Siyasət

Rasim Quliyev: "Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan" - MÜSAHİBƏ - VİDEO

23 Sentyabr 2020 16:07
Baxış: 592

Milli.Az SİA "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyevin SƏS TV-yə müsahibəsini təqdim edir:

- Rasim müəllim, sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan televiziyalarına müsahibəsi zamanı Prezident İlham Əliyev bir sıra məsələlərdən danışdı. Eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsi ilə bağlı bəzi məqamlara toxundu, mesajlar səsləndirdi. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı "Əsrin müqaviləsi"nin ildönümünə təsadüf edirdi. Bildiyiniz kimi 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalanmışdır. Məhz belə bir gündə, "Neftçilər Günü" ərəfəsində Cənab Prezidentin "Abşeron" yatağının təməlqoyma mərasimində xüsusi olaraq jurnalistlərə müsahibə verməsi çox böyük bir hadisədir. Burada söhbət nədən gedir? Onu xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev hər hərəkəti, jesti ilə diplomatik dili ilə protokolu çox gözəl bilən və ifadə etməyin bacaran nadir siyasətçilərdən biridir. Və "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasiminin tarixi də təsadüfən seçilməmişdi.

Məlum Tovuz hadisələrindən sonra Cənubi Qafqazda ən böyük transmilli meqa layihələrin müəllifi, təşkilatçısı, bəzi hallarda sərmayəçisi olan Azərbaycana qarışı dünyada yeni baxış yarandı. Ermənilərin isə Azərbaycan-Ermənistan sərhədində, Tovuz istiqamətində təxribatlar törətmələri təsadüfü deyildi. Ermənilər birdən-birə münaqişə bölgəsindən xeyli kənarda, Azərbaycan-Ermənistan sərhədində hücuma keçdilər, təxribat törətdilər. Sözügedən ərazidən isə çox böyük beynəlxalq layihələr keçir. Hansı ki, o layihələrin Avropanın enerji təhlükəsizliyində çox böyük rolu var. Orta Asiya ölkələri, Azərbaycan və Türkiyə bu layihələrin iştirakçısıdır. Bu layihələr regionda və dünyada yenilik gətirə, vəd edə bilən layihələrdir. Ermənistan qəfildən bu layihələrə qarşı təxribat etmək istəyir. Sual olunur, əgər Ermənistan həm böyük beynəlxalq layihələrə, həm Avropanın təhlükəsizliyinin təminatçısına çevrilmiş meqa layihələrə qarşı çıxmağa belə cəsarətlidirsə, elə o layihələrdə iştirak edib iqtisadi qazanc əldə edə, iqtisadi pay ala bilməzdimi? Ermənistan ümumiyyətlə, regionda tərtib edilmiş bütün iqtisadi perspektiv layihələrdən kənarda qalıb. Sözsüz ki, bu da Ermənistanın gələcək iqtisadi inkişafına yaxşı heç nə vəd etmir. Bəs, necə oldu ki, Ermənistan birdən-birə özündə cəsarət tapdı və təxribatlara əl atdı? Bu məsələyə baxarkən, həmin dövr üçün bəlkə də prosesin bəzi məqamları qaranlıq qala bilərdi. Ancaq ondan sonrakı proseslərin hamısı bunu açıq göstərir ki, müharibə gedə-gedə, əgər bu dövlətə dolayı yollarla böyük miqdarda silah çatdırılırsa, deməli bu, təkcə Ermənistanın şıltaqlığı kimi qələmə verilə bilməzdi. Ona görə də, biz "Resurs" Analitik İnformasiya Mərkəz olaraq həmin vaxtı "Tovuz təxribatı başa çatdımı?" adlı analitik material dərc etdik. Bu məqalə Azərbaycan və Türkiyə mətbuatında geniş şəkildə işıqlandırıldı. Biz orda da sual qoymuşduq, "Tovuz təxribatı ilə ermənilərin təxribatı başa çatdımı?". Birinci sual isə o idi ki, niyə məhz Ermənistan başlayır?

