Siyasət

Prezident İlham Əliyev: "Biz istəmirik kimsə bizim işimizə qarışsın" - YENİLƏNİB - FOTO

17 Sentyabr 2015 23:49
Baxış: 5 888

23:49

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Ağsuya içməli suyun verilməsi mərasimində iştirak edib.

Dövlətimizin başçısı "milli su təchizati və kanalizasiya xidmətləri üzrə ikinci layihə" çərçivəsində həyata keçirilən Ağsu rayonunda su təchizatı, çirkab su sistemləri və çirkab su təmizləyici qurğunun tikintisi" layihəsi ilə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verən "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirdi ki, Ağsu şəhərinin içməli suya tələbatını təmin etmək üçün suyun Külüllü ərazisində Girdimançayın məcrası altından və Ağsuçayın yuxarı hissəsində mövcud olan quzey bulaqlarından götürülməsi nəzərdə tutulub. Külüllü ərazisində dəniz səviyyəsindən 175 metr yüksəklikdə yerləşən mövcud su qəbuledici qurğudan içməli suyun borularla qəbul edilərək Ağsu şəhərinə və rayonun 8 kəndinə ötürülməsi məqsədi ilə həmin ərazidə məhsuldarlığı 52,5 litr/saniyə olan nasos stansiyası və magistral boru kəməri, o cümlədən nasos stansiyasından təzyiq tənzimləyici anbarına qədər magistral təzyiqli boru kəməri tikilib. Bundan başqa Ağsu rayonunun Padar, Gursulu, Kalağaylı, Yenilik, Pirhəsənli və Elabad kəndlərinin 5260 nəfər əhalisini içməli su ilə təmin etmək üçün magistral boru kəmərindən su çıxışı verilib. Eyni zamanda, su şəbəkəsindən rayonun Təklə və Muradlı kəndlərinin 1080 nəfər əhalisini içməli su ilə təmin etmək üçün su çıxışı da hazırdır.

Bildirildi ki, Ağsuçayın yuxarı hissəsində yerləşən quzey bulaqlarından Ağsu şəhərinə 2010-cu ildə Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına magistral su ötürücü xətti rayon icra hakimiyyəti tərəfindən inşa edilib. Quzey bulaqlarından həmin boru xətti ilə nəql edilən içməli su layihə çərçivəsində əsaslı təmir edilərək müasir avadanlıqla təchiz olunan 500 kubmetrlik su anbarına nəql olunur və buradan əhaliyə paylanır. Bundan əlavə, layihə üzrə təzyiq tənzimləyici və paylayıcı anbarlar inşa olunub, Ağsu şəhərindəki daha bir su anbarı əsaslı təmirdən sonra müasir standartlara cavab verən yeni avadanlıqla təchiz edilib.

Dövlətimizin başçısına məlumat verildi ki, artıq layihə üzrə müxtəlif diametrli içməli və magistral su xətləri, o cümlədən şəbəkə su xətti çəkilib və bunun üzərində 5493 ev birləşməsi və 481 yanğın hidrantı quraşdırılaraq nəzərdə tutulan işlər yekunlaşıb. Abonentləri içməli su ilə təmin etmək üçün 5020 sayğacın quraşdırılması başa çatdırılıb. Bundan əlavə, müxtəlif diametrli kanalizasiya xətləri, o cümlədən kollektor xətti çəkilib. Kanalizasiya şəbəkə xətləri üzərində 5301 ev birləşməsi və 3136 baxış quyusu quraşdırılıb. Çirkab su təmizləyici qurğunun tikintisi üçün Muradlı kəndinin ərazisində torpaq sahəsi ayrılıb və hazırlıq işlərinə başlanılıb. Çirkab su təmizləyici qurğusundan çıxan təmizlənmiş suyun mövcud Ağsu kollektoruna axıdılması nəzərdə tutulub.

Sonra Prezident İlham Əliyev Ağsu ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi:

- Bu gün biz çox əlamətdar hadisəni birlikdə qeyd edirik. Ağsu rayonunun içməli su layihəsi artıq başa çatır və nəhayət, bu problem öz həllini tapır. Artıq şəhərə təmiz, gözəl mənbədən içməli su verilir və hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Çünki siz də yaxşı bilirsiniz, mən də bilirəm ki, Ağsunun içməli su problemi həmişə çox ciddi problem kimi qalmışdı. Yadımdadır, birinci dəfə Prezident kimi Ağsuya gələndə vətəndaşlar bu məsələni qaldırmışdılar ki, içməli suyun keyfiyyəti çox aşağıdır və insanların sağlamlığına mənfi təsir göstərir. O vaxt müəyyən tədbirlər görüldü. Ancaq bu gün Ağsu şəhərinin içməli su problemi əsaslı şəkildə tam həll olunur. Təmiz mənbədən keyfiyyətli içməli su verilir. Kanalizasiya layihəsi də başa çatmaq üzrədir. Mənə verilən məlumata görə, gələn il bu layihə də başa çatacaq.

Eyni zamanda, bu içməli su layihəsi çərçivəsində bir neçə kəndə də suyun verilməsi nəzərdə tutulur. Gələcəkdə əlbəttə ki, başqa kəndlərə də içməli suyun verilməsi nəzərdə tutulmalıdır. İçməli su insanların sağlamlığı üçün əsas şərtdir və əminəm, indi yaradılan bu şərait imkan verəcək ki, insanlar daha da sağlam olsunlar. Xüsusilə, gənclər, yetişən gənc nəsil sağlam böyüyəcək. Çünki içməli su, təmiz hava, keyfiyyətli ərzaq məhsulları, tibbi xidmət, fiziki hərəkət və əlbəttə ki, sağlam həyat tərzi insanların sağlamlığı üçün əsas amillərdir. Onların da demək olar ki, hamısı indi Ağsuda var. Yalnız xəstəxana çatışmır. Keçən dəfə mən burada olanda stadion açıldı. Bu gün isə idman mərkəzi açılıb, şəhərə içməli su verilir. Mən artıq buradan Səhiyyə Nazirliyinə tapşırıq verirəm ki, xəstəxananın tikintisini sürətləndirsinlər. Tezliklə o da sizin sərəncamınıza veriləcək.

Ağsu sakini Akif Mirzəyev dedi: Çox sağ olun, cənab Prezident. Allah Sizdən razı olsun. Bu gün Siz suyun verilməsi mərasimində iştirak edirsiniz. Ömrünüz su qədər uzun olsun. Minnətdarıq. Allah Sizi qorusun.

Prezident İlham Əliyev : Sağ olun.

Ağsu rayonunun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edən Şəfəq Balıyeva dedi: Möhtərəm cənab Prezident, icazə verin bir-iki kəlmə də mən öz ürək sözümü bildirim. Bu gün dünya çox çətin dövr yaşayır. İstər təbii fəlakətlər, istər hərbi münaqişələr. Mən bütün Azərbaycan xalqı adından cəsarət edib çox xoşbəxt olduğumuzu bildirmək istəyirəm ki, bizim Sizin kimi sipərimiz, Prezidentimiz var və biz arxayın, aramla öz zəhmətkeş həyatımızı sürdürürük. Allah Sizi qorusun ki, Siz də bizi qoruyasınız.

Prezident İlham Əliyev: Çox sağ olun. Ağsu rayonunun uğurlu inkişafı məni çox sevindirir. Çünki mən artıq dördüncü dəfədir ki, Prezident kimi rayona səfər edirəm və görürəm çox böyük inkişaf var. Abadlıq, quruculuq işləri, sosial məsələlər öz həllini tapır, müəssisələr yaradılır. Burada böyük bir şirə zavodu istifadəyə verilmişdir, indi müxtəlif ölkələrə öz məhsullarını ixrac edir. Kənd təsərrüfatı inkişaf edir. Son vaxtlar yaratdığımız iri fermer təsərrüfatları arasında Ağsu rayonunda olan təsərrüfat məhsuldarlığa görə birinci yerdədir, rekord göstəricidir. Sizi təbrik edirəm.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Taxılçılıqda orta məhsuldarlıq bu gün Azərbaycanda ilk dəfə olaraq 30 sentnerdən yuxarıdır. Ağsuda təqribən 35 sentnerdir. Amma iri fermer təsərrüfatında bu, 50 sentnerdir. Bu, görünməmiş nailiyyətdir, yüksək nəticədir. Biz bu təcrübəni gərək başqa təsərrüfatlarda da tətbiq edək ki, daha da bol məhsul yetişdirək. Çünki insanların məşğulluğu, ərzaq təhlükəsizliyi, ümumiyyətlə, iqtisadi inkişaf üçün kənd təsərrüfatı xüsusi yer tutur.

