Siyasət

"Ermənistan terroru dəstəkləyən dövlətlərdən yardım alaraq işğal ərazilərini genişləndirməyə cəhd edir"

13 Oktyabr 2020 09:51
Baxış: 1 819

Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü nəticəsində elan edilən humanitar atəşkəsi həmişə olduğu kimi yenə də Ermənistan kobud şəkildə pozdu, çünki bu terrorçu dövlətin məqsədi başqadır.

Milli.Az bildirir ki, bunu Trend-ə AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, politoloq Ramilə Dadaşova deyib.

Onun sözlərinə görə, atəşkəsi pozan bu terrorçu dövlət işğal etdiyi əraziləri nəinki öz sahibinə qaytarmaq istəmir, həmçinin terror təşkilatlarından, terroru dəstəkləyən dövlətlərdən yardım alaraq işğal ərazilərini genişləndirməyə cəhd edir: "Ermənistanın oktyabrın 10-dan 11-nə keçən gecə saat 2 radələrində dinc sakinlərin yatdığı bir vaxtda cəbhə bölgəsindən 100 km uzaq olan Gəncə şəhərinə raket atması bir daha sübut edir ki, terrorçu dövlət işğal etdiyi ərazilərin sahəsini genişləndirməyə cəhd edir. Ermənistanın bu terror fəaliyyəti zamanı 3 yaşayış binası tam dağıldı, uşaqlar, qadınlar, qocalar dağıntıların altında qaldı, 4-ü qadın olmaqla, 9 mülki vətəndaş həlak oldu, 16-sı qadın, 4-ü azyaşlı uşaq olmaqla, 39 nəfər yaralandı. Ermənistanın terror fəaliyyətinin uşaqlara necə psixoloji təsir etdiyi dağıntılar zamanı daşın altından çıxarılan azyaşlı Ömər Nəsirovun "Qorxdum, bu, mənim yadımdan çıxmayacaq" sözlərini qeyd etməyimiz ilə aydın olar. Bütün bunlar Ermənistanın həyata keçirdiyi cinayətlərdir".

R.Dadaşova qeyd edib ki, dünya birliyi Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi bu cinayətlərə laqeyd qalmamalıdır.

Politoloq əlavə edib ki, Ermənistan silahlı qüvvələri yaralılara yardım edilməsinə mane olmaq üçün tibb işçilərini, əhalinin təhlükəsizliyini təmin edən humanitar minatəmizləmə ilə məşğul olan Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) işçi heyətini də hədəfə alırlar. Suqovuşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibbi xidmət qulluqçusu, oktyabrın 9-da isə ANAMA-nın Füzuli regional idarəsinin əməkdaşı Əsədov Samir ağır şəkildə yaralanıb.

Beynəlxalq sənədlərin silahlı münaqişələrdə vətəndaşların hüquqlarının qorunması üçün vacib mexanizm sayan R.Dadaşova bildirib ki, insanlığın müdafiəsinə yönəldilmiş sənədlərdən irəli gələn öhdəliklər barbar Ermənistan dövləti tərəfindən pozulur:

"Bir çox beynəlxalq konvensiyaların "iştirakçısı" olan Ermənistan bu beynəlxalq hüquq normalarından irəli gələn öhdəlikləri yerinə yetirmir. Dünyada qadağan olunmuş silahlardan XXI əsrdə insanlığa qarşı istifadə edən barbar, terrorçu Ermənistan dövləti dünya dövlətləri tərəfindən qəbul edilən heç bir beynəlxalq hüquq normasına məhəl qoymur. Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başladığı gündən etibarən uşaqları, qadınları, qocaları qətlə yetirməkdə davam edir və bütün bunlar dünya birliyi tərəfindən sükutla qarşılanır, cinayətkar, terrorçu Ermənistan hökuməti cəzasıq qaldığı üçün daha da şirniklənir və daha çox cinayətlərə əl atır. Haqlı olaraq BMT-dən Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 məlum qətnamədən çıxış edərək Ermənistanın bu barbar siyasətinə reaksiya göstərməsi gözlənilir.

Azərbaycanda Xalq-Ordu-Prezident həmrəyliyinin pik nöqtəsində olduğunu, əhalinin öz torpaqlarını azad etmək uğrunda döyüşə getməyə hazır olduğunu görməkdə kor olan Ermənistanın məqsədi Azərbaycan əhalisi arasında panika yaratmaq, öz işğalçılıq siyasətini asanlıqla davam etdirməkdir. Lakin Ermənistanın döyüş bölgəsindən kənar əraziləri, mülki əhalini atəşə tutması, mülki əhali arasında həlak olanların, yaralananların olması, kütləvi dağıntı insanları daha da qəzəbləndirir, hamı bir nəfər kimi ermənilərin işğal olunmuş Azərbaycan ərazilərindən qovulmasında canla-başla iştirak etmək istəyir. Azərbaycan Ordusuna və Ali Baş Komandana güvənən Xalqımız heç bir təxribata uymur və torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün daha qətiyyətlə mübarizə aparır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.