Siyasət

Prezident İlham Əliyev - Azərbaycanın yeni və parlaq inkişafının memarı

15 Oktyabr 2020 15:25
Baxış: 1 042

Ölkəmizin başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 17 il keçir. Bu günün zirvəsindən dönüb ötən dövrə nəzər saldıqda Azərbaycanın nə qədər möhtəşəm inkişaf mərhələsi yaşadığının canlı şahidi oluruq. Həmin dövrü Azərbaycanın yeni və parlaq inkişaf mərhələsi, Prezident İlham Əliyevin isə onun memarı adlandırılması üçün bütün əsasların olduğunu indi hamı birmənalı şəkildə etiraf edir. Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin siyasi varisi missiyasını yerinə yetirməyin yüksək dərəcədə şərəfli və eyni zamanda məsuliyyətli vəzifə olduğunu izah etməyə ehtiyac duymuram. Həyat sübuta yetirdi ki, Azərbaycan xalqı 2003-cü ildə tariximizin yeni mərhələsinin ən mühüm qərarını qəbul edərək, ölkəyə Heydər Əliyev miqyasında siyasətçidən sonra yeni lider və prezident seçərkən özünə xas müdrikliyinə əsaslanan yeganə düzgün seçimini edə bilmişdir.

Düşünürəm ki, Ümummilli Liderimizin Azərbaycan xalqına ünvanladığı müraciətində "Mən İlham Əliyevə özüm qədər inanıram", "Mənim edə bilmədiyim işləri o, uğurla başa çatdıracaqdır" tövsiyyələri xalqımızın düzgün seçimində heç də az rol oynamamışdır. Bu günlərdə, Qarabağın azadlığı uğrunda apardığımız müqəddəs savaşda Azərbaycan Ordusunun zəfər yürüşü və böyük qələbənin nəfəsinin aydın şəkildə duyulmağa başladığı bir zamanda Ümummilli Liderin peyğəmbərcəsinə uzaqgörənliyinə heyran qala bilmirsən. Azərbaycanın Prezidenti İlham Əliyev ona 2003-cü ildə və sonrakı seçkilərdə səs verən insanların bütün ümidlərini doğrultdu, doğruldur və inanıram ki, bundan sonra da şərəflə doğruldacaqdır. Xalqımız buna dərindən inanır və inanaraq İlham Əliyevə, Ali Baş Komandana qətiyyətli dəstək verir, ətrafında sıx birləşərək onun gücü və əzəmətini qat-qat artırır.

Qarabağın azad edilməsi uğrunda Azərbaycan Ordusunun zəfər yürüşü Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi düşünülmüş uğurlu siyasətin məntiqi nəticəsi və davamı hesab olunmalıdır. Bu siyasətdə güclü zəkadan, dərin məntiqdən və uzaqgörənlikdən irəli gələn sistem və ardıcıllıq aydın şəkildə görünməkdədir. Prezident İlham Əliyev hər zaman xalqın istədiyini bütün incəliyinə qədər duyan həssas siyasətçi kimi zamanı çatan, zamanın tələb etdiyi vəzifələri müəyyənləşdirməyin və həll etməyin mahir ustasıdır. 2003-cü ilin seçki kampaniyasının ideya əsasını müəyyən edən "Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaq", "5 il ərzində 600 min yeni iş yeri yaradılacaq", "Mən Azərbaycanın yaxşı Prezidenti olacağam" şüarları dediyim fikrin bariz ifadəsidir. İndi Azərbacanda ötən əsrin 90-cı illərinin üzücü mənzərəsi olan çadır şəhərciklərini müasir qəsəbələr əvəz edir. Heç şübhə yoxdur ki, yaxın zamanlarda erməni işğalçılarının viran qoyduğu Qarabağ torpaqlarında da gözəl şəhərlər, qəsəbələr və kəndlər salınacaqdır.

Eyni sözləri sosial və iqtisadi inkişaf sahəsində əldə edilən uğurlara şamil etmək mümkündür. İqtisadiyyatın 3,2 dəfə artması, yoxsulluğun 49 faizdən təxminən 5 faizə endirilməsi, 2 milyondan çox yeni iş yerlərinin yaradılması, əhalinin həyat səviyyəsinin inanılmaz dərəcədə yüksəldilməsi, əmək haqqlarının, pensiyaların dəfələrlə artırılması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin miqyasının digər göstəriciləridir.

