Avrasiyanın müasir geosiyasi xarakteristikasını və region ölkələrinin inkişaf perspektivlərini qiymətləndirən ekspertlər son on ildə nail olduğu dinamik sosial-iqtisadi inkişafı və gələcək inkişaf potensialını nəzərə alaraq Azərbaycan Respublikasını bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab edirlər. Geosiyasi xarakteristikanın əsas dəyər ölçüləri kimi çıxış edən bu amillər həm ölkənin dinamik inkişafını, beynəlxalq aləmdəki yeri və rolunu, həm də ikitərəfli və çoxtərəfli tərəfdaşlıq dəyərini şərtləndirir.
Azərbaycanın geosiyasi dəyərinin artmasına və xarici ölkələrlə münasibətlərinə müsbət təsir göstərən əsas amillərdən biri onun əhəmiyyətli geosiyasi və coğrafi məkanda yerləşməsidir. Ölkə dünyanın ən əhəmiyyətli məkanı hesab olunan Avrasiyanın mərkəzində yerləşir, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda gedən əsas proseslərin və transmilli maraqların təməlində dayanır. Azərbaycan Gürcüstanla birlikdə, Xəzər və Qara dənizləri arasındakı mühüm əhəmiyyətli kontinental geosiyasi məkanının; Türkmənistan və Qazaxıstanla birlikdə Avropa-Cənub-Şərqi Asiyanın; Rusiya və İranla birlikdə Şimal-Cənub dəhlizinin; Şərqlə Qərb arasındakı əksər transmilli nəqliyyat-kommunikasiya layihələrinin; NATO və KTMT kimi hərbi-strateji blokların təmas xəttində yerləşərək, həm Avropanın, həm Asiyanın, həm də Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional maraqlar mübarizəsində önəmli vəsilə kimi çıxış edir.
Xəzərətrafı ölkələr içərisində ən əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqe də məhz Azərbaycana məxsusdur.
Geoiqtisadi dəyərinə görə Prezident Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu yeni neft strategiyası və transmilli enerji-nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi Azərbaycanı dünyanın aparıcı dövlətləri və şirkətləri üçün cəlbedici tərəfdaşa çevirmişdir. Onun əsas dəyəri həm də yalnız neft-qaz sektoru ilə məhdudlaşmamış, keçən illərdə yürüdülən düzgün iqtisadi inkişaf strategiyası ölkəni ümumilikdə Avrasiyanın dinamik inkişaf edən ölkəsinə, iqtisadi, sosial-siyasi və mənəvi mərkəzinə çevirmişdir.
Azərbaycan həm də hövzənin neft-qaz resurslarından istifadənin düzgün strategiyasını müəyyənləşdirməklə, beynəlxalq aləmin daim artan enerji ehtiyacı ilə ölkənin milli maraqlarını uzlaşdırmış və bu əsasda etibarlı tərəfdaş imici qazanmış, milli iqtisadi və maliyyə dividendlərini gücləndirməklə özünün beynəlxalq dəyərini artırmışdır. Bu amilə təkcə təbii resurs mənbəyi və geoiqtisadi anlamda yanaşmaq düzgün olmazdı. Ölkənin bəhs olunan üstünlüklərindən, xüsusən də neft və qaz amilindən bacarıqla istifadə etməklə, müasir dünyanın aparıcı dövlətləri və güc mərkəzlərinin diqqətini digər milli problemlərinə cəlb etməsi Azərbaycanın müasir dövrdə əsas milli geosiyasi vəzifələrindən biri hesab olunur. Bu üstünlüyün və imicin qorunması və düzgün istifadə olunması gələcəkdə də ölkənin geosiyasi addımlarının və vəzifələrinin əsas müvəffəqiyyətini təşkil etməlidir.
Hazırda Azərbaycan Xəzər dənizinin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistanla birlikdə üçüncü minillikdə Avropanın artan enerji tələbatının ödənilməsi və dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində "ən əlverişli və ümidverici alternativ tərəfdaş" hesab olunur.
Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan həm də Avrasiyanın giriş qapısı, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizlərinin mərkəzi dövləti hesab olunur. Rusiyadan yan keçməklə Avropa və Asiya ölkələri arasında bağlayıcı körpü rolunu icra edən Transqafqaz nəqliyyat dəhlizi (TRACECA), strateji Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin təşəbbüskarı, hərəkətverici qüvvəsi və əsas təminatçısı da məhz Azərbaycandır. Bundan başqa, Transasiya nəqliyyat dəhlizində (Cənubi, Şərqi və Orta Asiya-İran-Azərbaycan-Rusiya və əksinə, İranın Fars körfəzi vasitəsilə bu ölkələri Avropa ilə birləşdirən nəqliyyat-kommunikasiya layihəsi) əsas bağlayıcı ölkələrdən biri kimi çıxış etməsi Azərbaycanın mühüm tranzit əhəmiyyətini bir daha təsdiq edir. Dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici bir vəsiləyə çevrilməsi Azərbaycanın son bir neçə ildə həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturlarının, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulmasına təkan vermişdir.
Görülən bütün işlərin başlıca məqsədi Azərbaycanın regionun tranzit mərkəzi statusunu möhkəmlətməklə, həm də onun regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsini təmin etməkdir. Bu isə onu deməyə əsas verir ki, Almaniya, Niderland, Böyük Britaniya, Çin, Cənubi Koreya, İran və digər ölkələrdə olduğu kimi, Azərbaycanda da nəqliyyat logistika mərkəzinin yaradılacağı gün heç də uzaqda deyil.
Azərbaycanın qlobal və regional geosiyasi çəkisini artıran başlıca amillərdən biri də onun müstəqil bir dövlət olaraq tam formalaşması, özünü təmin edən milli iqtisadiyyata, maddi, mənəvi və insan resurslarına, milli-vətəndaş birliyinə, əhali tərəfindən dəstəklənən milli strategiyaya, güclü ordu və müdafiə potensialına və s. zəruri təsisatlara malik olması və bütün bunlara söykənərək müstəqil daxili və xarici siyasət yürütməsidir. Müstəqillik bərpa edildikdən sonrakı dövrdə milli dövlətin iqtisadi, hüquqi və ideoloji əsaslarının, idarəçilik mexanizminin, daxili və xarici siyasət strategiyasının, təhlükəsizlik konsepsiyasının formalaşdırılması və həyata keçirilməsi prosesi çox çətin idi. Prezident Heydər Əliyevin şəxsi nüfuzu, siyasi uzaqgörənliyi, böyük idarəçilik təcrübəsi sayəsində 1993-2003-cü illəri əhatə edən birinci on il ərzində bütün milli resursları vahid məqsəd uğrunda səfərbər etmək, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, onu sabit inkişaf yoluna çıxarmaq və milli iradəyə əsaslanan müstəqil subyekt kimi beynəlxalq aləmlə sıx inteqrasiyasını təmin etmək mümkün olmuşdur. Nəticədə dövlət həm özünün neft strategiyasını uğurla reallaşdırmış, həm də gələcək inkişafının möhkəm bazasını yaratmışdır.
2003-2013-cü illəri əhatə edən ikinci onillikdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi sayəsində oturuşmuş liberal iqtisadiyyata və böyük maliyyə resurslarına, güclü orduya malik, özünü tam təmin edən, heç kimdən asılı olmayan, sözünü cəsarətlə deyən, mövqeyinə və rəyinə hörmətlə yanaşılan və milli maraqlara söykənən müstəqil siyasət yürüdən ölkəyə çevrilmişdir. Bu gün Azərbaycan ciddi geosiyasi amil kimi postsovet məkanının, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın müasir geosiyasi, geoiqtisadi və hərbi-geostrateji xarakteristikasının müəyyənləşdirilməsinə mühüm təsir göstərir, habelə BMT, ATƏT, Avropa Şurası, İKT, Qoşulmama Hərəkatının fəal üzvü kimi dünyanın güc mərkəzləri ilə yaxından əməkdaşlıq edərək qlobal siyasətdə öz imkanlarını getdikcə genişləndirir.
Hazırda ölkənin təsdiq olunmuş karbohidrogen ehtiyatları 4.6, ehtimal olunan isə 10 milyard ton şərti yanacaq təşkil edir. Bunun 2 milyard tonunu neft, 2,6 trln. kubmetri isə təbii qaz təşkil edir.
Müstəqillik illərində neft sektoruna 48 milyarddan çox ABŞ dolları miqdarında xarici sərmayə qoyulmuş, 61 yeni neft yatağı istismara verilmiş və yaxud yararlı vəziyyətə gətirilmişdir.
