Siyasət

Toğrul İsmayıl: "Türk iş adamları Ermənistanda fəaliyyət göstərir, ermənilər də Türkiyədə"

23 Aprel 2010 12:24
Baxış: 598
- İstanbulun Taksim meydanında aprelin 24-də Anım aksiyası keçirilməsi barədə türk mətbuatında xəbər yayılıb. Bu aksiyanı kimlər və nə məqsədlə keçirəcək?

- Ola bilsin ki, bu aksiya Türkiyədə mövcud olan çoxsaylı ictimai, siyasi qruplardan bir neçəsinin təşkil etdiyi təxribat xarakterli tədbirdir. Məqsəd Azərbaycan Türkiyə münasibətlərinə xələl gətirməkdir. Rəsmi səviyyədə və nüfuzlu ictimai birliklər tərəfindən belə bir aksiyanın keçirilməsi çox mənfi qarşılanıb. Bu qrupların üzvləri özlərini 1915-ci ildə cərəyan edən hadisələrin qurbanlarının övladları, qohumları kimi təqdim edirlər. Bu bir növ 100 minlərlə  ermənilər tərəfindən öldürülən türklərin qohumları və övladlarını İstanbulun küçələrinə çıxmağa təhrik edir. Beləliklə, Türkiyədə qarışıqlıq yaratmaq, cəmiyyətdə qarşıdurmaya nail olmaq məqsədi güdüldüyü göz qabağındadır. O qurupların üzvləri dünya ictimayyətinə nümayiş etdirmək istəyirlər ki, Türkiyədə erməni "soyqırımını" tanıyan adamlar var və onlar təzyiqlərə məruz qalırlar. Türkiyədə bu aksiyanın keçirilməsinə heç bir əhəmiyyət verilmir, çünki Türkiyə demokratik dövlətdir, siyasi plüralizmə riayət edir, söz və fikir azadlığına hörmətlə yanaşır.

- Ermənistan  parlamentinin qəbul etdiyi erməni türk protokollarının dondurulması haqqında qərar Türkiyə siyasi dairələrində necə qarşılandı?

- Təccüb döğuran budur ki, ermənilər özlərini elə aparırlar ki, güya o protokollar bu günə kimi müzakirə olunub, tərəflərin mövqeyində yaxınlaşma var və s. Bütün bunlar hamısı Türkiyəyə qarşı aparılan oyunların tərkib hissəsidir, 24 aprel yaxınlaşdıqca ermənilər Türkiyəni "qıcıqlandırmağa" və ölkənin daxilində qarışıqlıq yaratmağa çalışırlar. Türkiyə mürəkkəb bir bölgədə yerləşir, burada  böyük dövlətlər, müxtəlif qruplar vasitəsilə öz oyunlarını aparmağa çalışırlar. Belə ki, avropalı deputatlar Türkiyəyə gələrək, PKK-cıları açıq şəkildə müdafiə edirlər. Fərdi hadisələri iri siyasi konfilikt kimi təqdim edirlər, parlamentdə kürd əsilli deputatın döyülməsini az qala milli münaqişə səviyyəsinə qaldırırlar, lakin eyni vaxtda türk nazirini kürd yumruqla vurur, niyəsə bu adi bir hal kimi göstərilir. Burada  əsas məqsəd son günlərdə Azərbaycan və Türkiyə arasında müsbət yöndə inkişaf edən hadisələri mənfi yönə çevirməkdir.

- Aprelin 24-də Taksim meydanında nə baş verəcəyi bəllidirmi?             

- Dəqiq bir fikir demək çətindir. Onlar kiçik qruplar şəkilində yığışıb,  səs-küy salmaqdan başqa heç nə edə bilməzlər. Amma çox  vaxt bu cür aksiyalar əks reaksiya doğurur. Buna misal kimi deyim ki, Hrant Dinkin öldürülməsindən sonra keçirilən nümayiş zamanı qaldırılan "Həpimiz erməniyiz" sözləri yazılmış şuar, yerli ermənilərə qarşı əhalidə mənfi reaksiya doğurmuşdu. 

- Erməni parlamentinin qəbul etdiyi qeyd olunan qərarla bağlı Türkiyə hökuməti hansı addımlar atacaq?

