Siyasət

Prezident İlham Əliyev AMEA Mərkəzi Kitabxanasının və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

5 May 2014 13:55
Baxış: 4 612
12:36

AzərTAc xəbər verir ki, mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən sürətli inkişaf prosesləri bir çox sahələrlə yanaşı, elmin tərəqqisi və milli mənəvi dəyərlərin qorunması sahəsində də sürətli yüksəlişə geniş imkanlar açmışdır. Bu sırada "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin inkişafı ilə bağlı tədbirlərin görülməsi də diqqət mərkəzində saxlanılmışdır. Çünki Azərbaycanda ensiklopediya mədəniyyətinin öz tarixi vardır.

Bu mühüm və dəyərli fəaliyyətin ən böyük yüksəliş çağları ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin fəal dəstəyi ilə 1976-1987-ci illərdə çap edilən "Azərbaycan Sovet Ensiklopediyası" ölkə tarixinə bilik və məlumatların bütün sahələrini əhatə edən ilk fundamental əsər kimi daxil olmuşdur. O vaxt böyük elmi potensialın cəlb edilməsi ilə hazırlanan bu oncildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında tarixi hadisəyə çevrilmişdi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra universal milli ensiklopediyanın nəşri məsələsi yenidən aktuallaşdı. Azərbaycan Milli Ensiklopediyası xalqımızın tarixi inkişaf mərhələlərini, milli mənəvi sərvətlərini, habelə dünyanın elm və mədəniyyət nailiyyətlərini özündə əks etdirən elmi nəşr olmalı idi. Prezident İlham Əliyev dövlət əhəmiyyətli bu mühüm işin həyata keçirilməsini, ensiklopediyanın yüksək elmi səviyyədə hazırlanıb nəşri üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını təmin etmək məqsədilə müxtəlif illərdə "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", həmçinin "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması haqqında" sərəncamlar imzalamışdır.

Yeni milli ensiklopediyanın hazırlanmasında azərbaycançılıq ideologiyası təməl prinsip kimi önə çəkilmiş, onun respublikamızın yeni dövrdəki tələblərinə cavab verməsi, xalqımızın həyatındakı mühüm tarixi, ictimai-siyasi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirməsi kimi mühüm vəzifələr müəyyənləşdirilmişdir. Redaksiya heyətinin sədri Prezident İlham Əliyev olan Azərbaycanın Milli Ensiklopediyasının artıq ilk cildləri oxucuların istifadəsinə verilmişdir. Dövlətimizin başçısı elmi araşdırmaların səmərəliliyini artırmaq, tədqiqat işlərinin müasir texnologiyalar əsasında aparılmasına, məlumatların daha ətraflı və geniş formatda hazırlanmasına nail olmaq məqsədilə 2012-ci il iyulun 25-də daha bir mühüm sənədi imzalamışdır. Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncam elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Sərəncamda binanın tikintisi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına ilkin olaraq 5 milyon manat vəsait ayrılması qərara alınmışdı. Tikintisi yüksək standartlara uyğun aparılan "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binası artıq istifadəyə hazırdır.

Prezident İlham Əliyev "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Qeyd edildi ki, Akademiya şəhərciyinin həyətində ən müasir texnologiyalar əsasında tikintisi başa çatdırılan yeni mərkəzdə ölkə həyatının bütün sahələrini dəqiq və hərtərəfli əhatə edən elmi məqalələrin hazırlanıb Milli Ensiklopediyada toplanması üçün ən müasir şərait yaradılmışdır. Binanın foyesində Azərbaycanın ilk ensiklopediyasının yaradılması təşəbbüsünü irəli sürən ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur.

Prezident İlham Əliyev mərkəzin kitabxanası ilə tanış oldu.

"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru, redaksiya heyətinin məsul katibi, akademik Tofiq Nağıyev bildirdi ki, burada Azərbaycan Milli Ensiklopediyasının "Azərbaycan" xüsusi cildi nümayiş olunur. Bütövlükdə Azərbaycan Respublikasına həsr olunmuş cilddə ölkəmizin dünəni və bu günü: qədim tarixi və müasir həyatı, təbii sərvətləri və geosiyasi mövqeyi, elm, təhsil və mədəniyyət sahələrində qazandığı nailiyyətlər əksini tapmışdır. Bununla da Azərbaycan haqqında indiyə qədər bənzəri olmayan yeni və müfəssəl məlumat toplusu hazırlanmışdır. Nəşr 2007-ci ildə Azərbaycan, 2012-ci ildə isə rus dillərində işıq üzü görmüşdür. Hazırda "Azərbaycan" cildinin ingilis dili versiyası üzərində iş görülür. Kitabxanada 847-ci ildə nəşr olunan dünyanın ilk ensiklopediyasının surəti də nümayiş etdirilir. 2012-ci ildə nəşr olunan "Azərbaycan Muğam Ensiklopediyası"nın redaksiya heyətinin sədri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır.

