Siyasət

Prezident İlham Əliyev: "Azərbaycanda hansısa iğtişaş yaratmaq cəhdlərinin heç bir təsiri yoxdur" - YENİLƏNİB - FOTO

10 Aprel 2015 23:49
Baxış: 4 810

23:49

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda yekun nitq söylədi.

Prezident İlham Əliyevin yekun nitqi


- Qeyd etdiyim kimi, ilin birinci rübünün göstəriciləri bizi çox sevindirir. Çalışmalıyıq ki, ilin sonuna qədər bu templəri saxlayaq və ölkə iqtisadiyyatının inkişafını təmin edək.

Giriş sözümdə qeyd etdiyim kimi, qeyri-neft sektoru prioritet olaraq qalır, bütün lazımi tədbirlər görülür. Hesab edirəm ki, bu il qeyri-neft sektorumuz daha da arta bilər. Birinci aylarda yeddi faiz artım əlbəttə ki, gözəl göstəricidir. Çalışmalıyıq ki, ümumiyyətlə, qeyri-neft sektorumuz ümumi daxili məhsulun çox böyük hissəsini təşkil etsin. Ancaq o da həqiqətdir ki, bir neçə ildən sonra "Cənub" qaz dəhlizi işə düşəndən sonra bizim qaz ixracımız kəskin şəkildə artacaq. Beləliklə, neft-qaz sektorumuz daha da böyüyəcək. Belə olan halda qeyri-neft sektorunun daim neft sektorunu üstələməsi üçün biz əlavə tədbirlər görməliyik. Bu tədbirləri görürük. Onların içərisində, əlbəttə ki, infrastruktur layihələri bölgələrdə iqtisadi inkişafa şərait yaradır. Eyni zamanda, dövlətin sahibkarlara olan münasibəti, diqqəti və dəstəyidir.

Mən sahibkarlarla il ərzində dəfələrlə görüşürəm. Hər il biz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını müzakirə edərkən bu görüşlər olur. Ondan sonra mənim bütün bölgələrə, rayonlara səfərlərimdə bölgələrdə hansısa sənaye obyektinin açılışı nəzərdə tutulur. Beləliklə, sahibkarlara göstərilən siyasi dəstək kifayət qədər yüksəkdir. Eyni zamanda, dövlət sahibkarlığın inkişafı üçün digər tədbirlər də görür. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə kreditlər verilir. Bu kreditlər real iqtisadiyyatın inkişafını təmin edir, iş yerlərinin yaradılmasına şərait yaradır. Bu il də kifayət qədər böyük məbləğdə kreditlər ayrılıb. Bu kreditlərin demək olar ki, tam həcmi sonra qaytarılır və yenidən resurs baza kimi sahibkarlara verilir. Həm dövlət büdcəsində sahibkarlığın inkişafı üçün vəsait nəzərdə tutulur, eyni zamanda, əvvəlki illərdə verilmiş və qaytarılmış kreditlər yenidən sahibkarlara verilir. Yəni, o kreditlərin qaytarılması yenə də sahibkarlığın inkişafına şərait yaradır.

Azərbaycanda, deyə bilərəm ki, hazırda çox böyük sahibkarlıq sinfi yaradılmışdır. Ölkəmizin ümumi inkişafı bundan sonra daha çox sahibkarlığın inkişafından asılı olacaq. Əlbəttə, dövlət inhisarında olan strateji sahələr dövlətin əlində qalmalıdır. Bu, strateji nəqliyyat infrastrukturu, neft-qaz sektoru, strateji enerji infrastrukturudur. Çünki bu sahələr dövlət tərəfindən idarə edilməlidir ki, işlər məqsədyönlü şəkildə aparılsın. Əlbəttə ki, əsas infrastruktur qurumları dövlət monopoliyasında olanda tariflərə də dövlət nəzarət edir və imkan vermir ki, tariflər artsın yaxud da insanların yaşayış səviyyəsinə mənfi təsir göstərsin.

Digər sahələr isə artıq sahibkarlıq hesabına formalaşır. Ümumi daxili məhsulumuzun haradasa 80 faizdən yuxarı hissəsi özəl sektorda formalaşır. Keçən il "Sənaye ili" elan edilmişdir və qeyd etdiyim kimi, bu sahəyə böyük diqqət göstərilir. Biz özümüzü bütün tikinti materialları ilə tam şəkildə təmin etməliyik. Artıq biz buna yaxınlaşırıq. Bu rəqəmləri mən artıq müşavirələrdə səsləndirmişdim. İndi biz bir çox pozisiyalar üzrə tikinti materiallarımızı özümüz istehsal edirik və eyni zamanda, ixrac edirik. İxrac üçün də bizə yeni bazarlar lazımdır.

Bazarlara çıxmaq o qədər asan deyil, gərək məhsul rəqabətqabiliyyətli və qiyməti ucuz olsun. Dövlət öz tərəfindən sahibkarlara bu dəstəyi də göstərir. Çünki Azərbaycanda yanacaq kifayət qədər ucuzdur. Özəl sektora və ümumiyyətlə, əhaliyə satılan qazın qiyməti çox aşağıdır, cəmi yüz manatdır. Halbuki dünyada qiymət ondan bir neçə dəfə artıqdır. Elektrik enerjisinin qiyməti kifayət qədər aşağıdır. Yəni, bütün bunlar sahibkarlığın inkişafı üçün dövlət tərəfindən verilən böyük güzəştlərdir. Azərbaycanda istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyi üçün bu, əlavə bir güzəştdir, üstünlükdür. Sahibkarlar da bundan səmərəli şəkildə istifadə etməlidir. İlk növbədə, daxildə satılan malların qiyməti süni şəkildə qalxmamalıdır. Dövlət bu sahəyə nəzarət edir. Eyni zamanda, xarici bazarlara girmək üçün də əlbəttə ki, qiymət də münasib olmalıdır. Yəni, əgər Azərbaycanda yanacağa qoyulan tariflər bu qədər aşağı səviyyədə olmasaydı, bu, sahibkarlar üçün də böyük problem yaradardı. Sahibkarlar bunu bilməlidir ki, dövlət tərəfindən bu, çox böyük dəstəkdir. Kreditlər də, eyni zamanda, siyasi dəstək və hətta İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən metodik tövsiyələr də sahibkarlara təqdim edilir. Onların qoyduqları investisiyaların həcminə görə müxtəlif tövsiyələr paketi də verilir.

Regionlarda da sənaye inkişafı sürətlə gedir. Artıq biz bir neçə sənaye mərkəzi müəyyən etmişik. İndi növbə gəlib ki, hər bir rayonda sənaye zonası yaradılsın. Birinci zona Neftçalada yaradılır. Mənə verilən məlumata görə, yerli sahibkarlar tərəfindən çox böyük həvəslə, böyük maraqla qarşılanır. Hətta görürük ki, o sənaye zonasında fəaliyyət göstərən sahibkarların sayı nəzərdə tutduğumuzdan daha da çoxdur. Bu, çox sevindirici haldır, bu, birinci pilot layihəsidir. Hesab edirəm ki, biz indi başqa rayonlarda da buna oxşar zonalar yaratmalıyıq. Bu barədə mən bir neçə ay bundan öncə öz fikirlərimi bildirmişdim ki, hər bir rayonda xüsusi yer olmalıdır. Orada infrastruktur, nəqliyyat yolları - bütün lazımi təminat olmalıdır ki, sənaye potensialımız bir yerdə inkişaf etsin.

Bu il "Kənd təsərrüfatı" ili elan edilmişdir. Bu da bu sahəyə göstərilən diqqətin təzahürüdür. Sənaye, kənd təsərrüfatı hər bir ölkənin uğurlu iqtisadi inkişafını təmin edən sahələrdir. Xüsusilə Azərbaycan kimi ölkənin - bizim əhalimizin təxminən yarısı bölgələrdə, kəndlərdə yaşayır. Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir. Çünki biz hələ tam şəkildə ərzaq təhlükəsizliyimizi təmin edə bilməmişik. Ancaq bu istiqamətdə böyük yol keçmişik. Çünki bu gün Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Düzdür, bəzi hallarda bu məhsulların komponentləri idxal edilir. Bu, əlbəttə, birinci mərhələ üçün hesab edirəm ki, məqbul variantdır. Ancaq çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş ta hazır məhsullara qədər. Ona görə bütün bu zənciri biz yaradırıq, yaradacağıq. İlk növbədə, əlbəttə ki, biz sənaye, yəni, emal müəssisələrini yaradırdıq. Bəzi hallarda o müəssisələrdə istehsal olunan mallar xaricdən xammal kimi gətirilirdi, burada paketlənirdi, ya süzülürdü. Bu, birinci mərhələ idi. Biz indi əsas mərhələyə keçirik, lokalizasiya 100 faiz olmalıdır. Çünki ərzaq təhlükəsızliyi bundan sonra dünya üçün ən böyük məsələ olacaq, o ölkələr ki, ərzaq təhlükəsizliyini təmin etməyib, onlar böyük problemlərlə üzləşəcəklər.

Əlbəttə ki, bazar iqtisadiyyatı prinsipləri bizim üçün əsasdır. Biz idxal da, ixrac da edirik. Ancaq görürük, bəzi hallarda əgər biz hansısa mənbədən asılıyıqsa, onda müəyyən problemlər yaranır, o cümlədən qiymətlə bağlı olan problemlər. Bizim son illər ərzində gördüyümüz işlər imkan verdi ki, indi inflyasiya çox aşağı səviyyədə olsun. Nəyə görə? Çünki biz xarici bazarlardan, xarici ərzaq bazarlarından o qədər də asılı deyilik. Çünki yerli istehsal artıq kifayət qədər güclüdür. Yerli istehsal əgər yüz faiz yerli xammal üzərində qurulacaqsa, o zaman, ümumiyyətlə, xaricdə gedən proseslər, böhranlı vəziyyət, yaxud da ki, neftin qiymətinin ucuzlaşması bizə təsir etməyəcək.

Ona görə ərzaq təhlükəsizliyi birinci məsələdir. Yerli istehsalın artırılması prosesi gedir. Müxtəlif yerlərdə emal müəssisələri yaradılır və ixrac imkanlarımız da genişlənir. Biz indi ixrac nomenklaturamızı da genişləndirməliyik. Azərbaycandan ənənəvi olaraq meyvə-tərəvəz ixrac edilirdi. İndi isə daha çox hazır məhsul və digər, yəni, süd məhsulları ixrac edilməlidir. Gələcəkdə ət məhsulları və digər məhsullar ixrac edilməlidir.

Kənd təsərrüfatının inkişafı üçün çox ciddi tədbirlər görülür, islahatlar aparılır. Torpaqların elektron uçotu, qeydiyyatı indiki mərhələ üçün çox önəmli məsələdir. Biz buna nail ola bilsək, onda həm şəffaflıq olar, həm də biz dəqiq biləcəyik ki, nəyimiz var. Çünki bəzi hallarda tərtib olunan xəritələr həqiqətlə uzlaşmır. İndi bu məsələ aydınlaşdırılır, təftiş edilir. Verilən pay torpaqları, ayrılan sahələr bunlar həqiqəti əks etdirmir. Peykdən əldə edilən görüntülər xəritədə göstərilən görüntülərlə üst-üstə düşmür. Bu, çox ciddi məsələdir. Vaxtilə bu sahədə böyük səhvlər buraxılmışdır. Ona görə biz indi hər şeyi yenidən tənzimləməliyik. Elektron uçot ona görə lazımdır ki, sahibkarlar hansı torpağın sahibi olduqlarını bilsinlər. Eyni zamanda, dövlət də bilməlidir ki, kimin hansı torpağı var, o torpaqlarda nə yetişdirilir və ya yetişdirilmir. Bəzi hallarda torpaqlar götürülür, ondan sonra təyinatı dəyişdirilir. Yaxud da ki, hasarlanır, sadəcə olaraq mülkiyyət kimi saxlanılır. Buna yol vermək olmaz. Burada vəziyyəti tam şəffaflaşdırmaq üçün torpaqların elektron uçotu məsələsi öz həllini tapmalıdır. Bu, sadəcə olaraq statistika deyil. Bu, məhsuldarlıqdır, bu, aqrar siyasətimizdir. Həmçinin biz tövsiyə də edə bilərik, əlavə güzəştlər də verə bilərik ki, sən bu torpaqda bu məhsulu yetişdirirsən, gəl bu məhsulu yetişdir. Dövlət sənə daha da çox subsidiya verəcək, kömək edəcək. Çünki dövlətə, ölkəyə bu lazımdır. Ona görə bu, çox ciddi məsələdir. Mən bilirəm, indi Kənd Təsərrüfatı Nazirliyi bu işlərlə çox ciddi məşğuldur. Gərək bütün aidiyyəti qurumlar da buna qoşulsunlar ki, biz torpaqların elektron uçotunu tərtib edək. Burada uyğunsuzluq aradan götürülməlidir.

