03.12.2016
22:28
Bu il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələri Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində mülki əhalinin həlak olması və yaralanması ilə yanaşı, bir çox evlərə də ciddi ziyan dəyib.
Hadisədən dərhal sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə təmas xəttinə gələrək cəbhəboyu zonada vəziyyətlə yerində tanış olmuş, sakinlərlə görüşmüş, dağılmış evlərə baxmışdı. Prezident İlham Əliyev tamamilə dağılmış evlərin yerində yeni evlərin inşası, həmçinin ziyan dəymiş evlərin və sosial obyektlərin təmiri ilə bağlı konkret tapşırıqlar vermiş və Sərəncam imzalamışdır. Rayon icra hakimiyyətləri və müvafiq dövlət qurumları həmin Sərəncamın icrası ilə bağlı bütün lazımi tədbirləri görüblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 3-də Tərtərə səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva apreldə ziyan dəymiş evlərdə aparılan tikinti, bərpa və təmir işləri ilə tanış oldular.
Dövlətimizin başçısı və xanımı həyətləri gəzdilər, tikilmiş və bərpa olunmuş evlərə baxdılar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə Xasay İbrahimovun evinə gəldilər. Burada dövlətimizin başçısına və xanımına görülmüş işləri əks etdirən fotostend təqdim olundu.
Azərbaycan Prezidenti İlham Əliyevin "Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" 2016-cı ilin mayında imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ayrılmış 3 milyon manat vəsait hesabına ümumilikdə, rayonda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib və 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb.
Dövlətimizin başçısı və xanımı evdə yaradılmış şəraitlə tanış oldular, sakinlərlə görüşdülər.
Ev sahibinin qaynanası Maya Səfərova dedi: Xoş gəlmisiniz. Ən əziz qonağımız həmişə siz olasınız. Allah sizdən razı olsun. Allah sizi başımızın üzərindən əskik etməsin.
Prezident İlham Əliyev: Çox sağ olun. Biz may ayında görüşmüşdük.
Evin xanımı Elmira İbrahimova: Allah canınızı sağ eləsin. Gəldiniz, ürək-dirək verdiniz. Sonra da vəsait ayırdınız. Həmin vəsaitin hesabına görülən işlər bu gün göz qabağındadır. Allah Sizi ailənizlə birlikdə qorusun. Biz bir daha əmin olduq ki, Siz həqiqətən hər bir azərbaycanlının Prezidentisiniz. Siz bunu öz işinizlə bir daha sübut etdiniz.
Prezident İlham Əliyev: Çox sağ olun. O hadisələrdən sonra biz bütün evləri bərpa etdik. Tərtər rayonunda 250-yə yaxın evə ziyan dəymişdi. Onların bir hissəsi tam dağılmışdı. Onlar yenidən tikildi, bir hissəsi əsaslı təmir edildi, bir hissəsində cari təmir aparıldı. Yəni, 6-7 ay ərzində biz ancaq Tərtər rayonunda 250-yə yaxın evi bərpa etmişik.
Elmira İbrahimova: Allah Sizi qorusun, başımızın üzərindən əskik olmayasınız.
Çay süfrəsi arxasında davam etdirilən söhbət zamanı ailə üzvləri çətin anlarda onlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Azərbaycan Prezidenti aprel hadisələri zamanı tərtərlilərin nümayiş etdirdiyi mərdliyi və şücaəti bir daha yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ailə üzvləri ilə xatirə şəkli çəkdirdilər.
X X X
Sonra dövlətimizin başçısı və xanımı Mübariz Həsənovun düşmənin şiddətli artilleriya atəşi zamanı ciddi ziyan dəymiş və əsaslı təmir edilmiş evində oldular.
Burada da ailə üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış evləri tamamilə yeni və daha rahat, gözəl şəkildə sakinlərə bəxş etdiyinə görə Prezident İlham Əliyevə sonsuz minnətdarlıqlarını çatdırdılar.
Sonda xatirə şəkli çəkdirildi.
----------
21:53
Dekabrın 3-də "Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin başa çatması münasibətilə tədbir keçirilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına və xanımına layihə haqqında məlumat verdi.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində icra edilən bu layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı" layihəsi çərçivəsində həyata keçirilib. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 21 min sakinin yaşadığı 11 kəndinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, bu layihədən 47 min sakin faydalanacaq.
Qeyd olundu ki, layihənin icrasına 2015-ci ilin mayında başlanılıb. Şəhəri və ətraf kəndləri içməli su ilə təmin etmək üçün ümumi məhsuldarlığı saniyədə 200 litr olan 9 subartezian quyusu qazılıb, 3,6 kilometr uzunluğunda quyulararası xətt inşa edilib. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün hər birinin həcmi 5 min kubmetr olan 2 su anbarı, nasos stansiyası və 2,4 kilometr uzunluğunda magistral su kəməri inşa edilib. Layihəyə əsasən, Tərtər şəhərində 91 kilometr paylayıcı su şəbəkəsi yaradılıb, 4700 ünvana birləşmə verilib və bu ünvanlar sayğacla təmin edilib. Yanğın təhlükəsizliyi məqsədilə şəhərin müxtəlif yerlərində 360 yanğın hidrantı, suyun optimal idarə edilməsi üçün 185 siyirtmə quraşdırılıb. Yeni yaradılmış su təchizatı sistemləri vasitəsilə şəhərə 24 saat fasiləsiz içməli suyun verilməsi təmin edilib.
Diqqətə çatdırıldı ki, layihə çərçivəsində Tərtər şəhərində ilk dəfə kanalizasiya sistemi də yaradılıb. Bu məqsədlə 75 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 3,5 kilometrlik kollektor inşa edilib. Şəbəkəyə 4700 ünvanın qoşulması təmin olunub. Beləliklə, Tərtər şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb. Layihənin növbəti mərhələsində şəhərdə yaranacaq tullantı suların zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 7500 kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə tutulur. Eyni zamanda, Tərtər Sukanal İdarəsi üçün müasir standartlara cavab verən yeni inzibati binanın tikintisi də layihələndirilib və bu mərhələdə icra olunacaq. Tullantı sutəmizləyici qurğu və inzibati bina da nəzərə alınmaqla layihə üzrə tikinti işləri 2018-ci ildə tam yekunlaşacaq.
Tərtər şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri 1960-cı illərdə yaradılıb. Həcmi 500 kubmetr olan iki su anbarı və 47 kilometr uzunluğunda şəhərdaxili şəbəkə istismara yararsız vəziyyətdə olub. Tərtər şəhərində kanalizasiya sistemi isə ümumiyyətlə mövcud olmayıb. Yeni layihənin icrasına qədər "Azərsu" ASC 20 min şəhər sakinindən 11 mininə və ya təqribən 55 faizinə xidmət göstərib və şəhərə su qrafik üzrə verilib.
Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı" layihəsi çərçivəsində Tərtər şəhəri ilə yanaşı, Gədəbəy, Daşkəsən və Astara şəhərlərində də su və kanalizasiya şəbəkəsinin yenidən qurulmasına başlanılıb. 2017-ci ildə Gədəbəy və Daşkəsən şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşacaq, Qazax şəhərində isə layihənin icrasına başlanacaq.
Sonra dövlətimizin başçısı və xanımı Tərtər rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Mən sizi salamlayıram, yenidən Tərtərdə olmağımdan çox məmnunam. Bu gün Tərtər rayonunun həyatında çox əlamətdar bir gündür. Tərtər şəhərinin su və kanalizasiya problemi artıq həll olunur. Çox gözəl, böyük layihədir. Bilirəm ki, əvvəlki illərdə su problemi insanları narahat edirdi. Artıq bu məsələ öz həllini tapıb. Tərtər şəhərinin sakinlərinə təmiz içməli su veriləcək və eyni zamanda, kanalizasiya xətləri də tam istismara hazırdır. Gələcək mərhələdə ətraf kəndlərə də içməli su veriləcək.
Bu, böyük infrastruktur və sosial layihədir. Bu layihənin icrası üçün biz xarici kreditlərdən istifadə etdik, eyni zamanda, Azərbaycan dövləti də büdcə vəsaiti ayırdı. Çünki su layihələrinin icrası böyük vəsait tələb edir. Ancaq bu vəsaitin büdcəyə qayıtması məsələsi uzun illər çəkir. Yəni, bu layihənin icrası sırf sosial məna daşıyır ki, Tərtərə keyfiyyətli su verilsin, insanlar təmiz içməli su ilə təmin olunsunlar. Su insanın sağlamlığı üçün başlıca amildir.
Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə və rayonda infrastruktur layihələrinin icrası göstərir ki, Azərbaycanın bütün bölgələri uğurla inkişaf edir və bizim vaxtilə qəbul etdiyimiz regionların sosial-iqtisadi inkişafı proqramı həyatda öz əksini tapır. Biz son illər ərzində bunu Tərtər rayonunun timsalında görürük. Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Mən 10 il bundan əvvəl Prezident kimi birinci dəfə Tərtər rayonunda olmuşam, bu yerdə vətəndaşlarla görüşmüşəm. O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdir, rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar. Magistral yolların, kənd yollarının çəkilişi, qazlaşdırma ilə bağlı böyük infrastruktur layihələri icra edilir. Tərtər rayonunda qazlaşdırma 90 faizdən çoxdur, 100 faizə çatmalıdır. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Bu gün içməli su məsələsi də öz həllini tapır. Yəni, əsas infrastruktur məsələləri bunlardır. Bu, birinci mərhələdə görüləsi işlər idi.
Bununla bərabər rayonun sosial-iqtisadi inkişafına da böyük diqqət göstərilmişdir. Burada çoxlu məktəblər, uşaq bağçaları, sosial obyektlər tikilmişdir. Yəni, rayonun iqtisadiyyatına və sosial inkişafına dövlət tərəfindən çox böyük vəsait ayrılmışdır.
Növbəti mərhələdə iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görüləcək. Xüsusilə kənd təsərrüfatının inkişafı ilə bağlı bizim böyük planlarımız var. Bizim kənd təsərrüfatı ilə bağlı son təşəbbüslərimiz üzrə Tərtərdə görülən işlər buradakı təqdimatda əksini tapıb.
Baramaçılıq, pambıqçılıq inkişaf edir. Gələn il 3 min hektarda pambıq əkiləcək, minlərlə insan bu işlərə cəlb olunacaq. Baramaçılığın da həm dövlətə, həm də insanlara çox böyük xeyri var. Yəni, qısa müddətdə - 30-40 gün ərzində insanlar yaxşı pul qazanırlar. Xüsusilə nəzərə alınmalıdır ki, dövlət bu sahəyə öz dəstəyini əsirgəmir. İndi xaricdən tinglər gətirilir, təsərrüfatlara verilir.
Kənd təsərrüfatının daha sürətlə inkişaf etdirilməsi üçün digər tədbirlər də görülür. Siz yaxşı bilirsiniz ki, subsidiyalar, yanacağa, gübrəyə dotasiyalar, güzəştli şərtlərlə texnika verilir. Bütün bunları dövlət öz üzərinə götürüb ki, insanlara daha da yaxşı şərait yaratsın. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə də dünya miqyasında nümunəvi ölkədir. Çünki mən öz fermerlərinə bu qədər diqqət göstərən ikinci ölkə tanımıram və bunun nəticəsində, - baxmayaraq ki, indi dünyada və bizim bölgəmizdə böhran yaşanır, - Azərbaycanda kənd təsərrüfatı inkişaf edir. Bu il də artım var, gələn ildə də artım olacaq. Bir sözlə, qarşıdakı mərhələdə sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi ilə bağlı növbəti addımlar atılacaq.
Tərtər rayonunda işlər düzgün qurulub. Mən rayonda dəfələrlə olmuşam. Xüsusilə son vaxtlar burada gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir. Keçən dəfə biz may ayında görüşmüşdük. O vaxt mən dağılmış evlərə baş çəkdim və bir daha əmin oldum ki, Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada - döyüş bölgəsində, düşmənlə üz-üzə möhkəm dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir.
Aprel döyüşləri ümumiyyətlə bizim şanlı tariximizdir. Azərbaycan Ordusu da, Azərbaycan vətəndaşı da qəhrəmanlıq göstərmişdir. Ordumuz düşmənin hücumuna cavab olaraq hərbi qələbə qazanmışdır. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı keçirərək həm bu istiqamətdə, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində - indiki Ağdərə rayonunda, eyni zamanda, Cəbrayıl, Füzuli istiqamətlərində böyük ərazini işğalçılardan azad etmişdir. Ermənilərin uzun illər öz ordusu haqqında yaydıqları mif darmadağın edildi. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir. Ermənilər əlverişli mövqelərini tərk edərək, qorxudan qaçıb gizlənmişdilər. Onların kəndlərində yaşayan insanların sayı getdikcə azalır. Ancaq Tərtərdə, Ağdamda bir nəfər belə yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır. Bu, bir daha xalqımızın ucalığını göstərir. Xüsusilə Tərtər sakinlərinin belə davranışı, hərəkəti, hər bir vətəndaş üçün nümunə olmalıdır. İndi siz burada, düşmənlə üz-üzə, ön cəbhədə nəinki yaşayırsınız, yaradırsınız, qurursunuz və əminsiniz ki, Azərbaycan dövləti və Azərbaycan Ordusu sizin təhlükəsizliyinizi təmin edir.
