Siyasət

Prezident İlham Əliyev: "Özəl sektordan daha böyük fəallıq gözləyirik" - YENİLƏNİB - FOTO

8 Sentyabr 2016 21:54
Baxış: 7 220

21:54

Yalama Aqroparkı son illər ərzində Azərbaycanda yaradılan birinci aqroparkdır. Burada 500 hektardan çox sahədə müasir aqrokompleks yaradılıb, ən müasir texnologiyalar, elmi yanaşma tətbiq olunur, böyük su anbarı tikilib. Min başdan çox iribuynuzlu mal-qara gətirilib və gələcəkdə onların sayı 3 minə çatacaq. Yəni, bu, ölkə üzrə ən böyük heyvandarlıq-bitkiçilik komplekslərindən biri olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində "Yalama" Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Süd emalı zavodu tikilməli, kərə yağı və pendir istehsalı təşkil edilməlidir

Prezident İlham Əliyev deyib: "Hesab edirəm ki, biz indiki nailiyyətlərlə kifayətlənməməliyik. Biz bu aqroparkın fəaliyyətini genişləndirməliyik. Mənə verilən məlumata görə, bu kompleksə 20 milyon manat investisiya qoyulub. Həm özəl sektor tərəfindən, eyni zamanda, dövlət də kömək göstərib. Bu da Azərbaycanda son illərdə aparılan siyasətin nəticəsidir. Dövlət və özəl sektor tərəfdaşlıq formatında əməkdaşlıq edir. Gələcəkdə bu aqroparkın həm ərazisi, həm də fəaliyyəti genişləndirilməlidir. Ərazisi 3 dəfə bundan böyük olmalıdır. Biz təqribən 1000 hektar əlavə torpağı dövriyyəyə cəlb etməliyik. Burada süd emalı zavodu tikilməli, xüsusilə kərə yağı və pendir istehsalı təşkil edilməlidir. Çünki baxmayaraq çox işlər görülür, əfsuslar olsun ki, hələlik, biz özümüzü süd məhsulları ilə tam təmin etmirik. Ancaq etməliyik. Düzdür, indi Azərbaycan şirkətləri xaricə də süd məhsullarını ixrac etməyə başlayıblar. Ancaq biz istəyirik ki, ilk növbədə özümüzü 100 faiz təmin edək, ondan sonra ixrac potensialı daha da artacaq. Ona görə də burada çox böyük süd emalı zavodu tikilməlidir və prinsipcə biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etməliyik. Biz buna yaxınlaşırıq. Belə aqrokomplekslərin yaradılması bu məqsədə çatmaq üçün yeni imkanlar yaradır".

Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının təxminən 70 faizini təşkil edir

Qeyri-neft sektorunun inkişafına diqqət çəkən dövlətimizin başçısı qeyd edib ki, bu aqrokompleksdə bizim siyasətimiz əksini tapır. Çünki bizim indi iqtisadi inkişafla bağlı prioritetlərimiz bəllidir. Qeyri-neft sektoru inkişaf edir və bu gün ölkəmizin iqtisadiyyatının təxminən 70 faizini təşkil edir. Bu da çox böyük nailiyyətdir. Bu, o deməkdir ki, biz neft amilindən asılılığımızı azaldırıq və getdikcə ümumi daxili məhsulumuzda qeyri-neft sektorunun çəkisi artacaq. Bu, müsbət dinamikadır. Bununla bərabər, biz ixracda da eyni mənzərəni görməliyik. Hələ ki, ixrac məhsullarının arasında qeyri-neft sektorunun məhsulları azlıq təşkil edir. Ona görə, burada həm qeyri-neft sektorunun inkişafı təmin ediləcək, həm də biz daxili tələbatı tam ödəyəcəyik. Beləliklə, ərzaq təhlükəsizliyi təmin olunacaq və biz gələcəkdə ərzaq məhsulları ilə bağlı idxaldan asılılığımızı tam aradan qaldırmalıyıq.

Belə aqroparkların sayı ən azı 10-a çatmalıdır

Növbəti açılış mərasiminin Şəmkir rayonunda olacağını vurğulayan Prezident İlham Əliyev deyib: "Orada da böyük aqropark tikilir. Mən bu gün göstəriş vermişəm ki, bizim müvafiq qurumlar - Prezident Administrasiyası, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri birgə işləsinlər. Çünki belə aqroparkların sayı ən azı 10-a çatmalıdır. Belə olan halda biz heyvandarlıqla, südçülüklə bağlı bütün problemləri tamamilə həll edərik".

21:09

Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də bu münasibətlə keçirilən mərasimdə iştirak edib.

Respublikanın hər yerində əhalinin sosial məsələlərinin həlli istiqamətində mühüm layihələr icra olunur. Görülən işlər arasında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması əsas yer tutur. Bu baxımdan Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi də mühüm əhəmiyyətə malikdir. Qusar rayonunda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına Qusar-Quba kanalizasiya kollektorunun tikintisi də tamamlanıb. "Şahdağ" Qış-Yay Turizm Kompleksinin və Qusar şəhərinin tullantı sularının Quba-Xaçmaz kollektoruna ötürülməsi məqsədilə 27,2 kilometr uzunluğunda kanalizasiya kollektoru qısa müddətdə tikilərək istismara verilib. Kollektorun 7,6 kilometrlik hissəsi 1000, 19,6 kilometrlik hissəsi isə 800 millimetrlik borulardan inşa olunub. Bu layihələrin icrası Qusar sakinlərinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini yaxşılaşdırmaqla yanaşı, ətraf mühitin ekoloji tarazlığının qorunmasına imkan verib.

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verdi. Qeyd olundu ki, layihə çərçivəsində Qusar Sukanal İdarəsi üçün 472 kvadratmetr sahəsi olan yeni inzibati bina tikilib. Binada xidməti otaqlar, iclas zalı, zəng mərkəzi, anbar, informasiya texnologiyaları otağı, digər xidməti və yardımçı otaqlar yaradılıb.

Bildirildi ki, bu layihə Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində həyata keçirilib. Layihə 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Qusar şəhərində 19 min 600 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Eyni zamanda, layihə çərçivəsində Qusar rayonunun 7 və Quba rayonunun 3 kəndinə içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, layihədən bu kəndlərin 12 min sakini faydalanacaq.

Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildə başlanılıb. Layihənin birinci mərhələsində Qusar şəhərini və 10 kəndi keyfiyyətli içməli su ilə təmin etmək üçün Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 102 litr və ya sutkada 8800 kubmetr olan drenaj tipli suqəbuledici qurğu tikilib, su mənbəyindən şəhərə qədər 17,4 kilometr uzunluğunda magistral kəmər çəkilib. Şəhərin dayanıqlı su təchizatını təmin etmək məqsədilə ümumi tutumu 3 min kubmetr olan 3 su anbarı tikilib və bu anbarlar arasında 2,8 kilometr uzunluğunda su xətləri çəkilib, yeni xlorator binası inşa olunub. Layihənin ikinci mərhələsində isə Qusar şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri həyata keçirilib. Bu işlər çərçivəsində 106 kilometr içməli su şəbəkəsi yaradılıb, abonentlərə ev birləşmələri verilib, yanğın hidrantları quraşdırılıb. İçməli su şəbəkəsi ilə paralel olaraq, şəhərin kanalizasiya sistemləri də müasir standartlar səviyyəsində yenidən qurulub, 105 kilometr uzunluğunda şəhərdaxili şəbəkə qurulub. Şəhərdə yaranacaq tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 70 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğuda təmizlənib zərərsizləşdiriləcək. Bu qurğuda, həmçinin Quba və Xaçmaz şəhərlərinin də tullantı suları emal olunacaq.

Dövlətimizin başçısına məlumat verildi ki, Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində ölkəmizin 5 şəhərində - Qusar, Xaçmaz, Xızı, Qobustan və Naftalanda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulub. Artıq Naftalan şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi tam başa çatıb, hazırda tullantı sutəmizləyici qurğunun inşasına hazırlıq işləri görülür. Qobustan, Xaçmaz və Xızı şəhərlərində isə içməli su və kanalizasiya sistemlərinin inşası təsdiqlənmiş qrafikə uyğun davam etdirilir.

Sonra Prezident İlham Əliyev layihənin işə salınmasını bildirən düyməni basdı.

Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Azərbaycan Prezidenti görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Bu gün Qusar rayonunda çox əlamətdar bir gündür. Qusar şəhərinin su problemi artıq öz həllini tapıb. Bu gün biz bu layihənin başa çatmasını qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox əlamətdar hadisədir. Çünki əvvəlki illərdə Qusarda su problemi çox kəskin problem kimi qalmışdı. Bizim demək olar ki, bütün rayonlarımızda oxşar problemlər var idi və onlar tədricən öz həllini tapır. 

Bu gün biz artıq bu layihəni başa çatdırdıq. Artıq Qusar şəhərinə keyfiyyətli, təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğun su verilir. Bununla bərabər, Qusar rayonunun yeddi və Quba rayonunun üç kəndinə də bu mənbədən su veriləcək. Bu problem də Qusarda artıq tarixdə qaldı. Digər problemlər və qarşıda duran bütün vəzifələr icra edilir.

Qusar rayonunun sosial-iqtisadi inkişafı sürətlə gedir. Mən bu məsələləri daim diqqət mərkəzində saxlayıram. Bugünkü səfər mənim Qusara sayca 12-ci səfərimdir. Demək olar ki, son 13 il ərzində hər il Qusara gəlirəm, vəziyyətlə tanış oluram və buradakı problemlərin həlli üçün göstərişlər verilir.

Bu gün Qusar-İmamqulukənd-Quxuroba yolunun açılışını qeyd etdik. Bu, Qusar rayonunda icra edilən sayca dördüncü böyük kənd yolu layihəsidir. Bu layihələr artıq kəndlərin əksəriyyətini əhatə edir. Mənə verilən məlumata görə, Qusarda uzunluğu 98 kilometr olan kənd yolu layihələri icra edilib. Bu da, əlbəttə, həm insanların rahatlığına, həm də rayonun inkişafına xidmət göstərir. Çünki yol olmasa, inkişafdan söhbət gedə bilməz.

