Siyasət

ABŞ-Azərbaycan əlaqələri: təhlil və proqnozlar

2 Aprel 2016 08:45
Baxış: 2 087

Azərbaycan prezidenti İlham Əliyevin ABŞ prezidenti Barak Obamanın dəvəti ilə IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməsi və ABŞ-da keçirdiyi ikitərəfli görüşlər bir çox rəsmilər və ekspertlər tərəfindən iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin, inkişaf edən dostluq və tərəfdaşlığın daha da güclənməsinin başlanğıcı kimi dəyələndirilir.

Niyə dövlət başçısının Azərbaycanla 25 illik əlaqələrə malik, ölkəmizin iqtisadiyyatına 10 milyard dollardan çox investisiya yatırmış ABŞ-a səfərini yeni mərhələnin başlanğıcı adlandırırlar?

Məncə, ABŞ-Azərbaycan əlaqələrini 3 mərhələyə bölmək olar. İlkin mərhələni Azərbaycanın müstəqillik qazanmasından sonra ABŞ-ı dünyada hələ söz sahibi ola bilməyən, öz sözünü deməmiş yeni yaranmış dövlətə müxtəlif səbəblərdən təzyiqləri ilə səciyyələndirmək olar. Daha sonra iqtisadi-siyasi əməkdaşlığın genişləndirilməsi fonunda Azərbaycana qarşı nisbi loyallıq hiss edilməyə başladı. 2001-ci ildə əkiz qüllələrin partladılması ilə terrorun acısını canında hiss edən ABŞ özünə tərəfdaş axtarışına çıxdı və Azərbaycan bu siyahıda tərəfdaşlığını strateji səviyyəyədək yüksəldə bildi.

Həmin ərəfələrdə ABŞ-ın və iri maliyyə qurumlarının təməlindən Azərbaycanın durduğu böyük enerji layihələrini dəstəkləməsi və onların gerçəkləşməsini növbəti mərhələ hesab edilə bilər. Lakin bundan sonra münasibətlərdə bir qədər soyuqluq müşahidə edilməyə başladı ki, bu da son aylara qədər davam edirdi. Son dövr yenə də "dünyanın ağası"nın "Odlar yurdu"na öz iradəsini diktə etmə cəhdləri və subyektiv yanaşmaları və rəsmi Bakının sərt əks-reaksiyası ilə yadda qaldı. Prezident İlham Əliyevin Vaşinqtona son səfəri isə göstərdi ki, bu soyuqluq getdikcə aradan qalxmaqda, bir çoxlarının gözləntilərinin əksinə olaraq buzlar əriməkdədir.

Prezident İlham Əliyevin Vaşinqtona son səfəri isə bir neçə aspekti ilə diqqəti çəkdi. Əvvəla, Azərbaycanın Nüvə Təhüləkəsizliyi Sammitinə dəvət alması və dövlət başçımızın orada iştirakı ölkəmizin dünya siyasi arenasındakı rolunun yüksəkliyini, onun nüvə təhlükəsizliyi məsələsində oynadığı moderatorluq funksiyasının nə dərəcədə əhəmiyyətli olduğunu bir daha təsdiq etdi.

İkincisi, dövlət başçısı sammit çərçivəsində bir sıra, xüsusən də ABŞ nümayəndələri ilə ikitərəfli görüşlər keçirdi. O, ABŞ-ın dövlət katibi Con Kerri, vitse-prezident Co Bayden, ticarət naziri Penni Pritzker, eləcə də bir sıra konqresmen, nüfuzlu yəhudi təşkilatlarının rəhbərləri, işgüzar dairələrin böyük nümayəndələri, Karneqi Fondunun prezidenti, nüfuzlu ictimai xadimlər və başqaları ilə görüşlərdə bir sıra mühüm əhəmiyyət daşıyan məsələləri müzakirə etdi.