Bir daha demək istəyirəm ki, aprel döyüşləri tarixi hadisədir. Azərbaycan bu döyüşlərdə nəinki öz gücünü göstərdi, düşmənə və dünyaya bir daha sübut etdi ki, biz indiki vəziyyətlə heç vaxt barışmayacağıq. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Şuşa da, Xankəndi də, hələ ki, işğal altında qalan digər bütün torpaqlar da. Bizim tarixi coğrafiyamız çox geniş olub. Tarixçilər son vaxtlar bu barədə yaxşı elmi əsərlər, kitablar yazırlar. Onu da qeyd etməliyəm ki, bu məsələlər mənim tövsiyəmlə öz həllini tapır. Misal üçün, İrəvan xanlığı haqqında çox böyük elmi əsər yaradılmışdır. Bu əsər bir neçə dilə tərcümə edilmişdir ki, həm Azərbaycan vətəndaşları bunu bir daha bilsinlər və dünya da bilsin ki, İrəvan bizim tarixi torpağımızdır. XIX əsrin əvvəllərində İrəvanın əhalisinin 70 faizi azərbaycanlılar idi. Göyçə, Zəngəzur bizim tarixi torpaqlarımızdır.
Bunu artıq XX əsrin tarixi də göstərir. Azərbaycan Xalq Cümhuriyyətinin demək olar ki, birinci qərarı, - əfsuslar olsun ki, belə bir qərar verildi, - ondan ibarət idi ki, İrəvanı Ermənistana hədiyyə edək. Bu, çox böyük səhv, böyük cinayət idi. Bilirsiniz, Xalq Cümhuriyyətinin mövcudluğu bizim qürur mənbəyimizdir. Müsəlman aləmində ilk dəfə demokratik respublika yaranmışdır və yaxşı da işlər görülmüşdür. Amma biz gərək tarixi olduğu kimi bilək və insanlar da bilsinlər. İrəvanı Ermənistana vermək tarixi cinayət idi. Çünki öz doğma torpağını verdilər.
Bu gün bizim indiki Ermənistan Respublikasının torpağında gözümüz yoxdur. Biz nə İrəvanı, nə Mehrini, nə Gorusu hərbi yolla qaytarmaq fikrində deyilik. Amma mən əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq. Biz bunu ardıcıl siyasətlə, sülh yolu ilə edəcəyik. Bütün obyektiv səbəblər onu göstərir ki, o gün gələcək. Sadəcə olaraq bizim hər birimiz o günü yaxınlaşdırmalıyıq. Necə yaxınlaşdırmalıyıq? Daha da güclü olmalıyıq. Bu gün dünyada artıq beynəlxalq hüquq anlayışı demək olar ki, iflasa uğrayıb. İndi güc əsas amildir. Bu, belədir. Biz də real dünyada yaşayırıq. Ona görə daha da güclü olmalıyıq, daha güclü ordu qurmalıyıq. İqtisadiyyat daha da güclü olmalıdır, inkişaf daha da sürətlə getməlidir. Baxın, hətta böhranlı illərdə ölkə əhalisinin sayı getdikcə artır və artacaq. İndi bir-iki ilə Azərbaycan əhalisi on milyona çatacaq. Bu meyil davam edir. İndi əhali nə qədər çox artırsa, sonrakı illərdə də artım daha yüksək olacaq.
Ermənistanda isə əhali azalır. Bu, həm təbii səbəblər, həm miqrasiya, həm də ümidsizlik, çarəsizlik, özbaşınalıq üzündən baş verir. Ermənistanın indiki faşist rejimi faktiki olaraq ölkədə dözülməz şərait yaradıb. Ona görə də orada əhali daha da azalacaq, çıxıb gedəcək, necə ki, indi çıxıb gedir. Biz torpaqlarımıza qayıdacağıq. Qayıtmaq üçün düşünülmüş strategiya, konsepsiya olmalıdır. Bu, var. Strateji xəttimiz müəyyən olunub və biz hər il taktiki addımları atacağıq. Birincisi, bu, tarixi məsələdir. İkincisi isə bu, ədalətli məsələdir. Biz ədalətin tərəfdarıyıq və ərazi bütövlüyümüzü bərpa etməliyik. Heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Əksinə çalışmalıyıq və çalışacağıq ki, ölkəmizin gücünü artıraq, möhkəmləndirək və istəyimizə nail olaq.
Cəmiyyətdə bu məsələ ilə və bütün başqa məsələlərlə bağlı birlik, həmrəylik var. Bizim uğurlu inkişafımız reallıqdır. Hətta böhranlı illərdə də bu inkişafa nail oluruq. Bizim inkişafımız bölgələrin inkişafından asılıdır. Biz bu inkişafı Tərtər rayonunun timsalında görürük. Bu gözəl nəticələr münasibətilə sizi təbrik edirəm və sizə yeni uğurlar arzulayıram. Sağ olun.
X X X
Ən çətin anlarda tərtərlilərlə birgə olduqlarına görə dövlətimizin başçısına və xanımına minnətdarlıq edən rayon sakini Gülarə ƏKBƏROVA dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli Mehriban xanım.
Tərtərə xoş gəlmisiniz. Su həyatdır, su sağlamlıqdır. Biz tərtərlilər bu günü çoxdan gözləyirdik. Siz bu layihəni təsdiq etməklə, həyata keçirməklə Tərtərə fasiləsiz içməli su, sağlam həyat bəxş etdiniz.
Möhtərəm cənab Prezident, Sizinlə bərabər, fədakarcasına çalışan xanımınızla may ayında Tərtərdə, cəbhə xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndində oldunuz. Siz həyatınızı, xanımınızın həyatını riskə ataraq orada yaşayan insanlarla görüşdünüz, onlara ürək-dirək verdiniz, yeni həyat bəxş etdiniz. Siz bu gün də Tərtərdəsiniz, şəhərə suyun verilməsi mərasimində iştirak edirsiniz. Su həyatdır.
Cənab Prezident, mən bu münasibətlə bütün tərtərlilər adından Sizə təşəkkürümü, minnətdarlığımı bildirirəm. Onu demək istəyirəm ki, Tərtər cəbhə bölgəsi olmasına baxmayaraq, biz heç nədən qorxmuruq. Biz həmişə, hətta aprel döyüşlərində də öz ev-eşiyimizdə olduq, evlərimizi tərk etmədik. İnsanlar heç yerə getmirdilər. Tərtərdə həyat qaynayırdı, abadlıq-quruculuq işləri davam edirdi. Bütün bunlarla Tərtər camaatı öz Vətənini, torpaqlarını necə sevdiklərini, dövlətə sədaqətlərini nümayiş etdirdilər. Biz bilirdik ki, arxamızda Sizin kimi Prezidentimiz, güclü Ordumuz var.
Cənab Prezident, baxmayaraq ki, biz cəbhə bölgəsində yaşayırıq, çox rahat yaşayırıq, güzəranımız yaxşıdır. Bütün bunları bizə Siz bəxş etmisiniz. Sizə təşəkkürümüzü, dərin minnətdarlığımızı bildiririk.
Ataların gözəl bir misalı var: deyərlər ki, ömrünüz su qədər uzun olsun. Həyatınız, yolunuz, işiniz, bax, bu su kimi aydın olsun, cənab Prezident. Allah Sizləri qorusun. Xoş gəlmisiniz.
