Siyasət

Paşinyan danışıqlardan imtina etdi: "Ancaq müharibə!"

21 Oktyabr 2020 17:10
Baxış: 20 840

Ermənistanın baş naziri Nikol Paşinyan az öncə Facebook səhifəsi vasitəsilə Ermənistan vətəndaşlarına və dünya ermənilərinə müraciət edib.

Milli.Az bildirir ki, o, faktiki olaraq savaşı seçdiyini bəyan edib. Yəni Qarabağda döyüşlərin daha da intensivləşməsini və qarabağlı ermənilərin qırğına verilməsini.

İsterikaya qapılmış N.Paşinyanın çıxışını qısa ixtisaslarla təqdim edirik:

"Qarabağsız Ermənistan yoxdur. Bu səbəbdən də Qarabağ xalqının hüquqlarının müdafiəsi Ermənistan xalqının hüquqlarının müdafiəsi deməkdir. Yəni bu gün ələ silah alaraq problemin qəbuledilən diplomatik həlli əldə olunmayana qədər savaşmaq deməkdir. Qarabağ münaqişəsinin diplomatik həlli ilə bağlı bütün təklifləri bitmiş saya bilərik. Ermənistan münaqişənin dinc danışıqlar vasitəsilə, qarşılıqlı güzəştlər əsasında həllinə tərəfdar olduğunu həmişə bəyan edib. Lakin indi situasiya elə formalaşıb ki, Ermənistan üçün qəbul olunanlar Azərbaycan üçün qəbuledilməzdir.

İndiki mərhələdə Qarabağ məsələsinin diplomatik həlli yoxdur və uzun müddət olmayacaq. Aralıq mərhələ yoxdur. Ya qələbə, ya məğlubiyyət var.

Cəbhə xəttində vəziyyət ağırdır, çox ağırdır. Lakin erməni qoşunlar düşmənə böyük itkilər verirlər.

Merlər, icma və yerli özünüidarə orqanlarının başçıları liderləri ələ almalı, erməni xalqının dinc yaşam hüququnu təmin etmək üçün özünümüdafiə dəstələri yaratmalıdırlar. Vətənimizin gələcəyi bir insandan asılıdır və o insan sənsən, erməni!

Bütün tələbələr, iş adamları, əslən Qarabağdan olan hər kəs elə indi ora yollanmalı, könüllü dəstələrə yazılmalı, döyüşməlidir.

Vəziyyət bizə qələbədən başqa seçim qoymur.

Ələ silah ala bilən hər kəs silahlansın və Qarabağ uğrunda döyüşsün!

Bu arada Rusiya ilə münasibətlərimizdən də danışmaq istərdim. Ermənistan və Rusiya arasındakı əməkdaşlığı çox yüksək dəyərləndirirəm. Ermənistanla erməni xalqının strateji müttəfiqi kimi Rusiyanın dəstəyini aşkar hiss edirik.

Rusiya bu günədək əlindən gələn hər şeyi maksimum edib və əminəm ki, indiki situasiyada da maksimum edəcək. Rusiya ilə əməkdaşlığı çox yüksək dəyərləndirirəm".

Elçin Alıoğlu
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.