Prezident İlham Əliyevin Azərbaycanın simasının dəyişdirilməsinə və müasirləşdirilməsinə yönəlmiş təşəbbüsləri və səyləri ayrıca söhbətin mövzusudur. Ölkəmizin qısa bir vaxtda bütünlüklə yeniləşməsi, Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi möcüzə sayılacaq dərəcədə heyrətamizdir. Lakin bütün bunlar möcüzə deyil, reallıqdır. Azərbaycanın dünyada həm yeni imicinin formalaşmasında, həm də uğurlu gənc dövlət kimi beynəlxalq etimad qazanmasında İlham Əliyevin möhtəşəm infrastruktur layihələrinin həlledici rol oynadığı danılmazdır. İndi hər bir azərbaycanlı müasir, çiçəklənən Azərbaycanla fəxr edir, qürur duyur.

Azərbaycanın təbliği, onun tanıdılması və şöhrətinin artırılması Prezidentin çoxşaxəli siyasətinin xüsusi istiqamətini təşkil etmişdir və edir. Ölkəmiz dəfələrlə bir sıra qlobal layihələrin təşəbbüskarı və ya uğurlu icraçısı olmuşdur. Möhtəşəm humanitar, mədəni, sivilizasiyalararası və dinlərararası dialoq, idman tədbirlərinin keçirilməsinə paytaxtımızın ev sahibliyi etməsi beynəlxalq miqyasda Azərbaycana olan etimadın və hörmətin özünəməxsus göstəricisi sayılmalıdır. Azərbaycanda reallaşan beynəlxaq tədbirlərin iştirakçıları, əslində həm də ölkəmizin bütün dünyada yüksək etimadlı səfirləri kimi də nəzərdən keçirilə bilər.

Ümummilli Lider Heydər Əliyevin tarixi neft strategiyasının yeni şəraitdə inkişaf etdirilməsi, Azərbaycanın regionun və daha böyük coğrafi məkanın enerji və kommunikasiya layihələri sahəsində aparıcı mövqelərə yüksəlməsi onu beynəlxalq münasibətlərdə daha əhəmiyyətli iştirakçıya çevirmişdr. İndi Avropanın enerji təhlükəsizliyini Azərbaycandan ayrılıqda təsəvvür etmək mümkün deyildir.

Prezident İlham Əliyevin rəhbərliyi altında yaşadığımız 17 ilin nəhəng uğurları sırasında ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər ayrıca məna kəsb edir və əhəmiyyət daşıyır. Bu gün Azərbaycan Ordusu dünyanın ən müasir və güclü orduları sırasında layiqli yer tutduğunu erməni işğalçılarına qarşı apardığı qalibiyyətli mübarizəsi ilə sübuta yetirir. Əslində, savaş meydanında qazanılan uğurlar əsgər və zabitlərimizin qəhrəmanlığının təcəssümü olması ilə yanaşı, eyni zamanda Azərbaycanın haqqında söhbət apardığımız illər ərzində əldə etdiyi möhtəşəm inkişafın nəticəsi olan gücü və qüdrətinin ifadəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin alternativsizliyini, milli maraqlarımızdan qaynaqlandığını və tarixi əhəmiyyət kəsb etdiyini Azərbaycan Ordusunun zəfər yürüşü qədər daha aydın və daha qətiyyətli şəkildə sübuta yetirən ikinci amili təsəvvür etmək mümkün deyildir.

30 il ərzində işğal altında qalan torpaqlarımızın azad edilməsi, güclü havadarları olmasına baxmayaraq, düşmənə sarsıdıcı zərbələrin endirilməsi Prezident İlham Əliyevin böyük siyasətinin, qüdrətinin, əzəmətinin və Vətən sevgisinin təntənəsi, tarixi qələbəsidir. Uğurla və qəti qələbə ilə başa çatacağına, bütün Cənubi Qafqaza əbədi və etibarlı sülh və təhlükəsizlik gətirəcəyinə dərindən inandığımız bu yürüş böyük siyasətçinin və qəhrəman Ali Baş Komandanın xalqımız və dövlətimiz qarşısında tarixi xidmətlərinin birinci mərhələsi hesab edilməlidir və ediləcək. Qarşıda isə azad edilmiş Qarabağa Böyük Qayıdış dayanır. 30 il düşmən tapdağı altında qalan Qarabağ abadlaşdırılmalı, gözəlləşdirilməli, layiqli həyatına qovuşmalıdır. Qarabağın yenidən qurulması və layiq olduğu həyata qaytarılması böyük siyasətin yeni mərhələsi kimi cənab Prezident İlham Əliyevin müdrikliyi və qətiyyəti sayəsində tariximizin növbəti şanlı mərhələsi olacaqdır. Prezident İlham Əliyevin öz ifadəsi ilə desək, bu gün yeni tarix yazılır. Bu tarixin müəllifi İlham Əliyevin adını isə tarix qızıl hərflərlə əbədi olaraq öz səhifəsinə həkk edir.

Əli Əhmədov

Azərbaycan Respublikası Baş nazirinin müavini,

Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi

TREND

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.