X X X
Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın bütün regionları kimi, Tərtərin də bugünkü hərtərəfli inkişafından danışan təqaüdçü Rauf HƏSƏNZADƏ dedi:
-Möhtərəm cənab Prezident.
Mən də Sizi salamlayıram. Tərtərə xoş gəlmisiniz.
Cənab Prezident, mənim bir fikrim var, onu demək istəyirəm. 1970-ci illərdə ulu öndərimiz Heydər Əliyevin səyi ilə Tərtərdə elektromexanika zavodu yaradıldı. Mən o zaman həmin zavoda direktor təyin olunmuşdum. Ulu Öndər həmin zavodu burada yaradanda irəlini çox gözəl görürdü ki, gələcəkdə o zavod bizə çox lazım olacaq. Çünki 1990-cı illərin əvvəllərində qonşularımız Azərbaycan torpaqlarına hücum edəndə biz həmin zavodda silah və sursat istehsalına başladıq. Həmin silah-sursatı biz döyüşən bütün bölgələrə göndərirdik.
Sizin bilavasitə rəhbərliyinizlə yaradılan qüdrətli və rəşadətli Azərbaycan Ordusu aprel döyüşlərində qısa müddət ərzində erməni qoşunlarını darmadağın etdi. Onların yüzlərlə canlı qüvvəsini və texnikasını sıradan çıxardı. Bizim ürəyimizdə olan sözləri Siz deyirsiniz, cənab Prezident. Biz öz torpağımızdayıq, biz Azərbaycandayıq. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Bunu inkar etmək qeyri-mümkündür. Biz tərtərlilər inanırıq ki, Siz torpaqlarımızı işğaldan azad edəcəksiniz, cənab Prezident. Sizi əmin edirik ki, bütün Azərbaycan xalqı kimi, tərtərlilər də Sizinlədir. Çox sağ olun, cənab Prezident. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Sağ olun.
X X X
Azərbaycan Prezidenti Tərtər şəhərinə suyun rəmzi olaraq verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.
----------
12:05
Dekabrın 3-də Tərtər rayonunda Müdafiə Nazirliyinin yeni inşa edilmiş "N" saylı hərbi hissəsinin açılışı olub.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi hissənin açılışında iştirak edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Məlumat verildi ki, hərbi hissənin ərazisində qərargah, iki kazarma, yeməkxana, tibb məntəqəsi, hamam-çamaşırxana yaradılıb. Hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün burada idman şəhərciyi də salınıb. Bundan başqa, hərbi hissənin ərazisində müxtəlif növ texnika və avtomobillərin saxlanıldığı park da var.
Qərargah binasında ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğılarını, hərbçilərlə görüşlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb.
Burada hərbi hissə növbətçisi, istirahət və çay otaqları, rabitə qovşağı və digər zəruri otaqlar var. Qərargah binasında rəhbərliyin yüksək səviyyədə çalışması və istirahəti üçün hər cür şərait yaradılıb. Hərbi hissədəki kazarmaların girişində Azərbaycanın Milli qəhrəmanlarının fotolarından ibarət guşə də var. Burada müasir idman avadanlığı ilə təchiz edilmiş idman otağı zabit və əsgərlərin ixtiyarındadır. Kazarmada dəftərxana, məişət otağı, ideoloji otaq yaradılıb. İdeoloji otaq Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixini, şanlı Ordumuzun əldə etdiyi qələbələri və dövlətimizin Azərbaycan hərbçilərinə göstərdiyi diqqəti əks etdirən əyani vəsaitlərlə təchiz olunub.
Əsgər və zabit heyətinin keyfiyyətli qidalanması üçün hərbi hissənin yeməkxanası da müasir səviyyədə qurulub. Yeməkxanadakı mətbəx və anbar müasir avadanlıqla təchiz edilib.
Bu hərbi hissədə yaradılan şərait bir daha sübut edir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər maddi-texniki bazası daha da gücləndirilən Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq dünyanın ən qüdrətli ordularından biri kimi tanınır. Son dövrlərdə Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlar sübut edir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən anda düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Sonda xatirə şəkli çəkdirildi.
----------
11:51
Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər rayonunun Sarıcalı kəndində Tərtər çayı üzərində inşa edilmiş yeni körpünün açılışında iştirak ediblər.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən, Bərdə-İstisu avtomobil yolunun 10-cu kilometrliyində inşa edilmiş körpü barədə məlumat verdi.
Bildirildi ki, körpünün inşası Tərtər rayonunun strateji əhəmiyyətli ərazidə yerləşməsi və bu ərazidə 1947-ci ildə tikilən mövcud körpünün istismar müddətini başa vurması nəzərə alınaraq həyata keçirilib. Körpünün tikintisinə 2016-cı ilin iyununda başlanılıb və qısa müddətdə başa çatdırılıb. Üçaşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çay məcrasından hündürlüyü isə 15 metrdir. İkizolaqlı körpünün hərəkət hissəsinin eni 8,5 metrdir. Piyadaların körpüdə rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə hər bir istiqamət üzrə 1,75 metr enində səkilər də tikilib.
Layihə çərçivəsində 110 metr uzunluğunda beton mühafizə bəndi, 400 metr uzunluğunda yanaşma yolları və ümumi uzunluğu 56 metr olan beş dairəvi borunun tikintisi aparılıb.
Diqqətə çatdırıldı ki, Sarıcalı və Zolgəran kəndləri arasında inşa edilən körpü 11 yaşayış məntəqəsinin 25,6 min sakininin mənzil başına rahat çatması üçün məsafəni qısaltmaqla avtonəqliyyat vasitələrinin hərəkətini xeyli yaxşılaşdıracaq. Bundan əvvəl isə sakinlər rayon mərkəzinə və ətraf yaşayış məntəqələrinə getmək üçün təqribən 15 kilometrdən artıq əlavə yol qət etməli olurdular.
Dövlətimizin başçısı körpünün rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
X X X
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtər şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, hazırda ölkəmizdə uşaqların təlim-tərbiyəsinin təşkili və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm layihələr icra olunur. Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyümələri naminə gördüyü işlər çərçivəsində mövcud körpələr evi-uşaq bağçalarının əsaslı təmiri ilə yanaşı, çoxlu sayda yeni belə müəssisələrin yaradılması geniş vüsət alıb. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi işinə dövlətimizlə yanaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı çərçivəsində həyata keçirilən layihələr bu baxımdan çox mühüm rol oynayır. Uğurla icra edilən bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin məntiqi nəticəsidir.
Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, körpələr evi-uşaq bağçasının inşasına 2014-cü ilin iyulunda başlanılıb. Binanın ümumi sahəsi 1200 kvadratmetrdir. İkimərtəbəli binada ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Binada dörd oyun və dörd yataq otağı, mətbəx, tibb otağı, akt zalı, metodist, kompüter və digər texniki otaqlar var. Burada uşaqların istirahəti və əyləncəsi üçün yaradılan hərtərəfli şərait balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurmaları məsələlərində də mühüm rol oynayacaq.