Biz neft siyasətində bütün lazımi işləri gördük. Bu gün ölkəmiz, xalqımız üçün onilliklər bundan sonra imkan yaradan "Cənub" qaz dəhlizi layihəsini icra edirik. İnfrastruktur layihələri demək olar ki, başa çatır. Bax, bugünkü layihə bunun bariz nümunəsidir. Kənd yolları tikilir. Mən bu gün Kürdəmir-Ağsu yolunu açmışam, o yolla gəlmişəm. Bakı-Şamaxı-Ağsu yolu. Bu da həll olunub. "Azərişıq" burada elektrik təsərrüfatının yenilənməsi ilə məşğuldur. Qazlaşdırma gedir. Mənə söz veriblər ki, Ağsuda qazlaşdırma ilin sonuna qədər 90 faizə çatacaq. Bu da tarixi nailiyyətdir. Bundan sonra yerli istehsal, kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı bizim üçün prioritet olmalıdır. Çünki bizim üstünlüyümüz ondadır ki, bizdə əhali artır. Demək olar ki, qonşu ölkələrin bir neçəsində demoqrafik tənəzzül yaşanır, xüsusilə Ermənistanda. Artıq orada yaşayanların sayı kəskin şəkildə aşağı düşüb. Ona görə ki, böyük köç var, orada insanlar artıq o şəraitə dözmürlər. Digər tərəfdən, təbii artım yoxdur. Ancaq bizdə əhali artır. Bu, bizim üstünlüyümüzdür və çox böyük üstünlükdür. Amma bununla bərabər, bizim iqtisadiyyatımız da buna uyğun şəkildə artmalıdır. Hər il Azərbaycanda əhalinin sayı təqribən 100 min nəfər artır, bəlkə də çox. Gələcəkdə daha da çox artacaq. Ona görə, bizim iqtisadiyyatımız buna uyğun şəkildə inkişaf etməlidir. Son illərdə 1 milyondan artıq yeni iş yeri yaradılıb. Ancaq bu, daimi proses olmalıdır. Ona görə, yeni əkin sahələrinin dövriyyəyə buraxılması, Taxtakörpü, Şəmkirçay kimi böyük su anbarlarının tikintisi, digər kiçik anbarların inşası kənd təsərrüfatının inkişafına dəstək olacaq. Çünki məşğulluq artmalıdır, işsizlik tam aradan qaldırılmalıdır və insanlar daha da yaxşı yaşamalıdırlar.

Gələcəkdə elə məhsul istehsal olunmalıdır ki, biz o məhsulu istənilən xarici bazara ixrac edə bilək. Sizin Ağsudakı zavodun məhsulları kimi. Belə zavodlar çox olmalıdır. Azərbaycan dünyaya özünü böyük həcmdə ərzaq istehsal və ixrac edən ölkə kimi də təqdim edəcək. Bu halda iqtisadi inkişaf dayanıqlı olacaq. Bizim iqtisadiyyatımız neftin qiymətindən daha da az asılı olacaq. Çünki indi dünyada gedən maliyyə-iqtisadi böhranı istər-istəməz bizə də təsir edir. Neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb. Amma biz bütün sosial layihələri icra edirik, biri də dayanmayıb. Bu gün göstəriş vermişəm ki, xəstəxana da tezliklə tikilib istifadəyə verilsin.

İnfrastruktur layihələri icra edilir, ölkəyə investisiyalar qoyulur. Azərbaycan dünyada yaşanan bu çətin dövrdə də nümunə göstərir. Ona görə də təsadüfi deyil ki, bu gün Azərbaycanın uğurlu inkişaf modeli haqqında məqalələr yazılır. Əminəm ki, yaxın gələcəkdə elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə ediləcək. Azərbaycan möcüzəsi, doğrudan da möcüzədir. Belə bir geosiyasi vəziyyətdə inkişaf etmək, sabitliyi möhkəmləndirmək, ölkəni qabağa aparmaq doğrudan da Azərbaycan xalqının böyük qəhrəmanlığıdır.

Görün bu gün dünyanın müxtəlif yerlərində nələr baş verir. Bir il bundan əvvəl bunların heç biri yox idi. Qanlı toqquşmaların sayı artır, coğrafiyası genişlənir. Bu qarşıdurmaya, müharibələrə yeni ölkələr qoşulur. Avropada böhran yaşanır. Mən artıq demişəm, bu, daha çox mənəvi böhrandır. Qaçqınlara münasibətdə bu ayrı-seçkilik, bu pis rəftar heç bir çərçivəyə sığmır. Özləri prinsiplər, dəyərlər bəyan ediblər. Başqa ölkələrin daxili işlərinə qarışmaq üçün bunu bayraq edib hər yerdə bəyan edirlər. Onda bu prinsipləri öz ölkənizdə də göstərin. Qadınları, uşaqları, qocaları döyürlər, onlara işgəncə verirlər. Bu insanların nə günahı var?! Ayrı-seçkilik göstərirlər, deyirlər ki, müsəlman qaçqınları buraxmayacağıq, bu nə deməkdir?! Bu faşizmdir, irqçilikdir, ksenofobiyadır. Yenə də Avropada faşizm baş qaldırır?! Axı faşizm bir bəla kimi müsəlman aləmində yaranmayıb. Biz yaxşı bilirik ki, harada yaranıb. Yəni, bunu unutdurmaq istəyirlər. İkinci Dünya müharibəsi haqqında Qərbdə qəsdən təhrif edilmiş informasiyalar gedir. Sovet xalqının, o cümlədən Azərbaycan xalqının iştirak etdiyi o müharibədə sovet ordusunun qəhrəmanlığını aşağılamaq istəyirlər. Televiziyada, internetdə gördüyümüz bu mənzərə yenə də o günləri bizə xatırladır. Yenə də faşizm baş qaldırır? Yenə də insanları təbəqələrə, millətlərə, dinlərə bölürlər? Ona görə islamofobiya çox böyük təhlükədir. Bu, bizim üçün təhlükədir. Çünki biz müsəlmanıq. Onlar üçün də təhlükədir.

Bu qarşıdurma həm ideoloji qarşıdurmadır, həm təbii resurslar uğrunda gedən mübarizədir, müharibədir və təsir imkanlarını genişləndirmək üçün qarşıdurmadır. Ona görə, biz buna hazır olmalıyıq və hazırıq. Biz bütün tədbirləri vaxtında gördük. Qoymadıq ki, yad qüvvələr, bizim inkişafımızı istəməyən qüvvələr Azərbaycanda kök salsın. O kökü biz kəsdik. Kəsdiyimiz üçün də bizə qarşı indi olmazın iftiraları uydurulur. Amma biz buna hazırıq. Əsas odur ki, Azərbaycan inkişaf etsin, insanlar sülh, əmin-amanlıq, sabitlik şəraitində yaxşı yaşasınlar. Azərbaycan burada həm iqtisadi, həm siyasi, həm mənəvi cəhətdən bütün dünyaya nümunə göstərir. Axı Azərbaycan çoxmillətli ölkədir. Azərbaycanda bütün millətlər bir ailə kimi yaşayır, heç bir ayrı-seçkilik yoxdur. Müxtəlif dinlərin nümayəndələri qardaşlıq şəraitində yaşayırlar.

