Siyasət

"Müstəsna" olmayan ABŞ

2 May 2015 14:33
0 Şərh     Baxış: 1 615

Amerikalı müəllif ölkəsinin böyüklük iddialarının puçluğu barədə yazır

Amerika Birləşmiş Ştatlarında nəşr olunan "The Week" jurnalında Deymon Linkerin "Amerika böyük deyil: Baltimor iğtişaşlarının da göstərdiyi kimi" başlıqlı məqaləsi dərc olunub. "Kaspi" qəzeti həmin məqalənin tərcüməsini təqdim edir.

Mən ölkəmi çox sevirəm, lakin "müstəsna" olduğumuz haqqında fikirləri eşitməkdən bezmişəm. O mənada "müstəsna" yox ki, biz xüsusi, özünəməxsusuq, hamı kimi deyilik. Əlbəttə, bunların hamısı doğrudur, bizim çoxlu fərqliliklərimiz var: həm müsbət, həm də mənfi. Mən, bizim bir çox siyasətçilər (daha çox respublikaçılar) və radio və televiziyada çıxış edən sağçı demaqoqların nitqlərində tez-tez səsləndirdikləri "müstəsnalıq" sözünü nəzərdə tuturam.
Vətənpərvərlik - hər hansı bir siyasi ideyaya bağlılıq təbii insani hissdir. Lakin qərəzli, aldadıcı və səhv olmaması üçün o, nə qədər dəhşətli olsa belə, faktların gözünə baxmağa hazır olmalıdır.

Hazırda Baltimorda baş verən hadisələrdə bir çox dəhşətli məqamlar var.
Belə faciəvi hadisələri - afroamerikalılara qarşı vətəndaşlar və dövlətin silahlı qüvvələri tərəfindən edilən açıq-aşkar haqsızlıqları biz keçən ilin yayında Fergüsson, Missuri, Nyu-York və Staten-Aylenddə, bu ay Şimali Çarlston və Cənubi Karolinada görmuşük. Bu hadisələrin tarixi Cim Krou qanunları, hətta ABŞ-ın müstəqilliyindən də əvvələ gedib çıxır. Bu, yaşca Amerikanın müstəqilliyindən də böyükdür.

Məndən soruşa bilərlər: "Bəs üsyançılar? Niyə onlar polislərə hücum edir və kasıb məhəllələrini yandırırlar? Siz zorakılığa və qanunsuzluğa haqq qazandıracaqsınız?" Bunlar yaxşı suallardır. Lakin mən suallara cavab verməmişdən öncə bir neçə məsələni aydınlaşdırmalıyam.
Bəli, ictimai asayiş qorunmalıdır.
Bəli, bir çox polislər yaxşı niyyəti olan ləyaqətli insanlardır.
Bəli, böyük mərdlik tələb edən bu iş çox təhlükəlidir (mən heç vaxt bu işin öhdəsindən gələ bilməzdim).
Bəli, ikinci gün 20 polisin xəsarət alması çox pisdir.
Bəli, zorakılığa çevrilən və kasıb məhəllələrinin məhvinə gətirən bu etirazlar çox dəhşətlidir.
Bəli, etirazçıların bəziləri quldurlardır. Onlar polis tərəfindən həbs olunarkən Freddi Qreyin öldürülməsini zorakılıq və talan üçün bəhanə ediblər.
Bunların hamısı doğrudur.

İndi sizə bir sual verməyə icazə verin.

Baltimor polis idarəsinin mətbuat katibi kapitan Erik Kovalçikin birinci gün etdiyi çıxışda hər hansı bir səhvin olduğunu hesab edən neçə ağdərili amerikalı mövcuddur? O bildirib ki, polis əməkdaşları Mondaumin rayonunda təhlükəsizliyi təmin etmək və onlara qarşı qəddar və təhrik edilməmiş hücum edən şəxsləri həbs etmək üçün tez və qanunauyğun şəkildə fəaliyyət göstərirlər. E.Kovalçik ideal mətbuat katibi kimi görünür. O, cavan və yaraşıqlıdır. Həmçinin yaxşı nitq qabiliyyətinə də malikdir. Lakin o, həm də ağdərilidir.

Maraqlıdır ki, onun yerində olan afroamerikalı "təhrik edilməmiş" hücumlar haqqında danışardımı? Mən buna şübhə edirəm.

Konkret polis əməkdaşları, birinci gün onlara hücum edən, daş atan bəzi şəxsləri təxribata çəkiblərmi? Çətin ki. Bu mənada "təhrik edilməmiş" hücumlardan danışarkən E.Kovalçik haqlı idi.

Lakin bu hücumlar tamamilə "təhrik edilməmiş" deyil.

"Təxribat" uzun əsrlər boyu davam edir. Bu təxribat zorakılıq və narkomaniya ilə əhatə olunmuş şəhər gettolarında, normal iş, məktəb və sosial xidmətlərdən məhrum olan insanlar arasında uzun müddətdir mövcuddur. Hər hansı bir polis öz vəzifəsindən sui-istifadə edəndə, müdafiə etməli olduğu vətəndaşı döyəndə, ona narkotik sırıyanda bu təxribat yenidən şiddətlənir. Belə polis əməkdaşları heç vaxt cəzalandırılmayacaqlarına əmindirlər, çünki heç bir səlahiyyətli şəxs məsələyə qarışmayacaq.

Və artıq ədalətsizliyə dözmək mümkünsüz olduqda səbr kasası daşır. Bu, polis kiçik bir cinayətdə təqsirləndirilən silahsız insanı boğanda, silahsız insanı arxadan səkkiz dəfə atəş açıb güllələyəndə, polis tərəfindən saxlanılan insan müəmmalı şəkildə onurğa sütununun qırılmasından öldükdə baş verir.
"Amerika müstəsnalığı"nın "çəhrayı eynəyi"ni çıxarıb bu hadisələrə kənardan baxdıqda insan düşünə bilər ki, Amerika Birləşmiş Ştatları sadist təcrübə həyata keçirir. Bu təcrübənin məqsədi isə partlayış baş verməsi üçün bir qrup insanın hansı müddətədək ədalətsizliyə, təhqirə və zülmə tab gətirəcəyini müəyyən etməkdir. Cavab: heyrətamiz dərəcədə uzun müddət.

Bu sxem artıq neçə əsrdir ki, davam edir. Çikaqo, 1919-cu il. Uotts, 1965-ci il. Detroyt, 1967-ci il. Los-Anceles, 1992-ci il. Sinsinnati, 2001-ci il. Fergüsson, 2014-cü il. Bütün bu hadisələrdə təzyiq həftələrlə, aylarla, illərlə artmağa başlayırdı. Bundan sonra qəzəbli zorakılıq alovu baş verir və bir müddətdən sonra yenidən nisbi sakitlik bərqərar olur.

Ciddi olaraq heç nə dəyişmir.

Hər şeydən daha çox məhz bu, bizim "müstəsnalığa" dair özündənrazı iddialarımızı puça çıxarır.

Biz yalnız ona əmin ola bilərik ki, irqi səbəblərə görə baş verən belə hadisələr ölkəmizdə sonuncu olmayacaq. Yeni iğtişaşları, yaralanmış polisləri, həbsləri, talan edilmiş və yandırılmış dükanları gələn həftə olmasa da, gələn ay, gələn il yenidən görə bilərik. Çünki afroamerikalılara qarşı zorakılıqlar yenidən olacaq.

Qəlbimizin dərinliyində biz başa düşürük ki, Amerika Birləşmiş Ştatları belə qurulub. Nə demək olar, bu məsələdə o, heç də "müstəsna" deyil.

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.