Dünən belə sərlövhəli bir xəbər gözümə dəydi: "İsveç "erməni soyqırımını" tanımayıb". Dərhal İsveç Rikstaqının Osmanlı İmperiyasında asurilərin, ponti yunanlarının və ermənilərin "soyqırımı"nın tanınması haqqında 2010-cu il 11 mart tarixli qətnaməsi yadıma düşdü. Bu qətnamə lehinə 131, əleyhinə 130 səs olmaqla, cəmi bir səs çoxluğu ilə qəbul edilmişdi (Türkiyədə doğulmuş kürd əsilli deputatın səsi həlledici olmuşdu).
Adi adam istər-istəməz belə bir sual verəcək: "Bu necə ola bilər? Axı, soyqırımını artıq bir dəfə tanıyıblar?!".
Məsələ də elə bundadır! Eyni bir dövlətin (daha dəqiq desək, dövlətin özünün yox, parlamentin, çünki bunlar ayrı-ayrı şeylərdir) əvvəlcə parlamentdə qətnamə qəbul edilməsi formasında soyqırımını "tanıması" faktı, beş il sonra elə həmin ölkənin elə həmin parlamentinin elə həmin məsələyə dair növbəti qətnaməni qəbul etməkdən boyun qaçırması barədə KİV-lərdə gedən məlumat həmişə dediyim və daim təkrar etdiyim bir məsələni əyani şəkildə təsdiq edir: bu və ya digər hadisənin "soyqırımı" kimi tanınması haqqında parlament qətnaməsi heç ona sərf olunan kağıza da dəymir və əsla bütöv bir dövlət tərəfindən "tanındığını" göstərmir.
Qətnamənin qəbulundan sonra ermənilərin, asurilərin və daha kimlərinsə qondarma "soyqırımının", fərz edək, Belçika və Lüksemburq tərəfindən "tanınmasından" danışanlar beynəlxalq hüquq sahəsində diletantdırlar.
Parlament qətnaməsi dövlət başçısı tərəfindən imzalanan, qüvvəyə minən, bütün vətəndaşlar üçün məcburi olan və onun ləğv edilməsinə qədər müddətsiz qüvvədə olan qanun deyildir. Parlament qətnaməsi yalnız ona səs verən, lakin səlahiyyət müddəti məhdud olan bir qrup deputatın şəxsi fikrinin ifadəsidir. Onların şəxsi fikri təmsil etdikləri dairədəki bütün seçicilərin, xüsusən də bütöv bir dövlətin mövqeyi deyil. Bu, hətta hakimiyyətin 3 qanadından biri olan bütün parlamentin də fikri deyil. Bu, onların birgə bəyanatda əks olunmuş sırf şəxsi fikridir. İstər deputat, istərsə də qeyri-deputat olsun, hər bir vətəndaşın şəxsi fikir hüququ, o cümlədən yanlış fikir hüququ var.
Bu mənada bir qrup deputatın bəyanatı etiraz aksiyasına toplaşmış küçə nümayişi iştirakçılarının, yaxud bu və ya digər zavodun həmkarlar ittifaqı yığıncağının iştirakçılarının oxşar bəyanatından (yaxud qətnaməsindən) heç nə ilə fərqlənmir və hüquqi qüvvəsi olmadığı üçün dövlətin və ya bütün əhalinin mövqeyini əks etdirmir. Guya "erməni soyqırımını tanımış" ölkələrin sayını xüsusi vəcdlə hesablayanlar isə bu sadə məsələni heç cür başa düşmək istəmirlər.
Gəlin ötən 100 ildə dünyanın bütün ölkələrində əlini qaldırıb belə qətnamələrə səs verən deputatların ümumi sayını hesablayaq. Görəsən, nə qədər olarlar? 500, 1000, 2000? Vəssalam? Bilirsiniz, şəxsən mən bir gün ərzində onların fikrini bölüşməyən 5000 vətəndaş toplaya bilərəm. Özü də bu insanların fikirləri deputatlarınkından heç də az əhəmiyyətli deyil, çünki qeyd etdiyim kimi, deputatların fikri ayrıca götürülmüş homo sapiens-in şəxsi fikridir və nəinki bütün dövlətin, hətta seçkilərdə həmin deputata səs vermiş bütün seçicilərin də mövqeyini əks etdirmir.
Bundan əlavə, qətnaməni qəbul edən parlament heyətinin deputatlıq müddəti başa çatandan sonra belə qətnamələr öz aktuallığını (hətta qüvvəsini deyil, məhz aktuallığını, çünki istənilən halda onların qüvvəsi yoxdur) itirir. Dövlət başçısının imzaladığı və ləğv edilənədək qədər qüvvədə olan qanundan fərqli olaraq, "non-bindinq" qətnamə deputatların şəxsi fikrini əks etdirən (buna görə də hamı üçün məcburi olmayan) sənəd kimi yalnız parlamentin həmin heyətinə aiddir. Ötən heyətin qəbul etdiyi qətnamə növbəti heyətin mövqeyini artıq əks etdirə bilməz, çünki həmin heyətdə bu yaxınlara qədər müxalifətdə olan yeni çoxluq təmsil oluna bilər. Deməli, soyqırımının tanınması haqqında qəbul edilmiş qətnamənin parlamentin yeni heyətinin fikrini əks etdirməyə davam etməsi üçün deputatlar onu yenidən təsdiq etməli, bir növ deputat kürsülərindəki sələflərinin fikirləri ilə razılaşdıqlarını göstərməlidirlər.