Biz son illər suvarmaya, meliorasiyaya çox böyük diqqət göstərdik. Biz bu sahəyə böyük maliyyə resursları ayırdıq. Hesab edirəm ki, bu, tamamilə düzgün bir siyasət idi. İndi Taxtakörpü və Şəmkirçay su anbarları artıq fəaliyyət göstərir. Bu anbarlar bizə bundan sonra daim xidmət edəcək. Suvarılan torpaqların sahəsi böyük dərəcədə artacaq, artır və meliorasiya tədbirləri bundan sonra da aparılacaqdır. Biz indi daha çox kanalların tikintisi ilə məşğul olmalıyıq. Çünki anbarlar yaradılıb. O anbarlarda elektrik stansiyaları da qurulub, kanallar da var. Amma kanalların şaxələndirilməsi də önəmlidir. Çünki biz nəzərdə tutulan torpaqları maksimum su ilə təmin etməliyik. O rəqəmlər dəfələrlə səsləndirilmişdir. Yüz min hektardan çox yeni əkin sahələri dövriyyəyə veriləcək və mövcud olan torpaqlarda suvarma yaxşılaşdırılacaqdır. Bu işlər əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Mən daim bu sahəni diqqət mərkəzində saxlayıram.

Keçən il Xızı rayonunda olarkən orada boş, yəni, yararsız torpaqlarla tanış oldum. İndi o yerlərə su veriləcək. Bu ilin sonuna qədər Xızı rayonunda üç min hektardan çox torpağa artıq su verilməlidir. Bu, daim diqqət mərkəzindədir. Ümumiyyətlə, Taxtakörpü su anbarının fəaliyyəti nəticəsində on minlərlə hektar torpaq suvarılacaq. Orada hansı məhsul yetişdiriləcək? Bunu Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri müəyyən etməlidir. Sahibkarlara kömək göstəriləcək, kreditlər veriləcək. Ondan sonra sahibkarlara deyiləcək ki, sən burada nəyi əkməlisən. Burada özbaşınalıq, hərc-mərclik ola bilməz. Dövlət bu siyasəti aparır və tövsiyə edir, yaxud da ki, göstəriş verir. Çünki biz bilməliyik hansı məhsullar yetişdirilməlidir, hansı məhsullar üçün bazar var. Yoxsa biz burada da müəyyən problemlərlə üzləşə bilərik. Gəlirli, çox gəlir gətirən məhsul var, az gəlir gətirən məhsul var. Vəsaiti tez qaytaran məhsul var, gec qaytaran məhsul var. İndi biz bunun hamısını yaxşı bilirik - dövlət üçün, daxili tələbatı təmin etmək üçün nə lazımdır və biz bunları hansı bazarlara ixrac edəcəyik.

Biz indi yeni bazarlar axtarırıq, tapırıq. İndi ənənəvi bazarlar var. Ənənəvi bazarımız Rusiya bazarıdır və bizim kənd təsərrüfatı məhsullarımızın böyük əksəriyyəti bu bazara ixrac edilir. İndi Qazaxıstanın Aktau şəhərində böyük logistika bazası yaradılır və orada on min ton məhsulu saxlamaq mümkün olacaqdır. O bazar da bizim üçün çox maraqlıdır. Hesab edirəm ki, bu ilin sonuna qədər bu sahədə də artıq biz real nəticəni görəcəyik. Dövriyyəyə buraxılacaq yeni torpaqlarda bazarların tələbatına uyğun məhsul yetişdirilməlidir. Ona görə burada yüz faiz dövlət nəzarəti və dövlətin rəhbərliyi olmalıdır. Biz yüz minlərlə hektar torpağı dövriyyəyə qatırıq, suvarmanı təmin edirik. Buna milyardlarla vəsait xərclənibdir. Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinə qoyulan vəsait təqribən 1,5-2 milyard manata yaxındır. Hələ kanalların şaxələndirilməsi, ondan sonra digər tədbirlər var. Nəyə görə? Ona görə ki, imkan yaradaq insanlar daha da yaxşı yaşasınlar, kəndli məhsul yetişdirsin, pul qazansın, biz bu məhsullardan düzgün istifadə edək. Daxili bazarları təmin edək ki, qiymətlər qalxmasın. Xaricə sataq ki, həm sahibkara, həm də dövlətə daha çox pul gəlsin. Ona görə burada mən bir daha demək istəyirəm ki, dövriyyəyə buraxılacaq yeni torpaqlarda heç bir özbaşınalıq ola bilməz. Ancaq bu torpaqlardan dövlətin göstərişi ilə istifadə olunmalıdır. Mən iki nazirliyə göstəriş vermişəm, orada kənar müdaxilə ola bilməz.

Aqroparklar da artıq Azərbaycanda yaradılır. Bu da çox gözəl təşəbbüsdür. Birinci aqroparkın təməli artıq qoyuldu. İri fermer təsərrüfatlarının, taxılçılıqla məşğul olan təsərrüfatların fəaliyyəti genişləndirilir. Pilot layihəsi özünü doğrultdu. Pilot layihəsində məhsuldarlıq 55 sentner idi, - halbuki ölkə üzrə bu rəqəm haradasa 24, bəzi yerlərdə 25-26 sentnerdir, - yəni, iki dəfədən çoxdur. Ona görə də biz bu pilot layihələrini, bu təcrübəni bütün başqa sahələrə də yaymalıyıq ki, məhsuldarlıq artsın. Əgər biz buna nail olsaq, onda mövcud torpaqlarla taxıla, buğdaya olan tələbatımızı özümüz təmin edəcəyik.

Ümumiyyətlə, ixrac - kənd təsərrüfatının ixracı və sənaye məhsullarının ixracı gələcəkdə iqtisadiyyatımızın əsas hərəkətverici qüvvəsi olacaqdır. Çünki ixrac ölkəyə valyuta resurslarını gətirir. Bizim valyuta resurslarının mənbəyi neft-qazdır. Elə etməliyik ki, ərzaq məhsulları, sənaye, tikinti materialları, hazır məhsullar istehsal edək, ixrac edək və biz bu yolla gedəcəyik.

Makroiqtisadi sabitlik daim diqqət mərkəzindədir. İnflyasiya çox aşağı səviyyədədir. Mən keçən il demişdim ki, bu il də inflyasiya birrəqəmli olacaq və birinci rübdə cəmi 2,8 faiz artıb. Bu, çox gözəl göstəricidir. Baxmayaraq ki, fevral ayında manatın məzənnəsində dəyişiklik edilmişdir və bu da istər-istəməz idxal olunan malların qiymətinə təsir edə bilərdi. Ancaq görülən tədbirlər nəticəsində istehlak bazarında vəziyyət tam sabitdir. Biz qiymətlərin qalxmasına imkan vermədik. Qiymətlər sabitdir, sabit də qalmalıdır.

Ümumiyyətlə, manatın məzənnəsinin dəyişdirilməsi, - mən bu barədə artıq bir dəfə öz fikirlərimi bildirmişəm, bir daha demək istəyirəm, - bu, qaçılmaz bir hal idi. Çünki biz 2005-ci ildə pul islahatını apararkən bir manatı bir dollara bərabərləşdirdik. O vaxta qədər bir dollar beş min manat idi. Bu balans saxlanılmalı idi. Əslində biz imkan verməməli idik ki, manat çox bahalaşsın. Çünki iqtisadçılar yaxşı bilir, bu, yerli istehsalçılara da mənfi təsir göstərir, bizim ixrac imkanlarımıza da əngəllər törədir. Ancaq ölkə iqtisadiyyatının çox sürətli inkişafı və neft gəlirlərinin kütləvi şəkildə xəzinəyə daxil olması əlbəttə ki, manatı çox gücləndirdi. 2005-ci ildə biz pul islahatını apardıq, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü və böyük gəlirlər gəlməyə başladı. Nəticə etibarilə biz gördük ki, bir manat artıq 1,3 dollar səviyyəsində idi. Ondan sonra gördük ki, hətta bir manat bir avrodan da qiymətli və bahalıdır. Yəni, bu, tamamilə qeyri-təbii bir məzənnə idi. Buna son qoyulmalı idi və bu gün bütün mötəbər beynəlxalq maliyyə qurumları bizim addımımızı dəstəkləyir, alqışlayır, eyni zamanda, əhali də görür ki, məzənnənin dəyişdirilməsinin gündəlik həyata təsiri olmamışdır. Ona görə ki, ilk növbədə, vaxtilə görülən işlər nəticəsində gündəlik tələbat məhsullarının böyük hissəsini özümüz istehsal edirik. Digər tərəfdən, istehlak bazarına nəzarət gücləndirilmişdir və möhtəkirlərə qarşı çox ciddi mübarizə aparılmışdır.

Bilirsiniz ki, biz istəyirdik məzənnəni tədricən, yavaş-yavaş dəyişdirək. Amma ondan sonra ajiotaj yarandı. Hər gün 500 milyon dollar vəsait bazarlardan yığışdırılırdı, alınırdı və belə getsə idi, bizim Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə aşağı düşə bilərdi.

Ona görə görülən tədbirlər, iqtisadiyyatımızın şaxələndirilməsi, sosial siyasətimiz nəticəsində və biz imkan vermədik ki, natəmiz insanlar bu vəziyyətdən istifadə etsin. Bax, bütün bu məsələlər vəziyyətin sabit saxlanmasına xidmət göstərmişdir.

Mənim narahatçılığım, eyni zamanda, dərman preparatlarının qiymətləri ilə bağlı idi. Mən xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Eyni zamanda, onu da qeyd etməliyəm ki, dərman preparatlarının bazarı əfsuslar olsun ki, Azərbaycanda müəyyən dərəcədə nəzarətdən kənarda qalmışdır. Bu, əslində dözülməz bir hal idi. Bu hadisə deyə bilərəm ki, bizim diqqətimizi bu sahəyə daha da ciddi şəkildə yönəltdi və gördük ki, bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni, burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki, onlara daha çox dərman lazımdır.

Eyni zamanda, bəzi hallarda ölkəyə o qədər də böyük keyfiyyətə malik olmayan dərmanlar da gətirilir. Ona görə mən Səhiyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş vermişəm ki, bu sahədə vəziyyət tamamilə nəzarətə götürülsün. Eyni zamanda, hökumətə tapşırmışam ki, ciddi nəzarət olmalıdır və indi yeni mexanizm işlənilir. Ümid edirəm ki, bir neçə aydan sonra biz bu mexanizmi tətbiq etməyə başlayacağıq və insanlar bunu gündəlik həyatda görməlidirlər. Qiymətlər qalxmamalıdır. Mən hesab edirəm ki, bəzi dərmanların qiymətlərində kəskin azalma da olacaqdır.

Bu mövzu ilə bağlı bir məsələni də qeyd etmək istəyirəm. Bu vəziyyət onu bir də göstərdi ki, yerli istehsalın ölkə iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyəti var. Ona görə İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırıram ki, yerli istehsalın stimullaşdırılması üçün əlavə tədbirlər hazırlasın, təklif versin və biz lazımi qərarlar, sərəncamlar verəcəyik.

Onu da qeyd etməliyəm ki, Azərbaycan yeganə ölkə deyildi ki, milli valyuta devalvasiyaya uğramışdır. Mənə verilən arayışda bəzi rəqəmlər var. İstəyirəm, sadəcə olaraq Azərbaycan ictimaiyyəti son vaxtlar bizim qonşuluğumuzda hansı hadisələrin baş verdiyini bilsin. Yəni, son vaxtlar bölgədə vəziyyət bundan ibarətdir: Qazaxıstanda milli valyuta 20 faizdən çox aşağı düşdü, Türkmənistanda 20 faizdən çox devalvasiyaya uğradı. Gürcüstanda milli valyuta 30 faizdən çox qiymətdən düşdü. Türkiyədə 2013-2015-ci illərdə türk lirəsi qiymətini 40 faiz itirdi. İranda milli valyuta 2013-2015-ci illərdə 113 faiz aşağı düşdü. Rusiyada son vaxtlar Rusiya rublu 80 faiz aşağı düşdü. Dünyanın aparıcı valyutalarından biri, yəni iki, ya üç aparıcı valyutasından biri avro qiymətini 25 faiz itirdi. Norveç milli valyutası qiymətini 34 faiz itirdi. Yəni, sadəcə olaraq mən bu rəqəmləri müqayisə üçün səsləndirirəm.

Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda bu məzənnənin dəyişdirilməsi əslində məzənnənin bərpası deməkdir. Biz 2005-ci ildə müəyyən etdiyimiz məzənnəni bərpa etdik. O vaxt bir manat bir dollar idisə, bu gün də bir manat bir dollardır. Hesab edirəm ki, bundan sonra belə də olmalıdır.

Eyni zamanda, biz inhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik, əlavə tədbirlər görülməlidir. Yerli istehsalın stimullaşdırılması ilə bərabər, bu sahəyə də diqqət yetirilməlidir, əgər ya qanunvericilikdə, ya hansısa tənzimləyici qərarlarda hansı əlavə tədbirlər lazımdırsa, biz bunu edəcəyik. Biz azad, ədalətli rəqabəti təmin etməliyik.

