Siyasət

Yeni humanitar atəşkəsin ömrü nə qədər olacaq?

26 Oktyabr 2020 09:16
Baxış: 4 815

İşğal edilmiş torpaqlarını bir-bir azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir.

Məqsəd ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir.

Azərbaycan təşəbbüsü əlinə aldı, suverenliyini və ərazi bütövlüyünü özü bərpa etməyə, ərazilərini işğalçılardan, terrorçulardan, separatçılardan və onların qanunsuz hərbi birləşmələrindən təmizləməyə başladı.

Dünyanın böyük dövlətləri isə Azərbaycana dəstək vermək əvəzinə işğalçı Ermənistanı xilas etməyə çalışmağa başladılar.

Bu təzyiqlərin birini bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı gördük. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik, onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini də qəbul etmədilər.

Bu vaxta qədər Azərbaycan və Ermənistan arasında 10 və 17 oktyabrda olmaqla 2 humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozulmuşdu.

25 oktyabr bəyanatının ilkin layihəsi indiki mətndən tamamilə fərqlənirdi. Azərbaycan tərəfi qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail oldu.

Nə baş verir?

Əvvəlcə ABŞ-ın Dövlət Departamenti xüsusi bəyanat yayaraq bildirir ki, amerikalıların vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN-ləri arasında növbəti anlaşma əldə olunub.

Bundan az sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri təcili bəyanat yayaraq bildirirlər ki, Moskva anlaşmasına uyğun olaraq humanitar atəşkəs rejimi, habelə Dağlıq Qarabağ münaqişəsinin yekun nizamlanmasına yönəlmiş konkret və predmetli danışıqlar bərpa edilməlidir.

Əslində, yeni atəşkəs anlaşmasının imzalanacağından heç nə xəbər vermirdi. İllah da ki, Dövlət Departamentinin açıqlaması Azərbaycan ordusunun Qubadlı rayonunu azad etməsini bildirməsindən, yəni ordumuzun artıq ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərinə çatmasından bir neçə saat sonra yayıldı.

İllərlə erməni işğalında qalmış daha bir bölgəmizin azadlığa qovuşmasının yaratdığı sevinci atəşkəslə bağlı xəbərlər müəyyən mənada səngitdi.

Nələr olur? Axı niyə Azərbaycan ordusunun uğurlu irəliəlyişi, zəfər yürüşü dünyanın güc mərkəzlərini, qlobal geosiyasəti bəlirləyənləri bu qədər narahat edir?

Qubadlının azad edilməsi BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsini tarixə yolladı. Çünki Füzuli, Cəbrayıl və Qubadlı rayonları artıq erməni işğalından qurtulub.

Zəngilan azad ediləndə 884 saylı qətnamə qüvvəsini itirmişdi.

Laçın və Ağdam azad olunandan sonra 853, Kəlbəcər, Şuşa, Xocalı və s. erməni tapdağından qurtulandan sonra isə 822 saylı qətnamə arxivə atılacaq.

Göründüyü kimi, BMT Təhlükəsizlik Şurasının 30 ildən bəri Ermənistana icra etdirə bilmədiyi, reallaşdırılması məcburi olan qətnamələri Azərbaycan reallaşdırır.

Son 30 ildə dünyanın böyük dövlətləri, ATƏT və BMT Qarabağ problemini həll etmək üçün nə etdilər? Faktiki olaraq heç nə: yalnız Azərbaycanı münaqişə zonasındakı status-kvo ilə barışmağa çağırır, hətta vadar etmək istəyirdilər.

Danışıqlarda isə sürəkli müzakirələr aparır, sonra da bəyan edirdilər ki, Ermənistanı işğala son qoymağa və sülhə vadar etmək üçün yetərli, effektiv mexanizmlər yoxdur.

Bəyanatların özünə gəldikdə isə, burada söhbət atəşkəsdən deyil, humanitar atəşkəsdən gedir.

Bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müffəsəl həlli prosesi ilə paralel getməlidir.

Bu, o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir.

Bəyanatda öz əksini tapmış "vaxt cədvəli" (timeline) ifadəsi məhz bunu nəzərdə tutur.

Eyni zamanda, atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir.

Bu mənada həmsədrlərin bəyanatında yer almış məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac vardır.

Baza prinsiplərini rədd edən, bir neçə gün öncə "Münaqişənin diplomatik həlli yoxdur" deyən N.Paşinyan artıq məcbur olub bu dəfə danışıqlar üçün ABŞ-a yalvarır. Artıq N.Paşinyan kompromislərdən danışır.

Əgər bu humanitar atəşkəs də Ermənistan tərəfindən pozularsa, Azərbaycan yenə düşmənə qətiyyətli cavab verəcək.

Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir.

Bu, onu göstərir ki, Ermənistan bu humanitar atəşkəsə da riayət etməyəcək.

Yeni humanitar atəşkəs cəhdi Azərbaycana nə verəcək?

Axı ilk atəşkəs anlaşması imzalanandan cəmi bir neçə saat sonra Ermənistan bütün razılaşmaları kobud şəkildə pozaraq Gəncənin dinc əhalisini ballistik raketlərdən atəşə tutmuşdu.

Kim təminat verə bilər ki, Ermənistan yenə şəhər və kəndlərimizi raketlərlə vurmayacaq?

Yeni humanitar atəşkəsin ömrü nə qədər olacaq?

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.