Siyasət

Milli Şura dalanı: olmayan mənanı kəşf etmək olarmı?

31 İyul 2013 03:00
Baxış: 928
Fransız rəssam Jan Moreas 1886-cı ilin sentyabrın 18-jə "Le Figaro" qəzetində dərc etdirdiyi "Le Symbolisme" manifestində incəsənətdə simvolizmin əsasını qoydu və ümumiyyətlə, "simvolizm" termininin müəllifinə çevrildi.

Milli Şuranın Tbilisidəki toplantısı da Moreas ideyalarının izharı sayıla bilər.

Rüstəm İbrahimbəyovun sədrlik etdiyi qurum ritorika, siyasi problematikanın yanlış anlaşılması, obyektiv vəziyyətin yanlış anlaşılmasıdır.

Oktyabrda keçiriləcək prezident seçkilərinə müxalifətin vahid namizədi kimi qatılmağa can atan R.İbrahimbəyov əslində ideyasını əldə olunacaq formaya çevirməyə çalışır. Fəqət, onun məqsədi olan forma yekun, başlıca məqsəd olmadığından Milli Şuranın ideya müəllifi "Milyarderlər Şurası"nın istəklərinin təzahürüdür və Moskvadan idarə olunan fəaliyyət taktikasının əslində ciddi təsir altında qaldığını göstərir.

Ssenariçi və kinodramaturq R.İbrahimbəyov indi simvolizmlərə əl ataraq bacarmadığı siyasətçi sənətinə bələd olduğunu göstərmək niyyətindədir və əslində, təzahürlər səhnəsi, simvollar müstəvisinə çevrilmiş müxalifət düşərgəsindəki zahiri görünüşə müəyyən dəyişikliklər etmək niyyətindədir.

Fəqət, o, hələ də anlamayıb ki, təmsil etdiyi müxalifət səhnəsi üçün simvol yox, ideyanın görülən, hiss edilən subyektidir və bu səbəbdən də elə ideyanın özünü ehtiva edəcək şəxsə, yenilik gətirəcək siyasətçiyə çevrilmək şansı az, həddən azdır.

Milli Şuranın sədrinin Tiflisdəki "Vere Palace" otelindəki görüşləri, işlətdiyi ifadələr və verdiyi vədlər, habelə qatıldığı müzakirələr heç bir halda Azərbaycan müxalifətinin prezident seçkiləri ərəfəsində çıxış yolu arayaraq birləşməyə doğru irəliləyiş sayıla bilməz. Çünki simvolist qarışıqların nəticəsi olmalı sintez yoxdur və bu səbəbdən də söylənən ifadələr ağırçəkili, nahamar; verilən vədlər müəmmalı, şüarlar yarımçıq qalmış ifadələr təsirli, müsahibələr və açıqlamalar isə sözlər vasitəsilə pərdələnən və gizlədilən mübhəm istəklər, ortaya çıxarılmayan gizlinlər təsiri bağışlayır.

Rüstəm İbrahimbəyov Bakıya gəlmək, gəlib Milli Şuraya burada rəhbərlik etmək, sonra da Mərkəzi Seçki Komissiyasında namizədliyinin qeydə alınmasına nail olmaq istəyir. Onun başçılıq etdiyi qurumun İcra Aparatının rəhbəri Eldar Namazovun dediyinə görə, guya qeydiyyat məsələsində "problem olmamalıdır". Daha dəqiq yazsaq, Rüstəm İbrahimbəyov şayət Rusiya vətəndaşlığından çıxarılarsa, indi onun problemlərinin həlli üçün çalışan rusiyalı və amerikalı hüquqşünaslar qrupu - gərçi varsa - hüquqi prosedurların tam yerinə yetirilməsinə nail olacaqlar.

Bravur bəyanatdır: sanki qala divarının üzərinə çıxmış yeniçərinin bütün şəhər əhalisinə meydan oxumasıdır.
 

Di gəl ki, qala divarına həmlə edənlərin özləri yeniçərinin durduğu nərdivanı silkələyir, yıxmaq istəyir, hətta onu aşağıdan kaman nişangahına alırlar.

Səbəb bəlli: divara dırmaşanı aşağı salıb onun yerini almaq istəyənlər nə çox.

Milli Şurada vahid namizədlik məsələsinin bundan sonra necə həll olunmasından bilaixtiyar situasiya həm bu qurumun sifarişçiləri və ideya müəllifləri, həm də bilavasitə iştirakçıları olduqlarını düşünən insanların kontrolunda deyil.