Gələcəkdə yəqin ki, kənd yolları ilə bağlı yeni layihələr icra ediləcək. Bununla bərabər, qazlaşdırma prosesi gedir. Ev təsərrüfatlarının 68 faizi qazlaşdırılıb. Elektrik enerjisi məsələləri həll olunur. Burada iki elektrik stansiyası fəaliyyət göstərir: "Şahdağ" stansiyası Qusar və Quba rayonlarının sərhədində yerləşir. "Xaçmaz" elektrik stansiyası bütün bu zonanın enerji təminatını təşkil edir.

İndi də içməli su layihəsi həllini tapıb. Beləliklə, əsas infrastruktur layihələrinə gəldikdə onların demək olar ki, hamısı öz həllini tapıb: elektrik enerjisi, qazlaşdırma, içməli su, kənd yolları, sosial layihələr icra edilib. Bu gün Hil kəndində böyük məktəbin açılışını qeyd etmişik. Bu, yüksək standartlara cavab verən bir məktəbdir. Əvvəlki səfərlərimin birində biz mərkəzi rayon xəstəxanasının açılışını qeyd etmişdik. Çünki burada ümumiyyətlə, rayon xəstəxanası mövcud deyildi və o, tam yeni bir layihə idi.

Gələcək planlarımız da, əlbəttə, ona yönəlib ki, Qusar rayonunun və ümumiyyətlə, şimal zonasının inkişafı təmin edilsin, dayanıqlı olsun. Burada kənd təsərrüfatı layihələri icra edilir və gələcəkdə daha çox layihələr icra olunmalıdır. Müvafiq göstərişlər verilib. Həm daxili tələbatı ödəmək, həm də xaricə məhsullarımızı satmaq üçün bu layihələr çox böyük əhəmiyyət daşıyır.

Əlbəttə ki, Qusar rayonunun böyük turizm potensialı var. Bu barədə mən hələ ilk səfərlərimdə öz fikirlərimi bildirmişdim. Qeyd etmişdim ki, biz Qusarı beynəlxalq turizm mərkəzinə çevrilməliyik - nəinki ölkə miqyasında, beynəlxalq miqyasda. Biz artıq buna nail oluruq. "Şahdağ" Turizm Mərkəzi bu gün dünya miqyasında öz gözəlliyi, rahatlığı, yaradılmış şəraiti ilə fərqlənir.

Yadımdadır, ilk dəfə o yerlərdə olanda, orada heç nə yox idi - heç bir infrastruktur, yol, işıq, qaz, su, çılpaq dağlar idi. İndi isə dünya səviyyəli beynəlxalq kurort yaradılıb, 5 otel fəaliyyət göstərir, minlərlə rayon sakini işlə təmin edilib və hər il buraya 10 minlərlə turist gəlir, həm ölkə daxilindən, həm də xaricdən. İnsanlara şərait yaratmışıq. Azərbaycanda, ümumiyyətlə, heç vaxt dağ xizəyi kurortu olmamışdır. Biz bunu yaratmışıq və bu gün vəzifə ondan ibarətdir ki, bu kurort zonası yay mövsümündə də tam gücü ilə işləsin. Mənə verilən məlumata görə, bu ilin yayında Qusara gələn turistlərin sayı artıb və əslində bu mərkəz il boyu fəaliyyət göstərməlidir. Çünki Azərbaycana gələnlərin sayı getdikcə artır. Ölkə vətəndaşları daha çox Azərbaycanda dincəlməyə üstünlük verirlər. Çünki indi bizim gözəl imkanlarımız - gözəl otellər, istirahət zonaları, yollar var. Biz bu gün Qusar-İmamqulukənd-Quxuroba yolunun açılışını etdik. Bu, sadəcə olaraq, kəndləri birləşdirən layihə deyil. Bu, ümumiyyətlə magistral yola çıxış deməkdir. Bakıya gedən yolun məsafəsi qısalır, Xaçmazla çox gözəl əlaqə yaradılır. Biz bu məsələlərə belə yanaşırıq. İlk növbədə, inkişaf üçün lazım olan infrastruktur layihələrini icra edirik. Şimal zonasında bu layihələrə milyardlarla manat vəsait ayrılıb. Bu layihələrin böyük əksəriyyəti sosial xarakter daşıyır. İçməli su layihəsi sırf sosial məna daşıyan bir layihədir. Bizdə su tarifləri çox aşağı səviyyədədir və oradan gələn gəlirlə qoyulmuş vəsaiti qaytarmaq mümkün deyil. Bəlkə də 50 il lazım olacaqdır.

Qazlaşdırma da həmçinin. Bizdə qazın daxildəki qiyməti dünya qiyməti ilə müqayisədə təqribən 8-10 dəfə aşağıdır. Qonşu ölkələrlə, Cənubi Qafqazda yerləşən digər ölkələrlə müqayisədə 5 dəfə aşağıdır. Yəni, qazlaşdırma layihələri də sosial xarakter daşıyır.

Kənd yollarının tikintisinə yatırılan vəsait də qayıdan vəsait deyil. O, müəssisəyə yatırılan vəsait deyil. Bunu nəyə görə edirik? İnsanlar üçün, inkişaf üçün. Əsas vəzifələr bunlardır - regional inkişaf, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması. Son illərdə Qusar rayonunda görülən işlər onu bir daha göstərir ki, biz düzgün yoldayıq. Çünki siz Qusar rayonunun sakinləri bunu hamıdan yaxşı bilirsiniz, əvvəlki vəziyyəti də xatırlayırsınız, bugünkü vəziyyət də göz oxşayır. Qusar inkişaf edən, gözəl, abad rayona çevrilib. Yeni iş yerləri açılır, yeni imkanlar yaranır. Həm sosial layihələrə, həm də infrastruktur layihələrinə dövlət xətti ilə investisiya qoyuluşu davam etdiriləcək. Biz indi özəl sektordan daha böyük fəallıq gözləyirik. Çünki özəl sektorda çalışan həm yerli, həm də başqa ölkələrdən gələn iş adamları gərək daha da fəal işləsinlər. Onlar yaradılan bu şəraitdən maksimum dərəcədə səmərəli istifadə etməlidirlər. Çünki bizdəki şərait deyə bilərəm ki, az ölkələrdə müşahidə olunur. Bizdə olan sabitlik inkişaf üçün, biznes üçün əsas şərtdir. İnfrastruktur layihələri, biznesə dövlət dəstəyi. Bu gün mən Yalamada birinci aqroparkın açılışını etmişəm. Oranın sahəsi 500 hektardan çoxdur. Orada artıq min baş iribuynuzlu mal-qara saxlanılır. Onların sayı üç minə çatacaq. Müasir suvarma texnologiyaları yaradılıb. Orada birinci mərhələdə 150, ikinci mərhələdə 300 nəfər işləyəcək. Dövlət də, özəl sektor da kredit ayırıb.

Qusar rayonunda da ona oxşar aqrokompleks yaradılmalıdır. Çünki burada iqlim şəraiti eynidir. Biz özümüzü ərzaq məhsulları ilə təmin edəcəyik, ixrac da edəcəyik. İndi qarşımızda bu iki əsas vəzifə dayanır. Yerli icra orqanları da çalışmalıdırlar ki, investorları cəlb etsinlər. Çünki həm Azərbaycanda kifayət qədər böyük firmalar var ki, vəsait qoymağa hazırdırlar, həm də xaricdən gətirməliyik. Biz bu istiqamətdə daha da fəal olmalıyıq. Ona görə ki, gələcək bu inkişafdan asılıdır. Sahibkarlıq, kənd təsərrüfatı, sənaye potensialı, turizm imkanları həm valyuta gətirən, həm də məşğuluq üçün çox önəmli sahələrdir.

Bugünkü tədbir isə xüsusi önəm daşıyır. Çünki Qusar şəhərinə təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Mən gəlmişəm ki, bu hadisəni birlikdə qeyd edək. Bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm.

Qusar sakini Zöhrab Mirzəməmmədov: Çox hörmətli Prezidentimiz, Sizi doğma Azərbaycanımızın ən gözəl guşələrindən birində - Qusar rayonunda bütün qusarlılar adından səmimi qəlbdən salamlayır, Sizə "Xoş gəlmisiniz" deyirəm.

Çox hörmətli Prezidentimiz, böyük minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, Siz bu gün qusarlılar üçün, şəhərimiz üçün son dərəcə vacib olan xeyirxahlıq missiyasını həyata keçirdiniz. Siz bu gün Qusar şəhər sakinləri üçün inşa edilmiş daimi su qovşağının açılışını etdiniz. Həm də Siz bu gün Qusar şəhər sakinlərinə daimi sudan istifadə etmək xoşbəxtliyini bəxş etdiniz. Siz, həmçinin bu gün Qusar şəhər sakinlərinə bayram şənliyi bəxş etdiniz. Odur ki, onların hamısı Sizə hədsiz dərəcədə minnətdardırlar, çox hörmətli Prezidentimiz.

Su hər bir insanın həyatında ən mühüm amillərdən biridir. Su həyat, sağlamlıq, təmizlik, rahatlıq deməkdir. Cənab Prezident, Siz bu gün bütün bu nemətləri qusarlılara əvəzsiz olaraq bəxş etdiniz. Bütün bunlar Sizin xalqımıza olan böyük sevginizin, sayğınızın, diqqət və qayğınızın bariz ifadəsidir. Bütün Qusar rayon ictimaiyyəti adından mən Sizə, çox hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm. Cənab Prezident, mən Sizə həyatın ən gözəl neməti olan möhkəm cansağlığı arzu edirəm. Bir daha "Çox sağ olun" deyirəm.

Prezident İlham Əliyev: Sağ olun, mən də sizə cansağlığı arzu edirəm. Sizi təbrik edirəm, çox sağ olun.

Qusar sakini Stella Əmirbəyova: Cənab Prezident, mənim də Sizə sözüm var. Siz bizim üçün nələr etməmisiniz!? İşığımız, qazımız, rahat yollarımız, müasir məktəblərimiz var. Bu gün də bizə su verdiniz, su ilə bərabər həyat verdiniz. Bütün bunlara görə Sizə camaatımızın adından dərin minnətdarlığımızı, təşəkkürümüzü bildirirəm. Sizə cansağlığı, uzun ömür arzu edirəm, çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, sağ olun. Doğrudan da çox gözəl, əlamətdar bir gündür və bu günü bərabər qeyd edirik. Bir neçə ildir ki, "Azərsu" çalışıb, bu işləri görüb. Şadam ki, nəhayət, artıq evlər şəbəkəyə qoşulur. Bu proses yəqin ki, bir ay davam edəcək. Bir aydan sonra bütün evlərə su veriləcək. Amma mənə deyirlər ki, artıq bəzi evlərə su verilir.