Bu il sosial infrastruktur layihələrinin icrasi - məktəblərin, xəstəxanaların, uşaq bağçalarının, peşə məktəblərinin tikintisi davam etdiriləcəkdir. İndi buna böyük ehtiyac var. Bu il əlavə üç "ASAN xidmət" mərkəzi açılmalıdır. "ASAN xidmət" mərkəzlərinin sayı səkkizə çatıbdır - dördü Bakıda, dördü rayonlarda. Üç mərkəz tikilir. Hazırda Bakıda dörd mərkəz fəaliyyət göstərir. Gəncə, Sumqayıt, Sabirabad, Bərdə şəhərlərində "ASAN xidmət" mərkəzləri artıq açılıbdır. Hazırda Bakıda daha bir mərkəz tikilir. Qəbələdə və Masallıda da "ASAN xidmət" mərkəzləri tikilir.

Biz ilin birinci rübündə elektroenergetika sahəsində ciddi islahatlar apardıq. "Azərişıq" qurumu yaradılmışdır. "Azərişıq" "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin əsasında qurulubdur və əsas məqsəd rayonlarda elektrik enerjisi ilə təchizatı Bakının səviyyəsinə qaldırmaqdır. Bax, bu idi əsas məqsəd. Çünki son illər ərzində Bakı şəhərində "Bakıelektrikşəbəkə" təşkilatı çox uğurla fəaliyyət göstərirdi. Artıq "Barmek"in dövrü çoxlarının yadından çıxıb. "Barmek" Azərbaycanı nə günə salmışdı?! "Bakıelektirkşəbəkə" o təsərrüfatı öz üzərinə götürənə qədər "Barmek"in təsərrüfatı nə gündə idi?! O günlər çox yaxşı ki, hamının yadından çıxıb. Amma o qaranlıq gecələr hamımızın yadındadır. Yəni, gənc nəsil yəqin ki, bunu xatırlamır, heç xatırlamasa yaxşıdır.

Rayonlarda isə hələ ki, görüləsi işlər çoxdur. Bilirsiniz ki, mən bölgələrdə tez-tez oluram, demək olar ki, hər ay. Elə rayonlar, şəhərlər var ki, orada 10 dəfədən çox olmuşam. Hər halda Azərbaycanda elə bir yer yoxdur ki, mən orada ən azı iki dəfə olmayım. Hər dəfə olanda həm maraqlanıram, həm başqa məlumat mənbələrim var ki, qaz, içməli su, elektrik enerjisi ilə təchizatla bağlı vəziyyət necədir. Bəzi hallarda mənə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri çox müsbət mənzərə təqdim etməyə çalışırlar. Ancaq reallıq ondan ibarətdir ki, bölgələrdə elektrik enerjisi ilə bağlı vəziyyət istədiyimiz səviyyədə deyil. Düzdür, biz indi böyük enerji gücləri, elektrik stansiyaları yaratdıq. Son illər ərzində yaratdığımız enerji potensialı bütün sovet dövründə yaradılan potensialdan böyükdür, ondan çoxdur. Nə qədər elektrik stansiyaları yaradıldı. Onlar olmasaydı, indi bizim iqtisadi, sənaye inkişafımız mümkün olmazdı. Yəni, biz diqqəti bu sahəyə yönəltdik ki, generasiya güclərini yaradaq. Azərbaycanda həm alternativ su elektrik stansiyaları və əsas qaz elektrik stansiyaları tikilmişdir. Amma ötürücü xətlərdə hələ ki, vəziyyət o qədər də yaxşı deyil. Xüsusilə, rayonlarda, kənd yerlərində bir balaca külək əsən kimi dirəklər aşır, işıq verilməsi dayandırılır. Buna dözmək olmaz. Mən dəfələrlə məsələ qaldırmışdım, demişdim, göstəriş vermişdim ki, gedin bu sahəni düzəldin. Bölgələrdə insanlarla görüşlər əsnasında mən onların xahişlərini, problemlərini eşidirdim. Deyirdilər ki, tez-tez işıqlar sönür, tez-tez işıqsız qalırıq. Azərbaycan kimi ölkədə belə vəziyyət dözülməzdir. Ona görə görəndə ki, bu inzibati tədbirlər səmərə vermir, biz struktur islahatlarına keçdik. Əminəm ki, "Azərişıq" yaxın zamanlarda bütün şəhər və rayonlarımızda elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə qaldıracaqdır. Bu, çox ağır, çətin işdir. İndi böyük səylər göstərilməlidir. Ancaq qarşıya vəzifə qoyulub və mən birinci rübdə bu struktur islahatını xüsusilə vurğulamaq istəyirəm.

Azərbaycanda, o cümlədən Bakıda ekoloji tədbirlər daim aparılır, göllər təmizlənir, ağaclar əkilir, parklar salınır. Bakı indi parklar, bağçalar şəhəridir. Eyni zamanda, bölgələrdə insanları içməli su ilə təmin etmək üçün təmizləyici qurğular yaradılır. Biz içməli su problemini həll etmək üçün üç istiqamətdən istifadə edirik. İlk növbədə, "Azərsu" tərəfindən icra edilən layihələr. Burada da bir neçə şəhərdə artıq içməli su layihəsi başa çatıbdır və bu proses gedir, əhali tərəfindən də çox gözəl qarşılanır. Eyni zamanda, "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyəti bu işləri görür. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi çaylar boyu yerləşən kəndlərdə təmizləyici qurğular quraşdırır. Bu günə qədər çaylar boyu, xüsusilə Kür, Araz çayları boyu yerləşən kəndlərdə 480 min əhali artıq təmiz içməli su ilə təmin edilmişdir. 292 kənddə müasir təmizləyici qurğular quraşdırılmışdır. Bu vaxta qədər onlar suyu çaydan götürürdülər, duruldurdular, yaxud da ki, kanallardan su içirdilər. Bu, insanların sağlamlığına mənfi təsir göstərirdi. Hazırda 28 kənddə işlər gedir, təmizləyici qurğular quraşdırılır. Bu kəndlərdə 51 min insan yaşayır. Hesab edirəm ki, bu işlər bu ilin sonuna qədər tamamlanmalıdır. Beləliklə, 530 min insan ancaq bu təmizləyici qurğular hesabına içməli su ilə təmin ediləcəkdir.

Avropa Oyunlarının keçirilməsinə az vaxt qalır. Biz Nazirlər Kabinetinin növbəti toplantısını ilin altı ayının yekunlarına həsr edəcəyik. Ona görə Avropa Oyunlarına qalan müddət ərzində bütün müvafiq qurumlar daha da fəal işləməlidir. Əslində, biz bütün hazırlıq işlərini artıq başa çatdırırıq. Nəqliyyat, infrastruktur, təhlükəsizlik, texniki-təşkilati məsələlər öz həllini tapır. Təşkilat Komitəsi çox fəal və səmərəli işləyir. Beynəlxalq Əməliyyat Komitəsi də fəal işləyir. İdman obyektlərimiz demək olar ki, hazırdır. Keçən ay biz Bakı Olimpiya Stadionunun və Bakı Atıcılıq Mərkəzinin açılışını qeyd etdik. Su İdmanı Sarayında son tamamlama işləri gedir. Heydər Əliyev adına İdman-Konsert Kompleksində təmir işləri başa çatır. Bulvarda yerləşən idman sarayında da işlər yekunlaşır. Bildiyiniz kimi, həm yeni idman obyektləri yaradılır, həm əvvəlki illərdə yaradılan obyektlər əsaslı şəkildə təmir olunur, əslində yenidən qurulur.

Avropa Oyunları Parkı yaradılır. Bu, əslində müvəqqəti idman qurğuları kimi nəzərdə tutulurdu. Ancaq nəzərə alsaq ki, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcəkdir, hesab edirəm, Avropa Oyunlarından sonra Avropa Oyunları Parkı qalmalıdır. Ola bilər İslam Həmrəyliyi Oyunlarından sonra da qalsın. Çünki indi Bakıda yeni gözəl bir istirahət zonası yaradılır. Bayraq Meydanından ta Bibiheybətə qədər gözəl bir park və istirahət zonası, idman zonası yaxın zamanlarda ictimaiyyətin istifadəsinə veriləcəkdir. Biz tədricən bulvarı genişləndiririk. Yadınızdadır, Bayraq Meydanı yaradılandan bir qədər sonra insanların sərəncamına verildi. İndi Bayraq Meydanından Bibiheybətə tərəf olan hissədə böyük tikinti, abadlıq işləri görülür. Beləliklə, "Ağ Şəhər" bulvarı ilə birlikdə bulvarın uzunluğu 16 kilometrə çatacaqdır.

Tofiq Bəhramov adına Stadionda təmir-bərpa işləri artıq başa çatmışdır. İndi orada da müvafiq qurğular tikilir. "Crystall Hall"da bir neçə idman növü üzrə yarışlar keçiriləcəkdir. Orada da işlər hazırdır. Mingəçevirdəki "Kür" avarçəkmə bazasında müvəqqəti qurğular, tribunalar yaradılır. Atletlər Kəndi demək olar ki, hazırdır, Media Kəndi yaradılıbdır. Media Kəndi - deyə bilərəm ki, ümumiyyətlə, ilk dəfə belə bir yer olacaq. Çünki Yay Olimpiya və Qış Olimpiya oyunlarında heç vaxt Media Kəndi olmamışdı, jurnalistlər hərəsi bir yerdə qalırdı. Biz isə jurnalistlərə də diqqət göstərərək onlar üçün də gözəl yaşayış yerlərini müəyyən etdik, düz Atletlər Kəndinin yanında yerləşir.

Oyunlara dünyada çox böyük maraq var. Altmışa yaxın telekanal artıq müqavilə bağlayıb ki, bu Oyunları yayımlasın və beləliklə, "Bakı-2015" birinci Avropa Oyunları dünya ictimaiyyəti tərəfindən də izlənəcək. Yəni, son mərhələdəyik, ona görə şadam ki, çox qısa bir müddətdə - iki il yarım ərzində biz bu işin öhdəsindən gəldik. Əslində mən şübhə etmirdim, çünki bizim başladığımız bütün işlər uğurla yekunlaşır. Əminəm ki, Avropa Oyunları da böyük idman və dostluq bayramına çevriləcəkdir.

Bir sözlə, vəzifələr aydındır. Biz ilin sonuna qədər fəal işləməliyik ki, bütün vəzifələri uğurla icra edək, ölkəmizi daha da gücləndirək. Sağ olun.

--------
23:21


Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlətimizin başçısı iclasda giriş nitqi söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi


- Bu gün biz birinci rübün sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik, gələcək planlar haqqında danışacağıq. Deyə bilərəm ki, birinci rübün yekunları çox müsbətdir. Biz keçən ili də uğurla başa vurmuşduq. Baxmayaraq ki, keçən ilin sonunda bölgədə artıq böhran başlamışdır, Azərbaycan iqtisadiyyatın dinamik inkişafını təmin etmişdir və biz keçən ili də çox gözəl göstəricilərlə başa vurduq.

Bu ilin birinci rübündə də bu müsbət meyillər davam edib. Mən keçən ilin sonunda əmin olduğumu bildirmişdim ki, 2015-ci il də ölkə iqtisadiyyatı üçün uğurlu il olacaq. Birinci rübün yekunları bu sözləri təsdiqləyir. Ümumi daxili məhsul 5 faizdən çox artmışdır. Bu, çox gözəl göstəricidir, həm region, həm dünya üçün. Bu gün dünyada 5,3 faiz, yaxud da ki, 6 faizə yaxın inkişaf edən iqtisadiyyatlar çox azdır.

Azərbaycanda dinamik inkişaf təmin edilir və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Çünki uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf etsin, bir sektordan - neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi bizim ümumi iqtisadi inkişafımıza təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir.

Qeyri-neft sektoru prioritet olaraq qalacaq. Çünki bundan sonra Azərbaycan iqtisadiyyatı çoxşaxəli surətdə inkişaf edəcəkdir. Şadam, artıq bir müddətdir ki, qeyri-neft sektorumuz ümumi daxili məhsulumuzun əksər hissəsini təşkil edir. Əminəm ki, bu faiz nisbəti getdikcə daha da artacaq və beləliklə, bundan sonra Azərbaycan iqtisadiyyatı neft-qaz amilindən daha da az asılı olacaq.

Bir daha demək istəyirəm ki, neftin qiymətinin iki dəfədən çox düşməsi bizim ümumi dinamik inkişafımıza təsir etməmişdir, qeyri-neft sektoru əsas iqtisadi yükü öz üzərinə götürmüşdür. Bundan sonra məhz qeyri-neft sektorumuzun inkişafı ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edəcəkdir.

Sevindirici haldır ki, sənaye istehsalı birinci rübdə artmışdır. Bildiyiniz kimi, son illər ərzində neftin hasilatının bir qədər düşməsi nəticəsində biz sənaye istehsalında artımı müşahidə etmirdik. Bu ilin birinci rübündə sənaye istehsalı təxminən 4 faiz artmışdır. Bu da görülən işlərin nəticəsidir. Keçən il Azərbaycanda "Sənaye ili" elan edilmişdir, bu sahəyə xüsusi diqqət göstərilmişdir. Ondan əvvəlki illərdə müasir sənaye komplekslərinin, texnoparkların yaradılması, kiçik və orta sahibkarlığın inkişafı sayəsində sənaye potensialımız böyük dərəcədə güclənmişdir. Bunun nəticəsidir ki, Azərbaycanda sənaye istehsalı artır.

