Siyasət

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər ediblər - YENİLƏNİB - FOTO

11 Oktyabr 2018 13:46
Baxış: 5 379

13:46

Prezident İlham Əliyev Qubada Gənclər Parkında yaradılan şəraitlə tanış olub.

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba şəhərində salınan Gənclər Parkında yaradılan şəraitlə tanış olublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına parkda görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, parkın inşasına bu ilin fevralında başlanılıb. Ərazisi 0,66 hektar olan bu istirahət məkanı 4 hissədən ibarətdir. Burada yaşlı insanlar üçün hissə, idman zonası, gənclər və uşaqlar üçün guşələr yaradılıb. Bundan başqa, Gənclər Parkında 300 kvadratmetr sahəsi olan 2 mərtəbəli restoran da fəaliyyət göstərəcək. Parkda söhbətgahlar quraşdırılıb, uşaqların vaxtlarını səmərəli keçirmələri üçün attraksionlar qoyulub, geniş yaşıllıq zonaları salınıb, müxtəlif dekorativ ağac və gül kolları əkilib, işıqlandırma sistemi yaradılıb. Bir sözlə, bu parkda Quba sakinləri və rayonunun qonaqlarının istirahətlərini xoş və mənalı təşkil etmək üçün hərtərəfli şərait var.

Qeyd edək ki, ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində çoxşaxəli tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti uğurlu nəticələrlə yadda qalır. 2005-2009-cu illəri əhatə edən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" bu prosesdə çox mühüm rol oynayıb. "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı da bu tədbirlərin məntiqi davamı kimi çıxış edib. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik prinsiplərinə, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd təbii ki, onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir. Ölkəmizin bölgələrində müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri tikilir. Qubada salınan Gənclər Parkı da bu məqsədə xidmət edir.

----------
13:13

Prezident İlham Əliyev "Qubaekoaqrar" MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodunun açılışında iştirak edib.

Oktyabrın 11-də "Qubaekoaqrar" Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər.

Əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına Quba-Xaçmaz iqtisadi rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə regionda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr barədə məlumat verdi. Bildirildi ki, bu iqtisadi rayonda ümumi dəyəri 376 milyon manat olan 2624 layihənin maliyyələşdirilməsinə 201 milyon manat güzəştli kredit verilib. Bu çərçivədə yaradılan müəssisələr xarici ölkələrə məhsul ixracına başlayıb. Belə ki, Xaçmazdakı fındıq emalı zavodu ötən il 2 milyon dollar dəyərində fındıq, Logistika Mərkəzi və meyvə emalı zavodu 500 min dollar dəyərində quru meyvə, Qusarda Regional Logistika Mərkəzi isə 6,2 milyon dollarlıq meyvə ixrac edib. Keçən il 186,4 min hektar meyvə bağından, ümumilikdə, 955 min ton meyvə istehsal olunub. Məhsulun 29 faizi əsasən Rusiya, Ukrayna, İtaliya, İsveçrə və Almaniya olmaqla, xarici bazarlara ixrac edilib. Ötən il Quba-Xaçmaz iqtisadi rayonu üzrə 263,3 min ton meyvə yığılıb ki, bunun 125,2 min tonu Qubanın payına düşür.

Sonra dövlətimizin başçısı zavodu işə saldı.

İqtisadiyyat naziri Şahin Mustafayev və müəssisənin rəhbəri Emin Məmmədzadə zavodda görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdilər.

Bildirildi ki, "Qubaekoaqrar" MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodu sutkada 4 ton fındıq və 2 ton quru meyvə istehsalı gücünə malikdir. Müəssisədə meyvələrin qurudulması, fındığın qovrulması və qablaşdırılması, alma çipsi istehsalı xətləri quraşdırılıb. Əhalidən tədarük edilmiş meyvələr ilk növbədə çeşidlənir, yuyulur, içlikdən təmizlənir, dilimlənir və xüsusi qaydada qablaşdırılaraq qurudulması üçün sobaya yerləşdirilir. Sobada hər bir meyvə növünün xüsusiyyətləri nəzərə alınaraq onlar üçün proqramlaşdırılmış xüsusi rejimdə qurutma prosesi həyata keçirilir. Müəssisədə tələbata uyğun olaraq əsasən alma, armud, gavalı, ərik, üzüm və alça quruları, həmçinin alma çipsi istehsal olunaraq müxtəlif çəkilərdə paketlənir. Meyvə quruları sənaye üsulu ilə istehsal olunduğu üçün dadına, əmtəə görünüşünə və yüksək səviyyədə qablaşdırılmasına görə fərqlənir.

Fındığın emalı xəttində isə məhsul ilkin olaraq qurudulur, qabıqdan təmizlənir, çeşidlənir və sonra sobada xüsusi rejimdə qovrulur. Qovrulmuş fındığın soyudulduqdan sonra müxtəlif çəkilərdə vakuum paketlənməsi həyata keçirilir. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, "Made in Azerbaijan" brendi adı altında xarici bazarlara, xüsusilə Rusiya və ərəb ölkələrinə ixracı nəzərdə tutulur.