Prezident İlham Əliyev: Necə sudur?

Sakin: Yaxşıdır, təmizdir, çox sağ olun, minnətdarlığımızı bildiririk.

Sakin: Cənab Prezident, biz xoşbəxtik. Çünki xalqımızın çox parlaq və işıqlı gələcəyi var. Biz Sizinlə fəxr edirik.

Prezident İlham Əliyev: Qusar rayonunun inkişafı göz qabağındadır. Biz ardıcıl siyasət apararaq bütün məsələləri həll etmişik. Bir daha demək istəyirəm, bundan sonra əsas vəzifə investisiya qoyuluşu, kənd təsərrüfatının, turizmin, inkişafı, sənaye zonalarının yaradılmasıdır ki, insanlar işlə təmin olunsunlar, yaxşı maaş alsınlar.

Sakin: Çox hörmətli Prezidentimiz, xalqımızın ən böyük xoşbəxtliyi ondadır ki, dahi Heydər Əliyevdən sonra respublikamızın idarəetmə sükanı məhz Sizin etibarlı əllərinizdədir. Odur ki, doğma Azərbaycanımız gündən-günə inkişaf edəcək.

Prezident İlham Əliyev: Sağ olun.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

* * * 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində "Yalama" Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirak edib.

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Aqroparklar aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistikası və satışı bütünlükdə bu sistemi özündə birləşdirməklə, kənd təsərrüfatı məhsullarının torpaqdan istehlakçının süfrəsinədək bütün mərhələləri özündə əks etdirir ki, bu da həmin məhsulların istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə və keyfiyyətin yüksəlməsinə imkan verir. Belə aqroparklardan biri də Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev aqroparkda görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsinə uyğun olaraq, 1000 başı sağmal olmaqla 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan anbar və saatda 30 ton taxıl qurudan qurğu quraşdırılıb.

Prezident İlham Əliyevə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlara ödənilən güzəştli kreditlər barədə də məlumat verildi. İqtisadiyyat naziri Şahin Mustafayev bildirdi ki, indiyədək fond vasitəsilə Quba-Xaçmaz iqtisadi rayonu üzrə 2260-dək sahibkara 163,5 milyon manat, o cümlədən yeni texnologiyalara əsaslanan 13 logistik mərkəz və 2 taxıl anbarı, 1 quşçuluq, 2 istixana, 7 intensiv bağçılıq və 4 üzümçülük təsərrüfatı, 3 meyvə-tərəvəz emalı, 2 çörək və 2 tara zavodu, eləcə də 7 digər istehsal və emal müəssisəsi olmaqla, ümumilikdə 43 müəssisənin yaradılmasına 107 milyon manat, həmçinin 1980-dək sahibkara 19 milyon manatdan çox kiçik həcmli güzəştli kreditlər verilib. İqtisadi rayon üzrə verilmiş güzəştli kredit hesabına 11 mindən çox yeni iş yeri yaradılıb. Xaçmaz rayonu üzrə isə 790 sahibkara 50,6 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 3300-dən çox yeni iş yeri açılıb.

Prezident İlham Əliyev Yalama Aqroparkında yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, təsərrüfata "Aqrolizinq" ASC vasitəsilə "Simmental" cinsindən olan 1103 baş cins heyvan gətirilib və bu günədək 601 baş bala alınıb. Hazırda təsərrüfatda yüksək yağlılıqlı və keyfiyyətli süd istehsal olunur.

Dövlətimiz başçısı aqroparkın ərazisindəki yem zavodunu işə saldı.

Zavodda istehsal olunan qüvvəli yem aqroparkın tələbatını ödəməklə yanaşı, regionda fəaliyyət göstərən fermer təsərrüfatlarına da satılacaq. Heyvandarlıq kompleksinin yem bazasının formalaşdırılması üçün növbəli əkin sistemi tətbiq olunmaqla 128,5 hektar yonca, 228,5 hektar arpa və 100 hektar dənlik qarğıdalı əkilib. Arpa zəmilərində biçin başa çatdırılıb və yüksək məhsuldarlıq əldə edilib.

Rentabelliyin təmin edilməsi məqsədilə arpa sahələrinin 155 hektarında ikinci əkin olaraq silosluq qarğıdalı səpilib.

Bildirildi ki, dövlət investisiyaları hesabına təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf kəndlərin də suvarma suyuna olan ehtiyaclarının ödənilməsində mühüm rol oynayan 3,2 kilometr uzunluğunda beton suvarma kanalı, tutumu 50 min kubmetr olan su hovuzu tikilib, 4 subartezian quyusu qazılıb, əraziyə yol, qaz və elektrik xətləri çəkilib. Aqroparkda aqroservis mərkəzi yaradılıb, xaricdə və Gəncə avtomobil zavodunda istehsal olunan 15 adda 24 müasir texnika və aqreqatlar alınıb.

Aqroparkda çalışanlar üçün hər cür şərait yaradılıb, 40 çarpayılıq yataqxana, yeməkxana və ofis binası inşa edilib, ərazi abadlaşdırılıb və geniş yaşıllaşdırma işləri görülüb. Bununla yanaşı, aqroparkda müasir texnologiyanın tətbiq edildiyi, dəyəri 12 milyon manat, gündəlik emal gücü 100 ton olan süd zavodu, 60 hektar ərazidə intensiv bağçılıq (dəyəri 3 milyon manat) və Xaçmazın Muxtadır qəsəbəsində dövlət ehtiyat fondu torpaqlarından uzunmüddətli icarəyə götürüləcək 957 hektar sahədə müasir suvarma sisteminə malik olan iri taxılçılıq təsərrüfatları (dəyəri 5 milyon manat) yaradılacaq. Süd emalı zavodunda kərə yağı, quru süd və pendir istehsal olunacaq. Aqroparkda ikinci mərhələ üzrə həyata keçiriləcək layihələrə ümumilikdə 20 milyon manat investisiya qoyulması nəzərdə tutulur. İkinci mərhələdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyindən də istifadə ediləcək.

Süd zavodunda təsərrüfatda istehsal olunmuş südün emalı ilə yanaşı, ətraf kəndlərin fermerlərindən də süd tədarük olunacaq, emal edildikdən sonra hazır məhsullar daxili bazara çıxarılmaqla bərabər, xarici ölkələrə də ixrac ediləcək. Aqroparkda 150 nəfər çalışır və layihələrin icrası nəticəsində 300-dən artıq yeni iş yeri yaradılacaq.

Aqroparkla tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Sizi ürəkdən salamlayıram. Yenidən Xaçmaz rayonunda olmağımdan çox məmnunam. Bu, mənim Xaçmaz rayonuna 7-ci səfərimdir. Biz əvvəlki səfərlər çərçivəsində bir çox iqtisadi, sosial obyektlərin açılışında görüşmüşük. Bu gün də Xaçmaz rayonunda gözəl aqropark istifadəyə verilir. Bu da rayonun, ümumiyyətlə, ölkəmizin inkişafına öz töhfəsini verəcək. Çünki bu aqropark bizim siyasətimizi əks etdirir. Burada bir çox istiqamətlər üzrə yaxşı işlər görülüb - bitkiçilik, heyvandarlıq təsərrüfatları, yem bazası, logistika mərkəzi. Gələcəkdə satış da təşkil ediləcək, süd emalı zavodu yaradılacaq. Bir sözlə, biz son illər ərzində Azərbaycanda iqtisadi və sosial sahələrdə həyata keçirilən işləri bu aqroparkın timsalında əyani şəkildə görürük. Çünki burada həm də iş yerlərinin yaradılması təmin edilib. Mənə verilən məlumata görə, 150 iş yeri açılıb, növbəti mərhələdə 300-ə yaxın iş yeri yaradılacaq. Burada işləyənlər yaxşı maaş alırlar. Bu, bizim ümumi inkişafımıza çox böyük töhfədir. Bu, son illər ərzində Azərbaycanda yaradılan birinci aqroparkdır. Düzdür, Azərbaycanda iri fermer təsərrüfatları artıq yaradılıb. Taxılçılıq və digər sahələr üzrə böyük təsərrüfatlar yaradılıb, süd emalı zavodları tikilib. Ancaq bu aqroparkın xüsusi mənası var. Vaxtilə burada damazlıq təsərrüfatı olub. Bu gün mən həmin təsərrüfatın əvvəlki vəziyyətini əks etdirən şəkillərə baxdım, o, tamamilə dağılmış halda idi. İndi 500 hektardan çox sahədə müasir aqrokompleks yaradılıb. Burada ən müasir texnologiyalar, elmi yanaşma tətbiq olunur, böyük su anbarı tikilib. Min başdan çox iribuynuzlu mal-qara gətirilib və gələcəkdə onların sayı 3 minə çatacaq. Yəni, bu, ölkə üzrə ən böyük heyvandarlıq-bitkiçilik komplekslərindən biri olacaq.

Bununla bərabər, hesab edirəm ki, biz indiki nailiyyətlərlə kifayətlənməməliyik. Biz bu aqroparkın fəaliyyətini genişləndirməliyik. Mənə verilən məlumata görə, bu kompleksə 20 milyon manat investisiya qoyulub. Həm özəl sektor tərəfindən, eyni zamanda, dövlət də kömək göstərib. Bu da Azərbaycanda son illərdə aparılan siyasətin nəticəsidir. Dövlət və özəl sektor tərəfdaşlıq formatında əməkdaşlıq edir. Gələcəkdə bu aqroparkın həm ərazisi, həm də fəaliyyəti genişləndirilməlidir. Ərazisi 3 dəfə bundan böyük olmalıdır. Biz təqribən 1000 hektar əlavə torpağı dövriyyəyə cəlb etməliyik. Burada süd emalı zavodu tikilməli, xüsusilə kərə yağı və pendir istehsalı təşkil edilməlidir. Çünki baxmayaraq çox işlər görülür, əfsuslar olsun ki, hələlik, biz özümüzü süd məhsulları ilə tam təmin etmirik. Ancaq etməliyik. Düzdür, indi Azərbaycan şirkətləri xaricə də süd məhsullarını ixrac etməyə başlayıblar. Ancaq biz istəyirik ki, ilk növbədə özümüzü 100 faiz təmin edək, ondan sonra ixrac potensialı daha da artacaq. Ona görə də burada çox böyük süd emalı zavodu tikilməlidir və prinsipcə biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etməliyik. Biz buna yaxınlaşırıq. Belə aqrokomplekslərin yaradılması bu məqsədə çatmaq üçün yeni imkanlar yaradır.