Kənd təsərrüfatında da artım var. Kənd təsərrüfatı 3 faizdən çox artmışdır. Hesab edirəm ki, bizi gələcəkdə kənd təsərrüfatının əsas artımı gözləyir. Çünki hazırda aparılan islahatlar, işlərin təkmilləşdirilməsi və düşünülmüş siyasət, əminəm ki, yaxın illərdə daha da sürətli artıma təkan verəcəkdir.

İnflyasiya Azərbaycanda çox aşağı səviyyədədir. Keçən il bir faizdən bir qədər çox idi. Bu il isə 2,8 faizdir. O da çox əlamətdar hadisədir ki, manatın məzənnəsinə bu ilin fevralında dəyişikliklər edilmişdir, buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, onu göstərir ki, Azərbaycanda istehlak bazarına nəzarət tam təmin edilir, dövlət və hökumət bu məsələləri daim diqqət mərkəzində saxlayır.

İnflyasiyanın aşağı səviyyədə olması, əlbəttə ki, insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir. Eyni zamanda, onu da bilməliyik ki, inflyasiya çox aşağı səviyyədə olanda iqtisadi inkişafı bir qədər əngəlləyir. Ona görə burada əlbəttə ki, düzgün balans seçilməlidir və Azərbaycanda makroiqtisadi vəziyyət daim diqqət mərkəzindədir. İnflyasiya həm sosial funksiyalarını özündə ehtiva etməlidir, eyni zamanda, ölkəmizin inkişafını, xüsusilə ixrac potensialımızın genişləndirilməsini təmin etməlidir. Hər il olduğu kimi, bu il də əhalinin pul gəlirləri inflyasiyanı üstələyir. Əhalinin pul gəlirləri 5,3 faizdir, təxminən iki dəfə inflyasiyadan artıqdır.

Bax, budur bizim əsas iqtisadi göstəricilərimiz. Hesab edirəm ki, 2015-ci ildə istənilən ölkə üçün, xüsusilə neft-qaz sektoru inkişaf etmiş ölkələr üçün bu, həddindən artıq müsbət göstəricidir, deyə bilərəm ki, bizim böyük uğurumuzdur. Bu uğurları biz əldə etmişik, Azərbaycan xalqı əldə edib. Əgər biz vaxtilə ölkəmizin qeyri-neft sektorunun inkişafına bu qədər böyük diqqət göstərməsəydik, bəlkə də bu gün bu nəticələr o qədər də ürəkaçan olmazdı. Əksinə bizi staqnasiya, resessiya gözləyə bilərdi, necə ki, biz indi dünyada, bölgədə bəzi yerlərdə bunu müşahidə edirik.

Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri ondan ibarətdir ki, bu, möhkəm təməl üzərində qurulub, özünü təmin edən iqtisadiyyatdır, xarici maliyyə resurslarından asılı deyil. Əksinə, biz indi özümüz donor kimi, həm başqa ölkələrə, eyni zamanda, beynəlxalq maliyyə qurumlarına maliyyə resurslarımızı təqdim edirik. Bu da bizə əlavə mənfəət gətirir. Azərbaycan iqtisadi müstəqilliyini tam şəkildə əldə etdikdə təbii ki, siyasi müstəqillik daha da güclənir.

Regionlarda birinci rübdə müsbət meyillər müşahidə olunub. İş yerlərinin yaradılması prosesi gedir, 30 minə yaxın iş yeri, - onlardan 25 mini daimi iş yeridir, - açılmışdır. Bu, daimi prosesdir, çünki dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanda müsbət demoqrafik vəziyyət mövcuddur. Əhali artır, belə olan halda iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bizim iqtisadi potensialımız əhalinin artması ilə uzlaşmalıdır. Çünki əhalinin artması çox müsbət prosesdir, bu, ölkəmizi gücləndirir, eyni zamanda, ölkəmizin sürətli inkişafını göstərir. Çünki biz demoqrafik dinamikaya nəzər saldıqda görürük ki, məhz son illər ərzində əhalimiz kəskin şəkildə artmağa başlamışdır. İqtisadiyyat da öz növbəsində bu artım üçün gözəl imkan yaratmalıdır ki, daim iş yerləri açılsın və işsizlik aşağı səviyyədə olsun. Hazırda işsizlik və yoxsulluq ən aşağı səviyyədədir, 5 faiz səviyyəsindədir.

Sosial məsələlər öz həllini tapır. Bu sahə daim diqqət mərkəzindədir və bizim düşünülmüş iqtisadi islahatlarımız bütün dövrlərdə güclü sosial siyasətlə də tamamlanırdı. Bu il bütün sosial öhdəliklər yerinə yetirilir, sosial infrastrukturun yaradılması üçün əlavə vəsait ayrılır, məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir.Hazırda 20-dən çox tibb müəssisəsi tikilir və təmir edilir, əhalinin diaqnostikası məsələləri öz həllini tapır, müayinədən keçmə prosesi uğurla gedir. Keçən il 5 milyon, bu il isə təqribən artıq 4 milyona yaxın Azərbaycan vətəndaşı müayinədən keçmişdir. Son illərdə bütün bölgələrdə müasir tibb mərkəzləri yaradılmışdır. Yəni, indi müayinədən keçmək üçün Bakıya gəlməyə ehtiyac yoxdur. Hər bir yerdə müasir tibb ocaqları var ki, insanlara gözəl xidmət göstərməlidir.

Sosial siyasətimizin digər aspektləri də daim diqqət mərkəzindədir. Sosial sahə insanların rifah halını, rahat yaşamasını təmin edən sahədir. Ona görə Azərbaycan dövləti bu sahəni daim diqqət mərkəzində saxlayır. Təbii ki, bizim gəlirlərimiz azalıb. Çünki neftin satışından əldə edilən gəlirlər təbii olaraq azalır. Ancaq əvvəlki illərdə əldə edilmiş maliyyə resursları, eyni zamanda, düşünülmüş siyasət, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi bizə imkan verir ki, hətta azalan gəlirlərlə bütün sosial öhdəlikləri yerinə yetirək və ölkə üçün vacib olan infrastruktur layihələrini icra edək.

Bu il də dövlət investisiya proqramı kifayət qədər genişdir. Bu proqramda əsas infrastruktur layihələri öz əksini tapıbdır və bu layihələrin icrası nəticəsində ölkəmizin inkişafı üçün daha da yaxşı şərait yaradılacaq, insanların rahatlığı, eyni zamanda, biznes mühitinin yaxşılaşdırılması üçün infrastruktur layihələri əlbəttə ki, önəmli yer tutur.

Bizim islahatlar aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görübdür. İldən-ilə bizim yerimiz yaxşılaşır. Biz daha bir pillə qalxmışıq və dünya miqyasında rəqabətqabiliyyətliliyə görə 38-ci yeri tutmaq hesab edirəm ki, gənc dövlət üçün böyük nailiyyətdir və bu yeri biz neftə, qaza görə yox, məhz düşünülmüş islahatlara görə qazanmışıq. Bizim iqtisadi siyasətimiz düşünülmüş siyasətdir, milli maraqlar və daxili resurslar üzərində qurulubdur. Ona görə Azərbaycanın xarici dövlət borcu çox aşağı səviyyədədir. Dünya miqyasında biz bu göstəriciyə görə ən qabaqcıl yerdəyik. Bu, bizə iqtisadi müstəqillik verir, eyni zamanda, biz Azərbaycana istənilən məbləğdə xarici bazarlardan maliyyə resursları da cəlb edə bilərik. Sadəcə olaraq, hesab edirəm ki, buna böyük ehtiyac yoxdur. Təbii ki, müəyyən mənada biz bunu edirik. Amma daha çox öz işlərimizi, ölkədə görüləsi olan işləri daxili imkanlar hesabına təmin edirik.

Ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Azərbaycan dünya birliyinin etibarlı, dəyərli üzvüdür. Bütün həmkarlarımla keçirilən görüşlərdə Azərbaycana böyük hörmət müşahidə olunur. Azərbaycanda gedən işlər dünya birliyi tərəfindən izlənilir və böyük təqdirlə qarşılanır. Bizim xarici siyasətimiz çox fəaldır, çevikdir, milli maraqlar üzərində qurulubdur və milli maraqlar bizim üçün ən prioritet məsələdir. Yəqin ki, buna görə Azərbaycan son illər ərzində bütün bölgədə yaşanan böhranlardan, əgər belə demək mümkündürsə, itkisiz çıxıbdır və şərəflə öz siyasətini aparır. Biz heç kimin təhriki ilə addımlar atmırıq, düşünülmüş addımlar atırıq. Əgər o addımlar milli maraqlara uyğundursa biz bunu edirik, deyilsə biz bunu etmirik. Elə bir qüvvə yoxdur ki, bizi nəyəsə məcbur edə bilsin, yaxud da bizi hansısa kampaniyalara cəlb etsin ki, bu da bizim maraqlarımıza uyğun olmasın. Ona görə bu mövqe, eyni zamanda, hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz təbii olaraq bizə böyük hörmət qazandırdı. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə, gözəl imicə malik olan ölkədir. Mən dünya birliyi deyəndə bütün ölkələri nəzərdə tuturam. Çünki dünya birliyi hansısa bir təşkilat deyil. Dünya birliyi bütün ölkələrdir. Bütün ölkələr BMT-də təmsil olunur və bilirsiniz ki, bizim BMT-dəki mövqelərimiz çox güclüdür. Əgər belə olmasaydı, bir neçə il bundan əvvəl 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi.

Biz öz prinsipial beynəlxalq siyasətimizi bu il də davam etdiririk. Bu ilin əvvəlindən baxmayaraq ki, cəmi 3 aydan bir qədər çox vaxt keçib, mənim çoxsaylı səfərlərim bizim beynəlxalq mövqelərimizi daha da möhkəmləndirib. İlin əvvəlindən mən Türkiyəyə iki dəfə səfər etmişəm, Almaniyaya, Bolqarıstana, Vatikana və Səudiyyə Ərəbistanına səfərlər etmişəm. Yəni, 3 ay ərzində edilən bu səfərlər artıq Azərbaycanın çoxşaxəli xarici siyasət apardığını göstərir. Səudiyyə Ərəbistanı müsəlman aləminin mərkəzidir, bizim müqəddəs ocaqlarımız bu ölkədə yerləşir, Vatikan isə xristian aləminin mərkəzidir.

Azərbaycan öz dini, milli, mənəvi dəyərlərinə sadiq olaraq müasirlik yolu ilə uğurla, inamla gedir. Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətləri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurmuşuq və bizə göstərilən hörmət, əlbəttə ki, bizi sevindirir. Eyni zamanda, bu, bir daha göstərir ki, bizim xarici siyasətimiz qüsursuzdur. Mən bunu açıq bəyan etmək istəyirəm. Biz heç bir ölkə ilə əlaqələrimizi pozmamışıq. Heç bir ölkə ilə bizim aramızda heç bir gərginlik yoxdur. Əksinə, son illər ərzində biz nə qədər dost qazanmışıq, nə qədər çox ölkələr bizimlə əməkdaşlıq etmək istəyir. Dövlət, hökumət başçılarının Azərbaycana səfərləri, beynəlxalq tədbirlərdə mənim iştirakım bunu bir daha göstərir. Azərbaycan bu gün dünya miqyasında öz güclü yerini tutmuş ölkədir. Ölkəmizin dünya miqyasında hörməti getdikcə artır.

Eyni zamanda, mən ilin əvvəlində dünyanın iki aparıcı iqtisadi və siyasi forumlarında iştirak etmişəm - Davosda və Münxendə. Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı. O da sirr deyil ki, bu tədbirlərə məhdud sayda qonaqlar dəvət edilir. Bu tədbirlərdə dünyanın həm üzləşdiyi problemlər açıq və qapalı şəkildə müzakirə edilir, eyni zamanda, orada imkan yaradılır ki, hər bir iştirakçı öz baxışlarını ifadə etsin, öz fikirlərini bölüşsün. Azərbaycanın mövqeyi bir çox məsələlərlə bağlı çox böyük önəm daşıyır. Təkcə enerji siyasəti deyil, ümumiyyətlə, geosiyasi məsələlər, təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq və sabitlik. Çünki baxın, indi dünyanın hər bir yerində qarşıdurma, müharibə, ziddiyyət, böhran, çevrilişlər və digər xoşagəlməz hallar müşahidə edilir. Bir il deyil, iki il deyil, artıq 10 ilə yaxındır ki, hər tərəf yanır. Azərbaycan sabitlik adasıdır, inkişaf məkanıdır və təbii ki, bu, dünya birliyi tərəfindən yüksək qiymətləndirilir.

