Siyasət

Bəhruz Quliyev: "Novruz bayramı ərəfəsində imzalanan əfv sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin bariz göstəricisidir"

17 Mart 2019 16:24
Baxış: 489

Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı əfv sərəncamı ilk növbədə dövlət başçısının humanizm siyasətinin bariz göstəricisidir.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Səs" Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, bu siyasət artıq ənənə halını alıb və Novruz bayramı ərəfəsində əfv sərəncamının 431 nəfərə şamil olunması həmin siyasətin bariz sübutudur: "Prezident İlham Əliyev yürütdüyü siyasətdə daim insan amilinin prioritet təşkil etdiyini vurğulayır. Bu baxımdan humanizm prinsipinə söykənən əfv sərəncamları da sözügedən faktoru tamamlayır. Artıq Novruz bayramı ilə əlaqədar möhtərəm Prezidentimiz əfv sərəncamı imzaladı və bu, kifayət qədər insana şamil olundu ki, onlar da bu bayramı öz evlərində, isti ailə ocaqlarında keçirsinlər".

Ekspert daha bir maraqlı məqama da toxunaraq qeyd edib ki, zaman-zaman Azərbaycanda mövcud demokratik dəyərlərə qərəzlə yanaşan bir sıra dairələr nədənsə bu cür mühüm sərəncamlara heç bir münasibət bildirmirlər:

"Nədənsə belə təşkilatlar bu cür humanist addımlar atılanda səslərini çıxarmırlar. Təbii ki, belə humanist addımları dilə gətirmək, Azərbaycanda humanizm siyasətinin hətta digər aparıcı dövlətlərə nümunə olduğunu etiraf etmək onlara sərf etmir, çünki nə qədər bu məsələləri gizlətsələr, onlara bir o qədər sərfəlidir. Ona görə, bir amilə də toxunmaq istərdim ki, onların humanizm prinsipləri heç vaxt olmayıb və yoxdur. Onların prinsipi odur ki, Azərbaycana qarşı qarayaxma kampaniyaları aparsınlar. Ancaq gördüyümüz kimi, müstəqil siyasətimiz və sosial sahədə uğurlarımız, aparılan inqilabi islahatlar bizi istəməyənləri susdurur".

B.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü və sosial ədaləti təmin edən humanizm siyasəti davam edəcək: "Artıq vətəndaşlar da şahiddir ki, Prezident xalqın yanındadır və hər an hər bir problemi şəxsən həll etməyə hazırdır. Bu gün məhbus ailələrini sevindirən cənab İlham Əliyev sözügedən əfv sərəncamı ilə öz ardıcıl humanist siyasətini bir daha nümayiş etdirdi".

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.