Siyasət

Ömər Eldarov: "Heydər Əliyev Azərbaycanı xilas etdi, bütün sahələrdə inkişaf və sabitlik yoluna qədəm qoyuldu"

10 May 2020 10:01
Baxış: 2 028

Milli.Az bildirir ki, görkəmli Azərbaycan heykəltəraşı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, SSRİ və Azərbaycan Dövlət mükafatlarının laureatları, "Qırmızı Əmək bayrağı", "Heydər Əliyev", "İstiqlal", "Şərəf" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, xalq rəssamı Ömər Eldarov Heydər Əliyevin anadan olmasının 97-ci ildönümündə ümummilli lider haqqında təəssüratlarını Trend-ə danışıb:

"Heydər Əliyev öz əməksevərliyi, vətənpərvərliyi, peşəkarlığı və yüksək insani keyfiyyətləri sayəsində uğur əldə etmiş böyük şəxsiyyət idi. O, 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladı və ölkəni faktiki olaraq dağıntıdan xilas edərək regionun öncül dövlətinə çevirdi. O, çox yaxşı təşkilatçı idi, insanları tanıyırdı, onların psixologiyasını bilirdi. Harada işləməsindən asılı olmayaraq, onun qəlbi daim xalqı ilə birgə döyünürdü! 1982-ci ildə Moskvaya dəvət olunanda, SovİKP MK Politbüronun üzvü və SSRİ Nazirlər Şurası sədrinin birinci müavini seçiləndə bir çox sahələri, o cümlədən mədəniyyəti kurasiya edirdi. Heydər Əliyev hər zaman mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Sovet İttifaqı dağılandan sonra Azərbaycan yenidən dağıntı və faciənin astanasında idi və yalnız Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtması ölkəni xilas etdi, bununla da bütün sahələrdə inkişaf və sabitlik yoluna qədəm qoyuldu".

Ö.Eldarov ümummilli lider Heydər Əliyevin yüksək insani və yaradıcılıq keyfiyyətlərinin olduğunu vurğulayıb:

"Qeyri-iş vaxtında o, çox sadə və səmimi insan idi, zarafatlaşırdı, çox mehribanlıqla söhbət edirdi. O, bir dəfə mənə demişdi ki, Naxçıvanda orta məktəbdə oxuyarkən rəsm çəkməyi xoşlayırdı və öz rəsmlərini mənə göstərmişdi. Bu, o zaman rəssamlıq öyrənməyən gənc oğlan üçün çox yaxşı şəkillər idi. Onun rəssam olmaq arzusu var idi! 1939-cu ildə Heydər Əliyev Bakıda Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil oldu. Amma müharibə ona təhsilini başa vurmağa imkan vermədi. Faktiki olaraq müharibə onun planlarını yarıda qoydu və o, xüsusi xidmətlərdə və təhlükəsizlik orqanlarında işə başladı. Heydər Əliyev özünü inzibati və dövlət fəaliyyətinə həsr etdi! Xatırlatmaq lazımdır ki, onun böyük qardaşı Hüseyn Əliyev məşhur Azərbaycanın xalq rəssamı olub. Heydər Əliyevin qardaşı oğlu Rasim Əliyev uzun illər Bakının baş memarı olub. Yəni yaradıcı mühit Heydər Əliyevin xarakterinə və məqsədlərinə çox yaxın olub".

Görkəmli heykəltəraş Heydər Əliyevin Naxçıvanda ucaldılmış ilk büstünün müəllifidir. O, ümummilli liderinin ilk büstünün necə yaradılması barədə də danışıb:

"Heydər Əliyevin sağlığında heykəlləri olmayıb, o icazə vermirdi. Amma SSRİ Ali Soveti Heydər Əliyevə ikiqat Sosialist Əməyi Qəhrəmanı adı verəndə o, Vətənində büst qoyulmasına razılaşmalı oldu. Bu qərar bütün iki və çoxqat Sosialist Əməyi Qəhrəmanlarına şamil olunurdu. Lider abidəni yaratmağı mənə tapşırdı, çünki bunu yerli heykəltəraşın etməli olduğunu hesab edirdi. Həmin dövrdə o, SSRİ Nazirlər Şurası sədrinin birinci müavini idi, ona görə də büstün yaradılması üçün mənimlə Moskvada görüşlər təşkil olunurdu. Mənəvi və peşəkar dəstək üçün mən bu görüşlərdə Tahir Salahovun və Rasim Əliyevin iştirakını xahiş etdim. Biz gündə iki-üç saat gərgin olmayan yaradıcı mühitdə işləyirdik. Etüd çox yaxşı alındı və mən bunu Bakıya gətirdim. Daha sonra Naxçıvan şəhərində böyük meydanda abidə üçün yer seçildi, orada həmçinin Azərbaycan memarlığının digər abidəsi Möminə xatun türbəsi yerləşir".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.