Siyasət

Kürdəmirdə 8 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni bina tikiləcək və şəhər infrastrukturu yenilənəcək - SƏRƏNCAM

12 Fevral 2020 17:17
Baxış: 1 136

Prezident İlham Əliyev Kürdəmir şəhərində 8 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni binanın tikintisi və şəhər infrastrukturunun yeniləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Kürdəmir rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər evi, Bayraq Meydanı, Bayraq Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 32 mənzilli 2 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunmuş, "ASAN xidmət" mərkəzi istifadəyə verilmiş, 31 ümumtəhsil məktəbində təmir-tikinti işləri aparılmışdır. Bundan başqa, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, 4 aqropark, xalçaçılıq, həmçinin digər iri istehsal və emal müəssisələri yaradılmış, 19 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Kürdəmir şəhərində 8 nömrəli körpələr evi-uşaq bağçasının yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kürdəmir Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 8 nömrəli körpələr evi-uşaq bağçasının 100 yerlik yeni binasının tikintisi üçün 1,5 milyon (bir milyon beş yüz min) manat, 8 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.