Neft və qaz istehsalı üzrə həyata keçirilən transmilli layihələrə yaradılan şəraitə görə xarici partnyorlar bölgə ölkələri içərisindən ən çox Azərbaycan və Qazaxıstandan razıdırlar və bu ölkələrin iqtisadi gələcəyinə də çox nikbin yanaşırlar. Hazırda Qərb ölkələri və ABŞ Azərbaycanı özlərinin enerji sahəsində ən sabit və etibarlı tərəfdaşlarından biri kimi dəyərləndirərək, ona dünya enerji bazarına çıxmaq üçün lazım olan bütün dəstəyi göstərirlər. Bütün bunlar Azərbaycanın dünyada və regionda transmilli geoiqtisadi dəyərini artırır və əlverişli tərəfdaşa çevirir.
Azərbaycanın müstəqillik illərində davamlı olaraq müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf faktı da, mütəxəssislərin fikrinə görə, Cənubi Qafqaz ölkələri içərisində onun geoiqtisadi çəkisini getdikcə əhəmiyyətli dərəcədə yüksəldir. 1996-cı ildən başlayaraq Azərbaycanda ümumi daxili məhsul istehsalının orta hesabla hər il 10%-dən yuxarı artımı, inflyasiyanın nisbətən sabit saxlanması, əhalinin pul gəlirlərinin və yaşayış həddinin getdikcə yüksəlməsi, istehsalda qeyri-neft sektorunun və özəl sahənin payının artması, idxal-ixrac balansında ixracın üstünlüyünün təmin edilməsi və s. həyata keçirilən iqtisadi siyasətin səmərəli olmasını bilavasitə təsdiq edir.
Müstəqillik illərində ölkə iqtisadiyyatına yatırılmış sərmayələrin ümumi həcmi 2013-cu ildə 172.4 milyard dollara çatmış və 2007-ci ildən başlayaraq daxili sərmayələrin həcmi xarici sərmayələrin həcmini üstələməyə başlamışdır.
2004-2013-cü illərdə Azərbaycanın inkişaf strategiyası xüsusi düşünülmüş, hərtərəfli əsaslandırılmış uzunmüddətli dövlət proqramları əsasında həyata keçirilmişdir. Nəticədə iqtisadi inkişaf öz yüksək tempini saxlamış və ÜDM artımı son 10 ildə davamlı olaraq təmin edilmişdir. Azərbaycanın sosial-iqtisadi, regional və ayrı-ayrı digər sahələrinin inkişafını nəzərdə tutan çoxsaylı ünvanlı dövlət proqramları qəbul edilmiş və uğurla həyata keçirilmişdir. Bunun nəticəsində ölkə iqtisadiyyatı 10 ildə ümumilikdə 3,4 dəfə artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 5,5, işsizlik isə 4,8 faizə enmişdir ki, bu göstəriciyə görə Azərbaycan dünyanın bir sıra inkişaf etmiş ölkələrini də geridə qoymuşdur.
Azərbaycanda müasir iqtisadi və sosial infrastruktur yaradılmış, respublikanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin olunmuşdur. Son 10 ildə Azərbaycanın dövlət büdcəsi 17 dəfə artaraq 25 milyard dollara çatmışdır. 2003-cü ildə cəmi 800 milyon dollar təşkil edən strateji valyuta ehtiyatları 2013-cü ildə 50 milyard dollara yüksəlmişdir. Bununla yanaşı, ölkənin xarici borclarının miqdarı ÜDM-in cəmi 8%-i həcmindədir ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur.
Keçən müddətdə əməkhaqları, pensiyalar, təqaüdlər ardıcıl şəkildə artırılmış və bu göstəriciyə görə Azərbaycan MDB məkanında öncül yerləri tutmuşdur.
Son 10 ildə minlərlə istehsal obyekti, nəhəng zavod və fabriklər, texnoparklar tikilmiş, 1.2 milyon yeni iş yeri yaradılmışdır. 2500 məktəb, yüzlərlə səhiyyə müəssisəsi, mədəniyyət, idman obyektləri tikilmişdir.
İqtisadi inkişaf tempi Azərbaycanın Cənubi Qafqazdakı lider mövqelərini daha da möhkəmləndirmişdir. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə Azərbaycanda UDM istehsalı 71 mlrd. ABŞ dolları, müvafiq olaraq Gürcüstanda 16,1 mlrd. dollar, Ermənistanda isə 10,4 mlrd. dollar təşkil etmişdir. Azərbaycanın bu gün regiounun ÜDM istehsalındakı payı 80%-i keçmişdir.