Əlbəttə, antiazərbaycan qüvvələri bizə qarşı durmadan fəaliyyət göstərir. Bu barədə mən öz fikirlərimi dəfələrlə bildirmişəm. Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, bizim işimizə kölgə salmaq, bizi ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər. Ancaq nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onların səyləri heç bir nəticə vermir və verə bilməz. Ölkəmizdən kənarda Azərbaycanın nüfuzu, beynəlxalq imici haqqında indi mən qısa da olsa çox dəqiq dəlillərlə öz fikirlərimi bildirdim. Ölkə daxilində də vəziyyət hamının gözü qabağındadır. Sabitlik, inkişaf, xalqla iqtidar arasındakı birlik bir daha onu göstərir ki, bizə qarşı aparılan kampaniyalar, yaxud da ki, burada hansısa iğtişaş yaratmaq cəhdlərinin heç bir təsiri yoxdur, ola da bilməz. Azərbaycan inamla inkişaf edir.

Ancaq əlbəttə ki, bu səylər davam edəcək. Çünki uğurlarımızı həzm edə bilməyən dairələr əlbəttə ki, bizdən əl çəkməyəcəklər. Biz isə onlara ən yaxşı cavabı öz işlərimizlə veririk və onların nə sözlərinə, nə məqalələrinə, nə bəyanatlarına heç bir əhəmiyyət vermirik və verməyəcəyik.

Bizim əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əfsuslar ki, həll olunmamış qalır. Bu barədə dəfələrlə öz fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm, bunun yeganə səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir, status-kvonu saxlamaq istəyir. Baxmayaraq, Minsk qrupuna həmsədrlik edən dövlətlərin başçıları dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymur və bu dövlətlər bu bəyanatlardan başqa heç bir konkret addımlar da atmırlar. Ona görə bu bəyanatlar havada qalır və beləliklə, münaqişə uzanır, öz həllini tapmır. Keçən ilin ortalarından həmsədr ölkələrin başçıları tərəfindən fəallıq göstərilirdi. Avqust, sentyabr, oktyabr aylarında Rusiya, Amerika və Fransa rəhbərləri zirvə görüşləri keçirmişlər ki, biz vəziyyətdən çıxış yollarını tezliklə tapaq və münaqişəyə son qoyaq. Azərbaycan əlbəttə ki, bu fəallığı dəstəkləyir. Çünki həmişə qeyd etdiyim kimi, münaqişənin həll edilməsində ən maraqlı tərəf məhz Azərbaycandır. Ancaq Ermənistan bu görüşlərdə qeyri-səmimi mövqe nümayiş etdirir, hər vəchlə çalışırdı ki, danışıqların mahiyyəti kənarda qalsın və hansısa etimad tədbirləri haqqında daha da çox söhbət aparılsın. Biz buna etiraz etmirdik. Etimad tədbirləri də önəmlidir, ancaq işin mahiyyəti işğala son qoyulmasıdır. Buna baxmayaraq,Paris görüşündən sonra biz şifahi olaraq razılaşdıq ki, hər iki tərəf təmas xəttində gərginliyi azaltmağa çalışacaq və bəlkə bu, danışıqlar prosesinə müsbət təsir göstərə bilər. Ancaq Ermənistanın riyakar siyasəti bir daha özünü büruzə verdi. İki həftə keçməmiş Ağdam rayonunda genişmiqyaslı hərbi təlimlərə başladılar. O təlimlərin bir məqsədi var idi - Azərbaycanı təxribata çəkmək və danışıqlar prosesini pozmaq. Biz bu təxribatlara bir neçə gün dözərək ondan sonra düşmənə layiqli cavab verdik və beləliklə, onlara öz yerini göstərdik. Onlar isə bundan istifadə edərək Azərbaycanı aqressiv davranışda ittiham etməyə başladılar.

Əlbəttə ki, heç kim buna, bu tezisə ciddi yanaşmırdı. Azərbaycan həmişə çox təmkinli mövqe nümayiş etdirir. Danışıqlarda 20 ildən çox iştirakımız onu göstərir ki, biz məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Məsələnin həll olunmamasını Ermənistan istəyir. Çünki torpaqlarımızdan çıxmaq istəmir. Keçən ilin sonlarından Ermənistan tərəfi daim bizim mövqelərimizə hücumlar çəkir, bu, bu il də davam edir. Bu hücumlar nəticəsində onlarla erməni öz həyatını itirmişdir. Bizdə olan məlumata görə son 3-4 ay ərzində 50-dən çox işğalçı təmas xəttində məhv edilmişdir. Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır, Ermənistanda hökm sürən diktatura rejimidir. Bu barədə mən artıq öz fikirlərimi bildirmişəm. Əgər ölmək istəmirsinizsə, Azərbaycan torpaqlarından rədd olun.

Azərbaycan öz prinsipial mövqeyindən əl çəkməyəcək. Biz bu mövqeyi müdafiə edəcəyik. Ermənistan isə bu işğalın yüksək qiymətini ödəyir - həm iqtisadi tənəzzül, həm müstəqillik qalıqlarının tamamilə itirilməsi, təmas xəttindəki itkilər, Ermənistan ordusunda artan fərarilik halları. İndi Azərbaycan tərəfinə keçən erməni əsgərləri qeyd edirlər ki, Azərbaycan tərəfinə keçmək istəyənlərin sayı kifayət qədər çoxdur. Sadəcə olaraq qorxurlar, çünki orada əmr verilib ki, əgər kimsə Azərbaycan tərəfinə keçmək istəyərsə, onlar onu arxadan güllələməlidirlər, öldürməlidirlər. Yəni, budur reallıq. Bu, işğalçı dövlətin ödədiyi qiymətdir və nə qədər ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayıb onlar bu qiyməti ödəyəcəklər.

Biz Ermənistana qarşı daha da fəal mübarizə aparmalıyıq, aparırıq, bütün beynəlxalq, regional layihələrdən onları təcrid etmişik. Onların rəsmi statistik məlumatlarına görə əhalinin 30 faizi yoxsulluq, səfalət içində yaşayır. Amma real məlumat 50-60 faizdir. Onların rəsmi məlumatlarına görə hər il ölkədən 60-70 min insan həmişəlik köçür. Amma bizdə olan məlumat onu göstərir ki, bu rəqəm 100 minə yaxındır. Yəni, bir neçə ildən sonra artıq Ermənistan dövlətində, tarixi Azərbaycan torpaqlarında yaradılan bu dövlətdə erməni əhalisi qalmayacaq.

Mən bunu dəfələrlə demişəm, bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Bütün toponimlər Azərbaycan mənşəlidir. Bunu bilmək üçün XX əsrin əvvəllərində çar Rusiyasında tərtib olunan xəritələrə baxmaq kifayətdir. Orada bir dənə də erməni toponimi tapmaq mümkün deyil. İndiki Ermənistanda bütün kəndlərin 80 faizi Azərbaycan mənşəli adlar daşıyır. Yəni, bu, bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və biz bu hədəfə çatmaq üçün çalışırıq, çalışacağıq. İqtisadi, siyasi, hərbi gücümüz, demoqrafik vəziyyətimiz bunu deməyə əsas verir. Maşallah, Azərbaycan əhalisi yaxın zamanlarda artıq 10 milyonu keçəcəkdir və bu, məsələnin həlli üçün az əhəmiyyət daşımır.

Bir sözlə, biz ərazi bütövlüyümüzün bərpası üçün bundan sonra da fəal səylər göstərəcəyik. Münaqişə beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu ola bilməz. İkili standartlara son qoyulmalıdır. Ölkəmizin ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyündən az əhəmiyyət daşımır. Əgər Qərb dünyası postsovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edirsə, bizim münaqişə də öz həllini bu prinsiplər üzərində tapmalıdır. Amma bizə gəldikdə görürsünüz ki, münasibət fərqlidir. Bu, riyakarlıqdır, ikili standartlardır, ədalətsizlikdir. Hər bir görüşdə, ən yüksək səviyyədə keçirdiyim görüşlərdə bu sözləri mən bax dediyim ifadələrlə tərəf-müqabillərimə çatdırıram. Bu riyakarlığa, ikili standartlara son qoyulmalıdır. Ermənistan Azərbaycanın tarixi, qanuni torpaqlarını işğal edibdir. Ancaq rəsmi bəyanatlara gəldikdə, çox mücərrəd ifadələr işlədilir. Biz öz sözümüzü deyirik, deyəcəyik. Qeyd etdiyim kimi, bizim beynəlxalq nüfuzumuz artır. Azərbaycanla hesablaşmamaq artıq mümkün deyil və ölkəmizin iştirakı, razılığı olmadan bölgədə heç bir təşəbbüs irəli sürülə və öz həllini tapa bilməz.

Birinci rübdə enerji sektorunda iki önəmli hadisə baş vermişdir. Fevralın 12-də "Cənub" Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclası bizim təşəbbüsümüzlə Bakıda keçirilmişdir. Bildiyiniz kimi, keçən il sentyabrın 20-də "Cənub" qaz dəhlizinin təməli qoyulmuşdur və Məşvərət Şurası iclasının keçirilməsi çox önəmli hadisə idi. Bu toplantıda "Cənub" qaz dəhlizinin bizimlə əməkdaşlıq edən bütün mövcud və gələcək üzvləri iştirak edirdi. Mətbuata verilən yekun bəyanat da çox müsbət idi, orada Azərbaycanın liderlik rolu qeyd edilib. Mart ayında Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməl daşı qoyulmuşdur. Bu hadisə əlbəttə ki, dünya birliyinin diqqətini cəlb etdi. TANAP layihəsi "Cənub" qaz dəhlizinin tərkib hissəsidir. Bildiyiniz kimi, "Cənub" qaz dəhlizi 4 hissədən ibarətdir, TANAP onun önəmli hissəsidir. Azərbaycan TANAP layihəsinin icrasında əsas, yəni, səhmdar kimi fəaliyyət göstərir. Artıq işlər başlayır və hesab edirəm ki, Azərbaycan qazı -"Şahdəniz-2"dən çıxarılacaq qaz 2018-ci ildə Türkiyəyə çatdırılacaqdır. TAP layihəsi də icra edilməlidir. Hesab edirəm ki, TAP layihəsinin icrası üçün bəzi hallarda yaradılan süni maneələr aradan qaldırılacaq və Avropa ölkələri, bu layihədə iştirak edən ölkələr və Avropa İttifaqı bu məsələləri özləri həll edəcəkdir. Hər halda Azərbaycan və Türkiyə üzərinə düşən vəzifələri, TANAP layihəsinin icrası ilə bağlı bütün vəzifələri vaxtında yerinə yetirəcək.

"Cənub" qaz dəhlizi tamamilə yeni enerji xəritəsini ortaya qoyur və Azərbaycanın rolu getdikcə artır. Bildiyiniz kimi, Avropa İttifaqı indi enerji ittifaqı haqqında bəzi təkliflər irəli sürübdür və Azərbaycan Avropa Komissiyasının sənədlərində artıq önəmli tərəfdaş kimi göstərilir. Biz əlbəttə ki, bütün bu işləri izləyirik. Biz bilirik ki, Azərbaycanın rolu nə qədər əhəmiyyətlidir. Biz bilirik ki, Azərbaycan qazı hazırda Avropa məkanı üçün yeganə yeni mənbədir. Biz öz işimizi görürük və gördüyümüz işlər nəticə verir. Biz 2012-ci ildə Prezident Ərdoğanla İstanbulda TANAP layihəsini imzaladıq və 2015-ci ildə TANAP layihəsinin təməl daşını qoyduq. Görün, qısa müddət ərzində nə qədər iş görülmüşdür. Bundan əvvəl TAP layihəsi seçilmişdir, "Şahdəniz-2" layihəsinə start verilmişdir və Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri də artıq inşa edilir. Bax, bizim işimiz bunlardan ibarətdir, boşboğazlıq yox, konkret, nəticəyə hesablanmış işlər. Biz heç vaxt populist vədlər verməmişik, konkret nəyi demişiksə onu da etmişik. Ona görə birinci rübdə ümumi iqtisadi inkişafla əlaqədar dediyim bax bu sözlər bizim uğurlu siyasətimizi bir daha göstərir. Eyni zamanda, birinci rübdə enerji siyasətimizi bundan sonra uğurla aparmaq üçün çox önəmli addımlar atılmışdır. Əminəm ki, nəzərdə tutulan bütün vəzifələr ilin sonuna qədər icra ediləcək, dinamik inkişaf təmin olunacaq, iqtisadiyyat, qeyri-neft sektorumuz artacaq və Azərbaycan 2015-ci ildə daha da böyük zirvələrə çatacaqdır.

X X X

Sonra vergilər naziri Fazil MƏMMƏDOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş sosial-iqtisadi inkişaf kursunun, möhtərəm cənab Prezident, Sizin tərəfinizdən inamla davam etdirilməsi ilə 2015-ci ilin birinci rübündə də ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunmuş, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilmişdir.

Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək, real büdcə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə imkan vermişdir. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir. Məhz bunun nəticəsidir ki, son illərdə ölkədə iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuşdur.

Fazil Məmmədov ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlər barədə dövlətimizin başçısına məlumat verdi.

X X X

İclasda çıxış edən nəqliyyat naziri Ziya MƏMMƏDOV dedi:

-Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Respublikamızın milli nəqliyyat sektorunda müasir infrastrukturun yaradılması, daşımalarda yeni texnologiyaların tətbiqi, nəqliyyatın dayanıqlılığının təmin olunması istiqamətində son illər ərzində həyata keçirilən tədbirlər hesabat dövründə də məqsədyönlü surətdə davam etdirilmişdir.