Hazır məhsullarla tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, zavodun xammala olan tələbatı Quba və ətraf rayonlardan tədarük edilən məhsullar hesabına ödəniləcək. Bu isə kiçik ailə təsərrüfatlarının inkişafına müsbət təsir göstərəcək və regionda yeni meyvə bağlarının salınmasına stimul yaradacaq. Eyni zamanda, yetişdirilən meyvələr emal olunaraq xarici bazarlara çıxarılacaq ki, bu da regionun ixrac potensialının artırılmasına səbəb olacaq.

Müəssisənin xammala tələbatının davamlı olaraq ödənilməsinin təmin edilməsi məqsədilə növbəti mərhələdə tutumu 2 min ton olan soyuducu anbar kompleksinin qurulması, mövcud istehsal gücünün 2 dəfə artırılması, cem və mürəbbə istehsalının təşkili nəzərdə tutulur. Ümumi dəyəri 3,6 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılıb və bu layihəyə investisiya təşviqi sənədi verilib. İlkin mərhələ üzrə müəssisədə ildə təqribən 2,6 milyon manat dəyərində və ya 1,3 min ton məhsul istehsalı nəzərdə tutulur.

Regionlarda belə emal müəssisəsinin yaradılması dünyanın qabaqcıl texnologiya və təcrübələrinin tətbiqinə, kənd təsərrüfatında ixracyönümlü və rəqabətqabiliyyətli məhsul istehsalına, yeni meyvə bağlarının salınmasına, eləcə də ixracın həcminin çoxalmasına və coğrafiyasının genişləndirilməsinə nail olunması ilə yanaşı, məşğulluğun artırılmasına da səbəb olacaq. Bu layihənin icrası nəticəsində 38 nəfər daimi işlə təmin edilib.

---------
12:56

Qubada "ABAD Factory" İstehsalat Kompleksi fəaliyyətə başlayıb.

Oktyabrın 11-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ABAD" (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Qubada "ABAD Factory" İstehsalat Kompleksinin açılışı olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər, burada yaradılan şəraitlə tanış oldular.

Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, həmçinin "ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirdilər ki, "Quba ABAD Factory" İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə "Mədəniyyət evi" qismində istifadəyə verilmiş və uzun illər istismar nəticəsində yararsız vəziyyətdə düşmüşdü. İkimərtəbəli binada "ABAD" publik hüquqi şəxs tərəfindən "Paşa Holding"in dəstəyi ilə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb və müasir avadanlıq quraşdırılıb. Kompleksdə bir dəfəyə 140 kiloqram quru meyvə, istehsal gücü saatda 110 kiloqram olan qənnadı məmulatı və 1200 banka olan kompot, gündəlik min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən 5 sahə fəaliyyət göstərəcək. Kompleksin hər istehsal sahəsində növbəlilik prinsipi əsasında 30 nəfərdən ibarət iki "ABAD"çı ailə çalışacaq. Bununla da 30-dək vətəndaş "ABAD" publik hüquqi şəxsin əməkdaşı kimi işlə təmin ediləcək. Bundan əlavə, istehsal prosesində ABAD-çıları xammalla təchiz edəcək yeni ABAD-çıların prosesə qoşulması da nəzərdə tutulur ki, bu da, ümumilikdə, regionda yaşayan 70-80 ailənin məşğulluq və əlavə gəlir əldə etməsinə şərait yaradacaq.

"Paşa Holding"in dəstəyi ilə "ABAD" publik hüquqi şəxs tərəfindən həyata keçirilən "ABAD Gastro Village" layihəsi çərçivəsində isə "Quba ABAD Factory"nin önündə "Food truck park"ı yaradılıb. Qeyd edək ki, ölkədə turizm sahəsində müşahidə olunan inkişaf meyillərinin saxlanılması üçün daim yeni və cəlbedici ictimai iaşə xidmətlərinin təklif edilməsi zəruridir. Bu baxımdan təkərli qoşqular vasitəsilə icra edilmiş "ABAD Gastro Village" layihəsinin ölkəmizin müxtəlif bölgələrində, əsasən də şimal rayonlarında səyyar şəkildə fəaliyyət göstərmək imkanına malik olması və tərtibat baxımından cəlbedici görünməsi bu layihənin uğurlu olacağını deməyə əsas verir. "ABAD Gastro Village" kompleksinin səyyar yerdəyişmələr istisna olmaqla daimi dayanıb-durma nöqtəsi Quba "ABAD Factory"nin önündə təşkil edilmiş "Food truck park"ındadır. Burada dönər, bürger, şirniyyat və pizzaların hazırlanması və satışı nəzərdə tutulub.