Müstəqilliyinin ilk illərində Azərbaycanın milli iqtisadiyyatı tamamilə xarici kapitaldan və neft sənayesindən asılı idisə, son illərdə nisbət əsaslı şəkildə dəyişmiş, iqtisadi, sosial, infrastruktur və s. sahələrdə yerli kapital və qeyri-neft sektorunun payı əhəmiyyətli dərəcədə yüksəlmişdir. Son illər ölkənin neft amilindən və xarici kapitaldan asılılığı kəskin şəkildə azalmış, iqtisadi inkişafın əsas yükü qeyri-neft sektorunun üzərinə keçirilmiş, əsas valyuta ehtiyatları bu sektorun yüksəlişinə istiqamətləndirilmişdir. Bütün bunlar ölkənin iqtisadi gələcəyi ilə bağlı əhalidə və mütəxəssislərdə nikbin əhvali-ruhiyyə yaratmışdır.
2003-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulu və icrası respublikada yeni şərait yaratmış, bölgələrin hərtərəfli tərəqqisinə səbəb olmuş, mərkəzlə regionlar arasında sosial-iqtisadi fərqləri əsasən aradan qaldırmış, yaşayış məntəqələrinin simasını müasirləşdirmişdir. Respublikanın kommunal, yol-nəqliyyat, sosial, informasiya-kommunikasiya, ekologiya və digər sahələrin infrastrukturuna milyardlarla dollar investisiya qoyulmuşdur.
Müstəqillik illərində Azərbaycanın kənd təsərrüfatı və ərzaq istehsalı sisteminə əsaslı investisiya yatırılmış, fermerlərə birbaşa dövlət dəstəyi göstərilmiş və bu sahənin inkişafına əsaslı təkan verilmişdir.
Göründüyü kimi, 2004-2013-cü illərdə həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı şaxələndirilmiş və iqtisadi balansda qeyri-neft sektorunun üstünlüyü təmin edilmişdir. Bununla yanaşı, qarşıdan gələn dövrdə də iqtisadiyyatda enerji amili öz aktuallığını saxlayacaq.
Mütəxəssislərin fikrinə görə, Xəzər regionunun hazırkı regional hərbi-geostrateji balansı Rusiyadan, geoiqtisadi və təbii enerji balansı Azərbaycan, Qazaxıstan və Türkmənistandan, nəqliyyat-kommunikasiya dəhlizləri Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiyadan asılıdır.
Rusiya, İran, Orta Asiya ölkələri, Azərbaycan, Türkiyə və Gürcüstanın, o cümlədən Qərb ölkələrinin iştirakı ilə formalaşan Xəzər hövzəsinin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mühitinin gələcək taleyində Azərbaycanın mövqeyi kifayət qədər yüksəkdir. Bu ölkənin ayaq qoyduğu "geosiyasi tərəzi"nin gözü dərhal regionun əsas ağırlıq mərkəzinə çevrilir və regional münasibətlərin üstün istiqamətini təşkil edir.
Azərbaycanın geosiyasi xarakteristikasının əsas göstəricilərindən biri də onun zəngin insan resurslarına malik olması, ölkədaxili sabit daxili ictimai-siyasi, milli-etnik və dini vəziyyətin hökm sürməsi və dövlətin bütün bu sahələr üzərindəki nəzarət imkanları ilə bağlıdır. Azərbaycanın insan resursları kəmiyyət və keyfiyyət baxımından digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə üstün və perspektivli görünür. Ölkənin ümumi demoqrafik göstəriciləri (əhalinin artım sürəti, gənclərin ümumi əhali arasında miqdarı və s.) müsbət istiqamətdə inkişaf edir. Əhalinin ümumi sayı hazırda 9 milyondan çoxdur və artım balansı getdikcə müsbətə doğru dəyişir. Respublika üzrə hər kvadratkilometrə təxminən 96 nəfər sakin düşür.
Keyfiyyət göstəricilərinə görə də ölkə əhalisi dünya standartlarına yaxındır. Əhalinin yaşayış səviyyəsi, təhsili, texniki və peşə hazırlığı, sağlamlıq və yaş meyarları, miqrasiya, urbanizasya göstəriciləri həm daxili inkişaf, həm də qlobal iqtisadi əlaqələr baxımından mütəxəssislər tərəfindən yetərli hesab olunur. Burada ən mühüm meyarlardan biri kimi 2004-cü ildən başlayaraq əhalinin yaşayış səviyyəsinin sürətlə yüksəlməsini, adekvat olaraq yoxsulluğun azalmasını göstərmək olar.
