Siyasət

Xalq kimi dəstəkləyir: iqtidarı, yoxsa müxalifəti?

7 Yanvar 2020 10:00
Baxış: 11 779

"Onların hamısı belə edir".  Dahi bəstəkar Volfqanq Amadey Mosartın bu ifadəsini Azərbaycan müxalifətinin böyük qisminə şamil etmək olar. 2020-ci ildəyik. Bu il müxalifət necə davranacaq, nə edəcək, dəyişə biləcəkmi və ümumiyyətlə, olduğu bataqlıqdan çıxa biləcəkmi?

Azərbaycandakı müxalifəti çox şərti olaraq üç düşərgəyə bölmək olar - adekvatlar, mövqesizlər və radikallar.

Adekvat müxalifətdə olanlar daha çox dəyərlər səviyyəsində müxalifətə yaxın olan və onun potensial alyans qrupu, dayağı ola biləcək kəsimdir. Fəqət onlar təklif olunmuş şərtlərdə yox, yaşanan situasiyada normal fəaliyyətə üstünlük verirlər.

Adekvat müxalifət düşərgəsində "Respublikaçı Alternativ" (REAL), "Ana Vətən", "Ümid", "Böyük Quruluş" və s. partiyalar var. Onlar radikalizmdən uzaq, siyasi mübarizənin legitim və konstruktiv formalarına üstülük verən strukturlardır.

Mövqesizlər daim təlaşdadırlar: onların liderləri zəif, təşkilatları dağınıq, ideyaları sönük, fəaliyyətləri şüarçılıq olduğundan daha güclü tərəfi seçərək savaşdakı muzdlu dəstələri kimi davranırlar. Mövqesiz olduqları üçün çox asanlıqla ələ alınaraq idarə olunurlar və əksər hallarda Azərbaycandan çox kənarda olan qüvvələrdən asılı durumda olurlar.

Radikallar heç bir halda real şəraiti normal dəyərəndirmir, bunu istəmir və bacarmırlar. Onlar nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməyə çalışır, "məqsəd bütün vasitələri doğruldur" prinsipi ilə davranırlar. Radikalları xalqın maraqları və ya dövlətin mənafeyi əsla maraqlandırmır: bu prinsiplər onlar üçün, sadəcə, əsl məqsədlərini pərdələmək üçün şüarçılıq mövzularıdır.

Ölkədəki radikal müxalifətin ən bariz nümunələri AXCP, "Milli Şura" və "Müsavat"dır.

Radikal müxalifət indi bütün müxalifət üçün, sanki, nanovirusa çevrilib.

Konkret misallara gəldikdə, sadəcə, iki fakta nəzər salaq.

AXCP sədri və həm də bloqer Əli Kərimli ötən ili bütünlüklə aqressiv ritorikaya, makiavellizmin ən çirkin formada izharı olan siyasətə, ən xırda detaldan yararlanarq sırf öz məqsədlərini təmin etməyə çalışmağa, ona inanmayan kütləyə xitab edərək insanları hakimiyyətə qarşı yürüşlər etməyə, mitinqlərə və qanunsuz aksiyalara çağırdı. Onun Facebook səhifəsindəki paylaşımlarının ümumi məğzi nifrət, məzmunu nifrin və aqressiya, davranışı isə siyasi karikatura səviyyəsində idi.

"Milli Şura" adlanan və guya professor, daha doğrusu, siyasi alverçi və möhtəkir Cəmil Həsənlinin "sədr" olduğu strukturu da AXCP-nin "ehtiyat limanı" ilə mümkün danışıqlarda sövdələşmə subyektinə çevirmiş Əli Kərimlinin taktikası ilə davranışında bu  il nəyinsə dəyişəcəyinə ümid çox azdır.

AXCP sədri+bloqerin artıq 17 ildən bəri dəyişməyən siyasi fakturasını nəzərə alsaq, bu il o, daha da aqressivləşəcək. Ötənilki qanunsuz aksiyaların təşkili və reallaşdırılması prosesində Əli Kərimlinin bəyanatlarını, davranışlarını xatırlayın.

Digər fakt radikal müxalifətin adekvat davranan müxalifətçilərə olan münasibəti, daha doğrusu isterik bəyanatları və absurd çağırışlarıdır.

Məsələn, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmağa qərar vermiş Fazil Mustafa, Yadigar Sadıqlı, İlqar Məmmədov və İqbal Ağazadə ilə bağlı sosial şəbəkələrdə AXCP sədrinin trollarının yazdıqları, yaydıqları və paylaşdıqlarına nəzər salmaq yetər.

Xüsusilə də REAL lideri İlqar Məmmədovla "Ümid" partiyasının sədri İqbal Ağazadənin seçkilərə qatılmasından sonra müxalifətin ifrat radikallaşmış və obyektiv reallığı normal dəyərləndirmək, təhlil etmək və məntiqi nəticələr çıxarmaq hissini itirmiş kəsimi sosial şəbəkələrdə hücuma keçməklə yanaşı, real siyasi proseslərə irreal maneələr yaratmağa çalışırlar.

Trolların hücumundan İlqar Məmmədov əndişələnib və həmişəki ampluasına sadiq qalaraq, dərhal geri çəkilib. Onun son bəyanatları libertarian sayılan çox məhdud kəsimin dəstəyini qazandığını düşünən adamın indi tamamilə yad sahədə, lümpenlərin və marginalların özlərini asudə hiss etdikləri məkanda sərbəst, "özününkü" kimi görünmək istəyidir.

Bu da alınan deyil, çünki AXCP və ya Müsavatı dəstəkləyənlər üçün İlqar Məmmədov tam yad elementdir: son açıqlamaları ilə ləngər vurub, nə demək istədiyini özü anlamasa belə.