Bir daha demək istəyirəm ki, bu aqrokompleksdə bizim siyasətimiz əksini tapır. Çünki bizim indi iqtisadi inkişafla bağlı prioritetlərimiz bəllidir. Qeyri-neft sektoru inkişaf edir və bu gün ölkəmizin iqtisadiyyatının təxminən 70 faizini təşkil edir. Bu da çox böyük nailiyyətdir. Bu, o deməkdir ki, biz neft amilindən asılılığımızı azaldırıq və getdikcə ümumi daxili məhsulumuzda qeyri-neft sektorunun çəkisi artacaq. Bu, müsbət dinamikadır. Bununla bərabər, biz ixracda da eyni mənzərəni görməliyik. Hələ ki, ixrac məhsullarının arasında qeyri-neft sektorunun məhsulları azlıq təşkil edir. Ona görə, burada həm qeyri-neft sektorunun inkişafı təmin ediləcək, həm də biz daxili tələbatı tam ödəyəcəyik. Beləliklə, ərzaq təhlükəsizliyi təmin olunacaq və biz gələcəkdə ərzaq məhsulları ilə bağlı idxaldan asılılığımızı tam aradan qaldırmalıyıq.

Bu aqroparkın yaradılması sahibkarlığın inkişafı deməkdir. Bu da dövlət siyasətidir. Dövlət də sahibkarlara öz dəstəyini verir, güzəştli şərtlərlə kreditlər təşkil edilib. Bu aqroparkın yaradılması ilə bağlı böyük infrastruktur layihələri həyata keçirilib, yollar, kommunikasiyalar çəkilib. Əlbəttə ki, kənd təsərrüfatının inkişafı da burada özünü göstərir. Bax, bir aqroparkda bizim iqtisadi inkişafla, xüsusilə sahibkarlıqla, kənd təsərrüfatının inkişafı ilə bağlı olan bütün istiqamətlər cəmləşib. Bu, onu göstərir ki, Azərbaycan düzgün yoldadır. Baxmayaraq ki, indi dünyada iqtisadi-maliyyə böhranı davam edir, Azərbaycana həm dövlət, həm özəl sektor, yerli şirkətlər, xarici firmalar tərəfindən investisiyalar qoyulur. Bu, ölkəmizin gücünü və siyasətimizin niyyətini göstərir. Bütün bu işləri biz ona görə edirik ki, ölkəmiz daha da güclənsin və Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar, işlə təmin olunsunlar, yaxşı maaş alsınlar və ölkəmizə xeyri gətirsinlər.

Ona görə, bu aqroparkın çox böyük mənası var. Bir daha demək istəyirəm ki, bu, ölkə üzrə birinci belə aqroparkdır. Növbəti açılış yəqin ki, Şəmkir rayonunda olacaq. Orada da böyük aqropark tikilir. Mən bu gün göstəriş vermişəm ki, bizim müvafiq qurumlar - Prezident Administrasiyası, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri birgə işləsinlər. Çünki belə aqroparkların sayı ən azı 10-a çatmalıdır. Belə olan halda biz heyvandarlıqla, südçülüklə bağlı bütün problemləri tamamilə həll edərik.

Bu aqroparka gətirilən cins mal-qara bizim mövcud mal-qara ilə müqayisədə bir neçə dəfə çox süd verir, çəkisi də bir neçə dəfə artıqdır. Biz son illər xaricdən minlərlə baş cins mal-qara almışıq. Bu da çox düzgün siyasət idi. Bu gün isə biz artıq digər yollara keçirik. Süni mayalanma texnologiyası tətbiq ediləcək, burada artıq tətbiq olunub. Beləliklə, 3-4 ilə bizim mal-qaramızın cinsi tam dəyişdiriləcək. Bu da əlbəttə ki, məhsuldarlığın artırılmasına gətirib çıxaracaq.

Birinci belə layihə Xaçmaz rayonunda icra edilib. Xaçmaz rayonunun çox böyük turizm, kənd təsərrüfatı potensialı var. Son illərdə Xaçmazda çox böyük quruculuq, abadlıq işləri görülüb. Xaçmaz şəhərinin siması dəyişdirilib, indi gözəl, müasir şəhərdir. Xaçmazda böyük infrastruktur layihələri icra edilib. İlk modul elektrik stansiyalarından birincisi Xaçmazda inşa edilib. Gücü 90 meqavat olan bu stansiya imkan verdi ki, biz bütün bu işləri görə bilək. Elektrik enerjisi olmayan yerdə heç bir müəssisə yaradıla bilməz. Yolların tikintisi uğurla gedir. Bu gün mən Xudat-Yalama-Zuxuloba yolunun açılışını qeyd etdim. Yolun uzunluğu 24 kilometrdir, 18 yaşayış məntəqəsini birləşdirir. Bundan əvvəl də kənd yollarının tikintisinə vəsait ayrılmışdır. Əvvəlki səfərlərimdə Olimpiya Mərkəzinin, Mərkəzi Rayon Xəstəxanasının açılışı olmuşdur. Digər obyektlər, məktəblər tikilir. Bir sözlə, Xaçmaz rayonu sürətlə inkişaf edir və rayonun çox böyük potensialı var.

Kənd təsərrüfatının inkişafı, ixrac potensialına malik məhsulların yetişdirilməsi, xüsusilə fındıqçılıqla bağlı əlavə tədbirlər görüləcək. İndi biz bu sahəyə daha böyük diqqət yetirməliyik. Çünki həm kəndlilər, həm dövlət üçün ən çox gəlir gətirən məhz fındıqçılıqdır. Mənə verilən məlumata görə, indi təqribən 5 min hektar fındıq bağları var. Biz onların ərazisini genişləndirməliyik. İndi təkliflər hazırlanır. Dövlət də öz dəstəyini verəcək, kömək göstərəcək ki, bu sahə daha da sürətlə inkişaf etsin, insanlar daha çox pul qazansınlar və ölkəmizə valyuta gətirsinlər. Çünki bu, ixrac məhsuludur.

Əlbəttə, Xaçmaz rayonunun turizm potensialı daha da geniş olmalıdır. Düzdür, son vaxtlar Xaçmaz rayonunda, xüsusilə, Yalama-Nabran zonasında çoxlu istirahət zonaları yaradılıb və turistlərin sayı kifayət qədərdir. Ancaq hesab edirəm ki, bu daha da geniş vüsət ala bilər, daha da keyfiyyətli xidmət göstərilə bilər. Əlbəttə ki, burada ekoloji məsələlər də öz həllini tapmalıdır. Müvafiq göstərişlər verilib. Yolların çəkilişi ilə bağlı artıq işlər görülür. Bax, bu Xudat-Yalama-Zuxuloba yolu, eyni zamanda, turizm obyektlərinə gedən yoldur. Sahil yolu da var, mən oraya da baxacağam. Lazım olarsa orada da təmir-bərpa işləri aparılacaq. Çünki turizm bu zona üçün kənd təsərrüfatı ilə bərabər ən çox gəlir gətirən sahədir. Biz bu sahələri inkişaf etdirməliyik.

Şimal-qərb zonasının çox böyük kənd təsərrüfatı və turizm potensialı var. Dövlətin dəstəyi ilə yaradılan ən böyük aqropark məhz bu zonadadır. Dövlətin bilavasitə sərmayəsi ilə yaradılan ən böyük turizm obyekti də yaxın qonşu rayonda - Qusarda "Şahdağ" Turizm Kompleksidir. Budur dövlətin apardığı siyasət və bu zonaya, burada yaşayan insanlara göstərilən diqqət.

Mən şadam ki, bizim bütün planlarımız həyatda öz əksini tapır. Azərbaycan hərtərəfli inkişaf edir. Ölkəmizin bütün bölgələri inkişaf edir. Çox böyük infrastruktur və sosial layihələr icra edilir - iqtisadi layihələr, kənd təsərrüfatı layihələri. Biz bax belə inkişaf etməliyik. Budur bizim yolumuz və bu yol artıq özünü təsdiqləyib. Çünki nəinki regionda, dünya miqyasında bu gün ölkəmizin təcrübəsi öyrənilir. Təkcə iqtisadi sahədə deyil, bütün sahələrdə, o cümlədən dinlərarası, millətlərarası münasibətlərin sağlam zəmində qurulması məsələləri də həmişə diqqət mərkəzindədir. Azərbaycan dünya miqyasında milli, dini, etnik dözümlülük, tolerantlıq və qardaşlıq məkanı kimi tanınır. Bu, artıq reallıqdır, xüsusilə indiki şəraitdə ki, dünyanın müxtəlif yerlərində dini, milli zəmində qarşıdurmalar, müharibələr aparılır. Azərbaycanda bu sahədə də nümunəvi mənzərə yaşanır. Nəyə görə? Çünki həm dövlət siyasəti düzgün aparılır, həm ictimaiyyət, bütün xalqımız vahid ideya uğrunda birləşib - müstəqillik, dövlətçilik, bərabərlik, sülh, qardaşlıq ideyaları. Bu da bizi qabağa aparan əsas amillərdir. Bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilib. Bəzi Avropa ölkələrində işlər tam başqa istiqamətdə gedir. Hesab edirlər ki, multikulturalizmin gələcəyi yoxdur. Hesab edirlər ki, müxtəlif millətlərin nümayəndələri bir yerdə yaşaya bilmirlər. Çox böyük səhv edirlər. Bu, həm çox böyük səhvdir, həm də cinayətdir. Azərbaycana qonaq gəlsinlər, görsünlər ki, müxtəlif millətlərin nümayəndələri burada necə dostluq, mehribanlıq, qardaşlıq şəraitində yaşayırlar. Biz bu sahədə də nümunə, yol göstəririk. Bu, bizi gücləndirir, dövlətimizi, xalqımızı qabağa aparır. Bu, sağlam zəmindir. Bununla bərabər, sosial, iqtisadi, investisiya layihələri həyata keçirilir. Mən hələ enerji siyasətimizi demirəm. Bu sahədə də biz liderlik göstəririk. Ona görə, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bax, bugünkü bu mənzərə onu göstərir. Vaxtilə dağılmış, tamamilə tənəzzülə uğramış bir ərazidə görün necə gözəl əsər yaradılıb, insanlar işləyəcək, pul qazanacaq, dövlətimiz çiçəklənəcək.