Mən dəfələrlə demişəm, bizim aramızda heç bir ayrı-seçkilik ola bilməz. Dinindən, millətindən asılı olmayaraq hamımız Azərbaycan vətəndaşlarıyıq, hamımızın eyni, bərabər hüquqları var. Budur normal həyat tərzi. Əslində, bizim yaşadığımız bu mühit normal həyat tərzidir. Ancaq görün indi başqa yerlərdə nələr baş verir. Ona görə, mən əminəm ki, Azərbaycan modeli öyrəniləcək və nümunə kimi göstəriləcək. Biz əlbəttə, öz işimizi ona görə qurmamışıq ki, kiminsə xoşuna gələk, yaxud da kimsə bizdən örnək götürsün. Biz bunu özümüz üçün edirik. Biz istəmirik kimsə bizim işimizə qarışsın. Yəni, kənardan oturub Azərbaycana mühazirə oxumaq istəyən məgər bizi bizdən daha çox istəyir? Təbii ki, yox. İstəyir ki, burada təsir imkanları genişlənsin, Azərbaycanı müxtəlif təxribatlara sövq etsin, cəlb etsin, təhrik etsin.

Biz bu təxribatlara getmirik. Getməyəndə də onlar üçün pis oluruq. Eybi yoxdur, qoy onlar üçün pis olaq. Əgər onlar bizi tənqid edirlərsə, deməli, biz düzgün yoldayıq. Bu da var. Azərbaycan xalqı güclü xalqdır, bütün təzyiqlərə dözür, dözəcək, öz sözünü deyir, heç bir yalanı cavabsız qoymur, qoymayacaqdır və bütün dünyaya sübut edir ki, bizimlə ancaq dostluq münasibətləri qurmaq olar. Biz buna hazırıq. Əgər onlar hazırdırlarsa, biz də hazırıq. Əgər yox, onda, necə deyərlər, səninki səndə, mənimki məndə.

X X X

Daha sonra xatirə şəkli çəkdirildi.

Sonda Prezident İlham Əliyev Ağsu şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

* * * 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycanın dövlət siyasətinin sosial yönümlülüyü görülən hər bir işdə, icra olunan hər bir layihədə özünü büruzə verir. Uzun illər boyu təmir olunmadığına görə yararsız vəziyyətə düşmüş kənd yollarının abadlaşdırılması bunun əyani sübutudur. Hər bir yaşayış məntəqəsinin abadlığının əsas şərti onun yolunun rahat olmasıdır. İndi ölkənin demək olar ki, əksər regionlarında kənd yollarının təmiri və yenidən qurulması prosesi davam edir. Bu proses Kürdəmir rayonundan da yan keçməyib. İndiyədək rayonun bir çox yaşayış məntəqələrini birləşdirən yollar müasir vəziyyətə gətirilib. Növbəti yenidənqurma işləri Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunda həyata keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov məlumat verdi ki, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisinə dövlətimizin başçısının 2012-ci il 7 mart tarixli Sərəncamına əsasən başlanılıb və bu məqsədlə Prezidentin ehtiyat fondundan 3 milyon manat, yol tikinti işlərinin tam başa çatdırılması üçün əlavə 4 milyon manat vəsait ayrılıb. İlkin mərhələdə yolun tikintisi keyfiyyətsiz aparıldığına görə sonradan "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla davam etdirilib. Avtomobil yolunun ümumi uzunluğu 28 kilometr, eni 8-10 metrdir. Yolda lazım olan bütün infrastruktur quraşdırılıb.

Sonra Prezident İlham Əliyev burada sakinlərlə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Yenidən Kürdəmir rayonunda olmağımdan çox məmnunam. Birinci dəfə deyil ki, Kürdəmirə gəlmişəm. Əvvəlki səfərlərdə də bərabər olmuşuq, müxtəlif tədbirlərdə iştirak etmişik. Bir neçə gözəl hadisə baş vermişdi - Kürdəmir Olimpiya İdman Kompleksinin açılışında, Mərkəzi Rayon Xəstəxanasının təmirdən sonra istifadəyə verilməsində, digər obyektlərin açılışlarında iştirak etmişəm. Bu gün isə kənd yolunun açılışıni qeyd edirik. Artıq bir müddətdir ki, əhali bu yoldan istifadə edir. Amma bu gün bu yolun rəsmi açılışı günüdür. Çox gözəl layihədir və şadam ki, nəhayət, bu kənd yolu tikilibdir. Vəsait Prezident tərəfindən 3 il bundan əvvəl ayrılmışdır. Ancaq əfsuslar olsun ki, əvvəlki rəhbərlik bu işə o qədər də böyük məsuliyyətlə yanaşmamışdır və yol keyfiyyətsiz tikilmişdir. Mənə məlumat çatdırılandan sonra göstəriş verildi və yeni rəhbərlik bu işlərlə çox ciddi məşğul oldu, bütün nöqsanlar aradan götürüldü. O nöqsanları buraxan şəxslər özləri də bərpa işlərində iştirak etmişlər və nəticədə bu yol artıq bütün yüksək standartlara cavab verir.

Kənd yollarının tikintisi Azərbaycanda, ümumiyyətlə, geniş vüsət almışdır. Bir çox hallarda yollar keyfiyyətli tikilir, amma keyfiyyətsiz yollar da hələ ki, var. Ona görə, bu məsələyə daim diqqət göstəriləcəkdir. Büdcədən, Prezidentin ehtiyat fondundan vəsait ayrılır, amma yerlərdə insanlar gərək buna məsuliyyətlə yanaşsınlar.

Kənd yollarının tikintisi indi yerli icra orqanları tərəfindən həyata keçirilir. Burada əlbəttə ki, ictimai nəzarət də güclü olmalıdır. Mənə icra başçısı məlumat verir ki, o, bura təyin olunandan sonra insanlar bu yolla bağlı çoxsaylı şikayətlər etmişlər. Yəni, ictimai nəzarət budur. Əgər insanlar bu məsələni qaldırmasaydılar, mən heç bilməyəcəkdim. Amma bu gün bu yol lazimi səviyyədə tikilib, istifadəyə verilir və hər yerdə də belə olmalıdır.

Bu gün məni eşidən bütün icra orqanlarının nümayəndələri bilməlidirlər ki, hər bir sahədə ciddi nəzarət var və ən güclü nəzarət ictimai nəzarətdir. Siz, burada yaşayan insanlar görəndə ki, hər hansı bir ədalətsizlik var, keyfiyyətsiz yollar salınır, yaxud da başqa xoşagəlməz hallar baş verir, əlbəttə, siqnal verməlisiniz, ilk növbədə, yerli icra orqanlarına, əgər nəticə olmasa, mərkəzi icra orqanlarına. Beləliklə, Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır. Mən dəfələrlə bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim gördüyümüz bütün işlər xalqın maraqlarına xidmət edir. Bu yolların çəkilişi, infrastruktur layihələrinin icrası da bu məqsədi güdür - hər şey insanlar üçün, Azərbaycan xalqı üçün. İstəyirəm ki, hər bir yerdə, hər bir rayonda yaxşı yollar, yaxşı tibbi xidmət, gözəl məktəblər olsun ki, insanlar bundan istifadə edib rahat yaşasınlar.

İnfrastruktur layihələrinə gəldikdə, Kürdəmir rayonunda içməli su layihəsi artıq başa çatıb və şəhərə fasiləsiz keyfiyyətli içməli su verilir. Bu, böyük hadisədir. Çünki uzun illər içməli su problemi çox ciddi problem kimi qalmışdı. Bu məsələ öz həllini tapdı. Gözəl, təmiz mənbədən su xətləri çəkilib və şəhərdə indi heç bir problem yoxdur.

Kanalizasiya ilə bağlı işlər də davam etdirilir və yəqin ki, bu layihə 2016-2017-ci illərdə başa çatacaq. Beləliklə, bu ciddi problem də aradan qalxacaqdır.

