Siyasət

Deputat: "Paşinyan danışıqlar prosesinin pozulması üçün hər şey edir"

20 Sentyabr 2020 17:49
Baxış: 784

Paşinyan danışıqlar prosesinin pozulması üçün hər şey edir və üstəlik bunu naşıcasına edir, riyakarca edir, utanmazca edir, ATƏT-in Minsk Qrupunun gözü qarşısında edir. Niyə? Çünki panikadadır, uduzduğunu anlayır. Belə olan halda isə gücü yalnız ona çatır ki, növbəti təxribatçı bəyənatlar versin, aranı qatsın, məsuliyyətsiz açıqlamaları ilə gündəmə gəlsin.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.

Onun sözlərinə görə, görünən və müşahidə olunan budur ki, Ermənistan və onun rəhbərliyi hələ də reallığı qəbul edə bilmir və öz təxribatçı ruhundan, əməllərindən əl çəkmək niyyətində deyil. Onların timsalında Beynəlxalq hüquq açıq bir formada təhrif olunur, işğalçı strategiya davam etdirilir. Ermənistan tamamən eyforik vəziyyətdədir. Bu gün daxildəki süqutu, Paşinyanın apardığı yöndəmsiz və məqsədyönsüz siyasətdəki rəzaləti kompensasiya etmək, gözdən yayındırmaq üçün Ermənistan rəhbərliyi Qarabağ kartından istifadə etmək istəyir. Amma alınmayacaq. Bu cəhdləri də uğursuz olacaq. Çünki Azərbaycan ordusu və qəhrəman əsgərlərimiz Ermənistanın bütün hiylələrini, təxribatlarını dəf etməyə, öz torpaqlarını qorumağa və düşmən tapdağından azad etməyə qadirdir:

"Paşinyanın bəyənatları heç şübhəsiz ki, öz başının və təxəyyülünün məhsulu deyil. Amma hər kimin və ya hansı başın məhsuludur fərq etməz, nəticə etibarilə onun dilindən çıxan kəlmələr bütün hallarda absurd və mənasızdır. Bu işğalçı ölkə əgər Beynəlxalq hüququn bütün ana prinsiplərini görməzdən gəlirsə, BMT qətnamələrini unudursa və hələ utanmaz-utanmaz mövcud vəziyyətdə hansısa şərt qoyursa demək ki, bunlarda abır-həya, siyasi etika, məsuliyyət, cavabdehlik hissi qalmayıb. Bütün dünya deyir ki, Qarabağ Azərbaycanındır. Bircə Paşinyandan başqa. Hərçənd o özü də anlayır ki, vəziyyət belə davam edə bilməz. Pafosla, şablon cümlələrlə, dəxilsiz hədələrlə çox uzağa getmək mümkün deyil. Cəbhədəki son hadisələr, döyüşlər də göstərdi ki, Ermənistanın öz hərbi gücü sıfıra bərabərdir. Kənardan dəstək olmasa saatlar yetərlidir ki, bu quldur dəstəsi bir an içində geri çəkilsin, məğlubiyyətə uğrasın".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.