Zati-aliləri, Sizin diqqət və dəstəyiniz sayəsində nəqliyyat sektoru sürətlə inkişaf edərək ölkəmizin tərəqqisinə, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edən mühüm fəaliyyət sahəsinə çevrilmişdir.

Ulu öndər Heydər Əliyevin şəxsi iradəsi ilə reallaşan və aktuallığı ilə bu gün də Azərbaycanın və bir çox ölkələrin nəqliyyat siyasətinin əsas xəttini təşkil edən Böyük İpək Yolu strategiyası Sizin, cənab Prezident, təşəbbüsünüzlə icra olunan regional əhəmiyyətli layihələr sayəsində yeni mərhələyə keçid almışdır.

Göstərilən layihələr sırasında Avrasiya nəqliyyat şəbəkəsində yeni və daha səmərəli bağlantıları təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşən magistral avtomobil yollarının və dəmir yolu infrastrukturunun yenidən qurulması layihələri xüsusi çəkiyə malikdir.

Zati-aliləri! İcazə verin, ali diqqətinizə məruzə edim ki, 2015-ci ilin birinci rübü ərzində nəqliyyat-yol kompleksi üzrə 34 milyon ton yük və 372 milyon nəfər sərnişin daşınmışdır. Limanlarda 2,8 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilmişdir. Bu dövrdə investisiya qoyuluşlarının həcmi 210 milyon manat təşkil etmişdir.

2015-ci ilin birinci rübündə dəmir yolu nəqliyyatı sisteminin inkişafına dair Dövlət Proqramının icrası üzrə Bakı-Gürcüstan sərhədi istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji sisteminin dəyişən cərəyana keçidi, rabitə qurğularının yeniləşdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması işləri davam etdirilmişdir. Hesabat dövründə 29 kilometr, ümumilikdə Proqram üzrə 390 kilometr yeni yol salınmışdır.

Bakı-Tbilisi-Qars layihəsi üzrə Axalkələk-Türkiyə sərhədi sahəsində 29 kilometr yeni yolun tikintisi və 154 kilometr yolun rekonstruksiya işləri başa çatdırılmış, ötən ilin dekabrında sınaq qatarı xəttə buraxılmışdır. Gürcüstan və Türkiyə dəmir yollarını birləşdirəcək 4,4 kilometrlik tuneldə qazma işləri bu ayın sonunda tamamlanacaq. Layihənin tam başa çatdırılması isə 2015-ci ildə nəzərdə tutulur. Qeyd etmək istərdim ki, bütövlükdə tikinti sahəsində bu günə qədər tam infrastrukturu ilə birlikdə 183 kilometr yeni yol salınmış, 15 körpü, 23 yol keçidi, 300-dən artıq su ötürücüsü və digər süni qurğular, 5 stansiya inşa edilmişdir.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalı istismara verildikdən sonra, limanın birinci mərhələsini əhatə edən işlərin icrası davam etdirilmişdir. Bərə terminalı vasitəsilə bütövlükdə 1,2 milyon ton, o cümlədən cari ilin birinci rübü ərzində 492 min ton yük aşırılmışdır. Eyni zamanda, dəniz nəqliyyatında Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yeniləşdirilməsi məqsədilə ötən il 1 tanker, 2 quru yük gəmisi, 1 yedək gəmisi, 1 üzən tərsanə alınmışdır və bu istiqamətdə işlər cari ildə də davam etdiriləcək. Bakı gəmiqayırma zavodunda sifariş verilmiş 3 kiçik sərnişin-yük gəmisindən ikisi 2015-ci ildə istismara qəbul ediləcək. Zığ gəmi təmiri zavodunda aparılan yenidənqurma işləri cari ildə başa çatdırılacaq.

Hava nəqliyyatı sahəsində Bakıda yeni aerovağzal kompleksi istismara verildikdən sonra bütün beynəlxalq uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun bu terminalından həyata keçirilir. Ümumilikdə "Azərbaycan Hava Yolları" QSC-nin marşrut şəbəkəsində reyslər üzrə istiqamətlərin sayı 33-ə çatdırılmışdır. Hazırda yeni alınmış "Boeing-787" tipli hava gəmilərinin uzaq məsafəli marşrutlarda istismarına başlanılmışdır və mümkün yeni marşrutlar öyrənilir.

Avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, xidmət səviyyəsinin yüksəldilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması üzrə davamlı tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Quba, Yevlax, Daşkəsən, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilmiş, Qusar, Oğuz, Xudat, Biləsuvar və Tovuz avtovağzalları yenidən qurulmuşdur. Hazırda Gəncə, Horadiz və Quzanlıda yeni avtovağzallar inşa olunur.

İctimai nəqliyyatda avtobus parkının yenilənməsi davam etdirilmiş, bu müddətdə paytaxta orta və iri tutumlu daha 65 müasir avtobus gətirilmişdir. Yaxın günlərdə 300 ədəd "İVECO" markalı yeni avtobus da Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılacaq.

Avtomobil yolları sektorunda da iri həcmli layihələrin icrası davam etdirilmişdir. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində 2015-ci ilin birinci rübü ərzində 8,4 kilometr respublika əhəmiyyətli, 13,2 kilometr yerli əhəmiyyətli avtomobil yolları yenidən qurulmuş, avtomobil yolları üzərində 3 körpü tikilmişdir. Proqrama uyğun olaraq 10 iqtisadi rayondan səkkizində ümumilikdə 975 kilometr, o cümlədən 250 kilometr respublika əhəmiyyətli, 725 kilometr yerli əhəmiyyətli yollar əsaslı təmir olunmuş, avtomobil yolları üzərində 35 körpü və 1 piyada keçidi tikilmişdir.

Qəbələ-Ağdaş, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar, Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Şəki-Qax və digər avtomobil yollarında əsaslı təmir işləri davam etdirilmişdir.

Hacıqabul-Kürdəmir (80 km), Kürdəmir-Ucar-Yevlax (87 km) avtomobil yollarının I texniki dərəcə səviyyəsində tikintisi, Muğanlı-Yevlax yolunun yenidən qurulması (115 km), Bakı-Şamaxı-Yevlax yolunun 15-67-ci kilometrlik hissəsində əlavə 2 zolağın tikintisi (52 km), Ələt-Astara avtomobil yolunun Masallı-Lənkəran (22 km) hissəsinin, Kür çayı üzərində yeni körpünün tikintisi davam etdirilmiş və cari ildə başa çatdırılacaq.

Bakı şəhərində aparılan işlərə kompleks yanaşmanın zəruriliyi və ardıcıllığın təmin olunması, əsas və yardımçı yollarda rahat və maneəsiz bağlantıların yaradılması, işlərin vaxtında, keyfiyyətlə və yüksək dizayn tərtibatı ilə icrası barədə Sizin, cənab Prezident, tapşırıq və tövsiyələrinizə uyğun olaraq, yol qovşaqlarının, körpülərin və piyada keçidlərinin inşası davam etdirilmişdir.

Bakı-Ələt yolunun 4-6-cı kilometrlik hissəsinin və Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun 2 kilometrlik hissəsinin yenidən qurulması, Yeni dənizkənarı bulvar yolunun tikintisi və piyada keçidlərinin inşası layihələri cari ilin may ayının sonunadək başa çatdırılacaqdır. Bilgəh-Pirşağı-Novxanı-Sumqayıt yeni avtomobil yolunun tikintisi layihə üzrə davam etdirilmişdir.

Qeyd etmək istərdim ki, son illər ərzində Bakı şəhərində istismara verilmiş yol infrastrukturu obyektlərinin yerləşdiyi ərazilərdə nəqliyyatın hərəkəti asanlaşmış, təhlükəsizlik normalarının qorunmasına şərait yaradılmışdır. Xüsusən də Sizin, cənab Prezident, birbaşa dəstəyiniz sayəsində Ziya Bünyadov prospektinin yenidən qurularaq istismara verilməsi şəhərin mərkəzi hissəsində nəqliyyat sıxlığının azalmasına, nəqliyyatın hərəkətinin təşkilində yaranmış problemlərin həllinə böyük təsir göstərmişdir.

Bundan əlavə, Bakı şəhərində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunan ərazilərdə nəqliyyat axınının nizamlanması məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən müxtəlif küçə kəsişmələrində yerləşən siqnal kontrollerlərinə yeni vaxt planları tətbiq edilmişdir. Nəticədə küçə və prospektlərdə sürət artımında əhəmiyyətli dəyişikliklər baş vermişdir. Müqayisə üçün qeyd etmək istərdim ki, 2012-ci ilə nisbətən 2014-cü ildə avtomobillərin orta hərəkət sürəti paytaxtın mərkəzi küçə və prospektlərində (Neftçilər, Azadlıq, Bülbül, Tbilisi, Bakıxanov, Zərifə Əliyeva və digər) orta hesabla 8-10 kilometr/saata qədər yüksəlmişdir.

Ziya Məmmədov nəqliyyat-yol kompleksində hüquqi bazanın təkmilləşdirilməsindən, elektron xidmət sahəsində yeniliklərdən danışdı. Nazir, birinci Avropa Oyunlarına hazırlıqla bağlı paytaxtın yol-nəqliyyat infrastrukturunda aparılan genişmiqyaslı işlər barədə məlumat verərək dedi:

- Möhtərəm cənab Prezident! Ali diqqətinizə məruzə edirəm ki, ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən qarşımızda qoyulmuş vəzifələrin icrası üçün zəruri tədbirlər görülmüşdür.

İdman obyektlərini əlaqələndirən əsas marşrut kimi müəyyən edilmiş Ziya Bünyadov prospektində yenidənqurma işləri başa çatdırılmışdır. Hazırda prospektin və Bakı Dairəvi-1 yolunun İntellektual Nəqliyyat Sisteminə qoşulması işləri aparılır. Milli Gimnastika Arenasının, Bakı Kristal Zalın, Veloparkın, Tofiq Bəhramov adına Respublika Stadionunun, Beynəlxalq Yayım Mərkəzi kimi istifadə olunacaq "Bakı Ekspo" Mərkəzinin giriş-çıxış yolları da hazır vəziyyətə gətirilmişdir.

Məşəl Proqramına müvafiq olaraq Suraxanı rayonunda Səttar Bəhlulzadə və Atamoğlan Rzayev küçələrinin təmiri bu ayın 15-dək başa çatdırılacaq. Həmçinin Bakı Atıcılıq Mərkəzindən Bakı Dairəvi-1 yoluna birbaşa çıxışı təmin edən 1 kilometrlik yeni yolun və yol üzərində ikicərgəli hərəkət hissəsi olan 445 metr uzunluğunda dayaqlar üzərində körpünün tikintisi may ayında yekunlaşacaqdır. Bakı Olimpiya Stadionunda ictimai nəqliyyat terminalının, Atletlər Kəndinin yaxınlığında avtobus meydançasının, Media Kəndində nəqliyyat terminalının, o cümlədən Avropa oyunları parkının və digər yarış və mühüm qeyri-yarış obyektlərinin giriş-çıxış yollarında işlər tamamlanmaq üzrədir. Avropa Oyunlarının açılış və bağlanış tədbirlərinin keçiriləcəyi Olimpiya Stadionu ərazisində və Böyükşor dairəsində yeni yolun, körpünün, piyada keçidlərinin tikintisi və Heydər Əliyev prospektində təmir işləri yaxın müddətdə başa çatdırılacaqdır. Əsas Marşrut Şəbəkəsinin (47 km) Oyunlara aid yol nişanları və Oyunların loqosu əks olunan zolaqlar ilə təmin edilməsi istiqamətində hazırlıq görülür və bu ay işlərə başlanılacaqdır.

Oyunlar zamanı nəqliyyat əməliyyatları Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən idarə olunacaq. Bu məqsədlə aidiyyəti dövlət orqanlarının və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələrindən ibarət İdarəetmə və Nəzarət qərargahı yaradılır.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin tələblərinə müvafiq olaraq 800 avtobus sürücüsü, 1200 taksi və minik avtomobili sürücüsü, depo və dispetçer işləri üçün 315 nəfərlik heyət hazırlanaraq, nəzəri treninqlərə cəlb edilmişlər. Sürücülər üçün vahid geyim forması sifariş verilmişdir. Qonaqlara nəqliyyat xidmətlərinin təşkili məqsədilə 650 ədəd yeni taksi və minik avtomobilləri alınmışdır. Tamaşaçıların və digər müştəri qruplarının daşınması məqsədilə ekspress avtobus marşrutları müəyyən edilmişdir.

Həmçinin oyunların keçiriləcəyi Mingəçevir şəhərində nəqliyyatın üzərinə düşən öhdəliklərlə əlaqədar müvafiq tədbirlər müəyyən edilmiş və icrası vaxtında təmin olunacaqdır.