Mən sizi bir daha ürəkdən təbrik edirəm və sizə uğurlar arzulayıram.

Fermer təsərrüfatının başçısı Cəlal Harunov: Cənab Prezident, mən "Birlik" fermer təsərrüfatını təmsil edirəm. Yergüc kəndində altı təsərrüfatdan biridir. Əsasən meyvəçiliklə, həmçinin maldarlıqla da məşğul oluruq.

Prezident İlham Əliyev: Böyük əraziniz var?

Cəlal Harunov: Xeyr, ərazimiz böyük deyil. Çünki ailə fermer təsərrüfatıdır. Ona görə, biz az kiçik ərazidir. Ancaq faktiki olaraq öz gücümüzlə, lazımi səviyyədə işləyə bilirik.

Bu gün bütün kənd təsərrüfatına göstərilən qayğı hər kəsin gözü qarşısındadır. Buna görə biz Sizə minnətdarıq. Bu qayğıdan, bu təşəbbüsdən istifadə edərək biz də çalışırıq ki, öz işimizi günün tələbləri səviyyəsində quraq və ekoloji cəhətdən təmiz məhsul istehsal edək. Ona görə, Sizə minnətdarıq. Çox sağ olun. Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Çox sağ olun. Gərək siz həm daxili bazarı məhsulla təmin etmək, həm də xaricə ixrac etmək üçün fəaliyyətinizi genişləndirəsiniz.

Cəlal Harunov: Cənab Prezident, daxili bazara məhsul çıxarırıq.

Prezident İlham Əliyev: Hansı məhsullar?

Cəlal Harunov: Əsasən alma və gilas. Gilasla xarici bazara çıxmaq olur, ancaq alma ilə çətinlik çəkirik.

Prezident İlham Əliyev: Amma Xaçmaz rayonunda gözəl şaftalı da yetişir. Dadı, görünüşü ilə başqa yerlərin şaftalılarından seçilir.

Cəlal Harunov: Bəli, yetişir. Zəhmət çəkən üçün həmişə çörək var, həmişə qazanmaq olar. Ancaq kənd təsərrüfatı zəhmətsiz olmur.

Prezident İlham Əliyev: Əlbəttə, düz deyirsiniz, gərək insanlar zəhmət çəksin və pul qazansınlar. Şərait də yaradılır, dövlət bu şəraiti yaradır, subsidiya da verilir. Biz kənd təsərrüfatına nə qədər və hansı sahələr üzrə subsidiya veririk?

Kənd təsərrüfatı naziri Heydər Əsədov: 186 milyon manat. Bütün sahələr üzrə - buğda, çəltik, meyvəçilik, tərəvəzçilik. Sadəcə buğda ilə çəltiyə əlavə verilir.

Prezident İlham Əliyev: Deməli, il ərzində 186 milyon manat subsidiya verilir.

Cəlal Harunov: Cənab Prezident, subsidiyadan lazımi səviyyədə istifadə edirik.

Heydər Əsədov: Hər birinin adına kart açılıb. Vəsait hər birinin özünün hesabına köçürülür və elektron formatda bütün kənd görür ki, kim nə qədər subsidiya alır.

Prezident İlham Əliyev: Bəli, subsidiyaların verilməsi də şəffaflaşdırılır. Bunu vətəndaşlar da, ictimaiyyət də bilir. Əsas odur ki, nəticə olsun. Subsidiya kömək üçün, məhsuldarlığı artırmaq üçün verilir.

Cəlal Harunov: Biz də çalışacağıq ki, bu qayğıya öz işimizlə cavab verək.

Prezident İlham Əliyev: Çox yaxşı. İndi fındıqçılıqla bağlı yeni bir layihə işlənilir. Burada yeni sahələr nəzərdə tutulub. Bu barədə Prezident Administrasiyası da, icra başçısı da məlumat verib ki, 5 min hektar əlavə fındıq bağları salınacaq.

Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev: Cənab Prezident, biz çalışarıq ki, alma bağlarını fındıq bağlarına çevirək.

Prezident İlham Əliyev: Siz bu cür çevik siyasət aparın. Hansı məhsula daha çox tələbat var, o sahəyə üstünlük verin. İndi almanı satmaq asan məsələ deyil, çünki hər yerdə var. Amma fındıqçılıqda biz dünya miqyasında dördüncü istehsalçıyıq. Fındıq istehsalını artırmaq lazımdır. Bu məhsulla nəinki regiona, yaxud da MDB məkanına, bütün Avropaya çıxmaq olar. Avropada şokolad istehsalında Azərbaycan fındığından geniş istifadə edilir. Ona görə, kənd təsərrüfatı sahələrinə yeni formada yanaşmaq lazımdır. Hər bir rayon, bölgə üçün xüsusi inkişaf proqramı hazırlanır və gələcəkdə subsidiyalar məhz rayonlaşma əsasında aparılmalıdır. Misal üçün, taxılçılıqla bağlı. Mən bu yaxınlarda Masallıda olmuşam. Soruşuram ki, sizdə taxılçılıqda məhsuldarlıq nə qədərdir? Deyirlər ki 20 sentnerdir. Ölkə üzrə 30 sentnerdir. Elə təsərrüfatlar var ki, 50 sentnerdir. Amma orada 20-dir. Bəlkə indi biz orada başqa sahəyə subsidiya verək ki, daha çox pul qazansınlar. Məsələn, tərəvəzçilik, çayçılıq. Ona görə, subsidiya verilməsi rayonlaşma əsasında aparılmalıdır. O cümlədən şimal zonasının bütün potensialı gərək işə salınsın. Mən demişəm, bir daha demək istəyirəm ki, boş torpaq sahəsi olmamalıdır. Çünki ixrac bazarlarımız var, məhsulumuz keyfiyyətlidir, təbiidir. Buna Avropada orqanik məhsul deyirlər. Yəni, heç bir qatqısı, heç bir təhlükəli maddəsi olmayan təbii məhsulumuz var. Bu, bizim böyük sərvətimizdir.

İndi burada da gözəl əkin sahələri salınır, yeni suvarma sistemləri qurulur. Burada işləyənlər yəqin ki, özlərini yaxşı hiss edirlər. Siz burada necə işləyirsiniz? Siz Yalama kəndinin sakinlərisiniz?

Aqroparkın işçisi: Çox sağ olun, cənab Prezident. Yaxşı işləyirik. Burada yaxın rayonlardan da işləməyə gələnlər var.

Prezident İlham Əliyev: Çox yaxşı. Gələcəkdə burada 300-dən çox iş yeri yaradılacaq.

Xaçmaz sakini Məhsim Məhsimov: Cənab Prezident, mən də bir Xaçmaz sakini kimi Sizə minnətdarlığımı bildirmək istəyirəm. Xaçmaz rayonunda təkcə aqrar sahədə deyil, bütün sahələrdə görülən işlərin sayı-hesabı yoxdur. Bütün bunlar Sizin yaratdığınız şərait sayəsində mümkün olub. Güclü, qüdrətli Azərbaycan üçün Sizə təşəkkür etmək istəyirəm. Allah Sizi bizə çox görməsin.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, çox sağ olun.

Yalama sakini Reyhan Aslanova: Cənab Prezidentimiz, mənim də sözüm var. Bizə bəxş etdiyiniz bu gözəl aqroparka görə Sizə təşəkkür edirik. Son illərdə Yalamada bütün avtomobil yolları demək olar ki, əsaslı təmir edilib. Gözəl muzeylərimiz, məktəblərimiz var. Bütün bunlara görə biz Sizə minnətdarıq, cənab Prezident. Elektrik sistemi təzələnib, bizim heç bir problemimiz yoxdur. Kənd təsərrüfatında uğurlar əldə edirik. Fındıqçılığı inkişaf etdirəcəyik. Bizim ağsaqqallarımız dəfələrlə bir yerə yığışıb söhbət edəndə, cənab Prezident, Sizin siyasətinizi təhlil edirlər, bəyənirlər, dəstəkləyirlər və bir səslə, bir fikirlə deyirlər ki, bu, belə də olmalıdır. Ona görə ki, cənab Prezident, Yalama çoxmillətli ərazidir. Bizim insanlarımız - Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri Sizin babanız, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, mən deyərdim hətta keçmiş SSRİ məkanında görkəmli ictimai-siyasi xadim, - hamının fikri belədir, - böyük Əziz Əliyevin xatirəsini həmişə ehtirama yad edirlər. Nəyə görə? O insanın etdiyi yaxşılıqları buradakı insanların özləri də, övladları da heç vaxt unutmurlar. Mahaçqalada bu görkəmli şəxsiyyətə böyük bir abidə ucaldılıb. Böyük Vətən müharibəsi illərində görkəmli şəxsiyyət Əziz Əliyev Dağıstan xalqını səfalətdən, əzab-əziyyətdən qurtardı. Müharibədə Qələbənin əldə edilməsində böyük xidməti oldu. Sonralar Sizin atanız, ulu öndərimiz, dahi rəhbərimiz Heydər Əliyev Azərbaycanı xilas etdi. Siz o böyük şəxsiyyətlərin layiqli övladı olaraq, cənab Prezident, Azərbaycanı inamla qoruyursunuz, inkişaf etdirirsiniz. Bax, biz buna görə Sizə minnətdarıq, bu əmin-amanlığa görə minnətdarıq. İnsanlar Sizdən çox razıdırlar. Bütün sərhədyanı kəndlərimiz inkişaf edir, belə inkişaf heç bir ölkədə yoxdur. Biz Sizin daxili və xarici siyasətinizi həmişə dəstəkləmişik, yenə dəstəkləyəcəyik. Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Doğrudan da Əziz Əliyev çox görkəmli bir şəxsiyyət idi və ən ağır vaxtlarda o, Dağıstana rəhbərlik edərək Dağıstan xalqını böyük bəladan qurtara bilmişdir. Mən şadam ki, Dağıstanda onun xatirəsi yaşayır. Bildiyiniz kimi, Əziz Əliyev o vaxt sovet hökuməti tərəfindən Dağıstana ezam edilmişdir. O, müharibə illərində Dağıstana rəhbərlik etmişdir. Siz də yaxşı bilirdiniz ki, Dağıstan xalqlarını da digər Şimali Qafqaz xalqları kimi sürgün etmək istəyirdilər. Artıq demək olar ki, qərar da qəbul edilmişdi. Məhz Əziz Əliyevin və digər yoldaşlarının fəaliyyəti, siyasəti nəticəsində buna imkan verilmədi. Dağıstanlılar - həm onu tanıyanlar və onların davamçıları Əziz Əliyevin xatirəsinə çox böyük hörmətlə yanaşırlar. Bu, mənim üçün də çox qiymətlidir. Mən çox şadam ki, bu yaxınlarda Mahaçqalada Əziz Əliyevin abidəsi ucaldılıb. Bu abidə mənim dostum Ramazan Abdulatipovun təşəbbüsü ilə ucaldılıb. Bu abidə Əziz Əliyevin xatirəsinə olan hörmətin əlamətidir.