Artıq bunlar müzakirə mövzusu deyil, yəni bütün dünyada artıq yüzdə-yüz sübut olunub ki, təxribatı Ermənistan başlayıb. Ermənistan Tovuz istiqamətində təxribat törətməklə bura nəyi cəlb etmək istəyirdi? Biz analitik məqaləmizdə araşdırma aparmışdıq və bütün parametrlərlə Ermənistan Azərbaycana uduzur. Azərbaycanın aktiv hərbi şəxsi heyəti 66 mindən çoxdur, Ermənistanın isə haradasa 20 min civarındadır. Bu, ABŞ-ın "Global Firepower" Beynəlxalq Araşdırma Təşkilatı tərəfindən 2019-cu ildə verilən informasiyalardır. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti 374 500 nəfərdir. Bir sözlə, iqtisadi parametrlər, hərbi potensial, şəxsi heyət, silah-sursatın müasir texniki vəziyyəti baxımından Azərbaycanın potensialı Ermənistandan ən azı 3 dəfə artıqdır. Bəs necə olur ki, belə bir vəziyyətdə Ermənistan Azərbaycanla sərhəddə təxribat törətməyə özündə cəsarət tapır?

Əvvəla onu qeyd etmək lazımdır ki, münaqişə bölgəsində ermənilər təxribat törədiblər və artıq bir necə dəfə dərslərini alıblar. Həmin dövrdə Azərbaycana təzyiq göstərib, müharibənin dayandırılmasını tələb edən qüvvələr də aydındır. Halbuki, Ermənistan-Azərbaycan sərhədində təxribat törətməklə Ermənistan münaqişənin coğrafiyasını daha da genişləndirmək istəyirdi. Eyni zamanda Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da bura cəlb etmək istəyirdi. Ancaq, Ermənistanın istədiyi nəticə əldə olunmadı və gözləntilərin əksinə olaraq yerində oturduldu, tutarlı hərbi cavabı verildi. Planın ikinci tərəfi də uğursuz oldu, yəni KTMT-dən nə hərbi, nə də siyasi dəstək qazana bilmədi. Azərbaycan isə bütün dünyaya sübut etdi ki, Ermənistan təxribatçıdır. Azərbaycan eyni zamanda Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dəstəyini aldı. Həmçinin bir necə dövlətdən, xüsusilə Türkiyə və Pakistanın açıq hərbi və siyasi dəstək aldı.

"Sorosun uşaqları" adlandırılan bir kəsim Ermənistanda guya inqilab edərək, əslində bu bir əməliyyat idi və "stəkanda firtına" əməliyyatı ilə hakimiyyəti ələ keçiriblər. Lakin hakimiyyəti ələ keçirdikdən sonra onlar verdikləri vədləri yerinə yetirə bilməyiblər. Birinci, Ermənistanın iqtisadi potensialı buna imkan vermir. İkinci, hüquqi vədləri yerinə yetirməyiblər, çünki Ermənistandakı "inqilaba" qədər hərbi xunta hakimiyyətdə idi və onlar qeyri-qanuni, qaçaqmalçılıq yolu ilə zənginləşmişdilər. Yeni hakimiyyətə gələn iqtidar da bu tələyə düşməli idi və düşdü də. Bəs, nə etmək lazım idi? Müharibə ilə ölkənin daxili vəziyyətini nəzarəti altına almaq lazım idi, eyni zamanda Rusiya ilə yaxınlaşmaq yolunu seçməli idi.

- Rasim müəllim, Ermənistan son bir neçə ayda ard-arda törətdiyi təxribatlarla nəyi qazana bildi, nələr əldə etdi? Rusiyanın bu proseslərdə rolu nədən ibarət idi?