Mərkəzin kitabxanasında Azərbaycan Milli Ensiklopediyasının digər yeni nəşrləri və onlar barədə biblioqrafik məlumatlardan ibarət bukletlər sərgilənir. Mərkəzdə həm redaksiya heyətinin, həm də əməkdaşların fəaliyyəti üçün hər cür şərait mövcuddur.

Prezident İlham Əliyev mərkəzin akt və konfrans zalları ilə tanış oldu. Zallarda beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün bütün tələblər nəzərə alınmışdır. Kitab anbarı, mini mətbəə, müasir informasiya texnologiyalarının tətbiqinə imkan verən rabitə sistemi ölkə həyatının keçmişinin və bu gününün Milli Ensiklopediyada daha dolğun əksini tapması imkanlarını genişləndirəcəkdir.

Ümumi tikinti sahəsi 7500 kvadratmetr olan mərkəzin ərazisində əsaslı abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Sonda xatirə şəkli çəkdirildi.

----------
12:13

AzərTAc xəbər verir ki, mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasının yeni binasının açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.
Dövlətimizin başçısı kitabxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzi Kitabxananın yeni binası Prezident İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən tikilmişdir. Həmin ilin noyabrında dövlətimizin başçısı kitabxananın yeni binasının təməlini qoymuşdur. Yeni binanın tikintisi üçün ilkin olaraq Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılmışdır. İnşaat işlərinin başa çatdırılması üçün 2011-2013-cü illərdə Nazirlər Kabinetinin sərəncamları əsasında ümumilikdə 34 milyon manatdan çox vəsait xərclənmişdir.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə dövlətimizin başçısına məlumat verdi ki, "Akademiya şəhərciyi"ndə tikilmiş yeni binanın ümumi sahəsi 28 min kvadratmetrdən çoxdur. Bu kitabxana respublikamızda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanadır. Akademiyanın struktur bölməsi kimi fəaliyyət göstərən Mərkəzi Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab tarixi və informasiyalaşdırma sahəsində fəaliyyət göstərir. Bu zəngin tarixə malik elm və mədəniyyət ocağı AMEA sistemində aparılan bütün kompleks və sahəvi problemlər üzrə ixtisaslaşdırılmış məlumat-informasiya mərkəzi və ölkə miqyasında baş elmi-texniki informasiya müəssisəsidir. Mərkəzi Kitabxananın yaradılması istiqamətində ilkin tədbirlər 1923-1924-cü illərdə həyata keçirilmişdir. 1945-ci ildən özünün yeni inkişaf mərhələsinə qədəm qoyan bu kitabxana xüsusilə ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə əsaslı inkişaf yolu keçmişdir. 2003-cü ilin yanvarında isə Azərbaycan Prezidentinin müvafiq Fərmanı əsasında Mərkəzi Kitabxana elmi status almışdır. Ötən illərdə əsaslı struktur dəyişiklikləri baş verən və bilavasitə elmi tədqiqatla məşğul olan yeni şöbələrin yaradıldığı Mərkəzi Kitabxananın binasında beynəlxalq standartlara uyğun səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır.

Qeyd edildi ki, altımərtəbəli yeni bina orijinal layihəsi və müasirliyi ilə diqqəti cəlb edir. İnşaat işlərində yerli və beynəlxalq memarlığın ən qabaqcıl təcrübəsindən istifadə olunmuşdur. Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
Binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur.

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq Mərkəzi Kitabxanada ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusi diqqətdə saxlanılmışdır.

Prezident İlham Əliyevə AMEA-nın Mərkəzi Kitabxanasının ilk oxucu kartı təqdim edildi.

Məlumat verildi ki, kitabxanaya üzv olmaq istəyənlərə oxucu bileti avtomatik qaydada təqdim edilir. Ölkəmizin kitabxanaçılıq tarixində ən müasir avadanlıq və sistemlər ilk dəfə məhz bu kitabxanada tətbiq olunmuşdur. Girişdəki elektron köşklərdə kitabxananın strukturu, hər bir mərtəbənin sxemi, müxtəlif bölmələrin yerləşdiyi mərtəbələr, kitablar, o cümlədən fonda yeni daxil olan nəşrlər barədə müfəssəl məlumat almaq mümkündür. Hərəkət qabiliyyəti məhdud insanların informasiya almaları üçün burada xüsusi köşk quraşdırılmışdır. Kitabxananın bütün mərtəbələrində quraşdırılan monitorlarda fonda daxil olan ən son yeniliklər barədə dolğun məlumatlar əksini tapmışdır. Burada kitabların sifarişi də elektron qaydada aparılır.

Diqqətə çatdırıldı ki, kitabxanada 300 kompyuter quraşdırılmışdır. Server vasitəsilə sistemə qoşulan kompyuterlər vahid şəbəkə təşkil edir və müvafiq tələblərə uyğun müasir proqramlarla təchiz edilmişdir. Bu da abunə haqqını ödəmək şərti ilə dünyanın aparıcı kitabxana resurslarına qoşulmaq imkanı yaradır.