Son 50 ildə neçə belə yenidən təsdiq olub? Biri də olmayıb! Odur ki, əgər kimsə deyir ki, "ermənilərin soyqırımını" filan qədər ölkə tanıyır, həmin adam yumşaq desək, arzu olunanı həqiqət kimi təqdim edir, çünki əvvələn, parlament qətnaməsi həmin ölkə tərəfindən "tanınma" demək deyil. İkincisi, bu qətnamələrin çoxunu artıq tarixə çevrilən parlament heyətləri qəbul edib. Onlar yoxdur. Deməli, vaxtilə dünya ölkələrinin bir hissəsinin dövlət hakimiyyəti strukturunun bir hissəsinin üzvlərinin bir hissəsinin şəxsi fikrini əks etdirən sənəd də aktuallığını itirir.
Əfsuslar olsun ki, hər buna bənzər qətnamədən sonra donuz kimi xortuldayanlar bu sadə həqiqətlərdən xəbərsizdirlər.
Çox kompleksləri olan bəzi ermənilər dünya xəritəsində onların fikrincə, "soyqırımını" tanıyan ölkələri qırmızı rəngə boyayırlar. Belə xəritələrin birində aşağıdakı infoqrafika təsvir edilib: burada həmin ölkələrin ərazilərinin ümumi sahəsi və əhalisinin sayı bütün dünyaya faiz nisbətində işarələnib! İsveç Rikstaqında bir səs çoxluğu bu məzəli xəritənin müəllifinə həmin ölkənin 10 milyonluq bütün əhalisini "erməni soyqırımını" tanıyanlara aid etməyə, Dövlət Dumasının 1995-ci il tərkibinin onlarca üzvünün fikrini Yer kürəsinin quru hissəsinin 1/6 hissəsini arzu olunan qırmızı rəngə boyamağa imkan verib. İşdir, birdən Çin deputatlarının bir hissəsi öz fikrini ifadə etmək istəsə, onda qrafik məlumatların necə dəyişəcəyini düşünmək belə qorxuludur. Axı, başa düşürsünüz ki, bu "1,5 milyard insanın" fikri deməkdir! Lakin elə həmin müəllifin katolik kilsəsinin hakim olduğu ölkələri qırmızı rəngə boyaması, Papa Fransiskin bu yaxınlardakı çıxışından sitatı Atlantik okeanının düz ortasında yazması bu marazmın zirvəsidir. Yəqin özünüz başa düşürsünüz ki, həmin sitatda Papanın "bütün katoliklərin mövqeyini əks etdirən" fikri yer alıb. Hə bir də təbii ki, bu yaxınlarda məlum qətnaməyə səs vermiş bir para Avropa Parlamenti deputatının fikrinin "əhatə etdiyi" Avropa İttifaqının xəritəsi. Zarafatdırmı?! 503 milyon insan və 4 milyon kvadratmetr ərazi!!!
Qeyd edək ki, dünyada yalnız iki dövlət - Fransa və Argentina ermənilərin faciəsinin "soyqırımı" kimi tanınmasını məhz qanun kimi qəbul edib və cəmi bir parlamentin - Avstriya parlamentinin fəaliyyətdə olan heyəti qəbul edib, ona görə də bu qətnamə öz aktuallığını hələ saxlayır (elə bir Almaniya bundestaqı da belə bir qətnamə qəbul etməyə hazırlaşır). Bütün qalan qətnamələrin "yararlılıq müddəti" başa çatıb. Onları zibil yeşiyinə ata bilərsiniz.
Bu da sizin üçün "beynəlxalq tanıma".
Tutaq ki, İsveçrə və ya İspaniyanın "ermənilərin soyqırımını" tanımasından az-çox müəyyən bir inamla danışmaqdan ötrü əhalinin çoxunun fikrini bilmək üçün referendum keçirmək lazımdır. Amma heç kəs xalqın pulunu belə bir sərsəm məsələ ilə bağlı referenduma xərcləməyəcək.
Soyqırımı parlamentlərin divarları arasında, çoxu səs verdiyi məsələyə dair üç kəlməni bir-birinə calaya bilməyən siyasətçilərin əl qaldırması yolu ilə deyil, yalnız və yalnız mötəbər beynəlxalq tribunalın hökmü ilə fakta çevrilir. Müqayisə üçün: parlament suyun yanması haqqında qətnamə qəbul edir, amma bu, təbiətdə heç bir dəyişikliyə gətirib çıxarmır.
Adamın təkcə kağıza və əbəs yerə qırılmış meşələrə heyfi gəlir.
Vüqar Seyidov
AZƏRTAC