İqbal Ağazadayə gəldikdə isə o, tam tərsinə, buzqıran gəmi qətiyyəti ilə irəliləyir və qarşısındakı maneələri aşacağına əsla şübhə etmədiyini göstərir. Dili topuq vuran, danışanda çox yumşaq "kitab qurdu" təsiri bağışlayan İ.Məmmədovdan fərqli olaraq İ.Ağazadə emosional, xarizmatik və ən başlıcası, ritorikası dəqiq hesablanmış insan təsiri bağışlayır.

AXCP sədri Əli Kərimli bəhs etdiyimiz situasiyanı gördüyü üçün, radikal müxalifətin gündəm dəyişmək istəklərini idarə edərək kontrolda saxlamağa çalışır. Məqsəd dəyişməyib: özünü sistem müxalifətinin lideri kimi təqdim etmək, istisnasız olaraq hamısı Qərbdəki bəlli təşkilatların və mərkəzlərin total nəzarətindəki YouTube kanallarının aparıcısı olan "müstəqil bloqer"lərin vasitəsilə PR kampaniyasını aparmaq, xalqa xitablar adı ilə müsbət rəy hədəfinə çevrilməyə can atmaq və ən nəhayət, siyasi ölü olmadığını sübut etmək.

Radikal müxalifət heç bir halda siyasi gündəmi formalaşdırmağı bacarmır və bu səbəbdən də müxalifət düşərgəsindəki mülayimlərlə adekvat, konstruktiv qüvvələri hədəfə alaraq zəifləməyə, mümkün olarsa, yox etməyə körüklənir.

Lakin Əli Kərimli və onun yandaşları hələ də anlamırlar, daha doğrusu anlaya bilmirlər ki, onların heç biri orta statistik vətəndaş, hətta obıvatel üçün yetərli fiqurlar, razı sala biləcək siyasətçi deyillər.

Radikalların bəyanatlarının bəzən ideal nasional-sosializm həddinə yuvarlandığını da nəzərə alsaq, pafoslu, ibarəli və şüuarçılıq üzərində qurulmuş müraciətlə çıxışların kökündə sırf baqqal maraqları durur.

Siyasət baqqal dükanı olmasa da, Cəmil Həsənli, Əli Kərimli və Arif Hacılı üçün, deyəsən, alınıb satılmayan məsələ, nəsnə və ünsür qalmayıb. Onlar maraqlarını tam təmin etmək üçün indi kəskin, bəzər marazmatikcəsinə tənqid etdikləri hakimiyyətlə istənilən an danışıqlara getməyə hazırdırlar.

Təki mənafeləri reallaşsın, istədiklərini ala bilsinlər.

Zatən Əli Kərimli və Cəmil Həsənli dəfələrlə hakimiyyətlə gizli danışıqlar aparıblar, pərdəarxası sövdələşmələrdə olublar və hər dəfə də hakimiyyət bu marionetlərin absurd tələblərini rədd edərək danışıqları ikrahla dayandırıb. Arif Hacılı da danışıqlara amadədir, lakin onu, ümumiyyətlə, danışıqlara çağırmayıblar. Çünki A.Hacılı siyasətə gəldiyi ilk gündən ciddi siyasi fiqur olmayıb və çətin ki, bundan sonra hər hansı obyektiv siyasi çəki əldə edərək müvazinət sıralamasında geriləməsin.

Demokratiyadan, insan haqlarından, vətəndaş cəmiyyətindən danışmağı, daha doğrusu hərzələməyi çox sevən radikal müxalifət natiqləri sosial şəbəkələrdə özlərini suda balıq kimi hiss etsələr də, reallıqda çaşır, ciddi səhvlərə yol verir, təlaşla vurnuxur, paradoksal açıqlamalar verir, məntiqlə izahı çətin qərarlar qəbul edirlər.

Məsələn, çağdaş Azərbaycanın tarixinə ən rüşvətxor nazir, xalqın ən çox nifrət etdiyi məmurlardan biri kimi düşmüş Əli İnsanovun indi qəflətən həm də müxalifətçilik etmək istəyi, HƏP kimi komik adlı partiya yaratması və bu azmış kimi özünü radikalların düşərgəsinə vurması Əli Kərimli, Cəmil Həsənli və Arif Hacılı triosunu razı salıb.

Onlar Əli İnsanova vətəndaşların kəskin antipatiyasından xəbərdar olsalar da, sabiq nazirin puluna şirnikib bu adamı dəyirmi masalara çağırır, guya məsləhətləşmələr aparırlar.

Və beləcə, öz aləmlərində hakimiyyətə mesaj verirlər ki, sabiqlərə qucaq açıb Azərbaycanda nomenklatur müxalifət formalaşdırmaq gücünə malikdirlər.

Radikalların belə davranışı qumsallıqda evcik düzəldib ləpələrə meydan oxuyan uşağın hikkəsinə və illüziyalarına bənzəyir.

Problem də elə budur: müxalifətin aqressivləşən, radikallaşan kəsimi düşməninin onun dostu olduğunu düşünərək tamamilə primitiv düşüncə ilə davranır, əslində, dostları düşməninə döndərir, düşmən gözündə gördüklərinin isə, əslində, xalqın nəzərində ən böyük dost və həmdəm olmasının fərqinə varmır.

Radkial müxalifət hələ də dərk etmir ki, öz aləmində hədələdiyi hakimiyyət, əslində, xalqın özüdür, çünki xalq iqtidarı tam dəstəkləyir və ölkənin inkişafına, millətin rifahına köklənmiş əməllərə qiymət verir.

Boşboğazlığa, demaqogiyaya, yalanlara, iftiralara və absurda yox.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.