Siyasət

"Türkiyənin Aİİ ilə münasibət qurması Ermənistanla əlaqələrin bərpası hesab edilə bilməz"

23 Avqust 2017 20:34
Baxış: 1 389

Ermənistan Xarici İşlər Nazirliyinin Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin rəsmi Ankaranın Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlamaq niyyətində olması barədə açıqlaması ilə bağlı bəyanatı daxili auditoriyaya hesablanıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Fərəc Quliyev deyib.

F.Quliyev bildirib ki, Ermənistan "Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə saziş imzalaması üçün Ermənistanın razılığı lazımdır" deməklə çalışır ki, özünün vəziyyətinin yaxşı olduğunu və Azərbaycan ərazilərini işğal etdiyinə görə başqa dövlətlər tərəfindən qınanmadığını göstərsin:

"Bu bəyanat daha çox daxili auditoriya üçündür. Amma Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə münasibət qurmaq məsələsi gündəmə gəlsə belə, bu, Ermənistanla münasibət qurmaq sayılmır. Avrasiya İqtisadi İttifaqında başqa dövlətlər də var və digər tərəfdən, Türkiyə ilə Rusiya arasında ciddi ticarət əlaqələr mövcuddur. Böyük ehtimalla Türkiyə Rusiya ilə ticarət dövriyyəsini artırmaq, iqtisadi münasibətlərin daha da genişləndirilməsinə işarə etmək üçün bu ifadəni işlədib. Lakin bütün hallarda Ermənistana münasibət dəyişmir".

Millət vəkilinin sözlərinə görə, Türkiyənin konkret və qəti mövqeyi var ki, Azərbaycan əraziləri işğaldan azad olunmayınca, işğalçı Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxmayınca, Ermənistana güzəşt edilməyəcək: "Bundan əlavə, Ermənistanın özünün də Türkiyəyə qarşı ərazi iddiaları var. Ona görə də hesab edirəm ki, Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə saziş imzalaması hələ bir fikirdir, açıqlamadır, hətta bu baş versə belə, Ermənistanla sərhədlərin açılması anlamına gələ bilməz. Ermənistan belə şeylərlə özünə təsəlli verməyə çalışsa da, bunun heç bir əhəmiyyəti yoxdur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.