İçməli su insanın sağlamlığı üçün əsasdır. İndi bütün bölgələrdə içməli su, kanalizasiya layihələri icra edilir. Bu, çox ciddi məsələdir və bu, sırf sosial xarakter daşıyır. Çünki bu layihələrə qoyulan vəsait dövlətə heç vaxt qayıtmayacaq. Çünki bizdə su tarifləri çox aşağı səviyyədədir və görülən bütün bu işlər ancaq insanların sağlamlığı, rahat yaşamaları üçün nəzərdə tutulur.

Digər infrastruktur layihələri icra edilir. Kürdəmir rayonunda qazlaşdırma yaxşı gedir. Söz verilib ki, ilin sonuna qədər qazlaşdırma təxminən 90 faizə çatacaq. İndi bir çox kəndlərdə işlər görülüb, davam edir. Bu da mənim göstərişimlə icra edilən layihələrdir. Azərbaycanın hər bir yerində qaz xətləri çəkilir. Elektrik enerjisi, qaz, içməli su, kənd yolları - bunlar əsas infrastruktur layihələridir. Magistral yollar da çəkilir.

Bu gün Bakıdan gəlirəm. Bakı-Kürdəmir yolu artıq genişlənir. Vaxtilə Hacıqabuldan Kürdəmirə qədər ikizolaqlı yol çəkmişik. Bir neçə il bundan əvvəl onun açılışında iştirak etmişəm. Sonra göstəriş verdim ki, bunu dördzolaqlı edək. Çünki ikizolaqlı yol bir az təhlükəlidir, xüsusilə gecə vaxtlarında. Dördzolaqlı olanda təhlükəsizlik tam təmin edilir, insanlar rahat gedə bilərlər. İndi yolun böyük hissəsinin tikintisi artıq başa çatıb. Bakıdan Gürcüstan sərhədinə qədər bizim bütün bu İpək yolumuz dördzolaqlı olacaqdır.

Bu gün İmişli-Kürdəmir-Ağsu yolunun açılışını da qeyd edəcəyik. Magistral yollar, bizi başqa ölkələrlə birləşdirən yollar, şəhərlərarası və kənd yolları - bunlar üç əsas yol layihəsidir.

Beləliklə, nəzərdə tutduğumuz bütün proqramlar icra olunacaq. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Bildiyiniz kimi, bu il "Kənd təsərrüfatı ili" elan edilibdir. Kənd təsərrüfatında çox yaxşı nəticələr var. Tarixdə ilk dəfə olaraq, biz taxılçılıqda hektardan 30-31 sentner məhsul əldə edə bilmişik. Yəni, kənd təsərrüfatı ilə məşğul olanlar yaxşı bilirlər ki, heç vaxt belə nəticələr olmamışdır. Nəyə görə? Müasir texnologiyalar tətbiq olunur, gübrələr verilir. İndi subsidiyaların verilməsində şəffaflıq təmin edilir, texnika alınır, lizinq yolu ilə verilir. Əlbəttə ki, biz ən mütərəqqi təcrübəni öyrənməliyik. Eyni zamanda, iri fermer təsərrüfatları da yaradılır. İri fermer təsərrüfatlarında isə məhsuldarlıq daha da yüksəkdir - hektardan 50-60 sentner. Görün, Azərbaycanda nə vaxt belə nəticələr olub? Hektardan 50-60 sentner ən inkişaf etmiş ölkələrdə olan göstəricidir. Bizim indi 20-yə yaxın iri fermer təsərrüfatımız var. Burada minlərlə insan işləyir. Müasir səviyyə yaradılıbdır və beləliklə, mövcud torpaqlar hesabına biz öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edə bilərik.

Əlavə tədbirlər görüləcək. Suvarılan torpaqların əraziləri genişlənir. Bilirsiniz ki, böyük su anbarları, kanallar tikilir. Kürdəmir rayonunda da kənd təsərrüfatının inkişafı üçün əlavə tədbirlər görüləcək. Mən bilirəm ki, buna ehtiyac var. Kanallar tikilməlidir. Bu işlər də bizim planlarımızdadır. Çünki bu gün dünyada ərzaq təhlükəsizliyi ön plana çıxır və getdikcə bu problem daha da kəskinləşəcək. Çünki dünyada əhali artır, amma torpaq sahələri arta bilmir. Ona görə, hər bir ölkə məşğul olmalıdır. Biz xaricdən niyə ərzaq məhsulları almalıyıq?! Biz özümüz istehsal etməliyik, özümüz xaricə satmalıyıq. İndi bəzi məhsullar üzrə buna nail olmuşuq, amma hələ ki, idxaldan asılılığımız var. Fermerlər, kəndlilər üçün şərait yaradılır ki, onlar həm dolansınlar, pul qazansınlar, həm də bizim əhalimizi keyfiyyətli yerli məhsullarla təmin etsinlər. Əgər infrastruktur layihələri olmasa bunu etmək mümkün deyil. Yol olmasa indi biznes necə inkişaf edə bilər?! Qaz, elektrik, su, suvarma olmasa kənd təsərrüfatı necə inkişaf edə bilər?! Ona görə bu məsələlərə kompleks şəkildə yanaşanda nəticələr də əldə olunur.

Hələ 2004-cü ildə birinci regional inkişaf proqramı qəbul olunanda bu məqsədlər qarşıya qoyulub. İndi üçüncü proqram icra edilir, 2018-ci ildə başa çatacaq. Düzdür, indi müəyyən mənada bizim gəlirlərimiz azalır. Özünüz yaxşı bilirsiniz ki, neftin qiyməti düşüb, bu da təbiidir. Ancaq buna baxmayaraq, ölkə iqtisadiyyatının inkişafı, sosial məsələlərin həlli ilə bağlı bütün layihələr icra edilir və gələn ilin büdcəsində də kənd təsərrüfatının inkişafına, sosial məsələlərin həllinə kifayət qədər vəsait ayrılacaq. Bizim maliyyə vəziyyətimiz sabitdir. Öz gücümüzə güvənirik, arxalanırıq. Xarici borcumuz da çox aşağı səviyyədədir. Biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Ona görə ödəmirik ki, buna ehtiyac yoxdur. Hələ ki, kreditlərdən istifadə edirik, amma kreditlərsiz də yaşaya bilərik. İndi ikinci belə ölkə tapılarmı ki, bir gündə xarici borcunu ödəyə bilsin? Çətin.

Bəzi ölkələrin xarici borcu ümumi daxili məhsuldan çoxdur. Yəni, onlar borc içində yaşayırlar və borcun üstünə borc gəlir. Nəticə etibarilə xalq əziyyət çəkəcək. Nə vaxtsa, necə deyərlər, bu piramida çökəcək. Amma əgər mən əmr versəm biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Budur bizim reallıqlarımız. Bizdə güclü iqtisadiyyat, güclü siyasi iradə, xalq-iqtidar birliyi və bu yol kimi konkret işlər, nəticələr var. Uşaq bağçasının açılışında olmuşam, kənd məktəbinin açılışında iştirak edəcəyəm. Diyarşünaslıq Muzeyi təmir olunubdur. Gözəl Bayraq Meydanı tikilibdir. Yəni, bir il ərzində yeni rəhbərlik bu işlərlə məşğul olur. Əlbəttə, siz də iştirak edirsiniz, öz dəstəyinizi verirsiniz ki, ölkəmiz daha da güclü olsun, heç kimdən asılı olmasın və Azərbaycanın taleyi əbədi olaraq Azərbaycan xalqının əlində olsun. Sizi bir daha təbrik edirəm.