Kitabxanada 1945-ci il martın 27-də təsis olunmuş Azərbaycan Elmlər Akademiyasının 15 nəfərdən ibarət ilk tərkibinə həsr edilən xüsusi guşə də yaradılmışdır. Bu elm ocağının akademikləri üçün zal da hərtərəfli təminatı ilə diqqəti cəlb edir. Həmin zalda eyni vaxtda 50 akademik elmi araşdırmaları ilə bağlı səmərəli iş apara bilər. Mərkəzi Kitabxananın yeni binasındakı 14 oxu zalında 1000-dən çox oxucunun eyni vaxtda elektron və çap məhsullarından istifadə etmək imkanı olacaqdır. Bilavasitə Akademiya işçiləri üçün nəzərdə tutulan abunə xidmətlərindən 80 oxucu eyni zamanda yararlana biləcəkdir. Ölkəmizin müxtəlif guşələrində yaşayan virtual abunəçilərin sorğularının cavablandırılması üçün də burada hər cür şərait yaradılmışdır.

Qeyd edildi ki, kitabxanada dissertasiya zalı da fəaliyyət göstərir. Burada səmərəli fəaliyyət üçün bütün imkanlar vardır. Müzakirə otağı və müasir texnika ilə təchiz edilən digər otaqlar da oxucuların istifadəsindədir.

Məlumat verildi ki, yeni binada kitab fondunun ənənəvi qaydada zənginləşdirilməsi ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən kitabxana, fond, muzey, orta məktəblər, ali təhsil ocaqları, elmi tədqiqat institutları, media qurumları, arxivlər, şəxsi kolleksiyalar, yaradıcılıq ittifaqlarının fondları, dövlət foto arxivi, həmçinin dünya muzeyləri, sərgi salonları və elmi tədqiqat mərkəzlərində Azərbaycana aid müxtəlif məlumatlar, incəsənət nümunələri, əlyazmalar, eksponat və sənədlərin elektron kataloqu yaradılacaq və sistemləşdirilərək "Milli rəqəmsal yaddaş" bazasına daxil ediləcəkdir. Bu isə istər həmyerlilərimiz, istərsə də xaricilər üçün Azərbaycan haqında dolğun və obyektiv məlumatlardan istifadə imkanı yaradacaqdır.

Kitabxanada Akademiyanın bölmələrinə uyğun ixtisaslaşmış zallar fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün böyük konfrans salonu da yaradılmışdır.

Bildirildi ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı əsasında yeni binada Mərkəzi Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzi də fəaliyyət göstərəcəkdir. Hər iki qurumun başlıca məqsədi yüksək səviyyəli elmi araşdırmaların aparılması üçün müasir informasiya bazasını təmin etməkdən ibarətdir. Yeni binada 3,5 milyon kitabı əhatə edən əsas fond, eləcə də böyük miqdarda çertyoj, xəritə, film və digər informasiya daşıyıcıları saxlanacaqdır. Ümumilikdə akademiyanın istifadəsinə verilən Mərkəzi Kitabxananın yeni binası həm alimlərə dünya kitabxanalarının zəngin fondlarından faydalanmaq imkanı yaradacaq, həm də burada bütün struktur vahidlərinin məqsədyönlü fəaliyyəti nəticəsində informasiya idarə olunan və əlaqələndirilə bilən strateji resursa çevriləcəkdir.

Qeyd olundu ki, buradakı sistemləşdirmə şöbəsində də ən son elmi-texniki yeniliklər tətbiq edilmişdir. Həmin şöbədə sürətli skaner vasitəsilə bütün növ kitabların qısa müddətdə nüsxələrinin hazırlanması və digər əməliyyatlar üçün müasir avadanlıq quraşdırılmışdır.

Dövlətimizin başçısına müasir rəqəmsal mətbəənin yaradılması, elektron arxiv idarəetmə kompleksinin sxemi və digər texnologiyalar barədə də ətraflı məlumat verildi. Kitabxanada, həmçinin yeni nəşrlərin mütəmadi sərgisi keçiriləcəkdir.
Diqqətə çatdırıldı ki, kitabxananın 4 milyona yaxın kitabın saxlanılmasına imkan verən qapalı və xüsusi şəraitli fondu vardır. Kitabxananın imkanlarından görmə qabiliyyəti zəif olan insanların da hərtərəfli yararlanmaları üçün müvafiq şərait yaradılmışdır.

Prezident İlham Əliyevə AMEA-nın Rəyasət Heyətinin, yeni layihələndirilən Riyaziyyat və Mexanika İnstitutunun, Respublika Seysmoloji Xidmət Mərkəzinin, həmçinin Akademiyanın əməkdaşlarının Mərdəkan qəsəbəsindəki istirahət zonasının memarlıq eskizləri təqdim olundu.

AMEA-nın Mərkəzi Kitabxanasının yeni binası ilə tanış olan Prezident İlham Əliyev kollektivi bu əlamətdar hadisə münasibətilə təbrik etdi, tapşırıq və tövsiyələrini verdi.

Milli.Az

-----------
14:55

Böyütmək üçün şəkillərə klikləyin.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının yeni binasının açılışında iştirak etmişdir



---------
14:39


Prezident İlham Əliyev "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının açılışında iştirak etmişdir



Foto: AzərTAc

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.