"Quba ABAD Factory" və "ABAD Gastro Village" komplekslərində, ümumilikdə, 90-100 nəfər vətəndaşın məşğulluğu təmin ediləcək.

Qeyd edək ki, "ABAD" publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Əsas məqsədi ölkənin sosial-iqtisadi tərəqqisində vətəndaşların fəal iştirakını, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını təmin etmək olan "ABAD" rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir, sosialyönümlü layihələrin həyata keçirilməsində birbaşa iştirak edir. "ABAD" öz fəaliyyətini regional mərkəzlər vasitəsilə qurur. Masallı, Balakən, Quba rayonlarında artıq belə mərkəzlər fəaliyyətə başlayıb. Dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verən layihə çərçivəsində "ABAD"çı ailələrə mürəbbə, cem, ət və süd məhsullarının istehsalı üçün xüsusi konteynerlər verilib. İndiyə qədər dekorativ-tətbiqi sənətlə məşğul olan 100-dən çox və kənd təsərrüfatında çalışan onlarla ailəyə dəstək göstərilib. Satışları təşkil etmək məqsədilə "ABAD" paytaxt Bakının müxtəlif yerlərində, həmçinin Şamaxı rayonunun Dəmirçi kəndində mərkəzlər açıb.

----------
12:37

Qubada "Günəş" körpələr evi-uşaq bağçası açılıb.

Oktyabrın 11-də Quba şəhərində 100 yerlik "Günəş" körpələr evi-uşaq bağçası açılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdilər.

Bağçada yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, körpələr evi-uşaq bağçasının inşasına ötən il başlanılıb. Bu ilin sentyabrında isə tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Ümumi sahəsi 1439 kvadratmetr olan bina iki mərtəbəlidir. Yataq, yemək və istirahət otaqlarının olduğu bağçada uşaqlar üçün musiqi otağı və idman zalı yaradılıb. Burada balacaların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 25 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb. Ətraf ərazidə geniş abadlıq işləri görülüb, binaların fasadları rənglənib.

Qeyd edək ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət göstərilir. Prezident İlham Əliyevin qayğısı sayəsində indi ölkəmizin hər yerində müasir uşaq bağçaları, uşaq evləri inşa olunur, zəruri avadanlıqla təchiz edilir.

Azərbaycanda yeni uşaq tərbiyə müəssisələrinin inşası sahəsində görülən işlərə dövlətimizlə yanaşı, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb.

Ölkəmizdə balacaların sağlam və bilikli yetişmələrinə hesablanmış yeni-yeni uşaq müəssisələrinin yaradılması bir daha sübut edir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə bu məsələyə xüsusi yer ayrılır. Beləliklə də, həyata keçirilən bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqli nəticəsidir.

----------
12:33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdilər.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına tibb müəssisəsində yaradılan şərait barədə məlumat verdi. Qeyd olundu ki, Quba Rayon Mərkəzi Xəstəxanası 1964-cü ildə istifadəyə verilib, lakin uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina istismara yararsız vəziyyətdə idi. 230 çarpayılıq yeni xəstəxana binasının tikintisi ilə əlaqədar 2015-ci ildə başlayan inşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Xəstəxana binasında müasir tibbi avadanlıq quraşdırılıb. Cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya şöbələrinin yaradıldığı bu tibb müəssisəsində LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Perinatal Mərkəz də fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi və digər yardımçı sahələr üçün binalar inşa olunub.

Burada yaradılan şəraitdən görünür ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqətində və nəzarətindədir. Bu cür müasir tibb müəssisəsinin istifadəyə verilməsi yalnız Quba sakinlərinə deyil, eyni zamanda, region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan verir. Onu da deyək ki, 2004-2018-ci illərdə ölkə üzrə 17 şəhər və rayonda mərkəzi xəstəxanalar yenidən tikilib. Bu illər ərzində regionlarda yerləşən 28 xəstəxana binası əsaslı təmir olunub. Artıq Goranboy, Qazax, Qobustan və Şəmkir rayon mərkəzi xəstəxanalarının tikintisi də başa çatdırılıb, Abşeron Füzuli və Qəbələ rayon mərkəzi xəstəxana binalarının inşası isə davam edir.

Sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Bu gün Quba şəhərində çox əlamətdar bir gündür. Qubada Mərkəzi Rayon Xəstəxanası açılır. Mən bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu, çox gözəl tibb müəssisəsidir, ən yüksək, müasir standartlara cavab verir. Həm xarici görünüşü, həm daxili tərtibatı və dizaynı çox gözəldir. Əlbəttə ki, burada quraşdırılan tibbi avadanlıq ən yüksək standartlara malikdir. Əminəm ki, burada xəstələrə çox gözəl tibbi xidmət göstəriləcək və xəstələr şəfa tapacaqlar.