Xəlsə kənd sakini Hacıoğlan Hacıyev dövlətimizin başçısına kürdəmirlilərin ürək sözlərini çatdıraraq dedi:

- Cənab Prezident, mən bir kənd ağsaqqalı kimi gördüm ki, Siz yolun tarixçəsini bizdən gözəl bilirsiniz. Amma deməyi özümə borc bilirəm, çünki bu, lazımdır. Bu yolun aqibətini Siz bizdən gözəl bilirsiniz. Yol çox pis vəziyyətdə idi, çox əziyyət çəkirdik. Təyin etdiyiniz icra başçısına biz iradları bildirdik. O, Sizə məlumat verən kimi çox gözəl nəticəsi oldu. Dədə-babalarımızın görmədiyi bu gözəl yolu Allah Sizin sayənizdə bizə qismət etdi. Allah Sizi, övladlarınızı qorusun! Çəkdiyiniz yollar qədər Allah Sizə uzun ömür qismət etsin.

Prezident İlham Əliyev: Çox sağ olun.

Müəllimə Elmira Şıxəliyeva dedi:

- Cənab Prezident, Kürdəmirdə nəinki belə yollar çəkilib, çox işlər görülüb. Son zamanlar Kürdəmir regionun ən gözəl, ən abad şəhərinə çevrilib. Biz buna görə Sizə çox minnətdarıq. Kürdəmirdə hazırda belə şəhərdaxili yollar da salınıb. Özünüz gördünüz - Bayraq Meydanı, uşaq bağçası, məktəblər, səhiyyə ocaqları, saymaqla qurtarmaz. Yeni Azərbaycan Partiyasının çox gözəl binası tikilib. Bunların hamısına görə Sizə çox böyük təşəkkürümüzü bildiririk.

Mən demək istəyirəm ki, bu gün Azərbaycan nəinki regionun, hətta Avropanın ən gözəl ölkəsidir. Birinci Avropa Oyunlarında biz bir möcüzə gördük. Həqiqətən bütün xalqımızın əli göydə idi ki, Allah-Təala işimizi avand etsin. Allah Mehriban xanıma da cansağlığı versin. Çox böyük iş gördü. Xahiş edirəm, bizim təşəkkürümüzü ona çatdırın. Biz Mehriban xanımın xətrini həddindən çox istəyirik. Allah Sizi, ailənizi, övladlarınızı qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun. Birinci Avropa Oyunları doğrudan da ən yüksək səviyyədə keçirilib. İstəyirəm onu da biləsiniz ki, məşəlin ölkə üzrə səyahəti də, əlbəttə, tarixi bir hadisə idi. Çünki mən o vaxt göstəriş verdim ki, məşəl hər bir rayona gətirilməlidir. Birinci variantda 10 və ya 12 rayon nəzərdə tutulurdu. Yəni, bizim xarici tərəfdaşlarımız belə təklif etmişdilər. Dedim ki, yox, hər bir şəhərdə olmalıdır. Hər bir rayonda məşəl bayramı keçirilməlidir. Bildiyimə görə bu bayram Kürdəmirdə də çox möhtəşəm keçib. Minlərlə insan meydanlara, küçələrə axışıb.

Elmira Şıxəliyeva: Görünməmiş hadisə idi.

Prezident İlham Əliyev: Biz nəyə qadir olduğumuzu bütün dünyaya göstərdik. İyirmi dörd il ərzində görün haradan-haraya gəlmişik. Bütün Avropa bizə heyran oldu.

Vaxtilə deyirdilər ki, biz Avropa standartlarına çatmalıyıq. İndi bu gün biz deyirik ki, hər bir sahədə Azərbaycan standartları var - ictimai həyatda, multikulturalizm məsələlərində, insanlar arasında əlaqələrdə, iqtisadi inkişafda, sabitlikdə. İndi hər şey göz qabağındadır, internet dövründə yaşayırıq. Hər gün televizorda görürük ki, harada nələr baş verir. Azərbaycanda sabitlik var, insanlar sülh, əmin-amanlıq şəraitində rahat yaşayırlar. Biz inkişafla məşğul oluruq. Biz bir çox ölkələr üçün gözəl nümunəyik.

Carlı kənd sakini Gülməmməd Eyvazov həmyerlilərinin minnətdarlıq hisslərini ifadə edərək dedi:

- Cənab Prezident, dünyanın hər yerində müharibələr gedir, aclıq, böhran, rəzalət, səfalət, haqqa nahaq demək, qaçqınlar. Bu qədər proseslərin içərisində bizi də özlərinə cəlb etmək istəyirlər. Bizdəki sabitliyi, inkişafı görmək istəmirlər. Onlar haqqa nahaq deyirlər. Ona görə ki, cənab Prezident, onların güzgüləri əyridir. Əyri güzgü düz, inkişaf edən, sabit Azərbaycanı görmək istəmir. Çünki o güzgünün özü əyridir. Allah Sizi qorusun. Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

22:24

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də yenidənqurma işlərindən sonra Ağsu Şahmat Məktəbinin açılışında iştirak edib.

Hazırda ölkəmizdə nəhəng idman qurğuları tikilir və ya yenilərinin yaradılması istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına göstərdiyi diqqət və qayğı ölkəmizi nəinki yerləşdiyi coğrafi məkanda, həm də bütün dünyada lider mövqeyə yüksəldib. Ölkəmizin hər yerində Olimpiya komplekslərinin, sağlamlıq mərkəzlərinin tikilib istifadəyə verilməsi Azərbaycanı bu gün nəhəng idman hərəkatının yaşandığı məkanlardan birinə çevirib. Bu istiqamətdə şahmata olan diqqət və qayğı da vurğulanmalıdır. Şahmatçılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməsi bunu bir daha təsdiqləyir. Görülən işlərin nəticəsidir ki, artıq ölkəmiz beynəlxalq səviyyəli şahmat turnirlərinə ev sahibliyi etməyə başlayıb. Təsadüfi deyil ki, hazırda Bakı şahmat üzrə növbəti Dünya Kubokuna ev sahibliyi edir. Sentyabrın 11-də təntənəli açılışı olan bu nüfuzlu yarışa ümumilikdə 45 ölkədən 128 zəka sahibi qatılıb. Bu da təbii ki, idmanın digər sahələri ilə yanaşı, şahmatın, onun infrastrukturunun möhkəmləndirilməsinin də dövlətin diqqət və qayğısı ilə əhatə olunmasının göstəricisidir.

Məlumat verildi ki, Şahmat Məktəbinin ümumi sahəsi 430 kvadratmetrdir. Burada yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.

Prezident İlham Əliyevə məlumat verildi ki, Ağsu Şahmat Məktəbində uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılıb. Məktəbdə şahmat dərslərinin keçirilməsi zəruri avadanlıqla təchiz olunan əsas yarış zalı, 2 tədris sinfi, müəllimlər otağı və xidməti otaqlar var. Burada şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter guşəsi yaradılıb. Bu da dərslərin müasir innovativ vasitələrin köməyi ilə keçirilməsinə və ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır. Şahmat Məktəbi bir sıra respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Onu da deyək ki, Ağsu idmançıları son illərdə respublika və beynəlxalq şahmat turnirlərində medal, diplom və kuboklara layiq görülüblər.

Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev ərazidə salınan Şahmat parkına da baxdı.

Burada sakinlərin, eləcə də məktəbə gələnlərin istirahəti üçün hər cür şərait yaradılıb. Parkda açıq hava şəraitində şahmat taxtası qurulub, yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

21:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Ağsuya səfəri çərçivəsində Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Yeni Azərbaycan Partiyası ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında və bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Azərbaycanın əsas və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bütün bu məsələlərdə yaxından iştirak etməklə xalqın partiyası olduğunu aydın nümayiş etdirir. Bu da ulu öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" kəlamının real həyatda təsdiqini tapdığını göstərir.

Yeni Azərbaycan Partiyasının sıralarının ildən-ilə genişlənməsi və fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, şübhəsiz ki, cəmiyyətdə bu siyasi quruma olan etimad, hörmət və nüfuzdan qaynaqlanır. Partiyanın uğurlu fəaliyyətində onun rayon təşkilatlarının da rolu böyükdür. Respublikanın bütün bölgələrində inşa olunan Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının inzibati binaları müasirliyi ilə seçilməklə yanaşı, həm də inşa olunduğu şəhərin və rayonun gözəlliyinə əlavə çalarlar qatır. Bu binalarda səmərəli fəaliyyət göstərmək üçün maksimum şərait yaradılır.

