Siyasət

"Paşinyan diplomatik uğursuzluğunu Qarabağda iclas keçirməklə kompensasiya etmək istəyir"

13 Mart 2019 21:10
Baxış: 815

ATƏT-in Minsk qrupu Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa səfər etməsini pisləməli, bunun danışıqlar prosesinə zərbə vurduğunu bildirən bəyanat qəbul etməlidir. Milli.Az bildirir ki, bunu Trend-ə politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, N.Paşinyanın Xankəndidə Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirməsi Minsk qrupunun danışıqların formatının dəyişdirilməsinin yolverilməzliyi barədə bəyanatı, Ermənistan baş nazirinin uğursuz Brüssel səfəri və Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimləri nəticəsində Yerevanın təşvişi fonunda baş verdi.

Politoloq hesab edir ki, Ermənistanın baş naziri diplomatik müstəvidə düçar olduğu uğursuzluğunu özgə torpağında iclas keçirməklə kompensasiya etmək, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin yanında olması görüntüsünü yaratmaqla ört-basdır etmək istəyir.

N.Məmmədovanın fikrincə, N.Paşiyanın Təhlükəsizlik Şurasının iclasını Qarabağda keçirməsi Ermənistanın işğalçı statusunun növbəti təsbiti, Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması aktı, eyni zamanda, separatçılığa açıq dəstək olaraq beynəlxalq hüquqa aşkar saymazlıqdır:

"Paşinyan Ermənistanın Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat verdiyini bəyan edib. Amma dövlət təminatı statusu beynəlxalq hüquqda xüsusi qaydalarla tənzimlənir və Paşinyanın bu fikirləri də cəfəngiyyatdan başqa bir şey deyil. Üstəlik, Ermənistanın özünün təhlükəsizliyinə təminat verən lazımdır. Çünki o, təhlükəsizliyinin əsas təminatçısı olan Rusiya ilə körpüləri yandırıb, Avropa İttifaqı və ABŞ-ın etimadını isə qazana bilməyib. Belə bir şəraitdə siyasi, iqtisadi, demoqrafik böhran məngənəsində sıxılan Ermənistanın Qarabağ ermənilərinin qarantı olmaq üçün nə yetərli potensialı, nə də hüquqi əsası varr".

O qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycan dövlətinin ərazisi olduğu üçün oradakı ermənilərin təhlükəsizliyinə Azərbaycan təminat verə bilər:

"ATƏT-in Minsk qrupu bunu Paşinyanın diqqətinə çatdırmalıdır. Azərbaycanın hərbi qüdrətini nümayiş etdirən təlimlər fonunda Ermənistan baş nazirinin Qarabağa gəlib burada toplantı təşkil etməsi uğursuz, qeyri-adekvat, acizanə demarş cəhdidir. Üstəlik, bu iclas Ermənistan siyasi hakimiyyətindəki ixtilafları da ortaya qoydu. Belə ki, Ermənistan prezidenti və parlament sədri Şura üzvü olmadıqları halda, Paşinyan öz dostu, parlamentin spikeri Mirzoyanı iclasa dəvət etdi, prezident Sarkisyan isə dəvət edilmədi. Bu, Ermənistan siyasi rəhbərliyində mövcud ixtilafın daha bir sübutudur".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.