Siyasət

Azərbaycan Prezidenti İlham Əliyevi mat vəziyyətinə salmaq istəyənlərin özləri bu gün mat vəziyyətindədirlər

29 Oktyabr 2020 17:02
Baxış: 1 758

"Beynəlxalq aləm, dünya birliyinin Gəncə və Bərdə şəhərlərinə Ermənistanın terror hucumu həyata keçirməsinə göz yumması təbiidir və beynəlxalq aləm bu kimi insanlıq əleyhinə cinayətlərə göz yumacaq".

Milli.Az xəbər verir ki, bu fikirləri "OLAYLAR"-a yazıçı-publisist, "OLAYLAR" qəzeti və eyniadlı İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuz səsləndirib. O, bildirib ki, beynəlxalq aləmin planları tamamilə başqa idi: "Onların planı nə idi? Birmənalı olaraq qeyd etmək lazımdır ki, Ermənistanın Gəncə və Bərdəyə hücumları terror, hərbi cinayətdir. Çünki bir dövlətin hərbi qurumu faktiki olaraq bizim mülki vətəndaşlarımızı, şəhər və rayonlarımızı atəşə tutur, həmin ərazilərə qadağan olunmuş kasetli bombalar atır. Qeyd etdiyim kimi bunun arxasında tamam başqa şeylər var. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq səviyyəli görüşlərdə, toplantılarda 17 ildir qətiyyətlə bəyan edirdi ki, Dağlıq Qarabağın müstəqilliyindən heç bir halda söhbət gedə bilməz və bu müzakirə predmeti deyil. Lazım gələrsə biz torpaqlarımızı müharibə yolu ilə azad edərik. Nikol Paşinyan da hakimiyyətə gəldikdən sonra Azərbaycan və Ermənistan rəhbərləri birbaşa Qarabağ problemini müzakirə etmək üçün masa arxasında oturmayıblar. Düzdür, hansısa beynəlxalq tədbirlər çərçivəsində görüşlər keçirilib. Lakin sırf Sərkisyan, Köçəryanın zamanında olduğu kimi birbaşa Qarabağ probleminin müzakirə edildiyi görüş baş tutmayıb".

Yunus Oğuz bildirib ki, əslində müharibəni Paşinyanın arxasında duranlar başladı: "Burada da məqsəd ondan ibarət idi ki, arxayınlıqla söylədikləri Ohanyan istehkamı yarıla bilməyəcək. Nəticə etibarilə Azərbaycan çoxlu sayda şəhid verəcək. Bu isə Azərbaycanda daxili narazılığa, kütləvi etirazlara səbəb olacaq. Yaxud Azərbaycan Ordusunun Ohanyan istehkamlarını dəf edə bilməyib məğlub olmasından sonra İlham Əliyevi məcbur edəcəklər ki, təslimçi müqaviləyə imza at. Məhz bütün bunların tərkib hissəsi idi ki, əvvəlcə ritorika başladı. "Yeni müharibə, yeni ərazilər"  zəbt etmək barədə Ermənistan tərəfindən fikirlər səsləndi, "Qarabağ Ermənistandır, nöqtə" kimi sərsəm açıqlamalar verildi. Ardınca Paşinyan Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə rəqs etdi, separatçı rejimin rəhbərinin andiçmə mərasimini keçirildi, qondarma parlamentin Şuşaya köçürüləcəyi kimi Azərbaycan tərəfini qıcıqlandıracaq hərəkətlər edildi. Bir sözlə, hər şey edirdilər ki, Azərbaycan müharibəyə başlasın. Əslində Tovuz hadisələrində də məqsəd bu idi. Ən əsası odur ki, onlar Azərbaycanın əks-hücum əməliyyatı ilə müharibəyə başlayacağını hesablamamışdılar. Düşünürdülər ki, Azərbaycan buna cəsarət etməyəcək. Çünki Paşinyanın generalları bütün dünyanın siyasi mənzərəsini müəyyənləşdirən insanlarını inandırmışdılar ki, Azərbaycan heç birinci istehkamı yara bilməyəcək. Nəinki digər istehkamları. Müharibə başlayana qədərki dövrdə Azərbaycanın kənd və qəsəbələri, mülki insanlarının atəşə tutulmasında da məqsəd o idi ki, Azərbaycanı müharibəyə cəlb etsinlər". Yunus Oğuz onu da bildirib ki, Azərbaycan da öz növbəsində neçə illərdir müharibəyə hazırlaşır, ordunun maddi-texniki bazasını möhkəmlədirdi: "Heç Rusiya da gözləımirdi ki, Azərbaycan bu cür uğurlu hərbi əməliyyatlar həyata keçirəcək. Azərbaycan isə erməni təxribatına cavab vermək və əks hücum əməliyyatına başlamaqla müharibəyə start verdi və Ohanyan istehkamlarını yara-yara getdi. Bütün bunların fonunda Azərbaycan Prezidenti İlham Əliyevi mat vəziyyətinə salmaq istəyənlərin özləri bu gün mat vəziyyətindədirlər. Faktiki olaraq Paşinyanın hakimiyyətdən getməsi gün kimi aydındır. Hətta tərəflər arasında sülh müqaviləsi bağlansa belə, Paşinyan hakimiyyətdən devriləcək". Yunus Oğuzun sözlərinə görə, bu gün Paşinyanın arxasında dayanan qüvvələr də artıq birbaşa Azərbaycana müdaxilə edə bilmirlər: "İndiyə qədər deyirdilər ki, Qarabağ probleminin həllinin açarı Moskvadadır.  Ancaq Azərbaycan uğurlu hərbi əməliyyatlar həyata keçriməklə Qarabağ probleminin həllinin açarının öz əlimizdə olduğunu sübuta yetirdi. Təbii ki, burada Azərbaycana bu haqq işində siyasi və mənəvi dəstək verən qardaş Türkiyəyə, eləcə də digər ölkələrə də təşəkkür düşür. Göründüyü kimi Azərbaycan bu müharibədən qalib kimi çıxır. İstənilən halda Cenevrədə keçirilməsi nəzərdə tutulan görüşdə Azərbaycan artıq diqtə edən tərəf  olacaq. Əvvəllər Ermənistanın keçmiş rəhbərləri deyirdilər ki, biz həmin torpaqları qanla almışıq, müharibəsiz verək. İndi isə biz deyirik ki, ərazilərimizi qanla işğaldam azad etmişik". Yunus Oğuz onu da diqqətə çatdırıb ki, Azərbaycanın bir xalq kimi müharibəyə hazır olduğunu da heç kim gözləmirdi: "İnsanların kütləvi şəkildə orduya yazılmasını heç kim təsəvvür etmirdi. Faktiki olaraq "5-ci kolon"un Azərbaycanda xalq tərəfindən zərərsizləışdirilməsi baş verdi. Artıq onlar Azərbaycanda at oynada bilmirlər. Çünki xalqın təpkisi və ictimai qınaqla rastlaşırlar. Ən əsası odur ki, çoxları hələ də Aprel döyüşlərinin mahiyyətini başa düşmür. Aprel döyüşləri Ermənistanın qalib sindromunu sındırdı. Xalq anladı ki, müharibə də etmək olar, qələbə qazanmaq da".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.