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının yeni inzibati binası da bu baxımdan diqqəti cəlb edir.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına məlumat verildi ki, partiyanın inzibati binasının tikintisinə 2014-cü ilin may ayında başlanıb və bu ilin avqustunda başa çatdırılıb. Tikinti ən müasir standartlara uyğun həyata keçirilib. Ümumi sahəsi 535 kvadratmetr olan bina müasir inventar və avadanlıqla təchiz olunub. Binanın foyesində Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət guşə var. 100 nəfərlik akt zalında partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçirilə bilər. İnzibati otaqlarda səmərəli fəaliyyət üçün hərtərəfli imkanlar yaradılıb.

Partiyanın bölgələrdəki qurumları arasında Ağsu rayon təşkilatı da fəaliyyəti ilə seçilir. Təşkilat hazırda 5 mindən çox siyasi həmfikiri bir araya toplayıb və onun üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verirlər, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər. Partiyanın rayon təşkilatının üzvlərinin 30 faizini gənclər, 40 faizini isə qadınlar təşkil edir. Yeni Azərbaycan Partiyası təşkilatları üçün bu cür müasir inzibati binaların tikilməsi ilk növbədə işçilərin yüksək səviyyədə fəaliyyət göstərməsinə hesablanıb. Bu, eyni zamanda, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikanın ağır günlərində yaranan, çətin və şərəfli yol keçən, ölkənin çiçəklənməsində mühüm xidmətləri olan Yeni Azərbaycan Partiyasına dövlətimizin göstərdiyi diqqəti nümayiş etdirir.

21:26

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Ağsu rayonuna səfəri çərçivəsində İdman Kompleksinin açılışında iştirak edib.

1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycanda Olimpiya hərəkatında yeni mərhələ başlandı və ölkəmiz dünyanın idman ailəsinə daxil oldu. Bu sahənin inkişafının təmin edildiyi Azərbaycan beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi üçün əlverişli məkan funksiyasını yerinə yetirməyə başladı. 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu dövrün əsas xarakterik xüsusiyyəti ölkədə geniş maddi-texniki bazaya malik idman infrastrukturunun yaradılması, sahənin inkişafı ilə bağlı dövlət proqramlarının qəbul olunması, idmançıların sosial problemlərinin həlli ilə bağlı daha təsirli tədbirlərin görülməsi idi. İlk növbədə regionlar da daxil olmaqla bütün ölkə üzrə beynəlxalq standartlara cavab verən yeni, müasir idman qurğularının, olimpiya idman komplekslərinin tikilməsinə başlandı. Təxminən bir neçə il ərzində bu məqsədə yüksək səviyyədə nail olundu. Bununla da ölkədə yeni idmançı nəslinin yetişməsini, idmanın kütləviliyinin təmin olunmasını qarşıya əsas məqsəd qoyan Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr qazanmasına gətirib çıxardı. Azərbaycan atletləri dünya miqyaslı turnirlərdə, olimpiya oyunlarında qızıl medallar qazanaraq ölkəmizin idman statusunu daha da yüksəltdilər.

2015-ci ildə tarixdə ilk dəfə Bakıda keçirilən birinci Avropa Oyunlarında da idmançılarımız böyük uğura imza ataraq ölkəmizin aktivinə 56 medal yazdılar ki, onlardan 21-i qızıl, 15-i gümüş, 20-si isə bürünc medal oldu. Beynəlxalq idman ictimaiyyəti bu Oyunların yüksək səviyyədə təşkil olunduğunu bəyan etməklə Prezident İlham Əliyevin və xanımı, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında güclü hazırlıq prosesindən sonra ilk Avropa Oyunlarının yüksək standartının yarandığını etiraf etdilər. Beləliklə, dövlətimizin idman siyasəti bu gün uğurla davam edir və Ağsuda inşa olunan idman kompleksi də bu siyasətin mühüm komponentidir.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan kompleksin tikintisinə 2013-cü ilin may ayında başlanıb. Tikinti işləri ən yüksək səviyyədə aparılıb və bu ilin sentyabrında başa çatdırılıb.

Kompleksin həyətində geniş abadlıq-quruculuq işləri görülüb. Burada ümummilli lider Heydər Əliyevin idmançılara göstərdiyi qayğını, müxtəlif dövrlərdə Ağsuya səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada, həmçinin Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqəti və bu rayona səfərlərini əks etdirən fotolar da maraq doğurur.

Kompleksdə idmanın bir çox növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Dövlətimizin başçısı kompleksin üzgüçülük hovuzu ilə tanış oldu.

Qeyd edildi ki, uzunluğu 18,5, eni isə 11 metr olan hovuz böyüklər və balacalar üçün nəzərdə tutulub. Burada sauna, masaj otağı və türk hamamı da yaradılıb.

Prezident İlham Əliyev kompleksin taekvondo və boks zalında yaradılan şəraitlə də maraqlandı.

Burada istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirmək mümkün olacaq. Bu idman qurğusundakı güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Müasir idman qurğuları ilə təchiz edilən trenajor zalı da idmançıların ixtiyarına veriləcək. Kompleksdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və inzibati otaqlar mövcuddur. Binada tennis, bilyard zalları da yaradılıb və bununla da mükəmməl infrastruktur formalaşdırılıb.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi.

20:57

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirə səfərini başa çatdıraraq Ağsu rayonuna gəldi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı əvvəlcə rayon mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı Heydər Əliyev Parkında son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində bu yolun Ağsu-Kürdəmir hissəsinin açılışında iştirak edib.

Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yolların müasir standartlar səviyyəsində tamamilə yenidən qurulması ilə yanaşı, regionları, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların inşası, müasir səviyyədə yenidən qurulması regionların inkişafına müsbət təsirini göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir.

Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bütün layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. Ölkənin nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, bilavasitə dövlətimizin başçısının sərəncam və göstərişləri əsasında dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla həyata keçirilir. Onlardan biri də Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsidir.

"Azəryolservis" ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlətimizin başçısına Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi barədə məlumat verdi.

Bildirildi ki, ümumi dəyəri 102 milyon manat olan layihənin icrasına 2014-cü ilin iyul ayında başlanıb. Ümumi uzunluğu 108 kilometr olan yolun 37 kilometrlik Ağsu-Kürdəmir hissəsində tikinti işləri başa çatıb.

Ağsu və Kürdəmir rayonları arasında yerləşən, 14 kənddən keçən bu yol, həmin ərazidə yaşayan 25 min nəfər əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Üçüncü texniki dərəcəli yolun eni 12 metr, hərəkət hissəsinin eni isə 7 metrdir. Yola 3 laydan ibarət asfalt örtük döşənib. Yol çəkilərkən Yuxarı Şirvan kanalı üzərində uzunluğu 21 metr olan körpü tikilib, Nazirçay və Girdimançay üzərindəki körpülər əsaslı təmir olunub. Çoxlu sayda suötürücü qurğu inşa edilib. Nəqliyyatın təhlükəsiz hərəkəti üçün lazım olan bütün yol nişanları və göstəriciləri quraşdırılıb. Yolun üstündəki bütün yaşayış məntəqələrində müasir tipli dayanacaq tikilib. İnşaat zamanı geniş ərazidə kommunikasiya xətlərinin yerləri dəyişdirilib.

Dövlətimizin başçısına Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun qalan hissəsində görülən işlər barədə də məlumat verildi.

Diqqətə çatdırıldı ki, layihənin davamı olaraq magistralın Kürdəmir-İmişli hissəsində 27 kilometr uzunluğunda yolun tikintisi başa çatmaq üzrədir. Hazırda, Kürdəmir-Bəhramtəpə hissəsində yolun 38,5 kilometrində asfalt-beton örtüyün üst layının tikintisi və çiyinlərin bərkidilməsi işləri davam etdirilir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı inşaatçılarla görüşdü, layihənin uğurla başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Sonda xatirə şəkli çəkdirildi.