Bağçanın ərazisi dekorativ daş hasara alınıb, həyətdə su anbarı, qazanxana tikilib, transformator yarımstansiyası quraşdırılıb, əyləncə meydançası yaradılıb.
Körpələr evi-uşaq bağçasında 31 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.
----------
11:34
Bu il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələri Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində mülki əhalinin həlak olması və yaralanması ilə yanaşı, bir çox evlərə də ciddi ziyan dəyib.
Hadisədən dərhal sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə təmas xəttinə gələrək cəbhəboyu zonada vəziyyətlə yerində tanış olmuş, sakinlərlə görüşmüş, dağılmış evlərə baxmışdı. Prezident İlham Əliyev tamamilə dağılmış evlərin yerində yeni evlərin inşası, həmçinin ziyan dəymiş evlərin və sosial obyektlərin təmiri ilə bağlı konkret tapşırıqlar vermiş və Sərəncam imzalamışdır. Rayon icra hakimiyyətləri və müvafiq dövlət qurumları həmin Sərəncamın icrası ilə bağlı bütün lazımi tədbirləri görüblər.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dekabrın 3-də Tərtərə səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva apreldə ziyan dəymiş evlərdə aparılan tikinti, bərpa və təmir işləri ilə tanış oldular.
Dövlətimizin başçısı və xanımı həyətləri gəzdilər, tikilmiş və bərpa olunmuş evlərə baxdılar.
Azərbaycan Prezidenti İlham Əliyevin "Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" 2016-cı ilin mayında imzaladığı Sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayrılmışdı. Dövlətimizin başçısı işin gedişini xüsusi nəzarətə götürmüşdü. İşlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan və artilleriya qurğularından açdıqları intensiv atəş nəticəsində yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, ümumilikdə rayonda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb.
Dövlətimizin başçısı və xanımı zərər çəkmiş evlərdə əsaslı bərpa işlərindən sonra yaradılmış şəraitlə tanış oldular, sakinlərlə söhbət etdilər, xatirə şəkilləri çəkdirdilər.
---------
11:03
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak ediblər.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi və bina ilə tanış oldu.
Məlumat verildi ki, binanın inşasına 2014-cü ildə başlanılıb və bu ilin avqustunda başa çatdırılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Binanın foyesində "Rəşadətli Azərbaycan Ordusu" fotostendi quraşdırılıb. Fotostenddə erməni işğalçılarının təxribatları zamanı dinc əhaliyə, onların əmlakına, həmçinin təsərrüfatlarına dəyən ziyanı əks etdirən fotolar var. Stenddəki fotolar aprel döyüşlərində düşmənə layiqli cavab verən Azərbaycan Ordusunun qüdrətini, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin bu hadisələr zamanı xalqın və ordunun yanında olduğunu, onlara dəstəyini nümayiş etdirir.
Məlumat verildi ki, binanın ümumi sahəsi 510 kvadratmetrdir. İkimərtəbəli binada 50 yerlik iclas zalı, iş və texniki otaqlar yaradılıb. Təşkilatın qadınlar şurasının və gənclər birliyinin fəaliyyəti üçün binada hər cür şərait var.
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının 5875 üzvü var. Onların 3121-ni qadınlar, 1449-nu isə gənclər təşkil edir. Partiyanın üzvləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edərək Tərtərin sosial-iqtisadi inkişafı istiqamətində icra olunan layihələrin reallaşmasına töhfə verirlər.
YAP-ın proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
Dövlətimizin başçısı yeni binanın açılışı münasibətilə YAP Tərtər rayon təşkilatının üzvlərini təbrik etdi, onlara uğurlar arzuladı.
---------
10:47
Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtərdə inşa edilmiş Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının açılışında iştirak ediblər.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Şahmat idmanının Azərbaycanda sürətli inkişafı və kütləviləşməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın əksər şəhər və rayonlarında şahmat məktəbləri inşa edildi. Bu gün beynəlxalq şahmat yarışlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait var. Bu ilin sentyabrında 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda yüksək səviyyədə keçirilməsi bunu bir daha sübut etdi. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində respublikamızın müxtəlif bölgələrində yeni şahmat məktəbləri inşa edilib. Bu məktəblər bütün zəruri avadanlıqla təchiz edilib. Tərtərdə yüksək zövqlə inşa edilən Uşaq-Gənclər Şahmat Məktəbinin binası da bu qəbildəndir.
Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Tərtərə səfərlərini, həmçinin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Bundan başqa, foyedə "Rəşadətli Azərbaycan Ordusu" fotostendi də quraşdırılıb. Stenddə bu ilin aprelində işğalçı Ermənistan ordusunun Tərtəri atəşə tutması nəticəsində mülki vətəndaşlara dəyən ziyan, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə layiqli cavab verməsi, həmçinin dövlətimizin başçısı İlham Əliyevin və xanımı Mehriban Əliyevanın aprel hadisələri zamanı rayona dəyən ziyanla yerində tanış olmaları, cəbhəyanı kəndlərin sakinləri ilə və yaralılarla görüşlərini əks etdirən fotolar yer alıb.
Ümumi sahəsi 1300 kvadratmetr olan üçmərtəbəli binada inzibati otaqlar, kabinetlər, iclas və oyun zalları var. Məktəbdə yaradılan 8 sinif otağı zəruri avadanlıqla təchiz edilib. Burada yarışların canlı izlənilməsi üzün monitor da quraşdırılıb. Hazırda məktəbdə 15 nəfər çalışır. Məktəbdə yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunacaq. Bu cür şahmat məktəblərində şagirdlər zəngin təcrübə toplayaraq ölkəmizi müxtəlif səviyyəli yarışlarda layiqincə təmsil edirlər.
Dövlətimizin başçısı və xanımı gənc şahmatçılara uğurlar arzuladılar.
Sonda xatirə şəkli çəkdirildi.
----------
10:40
Dekabrın 3-də "Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin başa çatması münasibətilə tədbir keçirilib.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına və xanımına layihə haqqında məlumat verdi.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində icra edilən bu layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı" layihəsi çərçivəsində həyata keçirilib. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 21 min sakinin yaşadığı 11 kəndinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, bu layihədən 47 min sakin faydalanacaq.
Qeyd olundu ki, layihənin icrasına 2015-ci ilin mayında başlanılıb. Şəhəri və ətraf kəndləri içməli su ilə təmin etmək üçün ümumi məhsuldarlığı saniyədə 120 litr olan 9 subartezian quyusu qazılıb, 3,6 kilometr uzunluğunda quyulararası xətt inşa edilib. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün hər birinin həcmi 5 min kubmetr olan 2 su anbarı, nasos stansiyası və 2,4 kilometr uzunluğunda magistral su kəməri inşa edilib. Layihəyə əsasən, Tərtər şəhərində 91 kilometr paylayıcı su şəbəkəsi yaradılıb, 4700 ünvana birləşmə verilib və bu ünvanlar sayğacla təmin edilib. Yanğın təhlükəsizliyi məqsədilə şəhərin müxtəlif yerlərində 360 yanğın hidrantı, suyun optimal idarə edilməsi üçün 185 siyirtmə quraşdırılıb. Yeni yaradılmış su təchizatı sistemləri vasitəsilə şəhərə 24 saat fasiləsiz içməli suyun verilməsi təmin edilib.