Biz həmişə bir yerdə olmuşuq, yaşamışıq, bir-birimizə kömək göstərmişik, arxa-dayaq olmuşuq. Bu gün də belədir. Yəqin bilirsiniz ki, bu yaxınlarda Ramazan Hacımuradoviçin 70 illik yubileyi qeyd edilirdi və Azərbaycan dövləti onu yüksək ordenlə - "Dostluq" ordeni ilə təltif etdi. Mən gözləyirəm, o, növbəti dəfə Azərbaycana gələndə o ordeni şəxsən özüm ona təqdim edəcəyəm. Çünki doğrudan da bu, çox böyük tarixdir və biz bu tarixi bu gün davam etdiririk, zənginləşdiririk. Bu gün yeni imkanlar açılır.

Bir daha demək istəyirəm ki, Azərbaycanda görülən işlər həm ölkəmiz, həm də region üçün çox vacibdir. Çünki bu gün Azərbaycan bu bölgədə, Xəzər-Qafqaz bölgəsində sabitləşdirici ölkədir. Regionda bizim siyasətimizdən çox şey asılıdır. Bizim daxili siyasətimiz də, xarici siyasətimiz də bir məqsədi güdür ki, bölgədə sülh olsun, qarşıdurma olmasın, insanlar rahat yaşasınlar, ölkələr bir-biri ilə dostluq etsinlər. Bizim siyasətimiz budur. Məhz buna görə bu gün Azərbaycan bu alovlanan bölgədə bir sabitlik adasıdır. Biz bunu qoruyuruq. Hər bir vətəndaş bunu qoruyur və qorumalıdır. Bu, təkcə dövlət siyasəti kimi deyil, eyni zamanda, ümumxalq təşəbbüsü, ümumxalq niyyəti kimi özünü göstərir. Əminəm ki, biz gələcəkdə bu yolla uğurla gedəcəyik. Xaçmaz rayonu, bütün digər rayonlar daha da sürətlə inkişaf edəcək. Xaçmaz rayonunda hələ çox açılışlar olmalıdır. Sizinlə növbəti açılışlarda da görüşəcəyik. Bir daha təbrik edirəm.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

X X X

Kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısının diqqətinə çatdırdı ki, Xaçmaz rayonu üzrə 2015-ci ildə 4650 hektardan çox fındıq bağından 4 min tona yaxın məhsul götürülüb. 2016-cı ilin məhsul yığımının əvvəlindən bəri isə həmin bağlardan 3 min tondan çox fındıq məhsulu emal müəssisələrinə və qəbul məntəqələrinə təhvil verilib. Hazırda fındıq məhsulunun yığımı və təhvili işləri davam etdirilir. O da qeyd olundu ki, Prezident İlham Əliyevin ölkəmizdə fındıq ağaclarının əkininin artırılması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq 2016-2017-ci illərdə Xaçmaz rayonunda əlavə olaraq 5016 hektarda fındıq bağının salınması nəzərdə tutulub. Fındıq bağı salınacaq torpaqların 2070 hektarı dövlət, 2946 hektarı bələdiyyə mülkiyyətindədir. Həmin ərazilərin 1596 hektarı asudə dövlət ehtiyat fondunun torpaqları, 2946 hektarı örüş və boş torpaqlar, 474 hektarı isə meşə fonduna aid boş torpaqlardır.

Prezident İlham Əliyevin

çıxışı

16:10

Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də bu münasibətlə keçirilən mərasimdə iştirak edib.

Respublikanın hər yerində əhalinin sosial məsələlərinin həlli istiqamətində mühüm layihələr icra olunur. Görülən işlər arasında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması əsas yer tutur. Bu baxımdan Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi də mühüm əhəmiyyətə malikdir. Qusar rayonunda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına Qusar-Quba kanalizasiya kollektorunun tikintisi də tamamlanıb. "Şahdağ" Qış-Yay Turizm Kompleksinin və Qusar şəhərinin tullantı sularının Quba-Xaçmaz kollektoruna ötürülməsi məqsədilə 27,2 kilometr uzunluğunda kanalizasiya kollektoru qısa müddətdə tikilərək istismara verilib. Kollektorun 7,6 kilometrlik hissəsi 1000, 19,6 kilometrlik hissəsi isə 800 millimetrlik borulardan inşa olunub. Bu layihələrin icrası Qusar sakinlərinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini yaxşılaşdırmaqla yanaşı, ətraf mühitin ekoloji tarazlığının qorunmasına imkan verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verdi. Qeyd olundu ki, layihə çərçivəsində Qusar Sukanal İdarəsi üçün 472 kvadratmetr sahəsi olan yeni inzibati bina tikilib. Binada xidməti otaqlar, iclas zalı, zəng mərkəzi, anbar, informasiya texnologiyaları otağı, digər xidməti və yardımçı otaqlar yaradılıb.

Bildirildi ki, bu layihə Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində həyata keçirilib. Layihə 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Qusar şəhərində 19 min 600 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Eyni zamanda, layihə çərçivəsində Qusar rayonunun 7 və Quba rayonunun 3 kəndinə içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, layihədən bu kəndlərin 12 min sakini faydalanacaq.

Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildə başlanılıb. Layihənin birinci mərhələsində Qusar şəhərini və 10 kəndi keyfiyyətli içməli su ilə təmin etmək üçün Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 102 litr və ya sutkada 8800 kubmetr olan drenaj tipli suqəbuledici qurğu tikilib, su mənbəyindən şəhərə qədər 17,4 kilometr uzunluğunda magistral kəmər çəkilib. Şəhərin dayanıqlı su təchizatını təmin etmək məqsədilə ümumi tutumu 3 min kubmetr olan 3 su anbarı tikilib və bu anbarlar arasında 2,8 kilometr uzunluğunda su xətləri çəkilib, yeni xlorator binası inşa olunub. Layihənin ikinci mərhələsində isə Qusar şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri həyata keçirilib. Bu işlər çərçivəsində 106 kilometr içməli su şəbəkəsi yaradılıb, abonentlərə ev birləşmələri verilib, yanğın hidrantları quraşdırılıb. İçməli su şəbəkəsi ilə paralel olaraq, şəhərin kanalizasiya sistemləri də müasir standartlar səviyyəsində yenidən qurulub, 105 kilometr uzunluğunda şəhərdaxili şəbəkə qurulub. Şəhərdə yaranacaq tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 70 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğuda təmizlənib zərərsizləşdiriləcək. Bu qurğuda, həmçinin Quba və Xaçmaz şəhərlərinin də tullantı suları emal olunacaq.

Dövlətimizin başçısına məlumat verildi ki, Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində ölkəmizin 5 şəhərində - Qusar, Xaçmaz, Xızı, Qobustan və Naftalanda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulub. Artıq Naftalan şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi tam başa çatıb, hazırda tullantı sutəmizləyici qurğunun inşasına hazırlıq işləri görülür. Qobustan, Xaçmaz və Xızı şəhərlərində isə içməli su və kanalizasiya sistemlərinin inşası təsdiqlənmiş qrafikə uyğun davam etdirilir.

Sonra Prezident İlham Əliyev layihənin işə salınmasını bildirən düyməni basdı.

Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

----------

15:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Qusar rayonunun Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbin yeni binasının açılışını edib.

Dövlətimizin başçısı məktəbin binasının əvvəlki və indiki vəziyyətini əks etdirən stendlərə baxdı.

Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lent kəsdi

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təhsil naziri Mikayıl Cabbarov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Hil kənd tam orta məktəbinin təməli 1928-ci ildə qoyulub və ilk vaxtlar kəndli Gənclər Məktəbi kimi fəaliyyət göstərib. Bu təhsil ocağının məzunu, fizika-riyaziyyat elmləri doktoru professor Kərim Kərimovun adını daşıyan məktəb üçün 1973-cü ildə 14 sinif otağından ibarət ikimərtəbəli bina tikilib. Lakin şagirdlərin sayı çox olduğundan iki növbədə fəaliyyət göstərən məktəbin darısqal binası uzun illər təmir olunmadığına görə qəzalı vəziyyətə düşmüşdü.

İndi Hil kəndində ən müasir tələblərə cavab verən yeni bina tikilib.

Məktəbin binasının foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qusar rayonuna səfərləri, həmçinin təhsil sahəsinə göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Yeni üçmərtəbəli məktəb binasının inşasına 2015-ci ilin fevral ayında başlanılıb və 2016-cı ilin iyulunda tikinti-quraşdırma işləri tam başa çatdırılıb. Bu təhsil ocağı 720 şagird yerlikdir. Burada ümumilikdə 30 sinif otağı var. Otaqların hamısı zəruri dərs ləvazimatı ilə təmin edilib. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 61 müəllim məşğul olur. Bu təhsil ocağı öz məzunları ilə fəxr edir. Hazırda məktəbin yetirmələrindən 4 nəfər elmlər doktoru, 6 nəfər elmlər namizədi var. Məktəbin 2 fizika, 2 kimya, 2 biologiya laboratoriyası var. Laboratoriyaların hamısı müasir avadanlıqla təchiz edilib. Məktəbin 2 əmək təlimi otağı, zəngin kitabxanası, 350 yerlik akt zalı, idman zalı, 92 yerlik yeməkxanası da var. Məktəbdə videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün təbii qazla işləyən qazanxana, 250 kilovoltluq transformator yarımstansiyası tikilib, artezian quyusu qazılıb. Həmçinin 100 kubmetrlik içməli və 100 kubmetrlik yanğın əleyhinə ehtiyat su anbarları, açıq idman meydançası yaradılıb, həyətyanı sahə abadlaşdırılıb.

