz doğma yurdundan didərgin düşüb".

V.İskəndərov bildirib ki, düşmənin uzun müddət ərzində Ağdamın işğalına can atmasının bir neçə səbəbi vardı: "Bu, ilk növbədə o amillə bağlı idi ki, qədim türk yurdu Ağdam həm dağlıq, həm də aran Qarabağın strateji əhəmiyyət daşıyan yaşayış məntəqəsidir. Erməni işğalçılarının bu rayonu hədəfə almasının digər səbəbi isə onunla bağlı idi ki, düşmən Ağdamı ilhaq etməklə Dağlıq Qarabağdakı qondarma, separatçı rejimin təhlükəsizliyinə böyük təminat yaratmış oldu".

Ötən 27 il ərzində böyük bir hissəsi erməni işğalı altında olan rayonun yalnız 10 kəndinin Azərbaycanın nəzarətində olduğunu bildirən deputat deyib ki, Ağdamın çoxlu sayda yaşayış məntəqəsi düşmən təcavüzünə məruz qalsa da, Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində rayonun tamamilə işğalına yol verilmədi.

Azərbaycanın nəzarətində qalan ərazilərdə tezliklə infrastrukturun bərpasına başlanıldı. Ölkənin digər bölgələrində məskunlaşmaq məcburiyyətində qalan ağdamlıların rayonla əlaqələri bərpa olundu. Ulu Öndər ağdamlı məcburi köçkünlərin sosial rifahının, mənzil şəraitinin yaxşılaşdırılmasına böyük diqqət göstərirdi.

Ağdamlılara qayğı siyasəti son 17 ildə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Bu vaxta kimi rayonun inzibati mərkəzi müvəqqəti olaraq Quzanlı qəsəbəsində yerləşirdi.

Lakin artıq Ağdam da işğaldan azad olunub. Bu il sentyabrın 27-də düşmənin əl atdığı növbəti genişmiqyaslı hərbi təxribata cavab olaraq ordumuzun başladığı əks-hücum əməliyyatı uğurla başa çatdı. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi dövründə düşmənə vurduğu sarsıdıcı zərbələr sonda işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları birgə bəyanat torpaqlarımızın 30 ildir davam edən işğalına son qoydu. Bu bəyanatın ən önəmli məqamlarından biri budur ki, Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, bir şəhid vermədən Azərbaycana qaytarılır. Beləliklə, artıq şanlı ordumuzun ayaq səsləri işğaldan azad olunmuş Ağdamda da eşidilir. Üçrənğlı bayrağımız Ağdamda da dalğalanır".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.