Diqqətə çatdırıldı ki, layihə çərçivəsində Tərtər şəhərində ilk dəfə kanalizasiya sistemi də yaradılıb. Bu məqsədlə 75 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 3,5 kilometrlik kollektor inşa edilib. Şəbəkəyə 4700 ünvanın qoşulması təmin olunub. Beləliklə, Tərtər şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb. Layihənin növbəti mərhələsində şəhərdə yaranacaq tullantı suların zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 7500 kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə tutulur. Eyni zamanda, Tərtər Sukanal İdarəsi üçün müasir standartlara cavab verən yeni inzibati binanın tikintisi də layihələndirilib və bu mərhələdə icra olunacaq. Tullantı sutəmizləyici qurğu və inzibati bina da nəzərə alınmaqla layihə üzrə tikinti işləri 2018-ci ildə tam yekunlaşacaq.
Tərtər şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri 1960-cı illərdə yaradılıb. Həcmi 500 kubmetr olan iki su anbarı və 47 kilometr uzunluğunda şəhərdaxili şəbəkə istismara yararsız vəziyyətdə olub. Tərtər şəhərində kanalizasiya sistemi isə ümumiyyətlə mövcud olmayıb. Yeni layihənin icrasına qədər "Azərsu" ASC 20 min şəhər sakinindən 11 mininə və ya təqribən 55 faizinə xidmət göstərib və şəhərə su qrafik üzrə verilib.
Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı" layihəsi çərçivəsində Tərtər şəhəri ilə yanaşı, Gədəbəy, Daşkəsən və Astara şəhərlərində də su və kanalizasiya şəbəkəsinin yenidən qurulmasına başlanılıb. 2017-ci ildə Gədəbəy və Daşkəsən şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşacaq, Qazax şəhərində isə layihənin icrasına başlanacaq.
Sonra dövlətimizin başçısı Tərtər rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Azərbaycan Prezidenti Tərtər şəhərinə suyun rəmzi olaraq verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.
----------
10:22
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Tərtər rayonuna səfərə gəliblər.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi.
-----------------
02.12.2016
17:38
Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Zərdab Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Zərdab Mərkəzi Rayon Xəstəxanasının binası 1988-ci ildə inşa edilib. Uzun müddət baxımsız vəziyyətdə qalan binada 2013-cü ildə əsaslı təmir işlərinə başlanıb. Görülən işlər nəticəsində xəstəxananın binası müasir görkəm alıb, zəruri avadanlıqla təchiz olunub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına və xanımına məlumat verdi ki, xəstəxana əsaslı təmir və yenidənqurmadan sonra 125 çarpayılıq tibb müəssisəsi kimi fəaliyyət göstərəcək. Hazırda xəstəxanada 530 işçi çalışır ki, onlardan 57-si həkim, qalanları isə orta tibb işçiləridir.
İki korpusdan və doqquz yardımçı binadan ibarət olan xəstəxananın əsas korpusunda cərrahiyyə, ginekologiya, doğum, terapiya, dializ, şüa-diaqnostika, intensiv terapiya, poliklinika və digər şöbələr fəaliyyət göstərəcək. Digər korpusda isə yoluxucu xəstəliklər bölməsi fəaliyyət göstərəcək.
Müasir tibbi avadanlıq və ləvazimatlarla təmin olunan Zərdab Mərkəzi Rayon Xəstəxanasında ətraf rayonlardan gələnlərə də tibbi xidmət göstəriləcək. Xəstəxananın laboratoriyası analizlərin dəqiq aparılması üçün zəruri avadanlıqla təchiz edilib.
Xəstəxananın müasir reanimasyon və kardioloji avadanlığı, həmçinin əməliyyatxana üçün səyyar rentgen aparatı vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir. Bütün bunlar bir daha göstərir ki, müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionlarda ilk dəfə açıq ürək əməliyyatı və qaraciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atıb. Ötən illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzinin inşası və ya yenidən qurulması səhiyyə sisteminin köklü şəkildə inkişafından xəbər verir.
Zərdab Mərkəzi Rayon Xəstəxanasında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.
Görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:
-Sizi ürəkdən salamlayıram. Zərdab rayonunda yenidən olmağıma çox məmnunam. Bu gün Zərdab rayonunun həyatında çox əlamətdar bir gündür. Uzun fasilədən sonra Mərkəzi Rayon Xəstəxanası artıq vətəndaşların sərəncamına verilir. Çox gözəl işlər görülüb, əsaslı təmir aparılıb. İndi bu xəstəxana ən yüksək standartlara cavab verir. Həm artıq burada bütün abadlıq işləri görülüb və həm də xəstəxana gözəl, müasir avadanlıqla təmin edilib. Əminəm ki, burada göstəriləcək tibbi xidmət də yüksək səviyyədə olacaq.
Mərkəzi Rayon Xəstəxanasının istifadəyə verilməsi onu göstərir ki, biz sosial siyasətimizi bu gün də uğurla həyata keçiririk. Sosial siyasət bizim əsas istiqamətimizdir. İnsanların sağlamlığı, onların ömrünün uzunluğu, sağlam həyat tərzi - bütün bunlar bizim üçün prioritetdir. Azərbaycan vətəndaşları bu gün ən müasir tibbi xidmətə layiqdirlər və bunu görürlər. Son illərdə Azərbaycanda 600-dən çox müasir tibb ocağı tikilib və ya əsaslı təmir edilib. Ölkəmizdə pulsuz müayinədən keçmə siyasəti aparılır. Hər il milyonlarla insan yeni yaradılmış tibb ocaqlarında diaqnostikadan keçir, onlara lazımi xidmət göstərilir və beləliklə, insanlarımız dövlət hesabına öz sağlamlığını qoruyurlar.
Mən əvvəlki illərdə xəstəxanaların açılışlarında dəfələrlə bildirmişdim ki, hər bir insan hər il müayinədən keçməlidir. Artıq biz buna nail olmuşuq. Bu il ölkə üzrə dörd milyondan çox insan müasir xəstəxanalarda müayinədən keçib.
Zərdab rayonunda insanların sağlamlığı üçün digər tədbirlər də görülmüşdür. Dörd il bundan əvvəl mənim iştirakımla Zərdab şəhərinə içməli suyun verilməsini qeyd etmişik. Ondan əvvəlki dövrdə içməli su qrafik üzrə verilirdi - gündə 4-5 saat, keyfiyyət də o qədər yaxşı deyildi. Ancaq artıq dörd ildir ki, fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Bu da çox böyük infrastruktur və sosial layihə idi. Bu layihənin məqsədi insanlara xidmət etmək, insanların sağlamlığını qorumaqdır. Burada iştirak edən həkimlər yaxşı bilirlər ki, su insan orqanizmi üçün çox əhəmiyyətli məsələdir və təmiz içməli su insanların sağlamlığına bilavasitə müsbət təsir göstərir.