Möhtərəm cənab Prezident! İcazə verin, nəqliyyat sektoruna göstərdiyiniz daimi diqqət və qayğıya görə Zati-alilərinizə dərin minnətdarlığımızı bildirim və Sizi əmin edim ki, tapşırıq və tövsiyələriniz bundan sonra da böyük məsuliyyət hissi ilə icra ediləcəkdir.

Diqqətinizə görə minnətdaram!

X X X

Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs QARAYEV çıxış edərək dedi:

-Hörmətli cənab Prezident!

Sizin tərəfinizdən müəyyən edilən etibarlı sabitlik və dinamik inkişaf strategiyası indi bütün dünyada müasir dövlət quruculuğunun yeni Azərbaycan modeli kimi qəbul olunur. İnkişafımızın bu mərhələsi, başqa sözlə, əldə olunmuş yekunlar bir daha sübut edir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik, həmişəyaşar ideyalarına və müasir strateji məqsədlərə əsaslanan inkişaf yolu ən doğru yoldur.

Bu gün respublikamızda həyatın ahəngi olduqca dinamik və sürətlidir. Hətta o qədər sürətlidir ki, onunla ayaqlaşmaq üçün bəzən mövcud qanunvericilik bazasına yenidən baxmaq, işimizi tənzimləyən bir çox mühüm sənədləri daim təkmilləşdirmək, strateji konsepsiyalar qəbul etmək zərurəti yaranır. Bu baxımdan Sizin tərəfinizdən irəli sürülən gələcəyimizin konturlarını müəyyənləşdirən, ən mühüm vəzifələri əks etdirən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası fəaliyyətimizin başlıca məqsədini təşkil edir. Eyni zamanda Sizin Fərmanınızla təsdiq edilən "Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu", tapşırığınızla hazırlanmış yeni "Mədəniyyət konsepsiyası" da bu sahədə çalışan 70 minə yaxın insanın fəaliyyətini tənzimləyir.

Məlumat üçün bildirirəm ki, nazirliyin fəaliyyət dairəsinə aid əsas istiqamətlər üzrə Dövlət proqramlarından ikisi - "kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə" və "2010-2014-cü illərdə turizmin inkişafına dair" Dövlət proqramları artıq yekunlaşmış, "Azərbaycan kinosu 2008-2018-ci illərdə", "Azərbaycan teatrı 2009-2019-cu illərdə", "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə" Dövlət proqramları icra edilməkdədir. Vəzifələrin kompleks şəkildə yerinə yetirilməsinin və məqsədyönlü idarəetmənin səmərəliliyi nəzərə alınaraq uşaq incəsənət və rəssamlıq məktəblərinin inkişafı, Dövlət rəsm qalereyaları, qeyri-maddi mədəni irsin qorunması, Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliği, nəşriyyat-poliqrafiya sahəsinin və kitab sənətinin inkişafı ilə əlaqədar beş istiqamət üzrə Dövlət proqramlarının layihələri hazırlanmışdır və indi həmin sənədlər razılaşdırma mərhələsindədir.

Respublikamızda aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün siyasi, iqtisadi və mədəni istiqamətlərdəki fəaliyyət tempi və nailiyyətləri ilə Azərbaycan sərhədləri aşaraq regionun liderinə, qitənin inkişaf edən qabaqcıl ölkələrindən birinə çevrilmişdir. Azərbaycan mədəniyyəti, milli varlığımız dünyanın mədəniyyət və mənəviyyat məkanında layiqli yer almışdır. Ölkəmiz tərəfindən təklif olunan unikal mənəvi sərvətlər dünya ictimaiyyətinin böyük marağına səbəb olur. Fikrimi bir misalla izah etmək istərdim. Uzun illərdir cəmiyyətimiz tərəfindən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın həm beynəlxalq miqyasda, həm də ölkə daxilində mədəni-intellektual sferadakı yeni məzmuna malik fəaliyyəti müşahidə və təqdir olunmaqdadır. Məhz onun təşkilatçılığı və iştirakı ilə reallaşan layihələr sayəsində milli, tarixi-mədəni irsin əhəmiyyətli hissəsinin Azərbaycana məxsusluğu dünya ictimaiyyəti tərəfindən təsdiqlənmişdir. İçərişəhərin, Qobustan tarix-mədəniyyət qoruğunun, xalça, saz, tar və muğam sənətlərinin, Novruz bayramının, Çövkən Qarabağ atüstü oyununun ardınca bu yaxınlarda Azərbaycan kəlağayısı da UNESCO-nun Mədəni irs siyahısına xalqımızın mədəni sərvəti kimi daxil edilmişdir.

Azərbaycan musiqisinin şedevrləri - Üzeyir Hacıbəylinin məşhur musiqili komediyaları, "Leyli və Məcnun", "Koroğlu", "Yeddi gözəl", "1001 gecə", "Məhəbbət əfsanəsi", "Eşq və ölüm", "Qobustan kölgələri", "İntizar", muğamat, tar ifaçılığı, saz musiqisi uzun illərdən sonra ən cəlbedici şəkildə dünya səhnəsinə qayıtmış, ölkəmizin yaradıcı kollektivləri dünyanın ən şöhrətli festivallarında təmsil olunmuş, yüksək mükafatlara layiq görülmüşlər. Bir çox pyeslər ingilis, rus, habelə türkdilli xalqların dillərinə tərcümə olunaraq xaricə ölkə teatrlarında oynanılır. Heydər Əliyev Fondunun təşkilatçılığı və nazirliyin iştirakı ilə Azərbaycanda Beynəlxalq Muğam Festivalı, Beynəlxalq Caz Festivalı, Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Beynəlxalq Müasir Musiqi Festivalı, Rostropoviç Beynəlxalq Festivalının keçirilməsi ənənəyə çevrilmişdir.

İdman Filmləri Festivalı, Turizm Filmləri Festivalı keçirilmişdir. Yalnız bir faktı - il ərzində Azərbaycan filmlərinin dünyada təşkil olunan 52 beynəlxalq festivalda iştirakını göstərmək kifayətdir ki, uğurlu yekunların miqyası təsəvvür olunsun. Bu gün Azərbaycan beynəlxalq kitab və beynəlxalq turizm sərgilərinin keçirilməsi sahəsində iştirakçı ölkədən təşkilatçı ölkəyə çevrilmişdir. Bir neçə gün öncə keçirilən və Sizin də təşrif buyurduğunuz Beynəlxalq Turizm Sərgisində 42 ölkədən 370 şirkət iştirak etmişdir. Yaxud hazırlıq işləri aparılan IV Bakı Beynəlxalq Kitab Sərgisində artıq 150-yə yaxın xarici və yerli nəşriyyat-poliqrafiya müəssisəsi iştiraklarını təsdiqləyiblər.

Xüsusilə də son vaxtlar Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın aparıcı dövlətlərində ölkəmizin təqdimatlarının keçirilməsi ənənəsi ictimaiyyətin diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun müəllifi və icraçısı olduğu mədəniyyət proqramları bütün dünyada, eləcə də hər bir vətəndaşımızın düşüncəsində yeni Azərbaycanın real obrazının, müasir imicin formalaşmasına əhəmiyyətli təsir göstərir.

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının mərhələlərlə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq ölkəmizin paytaxtı Bakı şəhərinin, eləcə də regionlarımızın siması sürətlə dəyişməkdədir. Yeniləşmə yalnız zahiri xarakter daşımır, o, müasir dövrün proseslərinə uyğun məzmuna malikdir. Bu o deməkdir ki, respublika üzrə mədəniyyət və turizm şəbəkəsinə müasir yanaşma həyat zərurətidir. Əhalinin maddi, sosial durumu yaxşılaşdıqca, mənəvi tələbatı da yüksəlir. Rayon və şəhərlərimizdə mövcud maddi-texniki baza - kitabxanalar, klublar, mədəniyyət evləri, muzeylər, musiqi və incəsənət məktəbləri davamlı olaraq yenidən qurulur, daha müasir obyektlərin inşası aparılır.

Məhz maddi-texniki bazanın müasir tələblər səviyyəsində yenidən qurulması fonunda ölkədə fəaliyyət göstərən 25 dövlət teatrının və digər teatr kollektivlərinin, 219 muzeyin, 35 rəsm qalereyasının, 3161 kitabxana-informasiya sahəsinin, 100-dən çox yüksək təmirli mədəniyyət saraylarının, bölgələrdə yaradılan, hər biri geniş istirahət parkına malik olan Heydər Əliyev adına mərkəzlərin qaynar həyatı müşahidə olunur. Regionlarımızın simvoluna çevrilən Heydər Əliyev mərkəzləri çağdaş və qlobal informasiya texnologiyaları, kitabxana, konfrans salonu, təlim kursları olan müasir mədəniyyət müəssisələri kimi əhalinin geniş təbəqələrinə xidmət göstərir. Biz bu yüksək şəraitli mərkəzlərin imkanlarından da geniş istifadə etməliyik.

Eyni zamanda, dövlətin mədəniyyət və turizm siyasətinin effektiv icrasının təmin olunması, mövcud nöqsanların aradan qaldırılması üçün regionlarda mədəniyyət müəssisələri ilə əlaqədar islahatların daha keyfiyyətlə və sürətlə həyata keçirilməsi diqqət mərkəzindədir. Bu ilk növbədə yerlərdə müasir dövrün tələbləri ilə uyğunlaşmayan köhnə iş üsullarının, qeyri-işlək strukturların, vahidlərin, ümumən, şəbəkə sisteminin optimallaşdırılmasını nəzərdə tutur. Şübhəsiz ki, bu prosesin yekunu olaraq göstərilən xidmətlərin səviyyəsi müasir tələbata uyğun olaraq əhəmiyyətli dərəcədə yüksələcəkdir.

Hesabat dövründə regionların mədəniyyət mühitini yeni ideyalarla canlandırmaq üçün xalq yaradıcılığı festivalları keçirilmiş, bir çox şəhərlər müxtəlif xarakterik meyarlara görə mədəniyyət paytaxtları seçilmişlər. 2010-cu ildən etibarən Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ Əfsanələr Paytaxtı, Qazax, Lənkəran, Masallı, Zaqatala, Balakən Folklor Paytaxtı, Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron müvafiq olaraq Sənətkarlıq Paytaxtı olmuşdur. 2015-ci ildə Şamaxı Ədəbiyyat Paytaxtı, Qax isə Milli Mətbəx Paytaxtı elan edilmişdir. Bu da təbii olaraq regionlarda yalnız konkret məkana məxsus mədəniyyət dəyərlərinin qorunması və inkişafına yeni şərait yaradır. Önəmli cəhətlərdən biri də budur ki, Bakı şəhərində "Bölgələrdən paytaxta" adlı layihəyə start verilmişdir. İndiyə qədər Masallı, Qəbələ və Quba rayonunun mədəniyyət kollektivlərinin proqramları Bakının ən nüfuzlu tamaşa salonlarında göstərilmiş, böyük marağa səbəb olmuşdur. Yeri gəlmişkən, hörmətli Prezidentimizin tapşırıqlarına uyğun olaraq regionlara məqsədyönlü diqqətin artırılması üçün bir sıra görkəmli sənətkarların təntənəli yubiley tədbirləri onların anadan olduqları rayonlarda keçirilmişdir.

Hörmətli cənab Prezident!

Şübhəsiz ki, Azərbaycanda mədəniyyət şəbəkəsinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması yüksək ixtisaslı kadrlar olmadan mümkün deyildir. Belə bir mərhələdə Sizin müvafiq sərəncamlarınızla bütün təhsil pillələrini özündə ehtiva edən Azərbaycan Xoreoqrafiya Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Tam əminliklə bildirirəm ki, uzaqgörənliklə qəbul edilmiş bu qərarlar mədəniyyət və turizm sahəsinin bilikli, yeni dünyagörüşlü kadrlarla təmin olunmasında müstəsna rol oynayacaqdır. Buna görə Sizə öz dərin təşəkkürümüzü bildiririk.

Xalqımızın milli mədəni dəyərlərinin qorunması, təbliği, gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzindədir. Bu sahədə Dövlət Proqramının icrasına uyğun olaraq 18 dekabr 2014-cü il tarixində imzaladığınız Fərmanla nazirliyin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması əhəmiyyətli addımlardan biridir. Bu, bizə imkan yaradır ki, milli-tarixi, mədəni irsimiz ciddi nəzarət altında olsun, gələcək nəsillərə bütün məzmunu ilə çatdırılsın. Eyni zamanda, düşünürük ki, tarix və mədəniyyət abidələrinin etibarlı qorunma mühitinin təminatı üçün qanunvericilikdə məsuliyyəti artıracaq qaydaları sərtləşdirməyə zərurət vardır.

Hörmətli cənab Prezident!