----------

18:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Kürdəmirə səfəri çərçivəsində Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbinin binasının açılışında iştirak edib.

Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində bu sahədə tamamilə yeni və keyfiyyətli mərhələ başlayıb. Ölkədə müasir məktəb binaları, yeni tədris korpusları inşa olunur, mövcud təhsil müəssisələri isə günün tələbləri səviyyəsində yenidən qurulur. Bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bütün bölgələri əhatə edib.

Yeni məktəb binalarının inşası və onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən mühüm işlər şübhəsiz ki, müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından çox mühüm addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir, dövlət siyasətinin əsas prioritetlərindən biridir. Möhübbət Əzimov adına Kürdəmir rayon Atakişili kənd tam orta məktəbinin binasının inşası bunu bir daha aydın göstərir. Regionlarda bu cür məktəb binalarının yaradılması həm də ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdiyini göstərir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı məktəb binasının rəmzi açılışını bildirən lenti kəsdi, yaradılan şəraitlə tanış oldu.

Təhsil naziri Mikayıl Cabbarov məlumat verdi ki, 624 şagird yerlik bu məktəb nazirliyin sifarişi əsasında inşa olunub. İnşaat işlərinə 2014-cü ilin oktyabr ayında başlanılıb və işlərin keyfiyyətlə, həmçinin qısa müddət ərzində yekunlaşdırılması üçün bütün zəruri addımlar atılıb. Ümumi sahəsi 2 min kvadratmetrə yaxın olan binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Kürdəmir rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb. Məktəbin ərazisində idman meydançası salınıb. Üç mərtəbədən ibarət bina 53 otaqdan, o cümlədən 26 sinif otağından, linqafon, hərbi, kompyuter otaqlarından, hər biri 2 ədəd olmaqla kimya, fizika, biologiya fənn kabinetlərindən, idman zalından və 156 yerlik yeməkxanadan ibarətdir. Məktəbin 96 yerlik akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür.

Dövlətimizin başçısı təhsilin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verdi.

---------

17:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.

Azərbaycanda regionların sürətli sosial-iqtisadi inkişafı bir daha göstərir ki, ölkədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya uğurla davam etdirilir. Paytaxtla yanaşı, bölgələrdə də mühüm sosial layihələr icra olunur. Bu fakt özünü regionlarda, yeni inzibati binaların tikintisində daha aydın büruzə verir. Bölgələrdə inşa olunan inzibati binalar sırasında Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün tikilən binalar da xüsusi yer tutur. Bu sırada partiyanın Kürdəmir rayon təşkilatının binasını da qeyd etmək olar.

Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Bunun nəticəsidir ki, ulu öndər Heydər Əliyevin yaratdığı bu siyasi partiya sıralarını getdikcə daha da genişləndirir. Partiyanın ümumi amallar naminə uğurlu fəaliyyətində rayon təşkilatlarının böyük rolu var. Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının yeni inşa olunan inzibati binalarında yaradılan müasir şərait isə əməkdaşlara günün tələbləri səviyyəsində fəaliyyət göstərməyə geniş imkanlar açır.

Partiyanın Kürdəmir rayon təşkilatının 8350 üzvü var ki, onlardan da 3685-i gənc, 3002-si isə qadındır. Respublikanın hər yerində olduğu kimi, Kürdəmirdə də YAP üzvləri rayonun inkişafı üçün əllərindən gələni əsirgəmirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tikintisinə 2014-cü ilin noyabr ayında başlanılan bina zəruri infrastruktur, inventar və avadanlıqla təchiz edilib. Sahəsi 630 kvadratmetr olan ikimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası haqqında söylədikləri kəlamlar yazılıb, Ümummilli Liderin büstü qoyulub.

Binada xidməti otaqlarla yanaşı, akt zalı da yerləşir. İkinci mərtəbədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin partiya ilə bağlı fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Bu gün ölkənin həyatında baş verən bütün mühüm hadisələrdə fəal mövqe tutan, inkişafa öz töhfəsini verən Yeni Azərbaycan Partiyası tarixin son dərəcə ağır və kəşməkəşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranıb. İndi bu partiyanın hər bir üzvü respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, ümumi amallar naminə həyata keçirilən siyasətə dəstək verir. Kürdəmir rayon təşkilatının timsalında bu siyasi qurumun hər bir üzvü partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olduğunu və partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşdiyini nümayiş etdirir.

Yeni binanın ətrafı abadlaşdırılıb, geniş yaşıllıq zolağı salınıb. Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün bu cür müasir binaların inşası bir daha sübut edir ki, ölkəmizin inkişafına mühüm töhfələr verən bu partiyaya inam və etimad daha da artır və onun sıraları həm kəmiyyətcə, həm də keyfiyyətcə zənginləşir.

X X X

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısı muzeyin yerləşdiyi Qələbə parkına gəldi.

Məlumat verildi ki, parkda İkinci Dünya müharibəsində həlak olmuş kürdəmirlilərin xatirəsini əbədiləşdirmək məqsədilə tikilmiş abidə son vaxtlar tamamilə yenidən qurulub. Parkda fəvvarələr yenilənib, geniş abadlıq və yaşıllıq işləri görülüb. Bir sözlə, park şəhər əhalisinin istirahət yerinə çevrilib.

Tarixi keçmişimizə həssas münasibət dövlət siyasətinin tərkib hissəsidir. Tarixi abidələrin, müqəddəs yerlərin bərpası yeni muzeylərin, mədəniyyət mərkəzlərinin tikintisi milli mənəvi dəyərlərimizə hörmət və ehtiramın təzahürüdür. Bu proses ölkənin bütün regionlarını əhatə edir. Kürdəmirdəki Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı şəkildə yenidən qurulması qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Muzeydə həm ölkəmizin, həm də Kürdəmirin tarixini əks etdirən çoxlu sayda eksponat var.

Bu muzey 33 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və cəmi 627 eksponatla fəaliyyətə başlayıb. İndi isə Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə əsasən bu maddi-mədəniyyət mərkəzi tamamilə yenilənib və eksponatları zənginləşdirilib.

Dövlətimizin başçısı Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, muzeydə əsaslı yenidənqurma işlərinə 2014-cü ildən başlanılıb. Əlavə tikinti-quraşdırma işləri aparılaraq ümumi sahəsi 400 kvadratmetrə çatdırılıb. Burada iki yeni salon tikilib, əməkdaşlar üçün iş otağı və digər xidməti otaqlar yaradılıb.

Muzeyin mövzu-ekspozisiya planı tam şəkildə yenidən işlənib. Hazırda burada 4070 eksponat var. Bu mədəniyyət ocağının mövzu-ekspozisiyası 4 salonda 7 bölmədə nümayiş etdirilir. Ekspozisiyanın 4 bölməsində Kürdəmir rayonunun tarixinə, mədəniyyətinə, məişətinə aid eksponatlar sərgilənir.

Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Kürdəmir rayonuna səfərlərini, rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotolar yerləşdirilib.

Muzeyin birinci bölməsi paleolit dövrünün mədəniyyətini və tarixini özündə əks etdirən materiallarla zəngindir. Bölmədə eramızdan əvvəl XVI-XII əsrlərə aid əşyalar nümayiş etdirilir. Qədim Kürdəmir haqqında və ərazidə aparılmış arxeoloji qazıntıları əks etdirən materiallar da böyük maraq doğurur. Vaxtilə rus çarı II Nikolayın Kürdəmirdəki şərab zavodunun açılışında iştirakını əks etdirən foto tarixiliyi ilə diqqəti cəlb edir. Üçüncü bölmədə isə son orta əsrlərə və XX əsrin əvvəlinə aid eksponatlar sərgilənir. Burada erməni terroruna, xüsusilə 1918-ci ildə ermənilərin Kürdəmirdə törətdikləri qırğınlara həsr olunan çoxlu sayda foto və sənədlər toplanıb.