Bu tibb müəssisəsi həkimlərin iş yeridir və həkimlərin iş yeri belə gözəl səviyyədə olmalıdır. Bu xəstəxanada bütün şöbələr var. Burada bütün xəstəliklərin müalicəsi mümkündür. Eyni zamanda, diaqnostikası da mümkündür. Onu da deməliyəm ki, bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Quba şəhərində müalicə-diaqnostika mərkəzi yaradılmışdır. Bu xəstəxana Qubada ikinci böyük tibb müəssisəsidir. Əminəm ki, Quba sakinləri bu imkanlardan istifadə edəcəklər.

Belə müasir xəstəxananın bölgədə yaradılması bizim siyasətimizi göstərir. Bu gün Azərbaycanın bütün bölgələrində, hər bir rayonunda müasir tibb müəssisəsi yaradılıb və yaradılır. Bu il altı şəhərdə yeni böyük xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulurdu. Artıq ikinci xəstəxana bu gün istifadəyə verilir. Bundan əvvəl Naftalan şəhər xəstəxanası istifadəyə verilmişdir. İlin sonuna qədər dörd xəstəxananın tikintisinin başa çatması nəzərdə tutulur. Gələn il dörd şəhər xəstəxanası istifadəyə veriləcək, yaxud da ki, tikintisi davam etdiriləcək. Beləliklə, Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın. Nəhayət, biz ölkəmizin səhiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasının tamamlanmasını görəcəyik. Bu, doğrudan da böyük hadisədir. Çünki bu gün ölkəmizdə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlir, imkanlar artır. Biz bu imkanlardan istifadə edib bu gün vətəndaşlara çox gözəl xidmət göstərə bilirik. Siz bilirsiniz ki, bir neçə ildir ölkəmizdə müayinədən keçmə - diaqnostika aparılır. Bu il beş milyondan çox insan bu imkanlardan istifadə edib. Onların bəzilərində olan xəstəliklər aşkarlanıb, onlara tibbi xidmət göstərilib, tövsiyələr verilib. Əgər ciddi xəstəlik varsa, onda onlar Bakı şəhərinə göndəriliblər.

Son 15 il ərzində Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu, bizim insanların sağlamlığına verdiyimiz böyük töhfəmizdir. İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır. Əlbəttə ki, bu istiqamətdə daha da böyük addımlar atılacaq. Amma prinsipcə, səhiyyə sisteminin maddi bazasının yaradılması prosesi başa çatmaq üzrədir.

İnsan sağlamlığını şərtləndirən bir çox amillər var. Onların arasında, ilk növbədə, sağlam həyat tərzidir. Mən bütün vətəndaşlara buradan müraciət edirəm ki, sağlam həyat tərzi hər bir vətəndaş üçün əsas prinsip olmalıdır. Diaqnostika, əlbəttə ki, çox vacib rol oynayır. Bu gün ölkəmizdə mövcud olan laboratoriyalar bütün analizləri edə bilər. Vətəndaşlar hər il kütləvi şəkildə müayinədən keçirlər və beləliklə, ciddi xəstəliklərin qarşısı alınır. Profilaktika çox önəmli rol oynayır. Digər tərəfdən, ölkəmizin ekoloji vəziyyəti, əlbəttə ki, insanların sağlamlığına birbaşa təsir göstərir. Bu istiqamətdə də çox vacib addımlar atılır. Havanı çirkləndirən müəssisələrdə, ictimai obyektlərdə təmizləyici qurğular quraşdırılır. İçməli su layihələri uğurla icra edilir, o cümlədən Quba şəhərində beş il bundan əvvəl mənim iştirakımla içməli su layihəsi istifadəyə verilmişdir. İndi müvafiq qurumlar qida təhlükəsizliyi ilə bağlı çox ciddi məşğuldurlar. Keyfiyyətsiz, bəzi hallarda saxta üsullarla hazırlanan qidalar aşkarlanır. Bu cinayətlərə yol verənlər isə cinayət məsuliyyətinə cəlb edilir. İdman, əlbəttə ki, insanların sağlamlığı üçün çox önəmli bir amildir. İdmanla məşğul olmaq üçün indi ölkəmizdə bütün şərait var.

Yəni, biz bu sahəyə kompleks şəkildə yanaşırıq. Səhiyyə sisteminin təkmilləşdirilməsi sosial siyasətimizin əsas istiqamətlərindən biridir və bu yolda çox böyük addımlar atmışıq, böyük uğurlara imza atmışıq. Onlardan biri də bu gözəl tibb müəssisəsidir.

