Siyasət

Görün, kimlər bizi azad "saymır" - "Freedom House"un bisavad hesabatında NƏLƏR VAR?

8 Noyabr 2019 11:02
Baxış: 2 151

Ədalətsizlik ədalət, yalan həqiqət, ağ qara, qara da qırmızı kimi təqdim olunursa, bunu gerçək və obyektivlik saymaq olarmı? Saxtakarlığı dəqiqlik, dəqiqliyi də əyrilik hesab etmək doğrudurmu? Cavab verməyə tələsməyin, çünki işə siyasət qarışırsa, hər şey tərsinə olur, yalanlar həqiqət kimi sırınır.

ABŞ-ın "Freedom House" təşkilatının hazırladığı "Freedom on the Net 2019. The Crisis of Social Media" ("İnternetdə azadlıq 2019. Sosial mediaların böhranı") adlı reytinq-hesabatınu oxuduqca, absurdun səviyyəsinə təəccüblənməyə bilmədim.

Özünü "müstəqil beynəlxalq təşkilat" kimi təqdim edən "Freedom House"un büdcəsinin 88,02 faizi ABŞ Dövlət Departamentinin ayırdığı maliyyə vəsaiti hesabına formalaşır.

Xərclədiyi hər 100 dolların 88 dollarını Ağ Evdən alan təşkilatın "azad, sərbəst və müstəqil fəaliyyət"indən bəhs etməsi ya həyasızlıqdır, ya da çox inadkar saxtakarlıq.

Təşkilat özünü "ABŞ hökumətinin yaratdığı qeyri-hökumət təşkilatı" (U.S. government-funded non-governmental organization, NGO) kimi göstərir.

Bu ifadənin özü absurddur: hökumətin yaratdığı təşkilat necə qeyri-hökumət struktur ola bilir, bu kainat sirridir yəqin.

Olsun, fərz edək ki, bu fani dünyada hər şey baş verə bilər.

Yaxşı, belədirsə, onda nədən elə həmin "Freedom House" Azərbaycanda dövlət büdcəsindən adda-budda maliyyə vəsaiti alan QHT-ləri "dövlətin qeyri-hökumət təşkilatı" (GONGO) sayır?

Məntiq varmı? Yox.

Xüləs, keçək əsas məsələyə.

Təşkilata son illəri Devid Kramer rəhbərlik edir.

Əvvəllər Almaniyadakı "German Marshall Fund"a başçılıq etdiyi Kramer həmin illərdə Berlin mediasında lağlağı və ələsalma obyekti idi. Çünki o, 2x2-nin 4 yox, 7 olduğunu sübut etməyə çalışırdı.

"German Marshall Fund"ın ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən yaradıldığı və indi də kontrolda saxlandığı, fondun fəaliyyətinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən tənzimləndiyi bəllidir. Bundan başqa, "German Marshall Fund" hazırda Almaniya iqtisadiyyatına ABŞ-ın təzyiq və təsir rıçaqlarından biridir.

Və belə bir struktura rəhbərlik etdiyi dönəmdə Devid Kramer "dünya bazarında ədalətli münasibətlər"dən danışırdı.

Corc Vaşinqton Universitetində professor olmasından qürurla bəhs edən Kramer nədənsə əvvəllər ABŞ Dövlət Departamentinin siyasi analiz və situasiya kəşfiyyatı bölməsində çalışdığını söyləmirdi.

Harvard və Tafts universitetlərini bitirən, ixtisasca sovetoloq olan Devid Kramer postsovet məkanında "ABŞ-ın maraqlarının tam icra etməyən ölkələr" adlı sürrealist siyasi təyinin müəllifidir.

D.Kramerin bir zamanlar direktor olduğu təşkilatın yeni "meqareytinq"inə görə, sən demə, Azərbaycan da "internetin və sosial şəbəkələrin azad olmadığı" ölkələr siyahısındadır.

"Freedom House"a indi ABŞ-ın sabiq prezidenti Uilyam Hovard Taftın nəticəsi Uilyam Taft rəhbərlik edir. O, 2005-ci ilədək təşkilatı idarə etmiş, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Ceyms Vulsinin fanatik ardıcılı hesab olunur.

