""Cənub Qaz Dəhlizi" regionumuz və bütün dünya üçün mühüm geoiqtisadi layihədir. Bu layihənin həyata keçirilməsi ilə ilk növbədə Azərbaycan qazının Avropa bazarına çıxarılmasının təməli qoyulur. Bu yolla Azərbaycan öz qazını bütün dünyaya ixrac edə biləcək. Layihə Azərbaycan üçün mühüm iqtisadi əhəmiyyət kəsb edir, çünki "Cənub Qaz Dəhlizi" vasitəsilə ölkəmizə külli miqdarda maliyyə vəsaiti daxil olacaq və bu, iqtisadiyyatımızın inkişafına növbəti təkan verəcək".
Bu barədə Milli.Az-a "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib - FOTO
“Cənub Qaz Dəhlizi” Azərbaycana və regiona nə verəcək? - Tanınmış ekspertin izahı
E.Ələsgərov hesab edir ki, bu layihənin Rusiyanın əleyhinə yönəldilməsi ilə bağlı irəli sürülən fikirlər yanlışdır və belə fikirlər, Azərbaycanın xeyrinə deyil: "Bu layihəni bəzən Rusiyadan yan keçən və ona qarşı yönəlmiş layihə kimi qələmə verənlər də var. Lakin Azərbaycanın konkret məqsədi bu deyil. Bu, Rusiya ilə çəkişmədə, ziddiyyətdə olan qərbpərəst qüvvələrin fikridir. Azərbaycanın qonşuları ilə heç bir rəqabət aparmaq, onlara qarşı hansısa planlar qurmaq fikri yoxdur və yalnız öz iqtisadi maraqlarından çıxış edir. "Cənub Qaz Dəhlizi" də iqtisadi əsaslara söykənmiş layihədir. Bəli, onun bizim üçün müəyyən siyasi əhəmiyyəti olsa da, lakin şəxsən mən onun siyasiləşdirilməsinin tərəfdarı deyiləm. Çünki bu fikirlərlə əslində bizi başqa dövlətlərlə qarşı-qarşıya qoymaq istəyirlər".
Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.
İlkin İzzət
Milli.Az