Quba şəhərinin inkişafına həmişə böyük diqqət göstərilmişdir. Mən Prezident kimi, Quba rayonuna 10 dəfə səfər etmişəm. Bu, 11-ci səfərdir. Səfərlər zamanı bir çox obyektlərin açılışlarında iştirak etmişəm. Quba rayonunun inkişafı ilə bağlı çox ciddi tapşırıqlar verilmişdir. Onlar da uğurla icra edilir. Rayonda infrastruktur layihələri icra edilir. Mən içməli su layihəsini qeyd etdim. Bir neçə il bundan əvvəl "Şahdağ" elektrik stansiyasının tikintisi nəticəsində nəinki Quba rayonunun, bütün bölgənin elektrik təminatı böyük dərəcədə yaxşılaşıb. Avtomobil yollarının çəkilməsi davam etdirilir. Bu gün biz bir kənd yolunun açılışını qeyd etdik. Quba rayonunun əksər kəndlərində yollar artıq yaxşı vəziyyətdədir. Qalan layihələr də növbəti illərdə icra ediləcək. Digər infrastruktur layihələri ilə bağlı addımlar atılır. Ev təsərrüfatlarının 75 faizi təbii qaz ilə təmin edilib. Qırx səkkiz məktəb tikilib, yeddi məktəb əsaslı təmir edilib. "ASAN xidmət" mərkəzi yaradılıb, Gənclər evi, Şahmat məktəbi. Yəni, Quba şəhərində bir çox sosial və iqtisadi-sənaye obyektləri yaradılır, o cümlədən "Azərxalça" İstehsalat Birliyinin Quba filialı. Yəni, iş yerlərinin yaradılması, turizmin inkişafı üçün addımlar atılır. İndi Qubada turistlərin sayı da artır, həm yerli, həm xarici qonaqlar gəlirlər, yeni otellər açılır. Bu gün mən yeni tingçilik müəssisəsinin fəaliyyəti ilə tanış olmuşam. Kənd təsərrüfatının inkişafı üçün bunun çox böyük əhəmiyyəti olacaq.

Ona görə Quba rayonunun kompleks şəkildə inkişafı diqqət mərkəzindədir. Sosial-infrastruktur layihələrimiz, iş yerləri ilə bağlı olan layihələr, turizm, kənd təsərrüfatı. Rayon bu istiqamətdə bundan sonra da inkişaf edəcək. Əlavə göstərişlər də veriləcək. Mən daim rayonlardan gələn təkliflərə baxıram və o təkliflərin böyük hissəsi öz həllini tapır. Biz bunları regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində icra edirik.

Növbəti layihələr haqqında da sizə məlumat vermək istəyirəm. Quba şəhərində 5 kommunal ev var. O evlərin vəziyyəti o qədər də yaxşı deyil. Onların əvəzinə 48 mənzilli yeni yaşayış binası tikiləcək. Bu məsələ ilə bağlı müvafiq göstəriş veriləcək. Bir məktəbin tikintisi üçün əlavə vəsait ayrılacaq və kənd yollarının çəkilişi ilə bağlı əlavə tapşırıqlar veriləcək, o cümlədən Quba-Xınalıq yolunun yeni xətti çəkiləcək. Siz bilirsiniz ki, mənim təşəbbüsümlə təqribən on il bundan əvvəl biz Xınalığa yeni yol çəkdik. Artıq on il, bəlkə on ildən bir qədər çox vaxt keçib və bu yolun təmirinə ehtiyac var. Eyni zamanda, mənə verilən məlumata görə, yeni bir istiqamət var. Susay kəndindən Xınalıq kəndinə yeni yolun çəkilişi planlarımızdadır. O, 30 kilometrlik yoldur, eyni zamanda, o yoldan Qrız kəndinə də təxminən 5 kilometrlik bir yol çəkiləcək. Müvafiq göstəriş veriləcək.

Eyni zamanda, Quba-Qonaqkənd yolunun tamamilə yenidən qurulması ilə bağlı müvafiq göstəriş veriləcək. Bu yolun bir hissəsi Rustov kəndinə qədər artıq tikilib. Rustov kəndindən Qonaqkəndə qədər, düzdür, məsafə çox böyükdür və çox böyük maliyyə tələb edən layihədir. Ancaq biz bunu etməliyik. Çünki o yol üzərində bir çox kəndlər var, minlərlə insan yaşayır və indi yol, əlbəttə ki, çox pis vəziyyətdədir. Yəni, belə yol bizə yaraşmır.

Bax, bu layihələr növbəti mərhələdə icra ediləcək. Vəsait dərhal ayrılacaq. Digər layihələrlə bağlı, əlbəttə ki, vətəndaşlar, Quba rayonunun sakinləri müraciət etsinlər. Çünki biz indi regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının üzərində işləyirik. Dördüncü proqram gələn ilin əvvəlində qəbul ediləcək və bu gün Quba rayonunda hələ öz həllini tapmayan layihələr o proqrama salınmalıdır və salınacaq.

Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm və sizə uğurlar arzulayıram. Sağ olun.

x x x

Xəstəxananın kollektivi adından dövlətimizin başçısına minnətdarlığını bildirən həkim Kəmalə HEYBƏTOVA dedi:

- Möhtərəm cənab Prezident və çox hörmətli Mehriban xanım.

İcazə verin, Quba rayonunun sakinləri adından Sizləri salamlayım və rayonumuza "Xoş gəlmisiniz!" deyim.