Tədqiqatçılar ictimai-siyasi və sosial-mənəvi resursların milli maraqların təmin edilməsinə yönəldilməsi sahəsində Cənubi Qafqaz ölkələri içərisində ən balanslı geosiyasəti və effektli siyasi idarəçilik sistemini də Azərbaycana aid edirlər. Onların fikrinə görə, Azərbaycanın siyasi hakimiyyəti 1993-2013-cü illər arasında ölkənin geosiyasi vəzifələri və inkişaf ehtiyaclarına uyğun gələn fəaliyyət konsepsiyası və strategiyası seçmiş, dövlətin daxili və xarici siyasətinin prioritetlərini, istiqamət və vəzifələrini düzgün müəyyənləşdirmiş, səmərəli daxili və xarici fəaliyyət nümayiş etdirmiş, ölkəni beynəlxalq, regional, çoxtərəfli və ikitərəfli münasibətlər sistemində layiqincə təmsil etmişdir.
Uğurlu geosiyasi idarəçiliyin nəticəsi olaraq ötən dövrdə Azərbaycanın xarici aləmlə hərtərəfli münasibətləri yaranmış, qarşılıqlı maraqlara cavab verən çoxsaylı ortaq transmilli layihələr həyata keçirilmiş, dünya siyasətinə təsir gücü olan böyük dövlətlərlə, beynəlxalq və regional qurumlarla tərəfdaşlıq münasibətləri qurulmuş, ölkənin nüfuzlu xarici alyanslarda, hökumətlərarası və qeyri-hökumət təşkilatlarında iştirakı təmin edilmişdir.
Qloballaşmanın vüsət aldığı yeni minillikdə Azərbaycan dünyanın universal və qlobal iqtisadi sisteminə müvəffəqiyyətlə inteqrasiya olunur, Avropa İttifaqı, Dünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər transmilli iqtisadi-maliyyə qurumları ilə hərtərəfli əməkdaşlıq edir. Təsadüfi deyil ki, həmin qurumların dəstəyi və təqdimatı ilə postsovet ölkələri içərisində ən çox xarici kapital da məhz Azərbaycan və Qazaxıstan iqtisadiyyatına yatırılıb. Hazırda adambaşına düşən xarici investisiyaların miqdarına görə Azərbaycan nəinki postsovet məkanının, həmçinin dünyanın lider ölkələrindən biri kimi tanınır.
Keçən müddətdə Azərbaycanın regionda və dünyada nümayiş etdirdiyi balanslı geosiyasət, praqmatik xarici siyasət kursu, uğurlu neft strategiyası, transmilli enerji və nəqliyyat-kommunikasiya siyasəti, regional və milli təhlükəsizlik strategiyası, Avropa Birliyi, NATO, ATƏT, MDB, İKT və b. beynəlxalq-regional qurumlarla yaratdığı tərəfdaşlıq münasibətləri, Qoşulmama Hərəkatına üzv qəbul olunması, əksər beynəlxalq konvensiyalara qoşulması və beynəlxalq aləm qarşısında götürdüyü öhdəliklərin icrası ölkənin xarici aləmlə geosiyasi, geoiqtisadi və hərbi-geostrateji münasibətlərinə müsbət təsir göstərən əsas amillər kimi çıxış etmişdir.
Azərbaycan Cənubi Qafqazda həm də xristianlıqla islamın sərhədlərinin və sivilizasiyaların qovuşduğu, müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin bir arada fəaliyyət göstərdiyi, dini dözümlülüyün hökm sürdüyü coğrafi məkan, öz multikulturalist və tolerant cəmiyyəti, sabit ictimai mühiti ilə seçilən dövlət hesab olunur. Ölkə rəhbərliyinin bu istiqamətdə yürütdüyü ardıcıl siyasət regionda Azərbaycanın geosiyasi nüfuzunu artırmaqla yanaşı, həm də Cənubi Qafqaz və Xəzər hövzəsində regional sabitlik və təhlükəsizliyin təmin olunmasına ciddi təsir göstərir. Bütün bunlar, əlbəttə ki, onun xarici aləmlə geosiyasi tərəfdaşlığına müsbət təsir göstərən əsas amil hesab olunur.