Kürdəmirin tanınmış ziyalılarına həsr olunan bölmədə isə rayonun yetişdirməsi olan tanınmış insanlar barədə geniş məlumatlar toplanıb. Rayonda aparılan abadlıq-quruculuq işlərinin tarixi, mühüm layihələrin açılış mərasimləri də xüsusi bölmədə nümayiş etdirilir.

Muzeydə aparılan təmir-tikinti işləri çərçivəsində ərazi abadlaşdırılıb, geniş yaşıllıq işləri görülüb, yeni fəvvarə inşa olunub.

----------

16:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində bu yolun Ağsu-Kürdəmir hissəsinin açılışında iştirak edib.

Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yolların müasir standartlar səviyyəsində tamamilə yenidən qurulması ilə yanaşı, regionları, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların inşası, müasir səviyyədə yenidən qurulması regionların inkişafına müsbət təsirini göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir.

Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bütün layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. Ölkənin nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, bilavasitə dövlətimizin başçısının sərəncam və göstərişləri əsasında dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla həyata keçirilir. Onlardan biri də Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Azəryolservis" ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlətimizin başçısına Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi barədə məlumat verdi.

Bildirildi ki, ümumi dəyəri 102 milyon manat olan layihənin icrasına 2014-cü ilin iyul ayında başlanıb. Ümumi uzunluğu 108 kilometr olan yolun 37 kilometrlik Ağsu-Kürdəmir hissəsində tikinti işləri başa çatıb.

Ağsu və Kürdəmir rayonları arasında yerləşən, 14 kənddən keçən bu yol, həmin ərazidə yaşayan 25 min nəfər əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Üçüncü texniki dərəcəli yolun eni 12 metr, hərəkət hissəsinin eni isə 7 metrdir. Yola 3 laydan ibarət asfalt örtük döşənib. Yol çəkilərkən Yuxarı Şirvan kanalı üzərində uzunluğu 21 metr olan körpü tikilib, Nazirçay və Girdimançay üzərindəki körpülər əsaslı təmir olunub. Çoxlu sayda suötürücü qurğu inşa edilib. Nəqliyyatın təhlükəsiz hərəkəti üçün lazım olan bütün yol nişanları və göstəriciləri quraşdırılıb. Yolun üstündəki bütün yaşayış məntəqələrində müasir tipli dayanacaq tikilib. İnşaat zamanı geniş ərazidə kommunikasiya xətlərinin yerləri dəyişdirilib.

Dövlətimizin başçısına Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun qalan hissəsində görülən işlər barədə də məlumat verildi.

Diqqətə çatdırıldı ki, layihənin davamı olaraq magistralın Kürdəmir-İmişli hissəsində 27 kilometr uzunluğunda yolun tikintisi başa çatmaq üzrədir. Hazırda, Kürdəmir-Bəhramtəpə hissəsində yolun 38,5 kilometrində asfalt-beton örtüyün üst layının tikintisi və çiyinlərin bərkidilməsi işləri davam etdirilir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı inşaatçılarla görüşdü, layihənin uğurla başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Sonda xatirə şəkli çəkdirildi.

----------

15:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın dövlət siyasətinin sosial yönümlülüyü görülən hər bir işdə, icra olunan hər bir layihədə özünü büruzə verir. Uzun illər boyu təmir olunmadığına görə yararsız vəziyyətə düşmüş kənd yollarının abadlaşdırılması bunun əyani sübutudur. Hər bir yaşayış məntəqəsinin abadlığının əsas şərti onun yolunun rahat olmasıdır. İndi ölkənin demək olar ki, əksər regionlarında kənd yollarının təmiri və yenidən qurulması prosesi davam edir. Bu proses Kürdəmir rayonundan da yan keçməyib. İndiyədək rayonun bir çox yaşayış məntəqələrini birləşdirən yollar müasir vəziyyətə gətirilib. Növbəti yenidənqurma işləri Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunda həyata keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov məlumat verdi ki, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisinə dövlətimizin başçısının 2012-ci il 7 mart tarixli Sərəncamına əsasən başlanılıb və bu məqsədlə Prezidentin ehtiyat fondundan 3 milyon manat, yol tikinti işlərinin tam başa çatdırılması üçün əlavə 4 milyon manat vəsait ayrılıb. İlkin mərhələdə yolun tikintisi keyfiyyətsiz aparıldığına görə sonradan "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla davam etdirilib. Avtomobil yolunun ümumi uzunluğu 28 kilometr, eni 8-10 metrdir. Yolda lazım olan bütün infrastruktur quraşdırılıb.

Sonra Prezident İlham Əliyev burada sakinlərlə görüşdü.

Xəlsə kənd sakini Hacıoğlan Hacıyev dövlətimizin başçısına sakinlərin ürək sözlərini çatdırdı.

Sonra müəllim Elmira Şıxəliyeva çıxış etdi.

Carlı kənd sakini Gülməmməd Eyvazov da həmyerlilərinin minnətdarlıq hisslərini ifadə etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

----------

15:03

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, binanın inşasına 2014-cü ilin mayında başlanılıb. İkimərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb. Burada geyinib-soyunma, oyun, yataq, kompyuter otaqları, idman, musiqi və gimnastika zalları fəaliyyət göstərəcək. Bundan başqa, binada tibb və müəllimlər otaqları da var. Körpələr evi-uşaq bağçasında 30 nəfər pedaqoji işçi çalışacaq.

Bir sözlə, binada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait qurulub. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Təhsil ocağındakı bütün otaqlar lazımı avadanlıqla təchiz edilib. Burada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq. Bağçanın ərazisində dekorativ hasar çəkilib, yaşıllıq zolağı salınıb, gül kolları əkilib, 2 yay çardağı, attraksion meydançası quraşdırılıb. Ümumi sahəsi 1200 kvadratmetr olan bina havalandırma sistemləri, camaşırxana, transformator yarımstansiyası, nasosxana ilə təchiz olunub.

X X X

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmir şəhərində Bayraq Meydanının açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb. Dirəyin yerləşdiyi üst meydançada dövlət himninin, dövlət gerbinin və Azərbaycanın xəritəsinin təsvirləri yerləşdirilib. Burada Prezident İlham Əliyevin dövlət bayrağı haqqında söylədiyi kəlam qızılı hərflərlə həkk olunub. Bayraq Meydanı əhalinin asudə vaxtının səmərəli təşkili, dövlət rəmzlərinin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işinin yaxşılaşdırılması məqsədilə inşa olunub.

Dövlətimizin başçısı Bayraq Meydanının rəmzi açılışını bildirən lenti kəsdi.

Qeyd edildi ki, meydanın tikintisinə 2014-cü ildə başlanılıb. Beş hektar sahədə yerləşən Bayraq Meydanının ərazisində geniş abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılıb. Meydanda Bayraq Muzeyi inşa edilib, rayon gənclərinin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədilə gənclər kafesi inşa olunub. Burada, həmçinin idman qurğuları meydançası, velosiped zolağı salınıb.

Möhtəşəmliyi ilə diqqəti cəlb edən Bayraq Meydanı kürdəmirlilər və rayona gələn qonaqların hər birinin qəlbində iftixar və qürur hissi oyadır. Bütövlükdə, geniş yaşıllıq işlərinin aparıldığı kompleks rayonda gedən abadlıq-quruculuq tədbirlərinin ardıcıl xarakter aldığını nümayiş etdirir. Müasir səviyyədə inşa olunan bu meydan indi rayonun ən gözəl yerlərindən birinə çevrilib.

----------

14:52

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Kürdəmir rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzində Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Prezident İlham Əliyevə Ulu Öndərin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, bu parkdakı fəvvarə yenidən tikilib, burada oturacaqlar quraşdırılıb, yaşıllıq işləri görülüb. Parkda istər rayon sakinləri, istərsə də qonaqların mənalı istirahəti üçün bütün şərait yaradılıb.

Milli.Az

-----------

18:43

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.