Bu gün bizim üçün çox əlamətdar bir gündür. Quba Diaqnostika Mərkəzindən sonra rayonumuzda möhtəşəm bir tibb ocağı Sizin xeyir-duanızla istifadəmizə verilir. Siz hər bir zaman çalışmısınız ki, dünya tibb sahəsində əldə edilən ixtiralar və yeniliklər Azərbaycanda da tətbiq olunsun. Bu, bir reallıqdır. Təkcə paytaxt Bakımızda deyil, respublikanın bütün bölgələrində ən müasir tibbi avadanlıqlarla təmin olunan səhiyyə ocaqları tikilir. Bəli, biz bu gün Quba Rayon Mərkəzi Xəstəxanasının timsalında bunun bir daha şahidi oluruq. Buna görə əhalimiz adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, çalışacağıq vicdanla işləyək, əhalimizə layiqli tibbi xidmət göstərək, Sizin insan amilinə verdiyiniz dəyərə layiqli töhfəmizi verək.

Cənab Prezident, bilirik ki, insanların sağlamlığı Sizin və çox hörmətli Mehriban xanım üçün prioritet bir məsələdir. Biz hər birimiz Sizin diqqət və qayğınızı hər zaman öz üzərimizdə hiss edirik. Vətəndaşlarımızın ildə bir dəfə pulsuz tibbi müayinələrdən keçirilməsi buna bariz nümunədir. Tapşırığınıza əsasən aparılan tibbi müayinələr zamanı hətta özünü sağlam bilən bir çox insanda bəzi xəstəliklərin ilkin simptomlarını aşkar etmişik. Əgər bu insanlar vaxtında müayinə olunmasaydılar, daha ağır fəsadlarla üzləşə bilərdilər. Bu xəstəxanada bu cür tibbi müayinələr daha mütəşəkkil və daha yaxşı keçiriləcəkdir. Bu, bir mədəniyyətdir və bu mədəniyyəti bizə Siz aşıladınız. Bunun üçün Sizə bir daha dərin minnətdarlığımızı bildiririk.

Sizin bizə olan qayğınız təkcə bununla bitmir. Bütün bölgələrimiz kimi, Quba rayonu da gündən-günə gözəlləşir və sürətlə inkişaf edir. Bu gün Qubada insanların əhval-ruhiyyəsində bir yüksəliş, rayonumuzda bir canlanma hiss olunur. Küçələr abadlaşır, parklar, xiyabanlar salınır. Beynəlxalq standartlara uyğun turizm obyektləri fəaliyyət göstərir. Bəli, bu gün fəxrlə deyə bilərik ki, Quba bölgənin turizm mərkəzinə çevrilib. Heç də təsadüfi deyil ki, rayonumuz turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Bütün bunlar Sizin fəaliyyətinizin sayəsində mümkün olub.

Cənab Prezident, Siz və Mehriban xanım hər bir azərbaycanlı üçün Vətəni sevməyin, xalqına, dövlətinə layiqli xidmətin nümunəsisiniz. Vətən qarşısında öz xidməti borcunu yerinə yetirən oğlunuz Heydərin andiçmə mərasimində iştirakınız buna bariz nümunədir.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bir kursantının anası kimi bu hisslər mənə çox doğmadır. Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və ailənizi qorusun. Çox sağ olun, var olun.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

----------
11:59

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev abidənin ətrafında aparılan abadlıq işləri, ümumilikdə, rayonda icra olunan layihələr barədə dövlətimizin başçısına məlumat verib.

---------

11:53

Prezident İlham Əliyev Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsaslı təmirdən sonra fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsaslı təmirdən sonra fəaliyyəti ilə tanış olublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və xanımı elmi-tədqiqat institutunun binasında yaradılan şəraitlə maraqlanıblar.

Kənd təsərrüfatı naziri İnam Kərimov bildirdi ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1926-cı ildə fəaliyyətə başlayıb və 1964-cü ildən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir. İnstitutda 59 nəfər işçi çalışır, onların arasında elmlər və fəlsəfə doktorları var. Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncamına əsasən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb. Laboratoriyalarda alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə xüsusi istixana-tingçilik kompleksi tikilib.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan yeni sahələrdə 35 iş yeri açılıb. Burada 73 hektar ərazidə Lənkəran çayçılıq filialı, 19 hektarda Abşeron təcrübə stansiyası, 50 hektarda Qəbələ, 97 hektarda isə Göyçay dayaq məntəqələri yerləşir. Bundan əlavə, Zaqatala dayaq məntəqəsi, Zərdabi elmi təcrübə stansiyası və Quba yardımçı təcrübə təsərrüfatı da institutun balansına daxildir.