Tədqiqatçılar Azərbaycanın üstün geosiyasi resursları sırasına həmçinin azərbaycanlıların ölkədaxili və beynəlxalq aləmdə nümayiş etdirdikləri vətəndaş birliyini, hakimiyyətin siyasətinə xalqın etimadı və dəstəyini, milli maraqların və ölkədaxili sabitliyin qorunması üçün əhalinin, xüsusən ziyalıların nümayiş etdirdikləri güclü milli iradəni, vətəndaş əzmini və dövlətçilik təfəkkürünü də aid edirlər. Bu gün bölgədə ən sabit cəmiyyət, milli, etnik, dini icmalar arasında sülh və tolerantlıq mühiti də məhz Azərbaycanda hökm sürür. Bütün bunlar da, öz növbəsində, Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi liderliyindən xəbər verir, yürüdülən daxili və xarici siyasətdə mühüm amil kimi çıxış edir.
Dövlətlərin siyasi, iqtisadi və s. fəaliyyətinin ölçü meyarı, göstəriciləri və müvəffəqiyyəti həm də onun beynəlxalq nüfuzundan, geosiyasi imicindən, qazanılmış reputasiyasından, onu təmsil edən rəhbərlərin (yaxud rəhbər işçilərin) təsdiq olunmuş nüfuzundan, daxildə və beynəlxalq aləmdə nümayiş etdirdiyi fəaliyyətdən, xalqının mədəni və intellektual səviyyəsindən asılıdır. Bu baxımdan Azərbaycan özünün regional imicinə, daxili ideoloji-mədəni resurslarına görə dünyada seçilən yerlərdən birini tutur. Bu yer bir tərəfdən ümummilli lider, dünyada nüfuzlu ictimai-siyasi və dövlət xadimi imici qazanmış Heydər Əliyevin uzun müddət ölkəni beynəlxalq aləmdə təmsil etməsi, müsəlman ölkələri içərisində Azərbaycanın daha çox Avropa dəyərlərinə, dünyəvi və hüquqi dövlət quruculuğu yoluna üstünlük verməsi, xalqın təhsil, mədəni və intellektual səviyyəsinin yüksək olması, dünyanın elm, mədəniyyət və incəsənət xəzinəsinə verdiyi qabaqcıl töhfələrlə, digər tərəfdən hazırda Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil, demokratik və prinsipial xarici siyasət kursu ilə bağlıdır.
Dövlətlərin geosiyasi gücünün və beynəlxalq aləmə təsir imkanlarının əsas göstəriciləri həm də onun dünyanın, ayrı-ayrı regionların ictimai-siyasi, iqtisadi, sosial, təhlükəsizlik mühitinə, beynəlxalq aləmin rəsmi və ictimai rəyinə təsir etmək imkanları, transmilli proseslərdə iştirakı və s. ilə ölçülür. Bu baxımdan Azərbaycanın dünya ölkələrinin alternativ enerji təminatı, transmilli enerji, nəqliyyat-kommunikasiya layihələrində iştirakı, digər planetar qlobal proseslərdə - beynəlxalq terrorizmə, narkoticarətə qarşı mübarizədə, dünya siyasətinin demokratik transformasiyasında, regional inteqrasiya və s. fəal mövqeyi onun bölgədəki geosiyasi gücünü və təsirini, beynəlxalq aləmdəki nüfuzunu, rolunu və dəyərini xeyli yüksəltmişdir. 2012-ci ildə 155 ölkənin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və bu qurumun çərçivəsində səmərəli fəaliyyət göstərməsi onun qlobal müstəvidəki rolunu da artırmışdır. O, BMT Təhlükəsizlik Şurasında ikiillik fəaliyyəti ilə bir daha təsdiq etmişdir ki, qlobal təhlükəsizliyə, dünyada sabitliyin, sülhün və əmin-amanlığın bərqərar olmasına, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına töhfə vermək iqtidarındadır və bu yolda əlindən gələni edir.
Bundan başqa, Azərbaycan vətəndaş cəmiyyəti institutlarına, KİV-lərə və QHT-lərə yaratdığı sərbəst və azad mühitə, göstərdiyi maddi və mənəvi dəstəyə, dünyanın qlobal informasiya vasitələrinə, aparıcı xarici mətbuat orqanlarına və nümayəndəliklərinə yaratdığı əlverişli şəraitə və s. görə də dünyada vətəndaş cəmiyyəti və siyasi plüralizmin hökm sürdüyü bir dövlət imici qazana bilmişdir. Bu amil də ölkənin beynəlxalq imici və geosiyasi gücünə fəal təsir göstərir.
