Siyasət

Bu görüş erməniləri qıcıqlandırdı - "Prezidentlər razılığa gəliblər"

24 İyul 2017 14:51
Baxış: 2 991

"Hesab edirəm ki, Azərbaycanla Rusiya arasındakı münasibətlərdə strateji tərəfdaşlıq formatı mövcuddur. Bu format çərçivəsində görüşlər keçirilir, danışıqlar aparılır, müəyyən qərarlar qəbul olunur. İki ölkə arasında nəqliyyat, enerji və s. sahələrdə bir sıra birgə layihələr gerçəkləşir, siyasi, iqtisadi, humanitar sahələrdəki əlaqələr inkişaf edir. Sevindirici hal odur ki, artıq ortada çoxlu müsbət nəticələr var.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri və prezident Vladimir Putinlə növbəti görüşü isə iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq əlaqələrinin daha məhsuldar olmasına, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edəcək". 

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin iyulun 21-də Rusiyaya işgüzar səfəri çərçivəsində Soçidə prezident Vladimir Putinlə görüşünün nəticələrini şərh edən politoloq, professor Fikrət Sadıxov deyib.

Politoloq qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisi və onun təsiri altında olan bəzi ermənipərəst, anti-Azərbaycan dairələrini, o cümlədən, Rusiyada müxtəlif dövlət orqanlarına soxulmuş və səlahiyyət əldə etmiş erməniləri, ermənipərəstləri və bəzi beynəlxalq dairələri narahat etdiyindən onlar bu münasibətlərə xələl gətirməyə cəhdlər göstərirlər: "Mən prezidentlərin görüşü ərəfəsində erməni mediasını yaxından izləyirdim və görürdüm ki, onlar təşviş içindədirlər. Görüşün keçirilməsi ermənilərə çox mənfi təsir elədi, hətta qıcıqlandırdı. Onlar hətta müəyyən dərəcədə qorxu içində idilər. Çünki ermənilər yaxşı başa düşürlər ki, Rusiya bizimlə strateji tərəfdaş kimi yaxınlıq edirsə, bu, Ermənistan üçün, ermənilərin maraqları üçün mənfi amildir. Xüsusilə də bütün bunlar Rusiyanın müasir silahları Azərbaycana satması fonunda baş verirsə..."
 



Onun fikrincə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivi, habelə regional və beynəlxalq məsələlər geniş müzakirə edilib: "Təbii ki, Azərbaycan prezidenti bu görüşdə Azərbaycanı maraqlandıran bir sıra məsələləri qaldırıb. Hər halda bunsuz olmaz. Əminəm ki, bu əsnada Dağlıq Qarabağ problemi də müzakirə olunub. Xüsusilə də nəzərə alsaq ki, perspektivdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır, bunsuz da yəqin keçinməyib.

Digər tərəfdən, dövlət başçımız sübut etdi ki, Azərbaycan çoxvektorlu siyasətin davam etdirilməsində israrlıdır və bizim Qərblə yaxınlaşmağımız heç də o demək deyil ki, bu, kiminsə maraqları hesabına olacaq. Bizim Rusiya ilə də ayrıca münasibətlərimiz var və onun kökləri dərindir. Bu münasibətlərdən də imtina etmək fikrində deyilik.

Məncə görüşdə başqa məqamlar da olub. Mənə elə gəlir ki, bunlar Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinə qadağa qoyulması, bir neçə gün əvvəl Rusiya XİN-in qəfildən erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana daxil olması ilə bağlı diplomatik etikadan kənar bəyanat verməsi və bu fonda yaranan gərginlik də müzakirə olunub. Amma biz bununla bağlı artıq prinsipial mövqeyimizi bildirmiş və ətraflı izah da eləmişik".

F.Sadıxov hesab edir ki, prezidentlərin görüşündə bütün bu məsələlər müzakirə predmeti olub və müəyyən bir razılığa gəlinib: "Əgər hansı məsələ birinci şəxslər səviyyəsində müzakirə olunursa, deməli, bu özlüyündə müsbət bir hadisədir".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.