Məktəblə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də əsaslı şəkildə yenidən qurulan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycanda yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklər prosesi uğurla davam etməkdədir. Ölkəmizin ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulduqdan sonra əsas diqqət regionları, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına yönəlib. Yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsirini göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir. Ən əsası isə belə layihələrin uğurla icrası nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Hər bir regionda olduğu kimi, Qusar rayonunda da belə tədbirlər davamlı xarakter alıb. Mühüm əhəmiyyətə malik olan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun bir hissəsi dağılmış asfalt-beton örtüklü, bir hissəsi isə torpaq-çınqıl örtüklü olub. Əvvəllər eni 5-6 metr olan yolla xüsusən payız-qış aylarında hərəkət xeyli çətinləşirdi. Yolun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq "Azəravtoyol" ASC tərəfindən müvafiq işlər tam yekunlaşıb.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yolun tikintisi layihəsi barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, yenidənqurma işləri çərçivəsində uzunluğu 24,7 kilometr olan yol yatağının eni 12 metrə çatdırılıb. Yol yarım metr enində bərkidici zolaqlar da daxil olmaqla, 8 metr enində hərəkət hissəsindən və 2 metr enində çiyinlərdən ibarətdir. Ümumilikdə 200 min kvadratmetr sahəyə 2 qat asfalt-beton örtüyü döşənib. Yenidənqurma zamanı yağış sularının axıdılması üçün 57 suötürücü boru tikilib, mövcud borular və su keçidləri bərpa olunub. İmamqulukənd və Köhnə Xudat kəndləri ərazisində 1 kilometr uzunluğunda beton küvetlər və 500 metr uzunluğunda beton arxlar tikilib, həmin kəndlərin giriş hissəsində sürüşmələrin qarşısını almaq məqsədilə 200 metrdən çox istinad divarları inşa edilib. Piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 5 min poqonmetr uzunluğunda, 1,5 metr enində yeni səkilər tikilib. Bundan başqa, İmamqulukənd kanalı üzərində 9,6 metr uzunluğunda və 4 metr enində yeni körpü, Gündüzqala kənd körpüsündə isə 184 metr uzunluğunda sutənzimləyici qurğular quraşdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək məqsədilə zəruri yerlərdə 980 yol təhlükəsizlik dirəyi, 197 müxtəlif yol nişanları və 24 göstərici lövhə quraşdırılıb, piyada zolaqları və 61 min 750 metr üfüqi nişanlama xətləri çəkilib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Bu yolun tikintisi ilə 11 yaşayış məntəqəsinin 12 min nəfər əhalisinin rayon mərkəzinə və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub. Beləliklə, bu yolun istifadəyə verilməsi ilə nəinki Qusarın, eləcə də regionun iqtisadi potensialı daha da artır.

---------

15:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaza səfərini başa çatdıraraq Qusara gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, bu məkan rayon sakinlərinin və Qusara gələn qonaqların ən sevimli istirahət yerlərindən biridir.

-----------

14:11

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində "Yalama" Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirak edib.

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Aqroparklar aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistikası və satışı bütünlükdə bu sistemi özündə birləşdirməklə, kənd təsərrüfatı məhsullarının torpaqdan istehlakçının süfrəsinədək bütün mərhələləri özündə əks etdirir ki, bu da həmin məhsulların istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə və keyfiyyətin yüksəlməsinə imkan verir. Belə aqroparklardan biri də Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev aqroparkda görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsinə uyğun olaraq, 1000 başı sağmal olmaqla 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan anbar və saatda 30 ton taxıl qurudan qurğu quraşdırılıb.

Prezident İlham Əliyevə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlara ödənilən güzəştli kreditlər barədə də məlumat verildi. İqtisadiyyat naziri Şahin Mustafayev bildirdi ki, indiyədək fond vasitəsilə Quba-Xaçmaz iqtisadi rayonu üzrə 2260-dək sahibkara 163,5 milyon manat, o cümlədən yeni texnologiyalara əsaslanan 13 logistik mərkəz və 2 taxıl anbarı, 1 quşçuluq, 2 istixana, 7 intensiv bağçılıq və 4 üzümçülük təsərrüfatı, 3 meyvə-tərəvəz emalı, 2 çörək və 2 tara zavodu, eləcə də 7 digər istehsal və emal müəssisəsi olmaqla, ümumilikdə 43 müəssisənin yaradılmasına 107 milyon manat, həmçinin 1980-dək sahibkara 19 milyon manatdan çox kiçik həcmli güzəştli kreditlər verilib. İqtisadi rayon üzrə verilmiş güzəştli kredit hesabına 11 mindən çox yeni iş yeri yaradılıb. Xaçmaz rayonu üzrə isə 790 sahibkara 50,6 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 3300-dən çox yeni iş yeri açılıb.

Prezident İlham Əliyev Yalama Aqroparkında yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, təsərrüfata "Aqrolizinq" ASC vasitəsilə "Simmental" cinsindən olan 1103 baş cins heyvan gətirilib və bu günədək 601 baş bala alınıb. Hazırda təsərrüfatda yüksək yağlılıqlı və keyfiyyətli süd istehsal olunur.

Dövlətimiz başçısı aqroparkın ərazisindəki yem zavodunu işə saldı.

Zavodda istehsal olunan qüvvəli yem aqroparkın tələbatını ödəməklə yanaşı, regionda fəaliyyət göstərən fermer təsərrüfatlarına da satılacaq. Heyvandarlıq kompleksinin yem bazasının formalaşdırılması üçün növbəli əkin sistemi tətbiq olunmaqla 128,5 hektar yonca, 228,5 hektar arpa və 100 hektar dənlik qarğıdalı əkilib. Arpa zəmilərində biçin başa çatdırılıb və yüksək məhsuldarlıq əldə edilib.

Rentabelliyin təmin edilməsi məqsədilə arpa sahələrinin 155 hektarında ikinci əkin olaraq silosluq qarğıdalı səpilib.

Bildirildi ki, dövlət investisiyaları hesabına təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf kəndlərin də suvarma suyuna olan ehtiyaclarının ödənilməsində mühüm rol oynayan 3,2 kilometr uzunluğunda beton suvarma kanalı, tutumu 50 min kubmetr olan su hovuzu tikilib, 4 subartezian quyusu qazılıb, əraziyə yol, qaz və elektrik xətləri çəkilib. Aqroparkda aqroservis mərkəzi yaradılıb, xaricdə və Gəncə avtomobil zavodunda istehsal olunan 15 adda 24 müasir texnika və aqreqatlar alınıb.

Aqroparkda çalışanlar üçün hər cür şərait yaradılıb, 40 çarpayılıq yataqxana, yeməkxana və ofis binası inşa edilib, ərazi abadlaşdırılıb və geniş yaşıllaşdırma işləri görülüb. Bununla yanaşı, aqroparkda müasir texnologiyanın tətbiq edildiyi, dəyəri 12 milyon manat, gündəlik emal gücü 100 ton olan süd zavodu, 60 hektar ərazidə intensiv bağçılıq (dəyəri 3 milyon manat) və Xaçmazın Muxtadır qəsəbəsində dövlət ehtiyat fondu torpaqlarından uzunmüddətli icarəyə götürüləcək 957 hektar sahədə müasir suvarma sisteminə malik olan iri taxılçılıq təsərrüfatları (dəyəri 5 milyon manat) yaradılacaq. Süd emalı zavodunda kərə yağı, quru süd və pendir istehsal olunacaq. Aqroparkda ikinci mərhələ üzrə həyata keçiriləcək layihələrə ümumilikdə 20 milyon manat investisiya qoyulması nəzərdə tutulur. İkinci mərhələdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyindən də istifadə ediləcək.

Süd zavodunda təsərrüfatda istehsal olunmuş südün emalı ilə yanaşı, ətraf kəndlərin fermerlərindən də süd tədarük olunacaq, emal edildikdən sonra hazır məhsullar daxili bazara çıxarılmaqla bərabər, xarici ölkələrə də ixrac ediləcək. Aqroparkda 150 nəfər çalışır və layihələrin icrası nəticəsində 300-dən artıq yeni iş yeri yaradılacaq.

Aqroparkla tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

----------

14:02

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində Yalama kəndindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanış olub.

Məlumat verildi ki, Yalama kəndindəki Heydər Əliyev adına parkın ümumi sahəsi bir hektardır. Parkın ərazisində Heydər Əliyev Mərkəzinin Yalama kənd filialı da fəaliyyət göstərir. Ümumi sahəsi 120 kvadratmetr olan mərkəzin binasının qarşısında Ümummilli Liderin büstü ucaldılıb. Prezident İlham Əliyev büstün önünə gül dəstəsi qoydu.

Sonra dövlətimizin başçısı burada ləzgi icmasının nümayəndələri ilə söhbət etdi.

Sakinlər: Xoş gəlib, səfa gətirmisiniz, cənab Prezident. Qədəmləriniz mübarək olsun!

Prezident İlham Əliyev: Sağ olun. Necəsiniz, işləriniz necədir?

Sakin: Bizim şimal bölgəmizə, respublikamızın şimal qapısı olan Yalama qəsəbəsinə xoş gəlmisiniz! Allah Sizin köməyiniz olsun! Sizin siyasətinizin nəticəsi və bəhrəsidir ki, suyumuz beton kanallarla, qazımız təzə polietilen borularla gəlir, işığımız kabelləşib, fasiləsiz təmin olunmuşuq. Allah Sizə yar olsun!