Zərdab rayonunda digər layihələr də icra edilib. Kənd yolları layihələri. Bir çox məktəblər tikilib. Zərdab rayonunda sosial obyektlər yaradılır, iş yerləri açılır. Biz indiki şəraitdə sahibkarlığın inkişafına xüsusilə daha böyük diqqət göstəririk. Kənd təsərrüfatının inkişafı uğurla gedir. Bu il bu istiqamətdə dövlət proqramlarının icrası ilə bağlı çox önəmli addımlar atılmışdır. Hazırda kənd təsərrüfatının müxtəlif sahələri - pambıqçılıq, baramaçılıq inkişaf edir. İl ərzində bu istiqamətlərdə çox böyük irəliləyiş var. İnsanlar yaxşı pul qazanırlar.
Bizim gələn il üçün çox böyük proqramlarımız var. Mənə verilən məlumata görə, uzun fasilədən sonra bu il Zərdabda 6 tona yaxın barama tədarük edilmişdir, gələn il ən azı 3 dəfə artmalıdır. Uzun fasilədən sonra min hektara yaxın pambıq əkilmişdir və yığım hələ davam edir. Gələn il 3 min hektarda pambıq əkiləcək. Hazırda Zərdab rayonunda yeni əkin sahələrinin suvarılması üçün çox böyük layihə icra edilir. Bu, respublika üzrə hazırda ən mühüm layihələrdən biridir. Biz gələn il on minlərlə, bəlkə də 100 min, 150 min hektardan çox yeni əkin sahələrini su ilə təmin edəcəyik. Onların arasında birinci layihə Zərdab rayonunda icra edilir. Bu da öz növbəsində yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq, insanlar işlə təmin olunacaqlar, yaxşı pul qazanacaqlar və daha da yaxşı yaşayacaqlar.
Azərbaycanda iş yerlərinin yaradılması daimi prosesdir. Çünki bəzi başqa ölkələrdən fərqli olaraq bizdə əhali artır. Bu da iqtisadi inkişafın təzahürüdür. Hər il Azərbaycanda əhalinin sayı 100 mindən çox artır. Buna görə də iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bax, bu xəstəxanada 500-dən çox iş yeri yaradılıb. Biz bundan sonra da çalışacağıq ki, işsizliyi ən aşağı səviyyədə saxlayaq.
Ölkəmizin hərtərəfli inkişafı davam edir. Son illərlə müqayisədə 2016-cı il ölkə iqtisadiyyatı üçün obyektiv səbəblər üzündən ən ağır il olmuşdur. Buna baxmayaraq, biz çox ciddi tədbirlər görərək dünya böhranının mənfi fəsadlarını azaltmağa çalışmışıq və buna nail ola bilmişik. Biz ili yaxşı göstəricilərlə başa vururuq. Qeyri-neft sənayesinin, kənd təsərrüfatının artımı, əlbəttə ki, görülmüş işlərin nəticəsidir. Biz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox vacib məsələdir. Çünki neftlə zəngin olan ölkələrin əksəriyyətində valyuta ehtiyatları tükənir, ya da azalır. Biz isə qoruyuruq, çünki bu, dövlətimiz, xalqımız üçün lazımdır. Bu, bizə əminlik və imkan verir ki, gələcəyə nikbinliklə baxaq.
Sosial məsələlərin həlli bundan sonra da prioritet olacaq. Neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, Azərbaycanda belə gözəl tibb ocaqları yaradılır. Ehtiyac meyarı artırılacaq, digər sosial proqramlar gələn il də artıqlaması ilə icra ediləcək.
Yeni iş yerlərinin yaradılması istiqamətində çox ciddi tədbirlər görülür. Bu gün bütün bölgələrimizdə çox böyük canlanma gedir. İnsanlar kənd təsərrüfatı ilə çox həvəslə məşğul olurlar, dövlət öz dəstəyini göstərir, subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq, texnika verilir. Yəni, hər şey etməyə çalışırıq ki, insanlar daha da rahat yaşasınlar və dünya böhranının mənfi təsirindən özlərini qoruya bilsinlər.
Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir. Çünki yaxşı yaşayan dövlətə daha çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır. Ancaq aztəminatlı təbəqə, orta təbəqə dövlət tərəfindən qorunmalıdır və qorunur. Bu, sosial ədalət prinsipidir. Biz bu yolla gedirik. Biz bazar iqtisadiyyatı prinsipi əsasında yaşayırıq, eyni zamanda, vətəndaşların sosial təminatı da daim diqqət mərkəzindədir. Beləliklə, biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn illərdə də davam etdirəcəyik.
Zərdab rayonunun uğurlu inkişafı ilə bağlı bundan sonra da addımlar atılacaq. Burada yeni kənd yolları layihələri icra ediləcək, binaların, xüsusilə çoxmərtəbəli binaların təmiri ilə bağlı addımlar atılacaq, qeyd etdiyim kimi, kənd təsərrüfatını, sahibkarlığı stimullaşdırmaq üçün çox ciddi tədbirlər görüləcək.
Sizi bir daha salamlayıram və bu gözəl hadisə münasibətilə təbrik edirəm.
X X X
Xəstəxananın kollektivi adından dövlətimizin başçısına minnətdarlığını bildirən həkim Esmira TAĞIYEVA dedi:
-Möhtərəm cənab Prezident. Sizi rayonun tibb işçiləri adından salamlayıram. Zərdaba xoş gəlmisiniz.
Bizim xəstəxananın binası ötən əsrin 80-ci illərində inşa edilib. Öz dövrünə görə ən gözəl binalardan biri hesab olunurdu. Ancaq illər ötdükcə fiziki aşınmaya məruz qaldığı üçün ciddi təmirə ehtiyac yarandı. Sizin sayənizdə xəstəxanamız belə gözəl, yüksək səviyyədə təmir edildi və ən müasir tibbi avadanlıqla təchiz olundu. Bütün bunlara görə rayon ictimaiyyəti adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, bundan sonra bu gözəl şəraitdə daha yaxşı işləyəcək, insanların etimadını doğrultmağa çalışacağıq.
Hörmətli cənab Prezident, belə gözəl bir gündə belə bir gözəl xəstəxananı, belə bir gözəl hədiyyəni bizə bəxş etdiyiniz üçün Sizə və bu işlərdə Sizin ən yaxın köməkçiniz olan Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk. Sağ olun, var olun, Allah Sizi qorusun!
Prezident İlham Əliyev: Mehriban xanım da sizin həmkarınızdır.
Esmira Tağıyeva: Bəli, mən də oftalmoloqam, cənab Prezident.
Prezident İlham Əliyev: Çox yaxşı.