Sizin regionların, ümumən Azərbaycanın iqtisadi-sosial inkişafı ilə bağlı imzaladığınız elə bir rəhbər sənəd yoxdur ki, orada milli turizm sənayesinin yüksəlişinə yol açan müddəalar yer almasın. Siz böyük turizm obyektlərinin, mehmanxanaların, digər infrastruktur vahidlərinin açılışlarında, turizm sərgilərində şəxsən iştirak edir, müvafiq tapşırıqlar verir, hər bir işimizə dəstək olursunuz. Ötən il ölkəmizə 2 milyon 300 minə yaxın turist gəlmişdir. Sadə hesablamaya görə, ötən il ərzində turizm xidmətlərindən ölkəmizin maliyyə dövriyyəsinə ən azı 1 milyard manat həcmində vəsaitlər daxil olmuşdur. Hazırda Sizin tapşırıqlarınıza əsasən turistlər üçün viza rejiminin sadələşdirilməsi, yeni turist qarşılama yerlərinin yaradılması, ilboyu turizmin təşkili, Azərbaycanın turizm potensialının dünyanın ən məşhur televiziya kanallarında tanıdılması istiqamətində fəaliyyətimiz davam etdirilir. Ölkədə daxili turizmin inkişafı da yeni mərhələ qarşısındadır. Cənab Prezident, Sizin tapşırığınızla 9-11-ci siniflərdə təhsil alan şagirdlərin ölkə üzrə turist səfərlərini təşkil etdik. Layihə "Ölkəmizi tanıyaq" adlanırdı. Marşrutlara 4 mindən çox yeniyetmə qatıldı. İnanıram ki, "Ölkəmizi tanıyaq" marşrutu gələcək illərdə daha geniş miqyas alacaq. Azərbaycanı yeni nəsillərə sevdirmək, tanıtmaq, onları milli tarixi kökə, zəngin təbiətə bağlamaq mənəvi intellektual formalaşmanın əyani vasitəsidir.

Son illərdə ölkəmizin regionlarına gələn həm yerli, həm də xarici turistlərin sayının artmasının əsas səbəblərindən biri orada infrastrukturun təkmilləşdirilməsidir. Sizin müvafiq tapşırığınıza əsasən yeni yollar çəkilmiş, mövcud yollar bərpa edilmişdir. Birbaşa nəzarətinizlə həyata keçirilən infrastruktur layihələrinin reallaşması nəticəsində bölgələrdə müasir kurort və yerləşdirmə obyektləri yaradılmışdır. Ölkəmizdə turizm infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, mövcud turizm məhsullarının təkmilləşdirilməsi, yeni məhsulun yaradılması turizmin perspektiv inkişafına imkan verir. Azərbaycanda ən mükəmməl turizm layihələrindən olan "Şahdağ" Qış-Yay Turizm Kompleksi respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün layiqli nümunədir. Bu örnək özəl sektor tərəfindən Qəbələdə analoji "Tufandağ" turizm mərkəzinin yaradılmasına təkan vermişdir. Layihələrin həyata keçirilməsi müvafiq bölgələrdə iş yerlərin artırılmasına səbəb olmuşdur. Tapşırığınıza əsasən və daimi nəzarətiniz altında yaradılan "Şahdağ" Qış-Yay Turizm Kompleksinin yalnız ilkin mərhələsinin istifadəyə verilməsinə baxmayaraq, vətəndaşların və xarici turistlərin regiona axını müşahidə edilir. İstirahətə və idmanla təmasda olmağa gələnlərin sayı il ərzində yüz minlərlə ölçülür.

Bu yüksək kürsüdən Sizi əmin edirəm ki, "Şahdağ" kompleksində quruculuq və inşaat işləri tapşırdığınız qaydada tam həcmdə başa çatdıqdan sonra müəssisə gəlirlə çalışacaqdır.

Sizin məqsədyönlü siyasətiniz nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilmiş və bu siyasətin nəticəsi olaraq xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsinə və inkişafına töhfə vermişdir. Sizin 2010-cu ildə BMT Baş Assambleyasında elan etdiyiniz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün Bakı prosesi çərçivəsində həyata keçirilən qlobal layihədir. Cari il may ayının 18-19-da Bakıda 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bu gün dünya xalqlarının Forumun ideyaları ətrafında birləşməyə çağırışı Azərbaycana məxsus olmaqla bərabər, dünyanın UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO kimi nüfuzlu təşkilatları bu tədbirin həmtəşkilatçısı qismində çıxış edirlər. Bu o deməkdir ki, dünyada gedən proseslərə Sizin, beləliklə, Azərbaycanın təşəbbüsü beynəlmiləl status qazanmağa nail olmuşdur.

Əbülfəs Qarayev əmin etdi ki, Mədəniyyət və Turizm Nazirliyi birinci Avropa Oyunlarına gələn hər kəsə xalqımızın ən gözəl mənəvi cəhətləri, qonaqpərvərliyi, mədəni dəyərləri və tarixi ilə yaxından tanış olmaları üçün hər cür şərait yaradacaq.

---------
16:45


"Əgər biz vaxtilə ölkəmizin qeyri-neft sektorunun inkişafına bu qədər böyük diqqət göstərməsəydik, bəlkə də bu gün bu nəticələr o qədər də ürəkaçan olmazdı. Əksinə, bizi staqnasiya, resessiya gözləyə bilərdi. Necə ki, biz indi dünyada, bölgədə, bəzi yerlərdə bunu müşahidə edirik".
 

Trend-in AzTV-yə istinadən verdiyi məlumata görə, bunu Prezident İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində deyib.

Prezident İlham Əliyev 2015-ci ilin birinci rübünün yekunlarının müsbət olduğunu, bu dövrdə ümumi daxili məhsulun 5 faizdən çox artdığını deyib.

Dövlət başçısı Azərbaycanda dinamik inkişafın təmin edildiyini, son 3 ayda qeyri-neft sektorunun 7 faiz, sənaye istehsalının 4 faiz, kənd təsərrüfatının isə 3 faizdən çox artdığını bildirib. Bütün bunların son illərdə ölkədə aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim ümumi dinamik inkişafımıza təsir etməyib. Dövlətimizin başçısı ölkədə inflyasiyanın aşağı səviyyədə qaldığını, istehlak bazarına tam nəzarət edildiyini, əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu da diqqətə çatdırıb.

Prezident vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri ondan ibarətdir ki, möhkəm təməl üzərində qurulub: "Özünü təmin edən iqtisadiyyatdır. Xarici maliyyə resurslarından asılı deyil. Əksinə, biz indi özümüz donor kimi başqa ölkələrə, eyni zamanda, beynəlxalq maliyyə qurumlarına öz maliyyə resurslarımızı təqdim edirik. Bu da bizə əlavə mənfəət gətirir".


X X X

"Biz Ermənistana qarşı daha da fəal mübarizə aparmalıyıq, aparırıq. Onları bütün beynəlxalq və regional layihələrdən təcrid etmişik".

Trend-in AzTV-yə istinadən verdiyi məlumata görə, bunu Prezidentİlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində deyib.

Prezident deyib ki, Ermənistanın rəsmi statistik məlumatlarına görə, əhalinin 30 faizi yoxsulluq, səfalət içərisində yaşayır: "Amma real göstərici 50-60 faizdir. Ermənistanın rəsmi məlumatına görə, hər il ölkədən 50-60 min insan həmişəlik köçür. Amma bizdə olan məlumat göstərir ki, hər il Ermənistandan köçənlərin sayı 100 minə yaxındır. Yəni tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövlətində bir neçə ildən sonra erməni əhalisi qalmayacaq".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan cəmiyyəti, xüsusilə gənc nəsil Ermənistanın tarixi Azərbaycan torpaqları üzərində qurulduğunu heç vaxt unutmamalıdır: "Bu, bizim tarixi, dədə-baba torpaqlarımızdır, bütün toponimlər Azərbaycan mənşəlidir. Bunun üçün XX əsrin əvvəlində çar Rusiyasında tərtib olunan xəritələrə baxmaq kifayətdir, o xəritələrdə bir erməni toponimi tapmaq mümkün deyil. İndiki Ermənistan ərazisinin 80 faizindəki kəndlər Azərbaycan adlarını daşıyırdı. Bu, bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq, başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və bu hədəfə çatmaq üçün çalışırıq, çalışacağıq".

İlham Əliyev bildirib ki, Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur.

Azərbaycan Prezidenti vurğulayıb ki, keçən il həmsədr ölkələrin dövlət başçılarının iştirakı ilə təşkil olunan görüşlərdə Ermənistan hər zaman özünü qeyri-səmimi aparıb, münaqişənin həllində maraqlı olmayıb, Azərbaycan ərazilərinin işğal altında saxlanmasını davam etdirib.

Prezident İlham Əliyev bir daha qeyd edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, ikili standartlara son qoyulmalıdır.


---------
14:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev 2015-ci ilin birinci rübünün yekunlarının müsbət olduğunu, bu dövrdə ümumi daxili məhsulun 5 faizdən çox artdığını dedi. Dövlətimizin başçısı Azərbaycanda dinamik inkişafın təmin edildiyini, son 3 ayda qeyri-neft sektorunun 7 faiz, sənaye istehsalının 4 faiz, kənd təsərrüfatının isə 3 faizdən çox artdığını bildirdi. Bütün bunların son illərdə ölkədə aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim ümumi dinamik inkişafımıza təsir etməyib. Dövlətimizin başçısı ölkədə inflyasiyanın aşağı səviyyədə qaldığını, istehlak bazarına tam nəzarət edildiyini, əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu da diqqətə çatdırdı.

Birinci rübdə də regionlarda müsbət meyllərin davam etdiyini, 30 minə yaxın yeni iş yerinin yaradıldığını deyən Prezident İlham Əliyev bildirdi ki, ölkədə sosial məsələlərin həlli yenə də diqqət mərkəzindədir. Hazırda 20-dən çox tibb müəssisəsinin tikildiyini və ya təmir olunduğunu, əhalinin müayinədən keçirilməsi prosesinin davam etdirildiyini deyən dövlətimizin başçısı bu il dövlət investisiya proqramının geniş olduğunu, zəruri layihələrin icrasının nəzərdə tutulduğunu vurğuladı, ölkəmizdə həyata keçirilən islahatların aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. Ölkəmizin beynəlxalq nüfuzunun artdığını, Azərbaycanın dünya birliyinin dəyərli və etibarlı üzvünə çevrildiyini deyən Prezident İlham Əliyev yürüdülən xarici siyasətin çox çevik və fəal olduğunu diqqətə çatdırdı. Məhz bunun sayəsində son illərdə bölgədə yaşanan böhranlardan ölkəmizin itkisiz çıxdığını deyən dövlətimizin başçısı qeyd etdi ki, bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik ölkə kimi tanınır.

Bu ilin əvvəlindən xaricə etdiyi çoxsaylı səfərlərin ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini diqqətə çatdıran Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışdı. Bildirdi ki, Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur. Prezident İlham Əliyev vurğuladı ki, keçən il həmsədr ölkələrin dövlət başçılarının iştirakı ilə təşkil olunan görüşlərdə Ermənistan hər zaman özünü qeyri-səmimi aparıb, münaqişənin həllində maraqlı olmayıb, Azərbaycan ərazilərinin işğal altında saxlanmasını davam etdirib.

Prezident İlham Əliyev bir daha vurğuladı ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, ikili standartlara son qoyulmalıdır.

Dövlətimizin başçısı çıxışında birinci rübdə baş verən iki önəmli hadisəyə - Bakıda "Cənub" Qaz Dəhlizi Məşvərət Şurasının iclasının keçirilməsinə və mart ayında Qarsda TANAP layihəsinin təməlinin qoyulmasına da toxundu.

Sonra vergilər naziri Fazil Məmmədov, nəqliyyat naziri Ziya Məmmədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə etdilər.

Yekun nitqində Prezident İlham Əliyev qeyri-neft sektorunun və sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğuladı. Hər bir rayonda sənaye zonalarının yaradılmasının vacibliyini diqqətə çatdıran dövlətimizin başçısı kənd təsərrüfatı sektorunun da inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini, ölkəmizin xarici ərzaq bazarlarından o qədər də asılı olmadığını bildirdi, amma bununla belə ərzaq təhlükəsizliyinin tam təmin olunması, torpaqların elektron uçotunun tərtib edilməsi ilə bağlı tapşırıqlarını verdi.

Dövlətimizin başçısı çıxışında manatın məzənnəsi ilə bağlı məsələyə də toxundu, bu sahədə görülən tədbirlərin iqtisadi baxımdan səmərəli olduğunu dedi.

Prezident İlham Əliyev ölkədə dərman preparatlarının qiymətinin bahalığından narazılığını ifadə etdi, bu sahədəki vəziyyətin araşdırılıb tədbirlərin görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verdiyini vurğuladı.

Bu il daha 3 "ASAN xidmət" mərkəzinin açılacağını deyən dövlətimizin başçısı əhalinin elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılmasına dair tapşırıqlarını verdi.

Nitqinin sonunda Prezident İlham Əliyev ilk Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini, artıq bir sıra idman obyektlərinin istifadəyə hazır olduğunu, Atletlər Kəndi ilə yanaşı, Media Kəndinin də yaradıldığını bildirdi. Paralel olaraq paytaxtda abadlıq-quruculuq işlərinin davam etdirildiyini, yeni bulvar xəttinin salındığını diqqətə çatdırdı.

Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, ilin sonunadək nəzərdə tutulan bütün məsələlər öz həllini tapacaq.

Milli.Az

---------
19:55

Böyütmək üçün şəkillərə klikləyin.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.