Qeyd olundu ki, təcrübə bazaları əsasən ötən əsrin 50-ci illərində yaranıb. Onların istifadəsində olan ümumi torpaq sahəsi 662 hektardır, onun 557 hektarı isə əkinə yararlı ərazidir. Əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsi olan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutun 50 hektar ərazisində 2017-2018-ci illərdə müasir və məhsuldar meyvə bağları salınıb. Almaniyanın Meyvə və Bitkilərin Seleksiyası Elmi-Tədqiqat İnstitutu, Belarusun Meyvəçilik Elmi-Tədqiqat İnstitutu və Kənd Təsərrüfatı Akademiyası, İngiltərənin "Meosis" Elmi-Tədqiqat Şirkəti, İspaniyanın "Viveros-veron" Tingçilik və Tədqiqat Şirkəti ilə əlaqələr quran Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu Çinin "Anxoy" Aqrar Universiteti və Fransanın meyvəçiliklə məşğul olan "Luare" Kənd Təsərrüfatı Palatası ilə də geniş əməkdaşlıq həyata keçirir.

Prezident İlham Əliyevə əsas hədəfi ixrac potensialının gücləndirilməsi, bağçılığın dayanıqlı inkişafı, keyfiyyətli məhsul istehsalı və innovativ fermerlərin formalaşmasına dəstək olan "Ağıllı bağ layihəsi" barədə məlumat verildi. Həmçinin ixtisaslı mexanizatorların vahid reyestri, fermerlər və mexanizatorları əlaqələndirəcək vahid kommunikasiya sisteminin yaradılması, mexanizatorların peşəkarlıq səviyyəsi və digər göstəricilərinin ölçülməsi və onların ölkə üzrə lokasiyasının öyrənilməsi məqsədini daşıyan "AqroUber" layihəsindən də danışıldı.

Dövlətimizin başçısına yeni yaradılan Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyəti barədə məlumat verilərkən bildirildi ki, indiyə qədər 300-dən çox fermerin müraciətinə baxılıb. Onlardan alınan 300 min kilqoramdan çox məhsul satışı çıxarılıb. Bu yaxınlarda Cocuq Mərcanlıda 15 fermerin məhsulunun satışı məqsədilə memorandum imzalanıb.

Azərbaycan Prezidentinə "Kənddən Şəhərə" layihəsi haqqında da məlumat verildi. Qeyd olundu ki, layihə çərçivəsində müasir tipli yarmarkaların təşkili, pərakəndə satış mərkəzlərinin qurulması, online sifariş üçün mobil tətbiqin yaradılması nəzərdə tutulur. Layihənin icrası fermerlərin satış bazarlarına birbaşa çıxış probleminin həllində kömək olacaq və şəhər əhalisi kənd məhsullarını innovativ yollarla, əlverişli qiymətlərlə əldə etmək imkanı qazanacaq. Layihənin tərkib hissəsi olaraq Aqrar Birja yaradılacaq və bu yolla kənd təsərrüfatı məhsullarının həm satıcıları, həm də alıcıları vahid platformada birləşəcək, kənd təsərrüfatı məhsullarının qiymət-məlumat bazası yaradılacaq.

----------
10:37

Prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yol 1B texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Quba rayonuna səfər çərçivəsində avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.

Qeyd edək ki, regionların davamlı inkişafının təmin olunması üçün müasir yol infrastrukturunun yaradılması müstəsna əhəmiyyət daşıyır. Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, yerli əhəmiyyətli şəhərlərarası və kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurularaq təkmilləşdirilib, həmçinin yeni avtomobil yolları, körpülər və yol ötürücüləri inşa edilərək əhalinin istifadəsinə verilib. Bu tədbirlərin davamı kimi, Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam mühüm əhəmiyyət daşıyır. Artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi layihənin icrası məqsədilə sürətlə və keyfiyyətlə tikinti işləri aparır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğunda olan yol 1B texniki dərəcəyə uyğun inşa edilir. Dörd hərəkət zolaqlı olacaq yolun layihəsi 4 lotdan ibarətdir və hazırda tikinti işləri 1-ci lotda aparılır. Bu hissədə yolun beton örtüyünün sökülərək qaldırılması və yol yatağının yenidən tikilməsi işləri görülür. Artıq 1-ci lot üzrə layihənin 0-7-ci kilometrlik hissəsində asfaltlanma işləri əksər ərazidə yekunlaşdırılıb. Bundan əlavə, 1-ci lot üzrə 2 yol qovşağı, yol ötürücü körpü, kanal körpüsü, 4 yeraltı avtomobil keçidi, müxtəlif ölçülərdə 33 beton borunun tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında, ümumilikdə, cəmi 31 min paqonmetr beton baryerlərin tikilməsi nəzərdə tutulub. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir.

Yeni yolun tikinti layihəsinə uyğun olaraq əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək. Yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur. Yeni inşa edilən yol 92 kilometrdən sonra Şabran rayonunun Gəndov kəndindən Rusiya sərhədinədək uzanan 60 kilometrlik yola birləşəcək. Bununla da yeni avtomobil yolunun uzunluğu 152 kilometr təşkil edəcək. Ödənişli olacaq yeni avtomobil yolunun tikintisi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi ilə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb edilməsinə, yük həcminin çoxalmasına və gəlirlərin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına və bir çox sosial problemlərin həllinə şərait yaradacaq.