- Rusiya perspektiv baxımından Azərbaycanın böyük qonşusudur, həm də strateji tərəfdaşdır. Bir çox beynəlxalq, iqtisadi və s. məsələlərdə tərəfdaşlıq edirik. Rusiyanın Ermənistanı silahla təmin etməsinə gəlincə, heç kimə sirr deyil ki, Ermənistanın əsas silah təminatçısı Rusiyadır. Azərbaycan isə dünyanın ən müasir silahlarını almaq, gətirmək və hətta burda modernləşdirmək imkanı var. Hər nə qədər Rusiya və bəzi dövlətlər Ermənistanı silah-sursatla təchiz etsə də Azərbaycan hazırda regionda hərbi potensialına görə, müqayisə olunmaz dərəcədə imkanlıdır. Eyni zamanda Azərbaycan beynəlxalq aləmə, siyasətə, iqtisadiyyata töhfə verə bilən böyük layihələrin mərkəzində dayanır. Azərbaycan böyük neft qaz layihələrinin təşəbbüskarıdır, icraçısıdır, sərmayəçisidir, həm də iradə göstərən bir dövlətdir. Bu layihələrin icrası üçün təkcə iqtisadi investisiya bəs etmir, siyasi iradə də lazımdır. Çünki müxtəlif tərəflərdən təzyiqlər olub və bu gün də var. Sözügedən hadisələr də bu təzyiqlərin bir formasıdır. Azərbaycan eyni zamanda böyük daşımaçılıq, logistika mərkəzidir. Hansı ki, bura quru, dəniz yolu, hava nəqliyyatı, həmçinin dəmir yolu daxildir. Azərbaycan logistik mərkəz olaraq Şərq-Qərb dəhlizinin, Şimal-Cənub dəhlizinin, bu halqalar zəncirinin açarbəndidir. O baxımdan hazırkı durumda Azərbaycana nə doktrinasında, nə də öz prioritetlərində müharibəyə ehtiyac yoxdur. Sadəcə, Azərbaycana işğal olunmuş torpaqlarını azad etmək lazımdır və vacibdir.