Azərbaycanın geosiyasi təsir və diplomatik resursları sırasına xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri, dünyada yaşayan azərbaycanlıları və s. aid etmək olar. Azərbaycan bu resurslar vasitəsilə dünyanın siyasi, mədəni, diplomatik və s. həyatında iştirak edir və müvafiq sahələrdə öz geosiyasi maraqlarını təmin etməyə çalışır. Xarici siyasət resurslarının gücünə, xarici ölkələrdəki səfirliklərinin və diplomatlarının sayına görə də Azərbaycan əksər postsovet və Cənubi Qafqaz ölkələrindən üstün mövqedədir.
Xaricdə yaşayan və ölkənin xarici siyasət resursu kimi dəyərləndirilən soydaşlara gəldikdə, Cənubi Azərbaycanda, Gürcüstan, Rusiya (Dərbənd vilayəti) və başqa ölkələrdəki tarixi vətənlərində yaşayan təxminən 30-35 milyon azərbaycanlı ilə yanaşı, dünyada yaşayan digər soydaşlar da ana vətənlə əlaqələrini kəsməmiş (bunların sayı təxminən 2 milyona yaxındır) və Azərbaycan üçün potensial investisiya mənbəyi hesab olunurlar.
Azərbaycan regionda yürütdüyü balanslı təhlükəsizlik siyasəti ilə həm Avratlantik təhlükəsizlik strukturları, həm də regionun aparıcı dövlətləri ilə hərbi-geostrateji tərəfdaşlıq xətti yürütməklə dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi amilə çevrilmişdir. Keçən dövrdə Azərbaycan Cənubi Qafqazda və Avrasiya məkanında bir-biri ilə toqquşan iki hərbi blokun - NATO və KTMT-nin mövcudluğunu nəzərə alaraq, davamlı tarazlı siyasət aparmağa üstünlük vermişdir. Mütəxəssislər hesab edirlər ki, Azərbaycanın bu siyasəti Cənubi Qafqazın mövcud reallığına tam adekvatdır.
Hazırda Azərbaycanın əksər xarici və region ölkələri ilə yaxşı tərəfdaşlıq və əməkdaşlıq münasibətləri var. ABŞ və Avropa Birliyi ilə yanaşı, Azərbaycan Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya, Yaxın Şərq, 2012-ci ildə Qoşulmama Hərəkatına üzv olduqdan sonra isə bir sıra Cənubi Amerika və Afrika ölkələri ilə tərəfdaşlıq əlaqələri yaratmışdır. Bu gün Azərbaycan Xəzər-Qara dəniz hövzələri və Cənubi Qafqaz ölkələri icərisində geosiyasi və geoiqtisadi riskləri ən minimum olan və ən etibarlı tərəfdaş imici qazanmışdır. Ətraf ölkələrdən onun yalnız işğalçı Ermənistanla Dağlıq Qarabağla bağlı münaqişəsi və problemləri mövcuddur. Xəzər hövzəsi ölkələri içərisində Türkmənistan və İranla Xəzər dənizindəki sektor bölgüsü və bəzi yataqların mənsubiyyəti ilə bağlı müəyyən problemlər yaşansa da, hazırda bu ölkələr arasında bütün digər sahələr üzrə dostluq və tərəfdaşlıq münasibətləri hökm sürür.
Azərbaycan məscidin, kilsənin və sinaqoqun heç bir qısqanclıq, narahatlıq olmadan yan-yana fəaliyyət göstərdiyi, çoxsaylı milli və etnik azlıqların sülh və əmin-amanlıq şəraitində yaşadığı ən nadir tolerantlıq məkanı - multikulturalizm mərkəzi kimi dünyada tanınır və qəbul edilir. 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsini, çoxsaylı beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil edən Azərbaycan indi 2015-ci ildə l Avropa Oyunlarını keçirməyə hazırlaşır.
Azərbaycanın xarici aləmlə tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərən və geosiyasi dəyərini aşağı salan bəzi amillər də mövcuddur. Tədqiqatçılar bu sıraya ilk növbədə Ermənistanla münaqişənin və Dağlıq Qarabağ probleminin 20 ildən bəri həll olunmamasını aid edirlər. Ümumiyyətlə, müstəqilliyə qovuşduğu andan Azərbaycanın milli inkişafı yolunda rastlaşdığı ən mühüm problem də məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmuşdur. Müstəqilliyin ilk illərində bu problem ölkənin bölgədə və dünyada kəsb etdiyi geosiyasi əhəmiyyəti ciddi surətdə azaldaraq, beynəlxalq investisiya qurumlarının ölkəyə davamlı kapital qoyuluşu siyasətinə uzun müddət ciddi mənfi təsir göstərmişdir.