X X X

Xızı rayonunda "Yeni Yaşma" Külək Elektrik Parkı istifadəyə verilib.

Oktyabrın 11-də Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-luq "Yeni Yaşma" Külək Elektrik Parkının açılışı olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı Külək Elektrik Parkının rəmzi açılışını bildirən lenti kəsdilər.

"Azərenerji" ASC-nin prezidenti Baba Rzayev məlumat verdi ki, "Yeni Yaşma" Külək Elektrik Parkı bu il yenidən qurulub. Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyasında yenidənqurma işlərini Almaniyanın "Berlin Wind" şirkəti aparıb. Yanvar ayında ilk turbin işə salınmaqla ay üzrə cəmi 200 min kVt/saat elektrik enerjisi istehsal olunurdusa, hazırda 20 külək turbini tam gücü ilə işləyir və elektrik enerjisinin istehsalı ay üzrə 9 milyon kVt/saata yaxındır. Parkın ərazisində inzibati bina inşa edilib, burada idarəetmə mərkəzi, işçi heyəti üçün xidməti otaqlar, habelə elektrik avadanlıqlarının-yuvaların quraşdırılması üçün 20 kV-luq bölmə və Təlim-Tədris Mərkəzi yaradılıb. İdarəetmə mərkəzində turbinlərin iş rejimləri, istismar vəziyyəti, texniki parametrləri, küləyin sürəti, növbəti günlər üçün külək proqnozu və enerji istehsalı onlayn izlənilir. Stansiyanın səmərəli fəaliyyətini təmin etmək üçün müasir tipli rele mühafizəsi, avtomatika və SCADA sistemi yaradılıb. İstehsal olunan elektrik enerjisinin ümumi enerji sisteminə ötürülməsi üçün "Yaşma" hava xəttinə qoşulmaqla "Sitalçay" yarımstansiyasına 110 kV-luq hava xətti çəkilib. Bir sıra xarici şirkətlər tərəfindən yerli mütəxəssislər üçün treninqlər təşkil edilib, həmçinin xarici ölkələrdə keçirilən müxtəlif sertifikatlaşdırılmış kurslarda yerli mütəxəssislərin iştirakı təmin olunub.

Hazırda stansiyanın idarə edilməsi, servis və istismar işləri tamamilə yerli mütəxəssislər tərəfindən icra olunur. Parkda alternativ və bərpaolunan enerji mənbələri üzrə kadr hazırlığı məqsədilə xüsusi Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir. Parkın ümumi ərazisi 540 hektardır. Burada 9800 paqonmetr uzunluğunda qəfəsli çəpər çəkilib, ümumi sahəsi 571 kvadratmetr olan anbar binası tikilib, gübrə və yağ depoları, zəhərli maddələrin saxlanılması üçün xüsusi otaq və xidməti bölmələr yaradılıb. Ərazidən səmərəli istifadə olunması üçün torpaq nümunələri İtaliyada laborator müayinədən keçirilib və nəticələrə əsasən 450 hektar sahədə zeytun və badam bağları salınıb. Bağların suvarılması məqsədilə Taxtakörpü-Ceyranbatan su kanalının 72-ci kilometrliyində suqəbuledici baş qurğu tikilib, 23 kilometrlik su xətti çəkilib, su anbarı və nasos stansiyası inşa edilib. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyindən 1,8 kilometrlik yeni avtomobil yolu çəkilib.

"Yeni Yaşma" Külək Elektrik Parkı Cənubi Qafqazın ən böyük külək elektrik parkıdır. Stansiyanın istismara verilməsi nəticəsində Azərbaycanda alternativ enerjinin ümumi istehsalda payı 0,7 faizdən 1,8 faizədək artacaq.

Dövlətimizin başçısına 3,6 MVt gücündə Yaşma Bağları Külək Elektrik Parkı və 1,7 MVt gücündə Şuraabad Külək Elektrik Parkı barədə də məlumat verildi. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Bakı-Quba yolunun digər tərəfində yerləşən Yaşma Bağları ərazisindəki 4 turbin təmir olunaraq, istismara hazır vəziyyətə gətirilib. Elektrik enerjisinin şəbəkəyə ötürülməsi üçün 35 kV-luq yarımstansiya inşa edilib və 3,8 kilometr uzunluğunda hava xətti çəkilib. Şurabad Külək Elektrik Parkında da 1,7 MVt gücündə 2 turbinlə bağlı təftiş işləri aparılıb, stansiyaya məxsus 35 kV-luq yarımstansiya elektrik enerjisinin şəbəkəyə ötürülməsi üçün yenidən qurularaq, istismara verilib. Turbinlərin idarə edilməsi SCADA sisteminə inteqrasiya olunub.

Sonda Külək Elektrik Parkının kollektivi ilə xatirə şəkli çəkdirildi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.