X X X
Zərdabın inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq edən rayon sakini Fiqurə ABBASOVA dedi:
-Cənab Prezident, Sizin Zərdaba gəlişiniz rayonumuzun bütün əhalisinə hədsiz dərəcədə sevinc bəxş edib. Yaxşı yadımdadır, 1978-ci ildə Ulu Öndər bizim rayona gəlmişdi. O vaxt mən komsomol idim. Ulu Öndəri qarşılayanlar arasında mən də var idim. Mən bu gün bizim Zərdab əhalisinin keçirdiyi sevinc hissini görəndə, sanki həmin günləri yaşadım. Bizə belə sevincli günlər bəxş etdiyinizə görə Sizə minnətdaram.
Bizim Zərdab camaatı ta qədimdən əkinçidir. Kənd təsərrüfatını inkişaf etdirmək barədə Sizin verdiyiniz sərəncamlar camaatımızı çox ruhlandırıb. Onlar həvəslə işə girişiblər. Bu, mənə həmin dövrü xatırladır. Şəxsən biz kənd adamları elə bilirdik ki, kənarda qalmışıq. Kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyiniz sərəncamlar sayəsində indi bizim üçün iş yerləri açılıb. İndi bizim öz zəhmətimizlə qazanmaq, dolanmaq imkanımız var. Eyni zamanda, Siz kənd adamlarını torpağı əkib-becərməyə qaytarmısınız. Bunun üçün çox sağ olun. Rayonumuzun camaatında belə əhvali-ruhiyyə yarandığına görə Sizə təşəkkür edirik.
Zərdabın kənd təsərrüfatı sahəsində çox böyük ənənələri olub. Biz barama, pambıq istehsalı sahəsində ənənələrimizi davam etdirməliyik. Biz gələn il məhsul istehsalını iki-üç dəfə artırmağı qarşımıza məqsəd qoymuşuq. Bizim nəyimiz yoxdur ki? Sizin sayənizdə bizim ən ucqar kəndlərimizə qaz çəkilir, yollar abadlaşır, hər cür imkanımız var. İndi insanlar xəyallarında qurduqları, arzuladıqları həyatı yaşayırlar. Buna görə Sizə minnətdarıq. Sizin zəhmətiniz çoxdur, cənab Prezident.
Biz televizora, internetə baxır, xəbərlərdən görürük ki, dünyada fəlakətlər artır, qaçqınlar, ölümlər çoxalır. Biz isə çox sabit dövlətdə yaşayırıq. Bizi göydə Tanrımız, yerdə isə qayğımıza qalan Sizin kimi möhtərəm insan qoruyur. Çox sağ olun, cənab Prezident. Allah Sizi, Mehriban xanımı, ailə üzvlərinizi qorusun!
X X X
Prezident İlham Əliyev:
- Çox sağ olun. Siz bayaq düz qeyd etdiniz, Zərdab rayon sakinləri zəhmətkeşdirlər və çox fəaldırlar. Təsadüfi deyil ki, sizin böyük həmyerliniz Həsən bəy Zərdabi təsis etdiyi, qurduğu qəzetə də "Əkinçi" adı vermişdir.
Əkinçiliyin burada çox böyük ənənələri var. Şadam ki, bu gün də Zərdab rayonunun sürətli inkişafı üçün çox ciddi addımlar atılır. Siz rayonun qazlaşdırılmasını qeyd etdiniz. Yaxşı xatırlayırsınız ki, əvvəlki illərdə burada heç rayon mərkəzində qaz yox idi. Ancaq bu gün Zərdab rayonunun qazlaşdırılması 81 faizdir və daha bir neçə kəndə qaz çəkilir, artıq 92 faizə çatacaq və yəqin ki, yaxın gələcəkdə 100 faiz olacaq.
Nəinki Zərdabda, bütün ölkə üzrə su problemi həmişə ən kəskin problem idi. Bu gün Zərdab şəhərinin sakinlərinə təmiz içməli su verilir.
Digər layihələr icra olunur. Bunun əsas məqsədi insanlara xidmət etməkdir. İnsanlara daha da yaxşı şərait yaratmalıyıq. Əvvəllər Zərdabda baramaçılığın böyük ənənələri olub. Sonra bu ənənələr itib. Nəyə görə? Çünki dövlət lazımi səviyyədə diqqət göstərmirdi. Bəziləri hesab edirdilər ki, bazar iqtisadiyyatı hər şeyi özü tənzimləyəcək. Amma belə deyil. Görəndə ki, biz bu sahəni itiririk, dərhal tədbirlər görüldü, altı tona yaxın barama tədarük edildi, yüzlərlə insan yaxşı pul qazandı. Bəzi ailələr 30-40 gün ərzində böyük məbləğdə pul qazanırlar. Gələn il 15 ton barama tədarük ediləcək. İndi xaricdən tinglər gətirilir, biz onları alırıq. Yaxşı yarpaq verən, xüsusi növ ağaclar gətirilir ki, baramaçılıq kütləvi xarakter alsın. Hər cür imkanı, həyətyanı sahəsi, torpağı olan vətəndaşa məsləhət görürəm ki, baramaçılıqla məşğul olsun. Çünki qısa müddət ərzində, o qədər də böyük əziyyət çəkmədən yaxşı pul qazanacaqlar. Dövlət də onu alacaq. İndi Şəki ipək kombinatı işləyir, biz onu işə salmışıq. Artıq biz ipəkçiliyi də bərpa edirik.
Pambıqçılıq da həmçinin. Ulu Öndərin dövründə burada böyük pambıq sahələri olub. Sonra bu sahə tənəzzülə uğrayıb. Statistikaya baxsaq görərik ki, keçən il ölkə üzrə cəmi 18 min hektarda pambıq əkilmişdi. Biz bu il bu rəqəmi 52 min hektara çatdırmışıq. Gələn il 130 minə çatdıracağıq.
Gələn il ancaq Zərdab rayonunda ən azı 3 min hektarda pambıq əkiləcək. Yeni suvarılacaq 10 min hektar torpaqda rayon sakinləri işləyəcəklər, pul qazanacaqlar, həm öz həyatlarını yaxşılaşdıracaqlar, həm də ümumi işimizə töhfə verəcəklər. Bu proses artıq kütləvi xarakter alıb. Hər bir rayonda böyük canlanma, kənd təsərrüfatının inkişafı ilə bağlı nikbinlik, böyük ümidlər var. Kənd təsərrüfatı təkcə iqtisadi sahə deyil, həm də sosial sahədir. Çünki əhalimizin yarısı bölgələrdə yaşayır.
Mən sizi bir daha salamlayıram, uğurlar arzulayıram. Gələn il gərək hamımız fəal işləyək ki, ölkəmizi daha da gücləndirək.
Sakinlər: Sağ olun, Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
----------
17:17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 2-də Zərdab rayonuna səfərə gəliblər.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Zərdab şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri qoydular.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verdi.
Bildirildi ki, son illərdə Zərdabın sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb. Rayonda çoxlu sosial infrastruktur obyektləri tikilib, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılıb, yeni suvarma sistemləri qurulub.
Milli.Az