Uilyam Taftın ABŞ-ın kəşfiyyat strukturları ilə çox sıx, intensiv əlaqələri var.

Reytinqin hansı kriterilər əsasında, necə hazırlandığı, hesabatın ərsəyə gətirilmə metodologiyası isə ümumiyyətlə, tragikomediyadır.

Belə ki, Avropa ölkələrinin əksəriyyəti "meqareytinq"də ümumiyyətlə, əks olunmayıb. Yunanıstan, Albaniya, Kosovo, Xorvatiya, Çexiya, Slovakiya, Polşa, Latviya, Litva, Rumıniya, Finlyandiya, İsveç, Norveç, Danimarka, Hollandiya, Belçika, Portuqaliya, İspaniya, Bolqarıstan, Avstriya, Sloveniya, İsveçrə, İrlandiya, Moldova, Bosniya-Hersoqovina, Monteneqro, Serbiya barədə "müfəssəl, peşəkar və çox nüfuzlu" hesabatda "No Data", yəni məlumat yoxdur yazılıb.

Avropa Birliyi ölkələrindən yalnız 6 (!) dövlətdə internet və sosial şəbəkələrlə bağlı situasiya araşdırılıb.

İndisə gələk hesabatın ən absurd, daha doğrusu, sarsaq, primitiv və maymaq məqamlarına.

İlk əvvəl Azərbaycanda sosial şəbəkələrdə söz azadlığının təqibi ilə bağlı statistikaya nəzər saldıq.

Qərb standartlarına görə, sosial şəbəkələrdə söz və düşüncə azadlığının təqibinin əsas göstəricisi nədir?

Müxtəlif zəminlərdə ayrı-seçkilik və nifrətin təbliği, bu cür səciyyələndirilə biləcək açıqlamalar.

"Freedom House"nin "internetin və söz azadlığının azad olmadığı ölkə" hesab etdiyi Azərbaycanda son iki ildə sosial şəbəkələrdə söyüş, təhqir, habelə ayrı-seçkilik və nifrət yaratmaq, şərəf və ləyaqətin alçaldılması, habelə dini, irqi və s. zəmində ayrı-seçkiliyə çağırışlarla bağlı cəmi 2 (!) cinayət işi qaldırılıb.

Onlardan biri gündəmə gələn gənc psixoloq Nərmin Şahmarzadə ilə bağlıdır.

Ötən ilin dekabrın 5-də Facebook profilində Milli Qəhrəman Mübariz İbrahimov barədə "... Öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu qəddarlıqdır" və "... Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman" yazmış N.Şahmarzadə sonradan İbrahimovun valideynlərindən üzr istəmişdi.

Fəqət, Xətai Rayon Məhkəməsinin qərarı ilə N. Şahmarzadə 400 saat islah işlərinə məhkum edilib.

Vəssəlam.

Bunun müqabilində sosial şəbəkələrdə, xüsusilə də Facebook və YouTube-da onlarla "müstəqil bloqer", yüzlərlə səhifə və kanal fasiləsiz olaraq Azərbaycan dövlətinə qarşı yönəlmiş paylaşımlar edir, video, mətn və audio materiallar yayır. Azərbaycanın hakimiyyət mənsubları, siyasətçiləri, dövlət xadimləri, sənətçiləri, media mənsubları - bir sözlə, şəbəkələşmiş və trollaşmış "mini-sistem"də olmayan hər kəs ən ağır sözlərlə təhqir olunur.

Onların özləri ilə bahəm, ailə üzvləri də aşağılayacı və alçaldıcı ifadələrə tuş edilir.

Facebook və YouTube-nin müvafiq texniki servisləri nə isə edirlərmi? Yox.

Vidadi İsgəndərli, Qabil Məmmədov, Rafael Piriyev və s. kimi imbesilliyi müxaliflik kimi anlayan reneqatların Facebook səhifələri, YouTube kanalları bağlanıbmı? Yox.

Tam əksinə, Facebook-da Azərbaycan vətəndaşlarından kimsə paylaşımlarından birində rus, ingilis, fransız və ya başqa xarici dildə "erməni işğalçıları", "Qarabağdakı erməni separatçıları", "erməni terrorizmi", "işğalçı Ermənistan" yazarsa, sosial şəbəkənin texniki servisi onu dərhal cəzalandırır, bloklayır, əksər hallarda səhifəni və ya profili ümumiyyətlə, qapadır.