Bununla yanaşı, Xəzər dənizinin hüquqi statusunun da sona qədər həll edilməməsindən, Transxəzər layihəsinə region dövlətlərinin fərqli yanaşmasından qaynaqlanan bəzi digər bölgə problemləri də həm Azərbaycanın, həm də digər qonşu ölkələrin xarici aləmlə tərəfdaşlığına mənfi təsir göstərir.
Bir faktı da qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsindəki regional qarşıdurmalara və bəzi ölkədaxili problemlərə görə bir çox maraqlı dairələr dünya investorlarına nə qədər Azərbaycanı əlverişsiz bir ölkə kimi təqdim etməyə çalışsalar da, malik olduğu zəngin enerji resursları, Xəzər hövzəsində yürütdüyü effektli neft-qaz siyasəti və reallaşdırdığı çoxsaylı transmilli layihələr onu bütün dünya üçün bir o qədər cəlbedici və arzuolunan tərəfdaşa çevirmişdir.
Beləliklə, yuxarıda qeyd olunan bütün amillər deməyə əsas verir ki, müstəqilliyinin iyirmi ili ərzində Azərbaycan siyasi, iqtisadi, ictimai və mənəvi həyatın bütün sahələrində keçid dövrünü müvəffəqiyyətlə başa vurmuş bir ölkə kimi tam formalaşmış, güclü regional amilə çevrilmiş və qlobal siyasətdə öz sözü, rəyi, prinsipial mövqeyi ilə seçilən nüfuzlu dövlət kimi çıxış etməyə başlamışdır.
Əli Həsənov,
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü
"Azərbaycan" qəzeti
DİGƏR XƏBƏRLƏR
- Paşinyan: Bu tarixədək Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm
- Naxçıvana maneəsiz keçid belə olacaq: Məqbul variant tapıldı
- Berbokun COP29 şousu: yalan, iftira, böhtan
- Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri müəyyənləşdi
- İlham Əliyev: Əminəm ki, bu müzakirələr səmərəli əməkdaşlığa yol açacaq
- Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
XƏBƏR LENTİ
- Messinin arvadından maraqlı FOTOlar
- Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
- Aysel Balidə dekolteli geyimdə FOTOlarını paylaşdı
- Qışda əllərin dərisini qorumaq üçün nə etmək lazımdır?
- Əməkdar artist vəfat edən anasını paylaşıb bunları yazdı - FOTO
- Berbok boşanır
- Azərbaycanda qardaş bacısını döydü - qeyri-adi səbəb
- Paşinyan onları istefaya çağırdı
- “Ərim mənə bacı deyirdi” - məşhur aktrisa - FOTO
- Paşinyan: Bu tarixədək Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm
- Efirdə müğənniyə sevgi etirafı etdi - VİDEO
- Günün qoroskopu: Yaxınlarınızla münasibətlərinizi inkişaf etdirin
- Faraya "plyonka" çəkənlərin nəzərinə!
- Təmirə bağlanan "Ukrayna dairəsi"ndə hansı yeniliklər olacaq? - VİDEO
- Diplomat olduğunu deyən azərbaycanlı saxlanıldı - maşınından 70 kq qızıl çıxdı
- Netanyahu Britaniyaya daxil olarsa həbs olunacaq
- COP-un dəqiq bitəcəyi vaxt açıqlandı
- Müğənni 3+3-ün cavabını bilməsə olar - Əməkdar artist
- “Gətirib xəstəxananın qarşısına “dayanmaq qadağandır” nişanı qoyulur” - VİDEO
- Şəkidə itlər üç nəfəri dişlədi - ikisi azyaşlıdır
- İnsanların ən böyük peşmanlıqları - Altı ay ömrünüz qalsaydı...
- Xatirə anası ilə Moskvada - FOTO
- Sosial şəbəkədə yeni dələduzluq - Dostunun nömrəsi ilə yazıb pulunu mənimsədilər - VİDEO
- Taleh Yüzbəyovun xanımı qəzaya düşdü - FOTO