Siyasət

Prezident İlham Əliyev Şirvanda olub - YENİLƏNİB

1 Aprel 2010 18:54
Baxış: 1 259
18:54

Azərbaycan Prezidenti Şirvan şəhərinə səfəri çərçivəsində "Cənub" Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub.
 
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlət başçısına stansiyanın texniki-iqtisadi göstəriciləri barədə məlumat verib. Qeyd olunub ki, stansiyanın faydalı iş əmsalı ən yüksək standartlara cavab verəcək. Bir kilovat-saat elektrik enerjisinin istehsalına cəmi 237 qram şərti yanacaq sərf olunacaq. Yeni stansiyanı analoji stansiyalardan fərqləndirən başlıca cəhət burada 3 yanacaq növündən - qaz, mazut və dizel yanacağından istifadə edilməsinin mümkünlüyüdür. Bu stansiya ildə 780 milyon kubmetr təbii qaza və ya 650 min ton mazuta qənaət etməyə imkan yaradacaq. Stansiyada ildə 6 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək.
 
Prezident İlham Əliyevə layihənin komponentləri barədə məlumat verilərək bildirilib ki, stansiyada 4 qaz, 2 buxar turbini, 4 qazan utilizator, 6 generator, 3 yarımstansiya, 3 qaz kompressoru, müasir idarəetmə sistemi və digər qurğular quraşdırılacaq. 330, 220 və 110 kilovoltluq kabel və hava xətlərinin uzunluğu 50 kilometr təşkil edəcək. Ən müasir standartlara cavab verəcək bu energetika qurğusunun tikintisinin 2011-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Tikintinin gedişi ilə tanış olan Prezident İlham Əliyev tapşırıqlarını verib, energetiklərə və inşaatçılara uğurlar arzulayıb.

-----------------------
18:41

Prezident İlham Əliyev Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlət başçısı binanın təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolara baxıb.

Mədəniyyət evində ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə qayğısından bəhs edən fotoguşə yaradılıb. Burada Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına, bu sahədə böyük əmək sərf edən insanlara diqqət və qayğısından bəhs edən fotolar var.

Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evi 1958-ci ildə istifadəyə verilmişdir. Uzun müddət istismar nəticəsində aşınan bina müasir tələblərə cavab vermirdi. Dövlətimizin başçısının Şirvana ötən səfərindən sonra şəhərin inkişafı məqsədilə imzaladığı Sərəncama əsasən ayrılmış vəsait hesabına yenidən qurulan Mərkəzi Mədəniyyət Evinin binası müasir standartlar səviyyəsinə çatdırılır.

Mərkəzi Mədəniyyət Evində 247 yerlik tamaşa salonu, səhnə, qrim otağı, dərnək işi üçün 9 otaq və kabinetlər yaradılmış, avadanlıqla təmin olunub. Mədəniyyət evinin ətrafında da abadlaşdırma işləri görülmüş, yaşıllıq zolaqları salınıb.
 
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.
--------------------------------
17:50

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyi Aqreqat İstehsalat Birliyinin telemexanika zavodunda aparılmış yenidənqurma işləri ilə tanış olub.
 
Dövlət başçısı zavodun həyətində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub.
 
Sonra Prezident İlham Əliyev zavodda yeni istehsal sahəsini işə salıb.
 
Məlumat verilib ki, telemexanika zavodu 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Zavod nazirliyin tabeliyinə veriləndən sonra müvafiq bərpa və yenidənqurma işləri aparılıb və yeni istehsal sahələri yaradılıb. Prezident İlham Əliyev 2007-ci ilin dekabrında Şirvana səfəri çərçivəsində bu müəssisənin açılışında iştirak etmişdir. Son iki ildə müəssisədə silsilə yenidənqurma tədbirləri həyata keçirilib, burada dünyanın inkişaf etmiş ölkələrində istehsal olunan dəzgah, avadanlıq və istehsal xətləri quraşdırılıb.
 
Bildirilib ki, buradakı 5 yeni istehsal sahəsində 140-dan çox yeni iş yeri yaradılmışdır. Hazırda müəssisədə 330 nəfər çalışır. Yeni mexaniki emal sahəsində quraşdırılmış proqramla idarə olunan rotor xətlərində mürəkkəb konstruksiyaya malik məmulatların istehsalı təşkil olunub. Müəssisədə müdafiə təyinatlı məhsullarla yanaşı, müxtəlif növ mülki məhsulların istehsalı da qaydaya salınıb.
 
Dövlət başçısı müəssisədə istehsal olunan hərbi təyinatlı məhsullardan ibarət sərgiyə baxıb.
 
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
--------------------
16:55


Azərbaycan Prezidenti Müdafiə Sənayesi Nazirliyinin Aqreqat İstehsalat Birliyinin Şirvan şəhərindəki "Araz" zavodunun açılışında iştirak edib.

Prezident İlham Əliyev zavodun həyətində ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyub.
 
Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib, zavodla tanış olub. O, zavodun əvvəlki görünüşünü əks etdirən videofilmə və müəssisənin baş planına baxıb.