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində, "Neftçilər günü"ndə çıxışı zamanı müharibə anonsu verməsi bax, bunu ifadə edir. Yəni biz o enerji layihələrini müdafiə edirik, Avropanın, regionun təhlükəsizliyində milli maraqlarının ifadəsində, iqtisadi inkişafının ifadəsində Azərbaycan heç vaxtı milli maraqların heç kimə güzəştə getmək fikrində deyil. Və bu tədbirdə sözügedən layihələrin müdafiəsi olaraq müharibə anonsunu etməyin bir mənası budur. İkinci mənası, həmin tədbirdə Cənab Prezident Azərbaycan televiziyalarına müsahibə verdi. Bu müsahibə nə deməkdir? Prezident İlham Əliyev yerli televiziyalar vasitələri ilə Azərbaycan-Ermənistan arasında münaqişə ilə bağlı indiyə qədər aparılan danışıqların mahiyyətini ictimaiyyətə açıqladı. Bu, əslində Cənab Prezidentin yerli ictimaiyyətə, auditoriyaya, xarici mütəxəssislərə, ekspertlərə, aidiyyəti olan şəxslərə, dövlətlərə verdiyi bəyanat və mesaj idi. Cənab prezident çıxışı zamanı danışıqların bir növ məxfiliyinə də son qoydu. Eyni zamanda bu danışıqların indiyə qədər olan hissəsi ilə öz xalqını məlumatlandırdı. Bildirdi ki, Paşinyan hakimiyyətə gələndə müharibə komandasından fərqli olaraq sülh danışıqlarına ümidlə söz verib və xahiş edib ki, onlara vaxt verilsin ki, bu danışıqlara hazırlaşsınlar və Azərbaycanda da danışıqların sülh yolu ilə həll olunacağına, nəticələnəcəyinə ümid yaradıb. Əslində Azərbaycan tərəfi Paşinyanın verdiyi ümidlərə inanıb gözləmirik. Biz ona inanmırdıq, sadəcə olaraq, biz ona sübut etməli idik ki, danışıqları etmək istəyirsən buyur. Ancaq onun sonrakı məntiqsiz bəyanatları və hərəkətləri artıq bizim əlimizə əsas verdi ki, bütün beynəlxalq qurumlara və beynəlxalq ictimaiyyətə sübut edək ki, o şəxs heç də dediyi kimi sülh tərəfdarı deyil. Yəni, bu şəxs sülh danışıqlarını sona yetirdi. Biz onsuz da Paşinyanın savadsız və siyasətdən başı çıxmayan insan olduğunu bilirik, ancaq o, Ermənistanı rəsmi olaraq təmsil edən şəxsdir. Əgər sabah Paşiynan yox, onun yerinə başqası olsa, Ermənistanı rəsmi şəxs kimi təmsil etsə, biz həmin şəxslə də danışıqlar aparmaq zorundayıq. Bir sözlə, biz onu rəsmi şəxs kimi qəbul edib, ona vaxt verdik, ancaq bu vaxt ərzində o əksinə, Ermənistanı beynəlxalq səviyyədə faktiki siyasi və hüquqi tərəfdən məğlub etdi, yəni özü Ermənistanın təcavüzkar olduğunu etiraf etdi, Qarabağ işğal etdiyini etiraf etdi, bütün hüquqi, siyasi müstəvidə Ermənistanı Azərbaycana uduzdurdu. Əslində Ermənistan çoxdan uduzmuşdu, bunu bir daha rəsmiləşdirdi. Hərbi potensial baxımından da Azərbaycan Ermənistandan qat-qat üstündür. Qarabağın işğal faktını hüquqi, siyasi tərəfdən biz qazanmışıq. İndi bu faktı reallaşdırmaq lazımdır. Cənab Prezident öz müsahibəsində xalqına bu hesabatı verdi. Eyni zamanda həm də müraciət etdi. Çünki Prezidentimiz bilir ki, xalq, ictimai rəy torpaqların azad olunmasını yüzdə-yüz istəyir. Prezident bilir ki, torpaqların azad olunması bu gün sosial sifarişdir. Prezident bilir ki, xalq yüzə-yüz Cənab Prezidenti, Ali Baş Komandanı müdafiə edir və bununla belə yenə Özünə borc bildi ki, xalqa müraciət etsin, xalqa danışıqlar barədə hesabat versin, izahat versin və müharibə üçün icazə istəsin. Prezidentimizin həm öz xalqına, həm də xaricidəkilərə çatdırmaq istədiyinin kökündə əsas bu durur. Yeri gəlmişkən, Cənab Prezidenti artıq Tovuz hadisələrindən və sonrakı təxribatlardan sonra Azərbaycanın hərbi-siyasi məsələlərini detallaşdırdı. Xüsusi olaraq bunu qeyd etmək lazımdır ki, son Türkiyə səfərindən sonra gəlib və fikirlərini açıq-aydın ifadə etdi. Madam ki, Ermənistan tərəfi danışıqlar prosesini pozur, beynəlxalq hüquqi tapdalayır, BMT-nın qərarlarını icra etmir, beynəlxalq hüququ saymır və təxribat törətməkdə, işğal altında saxlamaqda davam edirsə, şərt irəli sürüsə, bizim də bir şərtimiz var, torpaqlarımız qeyd-şərtsiz azad olunmalıdır. Prezident açıq şəkildə dedi, madam ki, danışıqlarda bir mövzu yoxdursa, imitasiya xatirinə danışıq olmayacaq. Əgər bu danışıqları Ermənistan pozubsa və artıq bütün dünya ictimaiyyətinə sübut olunubsa, biz niyə gözləməyik? Buna beynəlxalq hüquq da imkan verir, buna bizim bütün parametrlərlə imkanımız var. Cənab Prezidenti bax, bunu bəyan etdi və görünür, bu müddətdə də bütün siyasi və hərbi detallaşma işləri başa çatıb. Çünki biz Cənab Prezidentin vaxtından qabaq nəyisə bəyan etdiyini heç vaxt görməmişik. Əgər Cənab Prezident nəyəsə hazır olmasa, heç vaxtı bəyanat vermir, hətta 100 faiz əmin olmadığı şeyə də bəyanat vermir.

Azərbaycan səfərbərlik üzrə dövlət xidməti də təsdiq etdi ki, hazırda qismən səfərbərlik həyata keçirilir. Bu nə deməkdir? Azərbaycanın kifayət qədər peşəkar ordusu var. Aktiv səfərbərlikdə Azərbaycanın milyonlardan çox ehtiyat qüvvəsi var. Onu biz hələ kənara qoyuruq, çünki bu gün aktiv səfərbərlik, müharibə elan olunmayıb. Cənab Prezident isə həm öz xalqına, həm xarici qüvvələrə, həm də beynəlxalq təşkilatlara qəti sözünü söylədi və bildirdi ki, sülh istəyirsənsə müharibəyə hazır olmalısan. Azərbaycan isə müharibəyə hazırdır. Bunu xalq da, dövlət istəyir və buna hazırıq.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.