"Həqiqət müqayisədə aşkarlanır" - britaniyalılar belə deyir.

Britaniyanı "Freedom House" internetin və sosial şəbəkələrin tam azad olduğu ölkə sanır, 2019-cu illə bağlı hesabatında belə göstərir.

Britaniyada sosial şəbəkələrdə nifrət və təqibetmə ilə bağlı açılmış cinayət işlərinin (Hate Crime Annual Report) statistikasına baxaq. Məlum olur ki, "internetin və sosial şəbəkələrin tam azad olduğu" Dumanlı Albionda hər il minimum 13 min faktla, yəni sosial şəbəkələrdəki status, yaxud paylaşımlarına görə cinayət işi açılır.

Hər il orta hesabla 400 nəfər "hate crimes", yəni sosial şəbəkələrdə paylaşımlarında nifrət və ayrı-seçkilik yaratmağa görə həbs olunur.

Yəni Britaniya ilə müqayisədə, Azərbaycanda sosial şəbəkələrdə və interntedə fikir, mövqe izharına görə azadlıqdan məhrum edilənlərin sayı 400 dəfə (!) azdır.

"Qəddar və amansız Azərbaycan hakimiyyəti"nin əməllərini gördünüzmü?

Ciddi olsaq, "Freedom House"nin davranışında və hesabatında gözlənilməz, qeyri-adi heç nə yoxdur. 10 il əvvəl, amerikalılar müxtəlif sosial media-platformalarını işə salanda Birləşmiş Ştatlar virtual aləmdə qüdrətin zirvəsində idi.

Çünki sosial şəbəkə məkanının ələ alınması, idarə olunması və yönləndirilməsi istiqamətində amerikalıların təcrübələri vardı - başqa ölkələrin yox.

Məhz bu səbəbdən 2010-cu illərdə Qərb mediası vəcdə gəlmişdi: "Ax, Facebook inqilabı!", "Ax, azad sosial şəbəkələr və qruplar avtoritar rejimlərə qarşı!", "Ax, insanların internet, mobil proqram əlavələri və sosial şəbəkələr vasitəsilə birləşərək, siyasi mövqelərini izhar etmələri nə qədər gözəldir..."

"Ərəb baharı", "rəngli inqilablar" - Qərb mediası Facebook, Twitter, YouTube, WhatsApp-ın şəninə təriflər yağdırmaqdan usanmırdı.

Sonra qəfil ayılma prosesi başlandı və əvvəlcə ABŞ rəsmiləri, sonra da Qərb mediası anladılar ki, sən demə, artıq tək amerikalılar yox, ərəblər, çinlilər, malaylar, zuluslar belə, sosial şəbəkədən bəs deyincə yararlanmağı öyrəniblər.

Anladılar ki, internet və sosial şəbəkələr vasitəsilə "yaramaz rejimlərə qarşı mübarizə" çağırışları və modellərin yarıçılpaq fotoları ilə yanaşı, nə gəldi paylaşılır. O cümlədən söyüş, təhqir, aşağılanmalar.

Və indi "azadlıq hökmdarları, demokratiya nəğməkarları" nə edəcəklərini bilmirlər. Çaşıb qalıblar.

Bir tərəfdən qüdrətli və nüfuzlu sosial şəbəkələr hələ də əllərindədir.

Digər tərəfdən həmin sosial şəbəkələrdə ABŞ-ın nəzarət edə bilmədiyi elə yaşam formaları var ki, Vaşinqton az qalır təşvişə düşüb kənara çəkilə.

Absurd, irreal, antiutopik mənzərə yaranıb.

İnterneti və sosial şəbəkələri "qorumaq" adı ilə sosial şəbəkələr sərt nəzarətə götürülür, fikrini izhar edənlərlə bağlı Facebook-un texniki servisinə hər gün yüz minlərlə şikayət yazılır, xüsusilə "azad olmayan" adamları və media strukturlarını susdurmaq üçün onların profilləri qapadılır, səhifələri bağlanır.

Bu, sən demə, azad internet və sərbəst sosial şəbəkələrdir.

Corc Oruellin "1984" romanında olduğu kimi.

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.