Siyasət

Xalqı azadlığa və müstəqilliyə aparan yol

14 Yanvar 2014 14:57
Baxış: 9 890
Yanvar ayı yeni təqvim ilinin başlanğıcı olaraq bütün dünyada bayram kimi qeyd olunur. Bu ay boyunca bütün xalqlar və millətlər öz sevinclərini və xoşbəxtliklərini müxtəlif formalarda biruzə verirlər.

Azərbaycanda isə bu ayın özünəməxsus xüsusiyyətləri var: bu, heç vaxt deyib-gülən, şadlanan insanların yadından çıxmayan, yaddaşından silinməyən böyük bir faciə ilə bağlıdır. Daşnak-bolşevik qüvvələrinin 1918-ci ilin martında törətdiyi qırğınlar bizim bahar bayramımıza xüsusi bir rəng qatdığı kimi, 24 ildir anılan 20 Yanvar faciəsi də yeni ilimizə ayrıca bir özəllik verməkdədir. Uzun illər birgə yaşamalı olduğumuz, Yeni ilin xüsusilə təmtəraqlı qeyd olunduğu, sovet dövlətinin beşiyi Rusiyada, eləcə də Ermənistanda ənənəvi olaraq hesab edirlər ki, Yeni il süfrəsi nə qədər zəngindirsə, bütün il ərzində evdə də elə bolluq olacaq. Həmçinin belə düşünürlər ki, Yeni ili yeni paltar, yeni ayaqqabıda qarşılamaq lazımdır, onda bütün il yeniliklər içərisində keçəcək. Adətən Yeni il qabağı bütün borclar verilər, bütün incikliklər bağışlanar, küsülülər bir-birindən üzr istəyər, barışarlar. Ancaq 1990-cı ilin yanvarı bizi barışdırmadı, bizə verdiyi "hədiyyələr" çox acı və dəhşətli oldu.

1980-ci illərin axırlarında keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz "yenidənqurma" siyasəti, milli siyasətdə buraxılan kobud səhvlər hər yerdə olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və "Dağlıq Qarabağ problemi"nin ortaya atılması idi. 1988-ci ilin noyabr-dekabr aylarında keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi SSRİ rəhbərliyini həyəcanlandırmaya bilməzdi.

Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən Bakıya daxil olan sovet qoşun hissələri şəhərin müxtəlif rayonlarında yüzlərlə insanı qətlə yetirdi və ya ömürlük şikəstə çevirdi. Həlak olanlardan 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi. Günahsız qurbanların sırasında digər millətlərin - rusların (6 rus), yəhudilərin (3 yəhudi) nümayəndələrini görəndə düşünürsən ki, işğalçının dini-imanı, milliyyəti olmur. Həlak olanların arasında öz vəzifə borcunu yerinə yetirən 4 milis işçisi, 1 həkim, o cümlədən 1 aspirant, 3 elmlər doktoru vardı.

Özü də bütün bunlar xüsusi bir şəraitdə icra olunurdu: Bakı şəhərində fövqəladə vəziyyət tətbiq olunması haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar tarixli fərmanı ancaq yanvarın 20-də səhər saat 6-dan zirehli maşınlardan xalqa elan edilirdi. Çünki artıq o zaman Azərbaycan televiziyasının enerji bloku partladılmış, Azərbaycan radiosunun səsi kəsilmişdi...

M.Qorbaçov 1995-ci ilin aprel ayında Türkiyədə səfərdə olarkən "Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi" deyərək öz günahını etiraf etsə də, bu onun bir dövlət rəhbəri olaraq məsuliyyətini azaltmadığı kimi, yaralı ruhların da ağrı-acısına kömək etmədi.

20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. 20 Yanvar, eyni zamanda, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsinə çevrildi. O gecə Azərbaycan xalqına qarşı törədilən cinayət, tökülən qanlar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, insanlar daha sıx birləşdi, onların mübarizliyi artdı. Məhz bu əzmin, iradənin sayəsində xalqımız öz müqəddəs arzusuna - milli azadlığına qovuşa bildi, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

Ancaq müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə Ermənistanın Azərbaycana ədalətsiz ərazi iddiası və təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olundu və bu günə qədər respublikamızın ərazi bütövlüyü bərpa olunmayıb. Ona görə hər il 20 Yanvar faciəsinin ildönümündə hər bir Azərbaycan vətəndaşı, ordumuzun hər bir əsgəri, giziri və zabiti bir daha Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi günü yada salaraq düşünür, öz sabahına daha inamla baxır. Dövlət başçısının dediyi kimi: "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir".

Bakıda Vətən şəhidlərinə - 20 Yanvar şəhidlərinə böyük ehtiramla xatirə kompleksi ucaldılıb və o, xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrilib. Bu qədirbilənlik, bu ziyarət həm də Qarabağdakı böyük, möhtəşəm qələbədən xəbər verir.

P.S. Uzun illər işğaldan əziyyət çəkən, öz azadlığı və müstəqilliyi uğrunda minlərlə qurban verən Vyetnamda Yeni il gecəsi vyetnamlılar parklar, bağlar və küçələrdə ocaqlar yandırırlar. Ocağın başına bir neçə ailə toplaşır, ocaqda bişirilən düyüdən xüsusi şirniyyat hazırlayır və düşünürlər ki, bu, həm də dünyadan vaxtsız gedən yaxınların, doğmaların ruhları üçündür...

Bayram günlərində Çinin küçələrindən keçən insanların isə əllərində fənər olur. Bu, həm də Yeni ildə öz yolunu işıqlandırmaq anlamına gəlir.

Bizim 20 Yanvarda yandırdığımız ocaqlar, şamlar isə heç vaxt itməyəcək, sönməyəcək xatirələrimizdir...

"Azərbaycan"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.