Bu gün gəldiyiniz bu gözəl, yaraşıqlı yol Sizin siyasətinizin uğurudur. Bütün standartlara uyğun bu yola görə camaatımızın adından Sizə minnətdarlığımızı bildiririk, "Çox sağ olun" deyirik. Gələcək işlərinizdə də Sizə uğurlu fəaliyyətlər arzu edirik. Allah köməyiniz olsun! Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Çox sağ olun. Mən də çox şadam ki, bu bölgədə - Xaçmaz rayonunda, ümumiyyətlə, şimal bölgəsində işlər yaxşı gedir, abadlıq-quruculuq işləri aparılır. Bütün infrastruktur layihələri həll olunub. Sizin də qeyd etdiyiniz kimi, yeni yol salınıb. Bu gün bu yolun rəsmi açılışını qeyd etdik. Qazlaşdırma davam edir. Bir çox yaşayış məntəqələri artıq qazlaşdırılıb. Xaçmaz rayonunda qazlaşdırma 71 faizdir. Əlavə tədbirlər görüləcək ki, qazlaşdırılmayan kəndlərə də qaz çəkək. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Dayanıqlı enerji təminatı var. İş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görülür. Bu gün Yalama Aqroparkının açılışı olacaq. Orada da yüzlərlə iş yeri yaradılır. Bu bölgənin turizm potensialının inkişafı üçün lazımi addımlar atılır və atılacaq. İnfrastruktur layihələrinin icrası burada əsas məsələdir.

Çox şadam ki, burada insanlar rahat yaşayırlar, öz işləri ilə məşğuldurlar, kənd təsərrüfatı, turizm inkişaf edir. Yeni iş yerləri yaradılır, abadlıq işləri aparılır. Yalama qəsəbəsi, dediyiniz kimi, bizim şimal qapımızdır. Sərhədə ən yaxın olan qəsəbədir. Çox şadam ki, Azərbaycanın mərkəzindən uzaq məsafədə yerləşən bölgələrdə də işlər yaxşı gedir, dövlətimiz güclənir, insanlar daha da yaxşı yaşayırlar.

Sakinlər: Sizin sayənizdə, cənab Prezident. Çox sağ olun. Bunların hamısı Sizin zəhmətinizin bəhrəsidir. Allah Sizi qorusun!

Sakin: Möhtərəm cənab Prezident, Siz Yalama qəsəbəsinə xoş gəlmisiniz. Bu, yalamalılar üçün böyük bayramdır. Sizin siyasətinizi bütün yalamalılar dəstəkləyirlər. Bizim dayandığımız bu bir hektar torpaq sahəsi 2008-ci ilə qədər həqiqətən bataqlıq ərazi idi. Xalqın müraciəti ilə biz burada Ulu Öndərin adına layiq gözəl Heydər Əliyev Parkı yaratdıq, Heydər Əliyev Muzeyi tikildi. Heydər Əliyev Parkı ilə bərabər, Ulu Öndərin adını daşıyan küçə də abadlaşdı. Çox sağ olun, Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Bir halda ki, əsas infrastruktur layihələri artıq başa çatır, növbəti mərhələdə daha çox yerli istehsal, kənd təsərrüfat, turizm inkişaf etməlidir. Turizmin inkişafı üçün əlavə imkanlar var. Siz bilirsiniz ki, bu il ölkəmizə daha çox xarici qonaq gəlmişdir. Əlbəttə ki, bu zona turizm üçün çox gözəl zonadır. Burada həm dəniz, həm meşələr var, yaxın bölgələrdə xizək kurortu da yaradılıb. Yəni, bu zona Azərbaycanın turizm mərkəzlərindən biridir, bəlkə də birincisidir. Gələcəkdə insanları işlə təmin etmək üçün, əlbəttə, həm dövlət, həm özəl sektor tərəfindən əlavə investisiyalar qoyulmalıdır ki, işlər daha da sürətlə getsin və inkişaf dayanıqlı olsun.

Sakin: Möhtərəm cənab Prezident, bir daha xoş gəlmisiniz. Mən Yalama məktəbində müəllimə işləyirəm. Bizim məktəbimizdə təmir işləri gedir. Yeni dərs ilində biz əsaslı təmir olunmuş məktəbdə çalışacağıq. Yalama çox abadlaşıb, inkişaf edib. İnanırıq ki, bu inkişaf davamlı olacaq. Cənab Prezident, çox sağ olun. Biz Sizə çox təşəkkür edirik, Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Yalamada bir məktəb var?

Sakin: Bəli, tam orta məktəbdir, 800 şagird yerlikdir.

Prezident İlham Əliyev: Burada yaşayan əhalinin sayı 5020 nəfərdir. Bu, çox yaxşıdır. İndi yol təmir olunub, gediş-gəliş rahat olacaq.

Sakinlər: Biz Xudatdan buraya bir saata gələ bilmirdik. İndi 15 dəqiqəyə gəlirik. Çox gözəl yollar salınıb. Çox sağ olun. Bütün camaatımız adından Sizə minnətdarıq. Bizə yaratdığınız bu şəraitə görə Sizə təşəkkür edirik. Allah köməyiniz olsun!

Prezident İlham Əliyev: Yol əsasdır. Çünki yol abad olanda həm gediş-gəliş asanlaşır, eyni zamanda, bütün digər məsələlər öz həllini tapır. Misal üçün, biz 3-4 il bundan əvvəl Xaçmazda mərkəzi rayon xəstəxanasını təmirdən sonra istifadəyə verdik. İndi insanlar rayon mərkəzinə çox qısa müddətdə çata bilərlər.

Sakinlər: Çox sağ olun. Bu yol qarşıdan gələn Qurban bayramı münasibətilə Sizin bizə hədiyyəniz oldu. Ailənizlə birlikdə Sizi təbrik edirik. Çox sağ olun. Allah köməyiniz olsun! Sizə uğurlar arzulayırıq.

Prezident İlham Əliyev: Mən də qarşıdan gələn bayram münasibətilə Sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Çox sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

----------

13:45

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışından sonra Xudat şəhərinin bir qrup sakini ilə görüşüb.

----------

13:39

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonunda Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını edib.

Dövlətimizin başçısı əvvəlcə yolun tikinti layihəsini əks etdirən stendə baxdı.

Azərbaycan Prezidentinə yolun texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, Xudat-Yalama-Zuxuloba avtomobil yolu uzun müddət təmir olunmadığına görə, xüsusən də ağır çəkili yük avtomobillərinin intensiv hərəkəti nəticəsində magistralın bir çox yerlərində qabarmalar və çökmələr yaranmışdı. Yolun əsaslı təmirinə bu ilin may ayında başlanılıb və avqustda başa çatdırılıb.

Üçüncü texniki dərəcəli yolun uzunluğu 24,8 kilometr, hərəkət hissəsinin eni 7,5 metrdir. Burada iki hərəkət zolağı var. Hərəkət zolağının eni 3,75 metr, çiyinlərin eni 2,5 metr, torpaq yatağının eni isə 12 metrdir.

Diqqətə çatdırıldı ki, avtomobil yolunun inşası zamanı 108 min kubmetr torpaq işləri görülüb. Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə 120,6 min kubmetr çınqıl və qum-qırmadaş, 30 min ton asfalt-beton qarışığı sərf edilib. Yol boyu 920 təhlükəsizlik dirəyi və 154 müxtəlif yol nişanı və göstərici lövhələr quraşdırılıb.

Xudat-Yalama-Zuxuloba avtomobil yolu rayonun 18 yaşayış məntəqəsini birləşdirir.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

---------

11:19

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaza səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, binanın inşasına 2015-ci ilin fevralında başlanılıb və 2016-cı ilin mart ayında tikinti işləri başa çatdırılıb.

Ümumi tikinti sahəsi 1100 kvadratmetr olan Mərkəzin binası iki mərtəbədən və müxtəlif təyinatlı bölmələrin fəaliyyət göstərdiyi otaqlardan ibarətdir. Birinci mərtəbədə Heydər Əliyev muzeyi, sərgi zalı, xalçaçılıq dərnəyi, 300 nəfərlik kino-konsert zalı var. İkinci mərtəbədə isə rəsm studiyası, fotostudiya, elektron kitabxana, kompyuter, rəqs və intellektual oyun dərnəkləri yaradılıb.

Prezident İlham Əliyev Mərkəzin binasını gəzərək yaradılan şəraitlə tanış oldu və müvafiq tapşırıqlarını verdi.

---------

10:52

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində şəhərin mərkəzində yerləşən Nikah evinin binasının açılışını edib.

Məlumat verildi ki, bu bina 2005-ci ildə sosial təyinatlı obyekt kimi inşa edilib. Bina əsaslı təmir və yenidənqurma işlərindən sonra Nikah evi kimi fəaliyyət göstərir. Ümumi sahəsi 448 kvadratmetr olan binada regionun ən böyük təntənəli mərasim zalının olması nikah bağlayanlar üçün müxtəlif tədbirlərin təşkili ilə bağlı geniş imkanlar açır. Nikaha daxil olmaq istəyən şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinəsi və onlara tibbi arayışın verilməsi digər tibb müəssisələrinə müraciət edilmədən bilavasitə burada həyata keçiriləcək. Həmçinin burada nikahı qeydiyyata alınanlar üçün otaq ayrılıb, təntənəli mərasimlərin təşkilinə və əməkdaşlara lazımi şərait yaradılıb.

------------

10:38

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Prezident İlham Əliyevə abidənin ətrafında yaradılan şərait barədə məlumat verdi.

X X X 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmazda Bayraq Meydanında və Bayraq Muzeyində yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, Bayraq Meydanının və Bayraq Muzeyinin binasının inşasına 2014-cü ildə başlanılıb və tikinti işləri 2015-ci ildə başa çatdırılıb. Bayraq Meydanında və muzey binasında inşaat işləri rayonun daxili imkanları hesabına həyata keçirilib.

Ümumi ərazisi bir hektar olan Bayraq Meydanında hündürlüyü 85 metr olan bayraq dirəyi ucaldılıb, tikintialtı sahəsi 240 kvadratmetr olan fəvvarə tikilib, 5360 kvadratmetr sahədə yaşıllıq salınıb, dekorativ ağac və gül kolları əkilib, 4020 kvadratmetr sahəyə üzlük daş döşənib, müasir suvarma və işıqlandırma sistemləri yaradılıb.

Ərazidə tikintialtı sahəsi 320 kvadratmetr olan 1 ekspozisiya zalı, 2 köməkçi açıq eyvan və diametri 11 metr olan gümbəzdən ibarət Bayraq Muzeyi inşa edilib.

Tikinti ərazisində 250 kvadratmetr yaşıl mərmərdən, bayraq dirəyinin təməlində 70 kubmetr dəmir-betondan istifadə olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.