Bu görüşlərdə, əsasən, Azərbaycanın ABŞ-la siyasi, iqtisadi-ticari əlaqələrinin inkişafı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin bir daha Amerika ictimaiyyətinin diqqətinə çatdırılması və ölkəmizin milli-dini tolerantlıq modelinin, buradakı multikulturalizmin təbliği əsas prioritet təşkil edirdi.

Azərbaycan prezidenti ABŞ-ın dövlət katibi Con Kerri və vitse-prezidenti Co Bayden və ticarət naziri Penni Pritzkerlə keçirilən görüşlər, aparılan müzakirələr və səslənən bəyanatlardan görünür ki, münasibətlərdəki gizli gərginlik səngimək üzrədir və tərəflər növbəti mərhələyə və hədəflərə doğru birgə irəliləmək əzmindədirlər. Bu mənada Azərbaycanın dövlət başçısının Con Kerri ilə görüşündən sonra Dövlət Departamentinin yaydığı bəyanatda dövlət katibinin ABŞ-ın Azərbaycanda demokratiya və insan haqları məsələsində atılan müsbət addımları yüksək qiymətləndirdirməsi diqqətəlayiq məqamlardandır.

Bir neçə səbəbdən ehtimal etmək olar ki, bundan sonra ABŞ-ın rəsmi Bakıya siyasi münasibəti dəyişəcək və Azərbaycanda həyata keçirilən modernləşdirməyə və islahatlara dəstək verəcək. Bu səbəblər sırasında rəsmi Bakının iqtisadi-siyasi liberallaşma istiqamətində atdığı addımları göstərmək olar. Belə bir dəstəyin alınması Azərbaycan üçün vacibdir. Azərbaycan xarici siyasətdə həmişə balansı gözləməyi bacardığından çox güman ki, digər ölkələrdən fərqli olaraq, bu istiləşmə bölgənin nüfuz dairəsini əlində saxlamağa çalışan Rusiyada da qıcıq doğurmayacaq.

Bunun iki ölkə arasında regional təhlükəsizlik və terrorla mübarizə, eləcə də hərbi sahədə əməkdaşlığın və məsləhətləşmələrin daha da genişləndirilməsi məsələlərində, həmçinin Azərbaycanın balanslı şəkildə NATO ilə münasibətlərinin daha yüksək səviyyəyə qaldırılmasına da təkan verəcəyini düşünmək olar.

Eyni zamanda, yeni siyasi format ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətini də dəyişə bilər. Təbii ki, burada digər dövlətlərin də marağının olmasını, eləcə də Ermənistanın işğal müddətini süni şəkildə uzatmaq istəməsini nəzərə almaq lazımdır. Lakin hər halda ABŞ-ın problemin həllində daha fəal olacağını, ən azından Barak Obama adminstrasiyası tərəfindən ABŞ-dakı növbəti prezident seçkilərinədək müəyyən addımlar atılacağını gözləmək olar.

Ən böyük gözləntilər isə iqtisadi sahədə, xüsusən də enerji təhlükəsizliyi və nəqliyyat sektorunda əməkdaşlığın inkişafı, bu sahədə həyata keçirilən layihələrin gerçəkləşməsi və miqyasının genişlənməsi ilə bağlıdır. Müzakirələrdə, ilk növbədə, Cənubi Qaz Dəhlizi məsələsinə önəm verilməsi bunu bir daha sübut edir. İ.Əliyevin ABŞ-ın ticarət naziri və maliyyə qurumlarının rəhbərləri ilə görüşünü və orada müzakirə edilən məsələlərin qabardılmasını isə yaxın zamanlarda amerikalıların Azərbaycana növbəti investisiya axınının işartıları hesab etmək olar.

Təsadüfi deyil ki, dövlət katibi Con Kerri prezident İlham Əliyevlə görüşündə ABŞ-ın Azərbaycanın regionda ticarət mərkəzinə çevrilmək istiqamətində göstərdiyi səyləri dəstəklədiyini deyib.

İlkin İzzət
Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.