İran xalqının Amerika, Avropa və ya qonşu dövlətlərin xalqları da daxil olmaqla digər millətlərə qarşı heç bir düşmənçiliyi yoxdur.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın ABŞ vətəndaşlarına ünvanladığı məktubda deyilir.
"İran xalqı heç vaxt Amerika, Avropa və qonşuları da daxil olmaqla digər millətlərə qarşı düşmənçilik aparmayıb. İranlılar tarix boyu xarici hökumətlərin müdaxiləsi və təzyiqi ilə qarşılaşsalar belə, həmişə bu ölkələrin hakimiyyəti ilə xalqı arasında fərq qoyublar", -Pezeşkian qeyd edib.
O, bu ölkənin sakinlərini siyasi ritorikadan kənara çıxmağa və İranın keçmişinin, bu gününün reallıqlarını və qarşıdurma ilə deyil, həqiqət, ləyaqət və qarşılıqlı anlaşma ilə müəyyən edilən gələcəyə olan istəklərini yenidən nəzərdən keçirməyə çağırıb.
"İran müasir tarixində heç vaxt təcavüz, genişlənmə, müstəmləkəçilik və ya hökmranlıq yolunu seçməyib və heç vaxt bir müharibəyə başlamayıb", - məktubda vurğulanıb.
Prezident bildirib ki, rəqabətli hekayələr və dərin geosiyasi gərginliklərlə formalaşan dünyada İran və ABŞ arasındakı münasibətlər ən çox səhv başa düşülən münasibətlərdən biri olaraq qalır.
M.Pezeşkian vurğulayıb ki, hərbi əməliyyatların davam etdirilməsi onlardan əziyyət çəkən xalqların fikir və hisslərinə böyük təsir göstərir. "Bununla bağlı prinsipial sual yaranır: bu müharibə Amerika xalqının hansısa real maraqlarına tam cavab verirmi? Bu cür hərəkətlərə haqq qazandırmaq üçün İrandan hansı konkret təhdid gəldi?", - M.Pezeşkian amerikalılara müraciətində deyib.
Milli.Az