Sonra dövlət başçısı müəssisədə yaradılan Heydər Əliyev muzeyi ilə tanış olub. Muzeydə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə tikilən zavod və müəssisələrin açılışlarını əks etdirən fotolar yer alıb. Ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işləri əks etdirən fotolar da Heydər Əliyev muzeyində sərgilənib.
Dövlətimizin başçısı müəssisədə istehsal olunan mülki və hərbi təyinatlı məhsullardan ibarət sərgiyə də baxıb.
 
Məlumat verilib ki, 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyi yaranandan sonra zavodda əsaslı surətdə yenidənqurma işlərinə başlanılıb. Zavodun ərazisi genişləndirilərək 174 hektara çatdırılıb. Bütün istehsal sexləri və sahələri, eləcə də inzibati bina əsaslı surətdə yenidən qurulmuş, xüsusi təyinatlı məhsul istehsal etmək üçün 2 min kvadratmetr sahəsi olan 2 sex, yeməkxana istifadəyə verilib. Zavodda 2009-cu ildə 2 növ xüsusi təyinatlı yeni məhsul buraxılışına başlanıb. Buraxılan məhsullar sınaqdan uğurla çıxmışdır.
Zavodun ərazisində 5000-dən artıq həmişəyaşıl ağac əkilib. Hazırda işçilərin sayı 70 nəfərdir.

Müəssisəsinin ərazisində xüsusi təyinatlı 7-ci sahənin tikinti-quraşdırma işləri başa çatmaq üzrədir.

Hazırda 6-cı sahənin tikinti-quraşdırma işləri başlanılmış və 2010-cu ilin sonunadək istifadəyə veriləcək. Həmin istehsal sahələri istifadəyə verildikdən sonra yüzlərlə şəhər sakini daimi işlə təmin ediləcək. Yaxın gələcəkdə istehsal sahələrinin daha da genişləndirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Azərbaycan Prezidenti Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində də iştirak edib.

Prezident İlham Əliyevə Olimpiya İdman Kompleksinin layihəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, 5 hektar ərazidə inşa olunacaq kompleksdə ümumi tikinti sahəsi 25 min kvadratmetrdir. Burada min nəfər tamaşaçı tutumu olacaq universal idman zalı, 250 nəfər tamaşaçı yerlik üzgüçülük hovuzu, güləş, trenajor zalları və digər zallar fəaliyyət göstərəcək. Bununla yanaşı, orijinal layihə əsasında tikiləcək kompleksdə 1500 yerlik futbol, basketbol, voleybol və tennis meydançaları da inşa olunacaq.
 
Prezident İlham Əliyevə bu istiqamətdə həyata keçiriləcək yeni layihələr barədə də məlumat verili.

Dövlətimizin başçısı gilizi təmələ buraxıb, beton qarışığını töküb, inşaatçılara uğurlar arzulayıb.

----------------------------------
16:09

Prezident İlham Əliyev aprelin 1-də Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak edib.

Mərasim iştirakçıları Prezident İlham Əliyevi hərarətlə qarşılayıb.

Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib, mərkəzlə tanış olub. Məlumat verilib ki, Heydər Əliyev Mərkəzi Şirvan memarlıq məktəbinin ənənələrinə və müasir memarlıq üslubuna uyğun 450 kvadratmetr sahədə inşa edilib. Fasad hissələr yüksək keyfiyyətli ağ lay daş və qranit plitələrlə üzlənib.

Mərkəzin ətrafında 3400 kvadratmetr sahə abadlaşdırılmış, burada dekorativ ağac və gül kolları əkilmiş, çəmənliklər salınmış, müasir işıqlandırma sistemləri, oturacaqlar quraşdırılıb.

Hündürlüyü 7 metr olan binanın portalı 9 metrdir. Bina səkkizguşə formasındadır. Fasadın bəzək elementləri axşam işıqlanması zamanı binanı daha əzəmətli göstərir.

Binanın daxilində əsas ekspozisiyaların yerləşdirilməsi üçün beş guşə və mərkəzdə zal vardır. Zalda ulu öndər Heydər Əliyevin əzəmətli büstü və miniatür heykəllər qoyulub. Burada konfrans zalı, kitabxana, kompyuter otağı vardır, "Gənc Heydərçilər" dərnəyi fəaliyyət göstərir.

Prezident İlham Əliyev xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Şirvan şəhər ictimaiyətinin nümayəndələri ilə görüşən dövlətimizin başçısı onları Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə təbrik etdi, xatirə şəkli çəkdirib.
----------------
13:41


Dövlət başçısı əvvəlcə şəhərin Heydər Əliyev meydanında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoyub.
 
Prezident İlham Əliyev meydanda aparılan abadlıq və quruculuq işləri ilə tanış oldu. Məlumat verildi ki, mühüm tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan bu meydanda əsaslı yenidənqurma işləri aparılıb. Burada iki işıqlı fəvvarə kompleksi inşa edilib, 22 metr hündürlüyündə Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb. Şəhər sakinlərinin istirahəti üçün lazımi şərait yaradılıb.
 

/AzərTAc/



--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

Foto AzərTAc

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.