- Bu, Türkiyə ictimayyəti və siyasətçiləri tərəfindən gözlənilən bir hadisə idi. Sürixdə protokollar imzalanan zaman ermənilərin çıxardığı oyunun davamıdır. Dəqiqliyi ilə desək, Ermənistan prezidenti Rusiyaya getdi və orada təlimatını aldı. Bundan sonra erməni parlamenti belə bir qərar qəbul etdi. Rusiya Ermənistan-Türkiyə münasibətlərini dəstəkləyən kimi görünsə də, sonradan əsas niyyəti ortaya çıxdı. Protokolların imzalanmasında məqsəd Türkiyə və Azərbaycan arasında nifaq salmaq idi. Bundan başqa Rusiya Azərbaycanı öz tərəfinə çəkmək məqsədi gudürdü. Moskva bu məqsədinə çata bilmədiyini gördükdə Ermənistana protokolları dondurmağı tapşırdı. Protokollarda iki əsas məsələ var, birincisi Ermənistanın  torpaq iddialarından əl çəkməsi, ikincisi isə 1915-ci il hadisələrini araşdırmaq üçün türk-erməni kommissiyasının yaradılması məsələsi. Protokolların qəbul olunması ilə Ermənistan  xarici siyasətdə istifadə etdiyi iki əsas məsələni itirəcəkdi. Bunlardan biri diasporun ən böyük gəlir mənbələrindən biri  "erməni soyqırımı"nı dünyaya tanıtmaqdır. Əgər Ermənistan belə sülhməramlı dövlətdirsə, onda Türkiyəyə olan torpaq iddialarını öz konstitutsiyasından və Ağrı dağının şəklini milli gerbdən çıxarmalı idi. Mən Qarabağ məsələsini hələ demirəm, bu başqa bir mövzudur.

- Türkiyədə  24 apreldə ABŞ prezidenti Barak Obamanın  "soyqırımla" bağlı ənənəvi çıxışından nə gözləyirlər?

- Bununla bağlı Türkiyədə ciddi bir narahatlıq var, amma son Davudoğlu-Klinton görüşündən sonra Obama hökumətinin nümayəndələri bəyan etmişdilər ki, onlar "erməni soyqırımı" ifadəsini işlətməyəcəklər. Amerika bu gün Türkiyə kimi dövləti özünə düşmən etmək fikirində deyil.

- Amerika "soyqırım" məsələsini  Türkiyəyə  təzyiq vasitəsi olaraq hər zaman istifadə edir. Bunun bir dəfəlik qarşısını almaq nə qədər realdır?    

- Amerikanın Türkiyəyə təzyiqi "soyqırımla" deyil, erməni-türk protokolları ilə bağlıdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ABŞ Ermənistana da təzyiq göstərir. Yerevana açıq şəkildə bildirildi ki, ABŞ Dağlıq Qarabağın müstəqilliyini heç vaxt tanımayacaq, DQR adında dövlət mövcud deyil və məsləhət verildi ki, Türkiyə ilə münasibətlərini yaxşılaşdırmağa çalışsınlar. Türk erməni protokollarının qəbul olunması Ermənistan tərəfinin marağında deyildi. Ermənistan-Türkiyə sərhədlərinin açılması nə Azərbaycanı çətin vəziyyətə salacaqdır, nə də Ermənistanın iqtisadiyyatının inkişafına səbəb olacaqdır. Burada mənəvi tərəfdən problemlər var, çünki Türkiyə Ermənistanla sərhədini Azərbaycan torpaqları işğal olunduğuna görə bağlamışdır. Sərhədlərin açılmasında, dediyim kimi, mənəvi problemlər movcuddur, çünki iqtisadi baxımdan türk iş adamları Ermənistanda fəaliyyət göstərirlər,  Türkiyənin Ermənistanla hava sərhədi də açıqdır, ermənilər Türkiyəyə gələrək burada işləyirlər və s. Türk hökumətinə  qeyri-leqal işləyən on minlərlə erməninin yaşayış yerləri və onların uşaqlarının oxuduqları məkəblər də bəllidir. Dövlət istəsə onları az müddətdə ölkəsindən çıxara bilər. Amma Türkiyə çalışır ki, Ermənistanla düşmən yox, qonşuluq münasibəti qursun. Nə Türkiyənin, nə də Azərbaycanın Ermənistanla problemi yoxdur, problem Ermənistanın bu iki dövlətə qarşı sürdüyü torpaq iddiasıdır.

- Ermənistanla Türkiyəni barışdırmaq cəhdi ilə Amerika nə məqsəd güdür?    

- Ermənistanı Rusiyanin nəzarətindən, Rusiyanı isə Cənubi Qafqazdan tamamilə sıxışdırıb çıxarmaq. Bu mübarizədə yeni lokal toqquşmalar baş verə bilər, mən  burada Gürcüstanı və Dağlıq Qarabağı nəzərdə tuturam. Bu silahlı toqquşmaları təşkil etməklə Rusiya öz mövqeyini gücləndirməyə çalışa bilər.

Ceyhun Nəcəfov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.