Prezident seçkilərində Milli Şuranı kimin təmsil etməsindən asılı olmayaraq təşkilat daxilindəki təbəddülatlarla qarşıdurmaları səngitmək, bütun bunların elə seçki prosesində hazırkı müttəfiqlər arasında dartışmalara və ittiham savaşlarına çevrilməyəcəyinə kimsə təminat verə bilməz.
 

Milli Şuranın "bel sütun"u sayılan Müsavat Partiyası hazırda vahid namizəd qismində Rüstəm İbrahimbəyovu dəstəkləyir. Lakin bu mövqe daimi yox, mütəhərrik, keçicidir və müsavatçıların real maraqları belə davranışı tələb edir.

Partiyanın bu ilin yanvarında keçirilmiş qurultayında İsa Qəmbərin prezident seçkilərinə namizədliyi barədə qərar qəbul olunub.

Əvvəl İctimai Palata, sonra da Milli Şurada yer alan Müsavat Partiyası mövqeyində hər hansı dəyişikliklər etməyib.
 

Partiyanın başqanı İsa Qəmbər Milli Şuranın sədri Rüstəm İbraşimbəyovun seçkilərlə bağlı şanslarını real dəyərləndirərək sükutunu qoruyur. Amma partiya funksionerləri susmur, "ehtiyat variant"ın qüvvədə qaldığını bildirirlər.

Bu isə müsavatçılara qarşı aşkar ittihamlar irəli sürən Açıq Cəmiyyət Partiyası ilə yanaşı, sözügedən partiyanın "ata"sı Rəsul Quliyevin çox ağır ittihamlarına üstüörtülü dəstək verənləri qıcıqlandırır.

Onların İsa Qəmbərin namizədliyini əsla qəbul etmədikləri aydındır. Eyni zamanda, müsavatçılarla Milli Şurada təmsil olunmuş Liberal Partiya arasındakı münasibətlər də normallıq səviyyəsindən çox uzaq olduğundan zəif intriqanı gücləndirəcək çalarlar fasiləsiz artır.

Və ən nəhayət, İsa Qəmbərin "müttəfiq"i, AXCP sədri Əli Kərimlinin tutduğu mövqeni də unutmayaq. Cəbhəçilərin heç bir halda İsa Qəmbərin namizədliyi ilə razılaşmayacaqları, belə qarşıdurmada Lalə Şövkətlə bir müstəvidə duracaqları da məlum.

KXCP amilini də unutmaq gərək deyil. Bu partiya, yəni "klassiklər" Əli Kərimlini kollaborsionist, "liberallar"ı müvəqqəti dost, müsavatçıları isə ehtiyatla davranılası partiyanın mənsubları saydıqlarından mövqelərini çoxdan bəri aşkarlayıblar.

Yetərincə konkret, açıq şəkildə.
 

Milli Şura aylardan bəri bu dalandan çıxmağa çalışsa da, hətta Tbilisidəki "Vere Palace" otelindəki müzakirələr suallar toplusuna cavablar verə bilmədi.
 

Məsələ heç də Rüstəm İbrahimbəyovla bahəm gündəmdə ola biləcək "ikinci vahid namizəd" və ya "ehtiyat namizəd" amili deyil.

Dünən Lalə Şövkətin müxalifətin vahid namizədliyi məsələsi də "Vere Palace"da müzakirə olundu. İlk baxışdan paradoksal təsir bağışlasa da, müsavatçılar bu namizədi dəstəklədilər.

Fəqət, bu, sadəcə, ilk baxışdan belədir, çünki Lalə Şövkətin adının çəkilməsi və onun müxalifəti təmsil edəcək fiqur qismində gündəmə gətirilməsi Müsavat Partiyasının başqanı İsa Qəmbərin imkanlarını avtomatik artırırdı.


Beləcə, müsavatçılar izafi zəhmət çəkmədən məqsədlərinə çatır və Milli Şurada KXCP, ALP, AXC və ACP kimi müqavimət nüanslarını zərərsizləşdirmiş olurdular.


Alınmadı, çünki son günlərdə Müsavatla açıq qarşıdurmaya keçən Rəsul Quliyevə dəstək verənlər arasında Lalə Şövkətin olduğu da şübhə doğurmur. Üstəlik, AXCP sədri Əli Kərimlinin Müsavat başqanı İsa Qəmbərə olan "sonsuz sayğı"sını da nəzərə alsaq, çox maraqlı, daha doğrusu, asan təxminlənən vəziyyət alınırdı.

Müsavatçılar isə Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləsələr də, yekun qərarın məhz İsa Qəmbərin müxalifət təmsilçisi qismində seçkilərə qatılmalı olmasının gərəkdiyini yenə də vurğulayırlar.
 

Tbilisidəki "Vere Palace" otelindəki toplantının ilk dəqiqələrində media nümayəndələrinə çəkiliş aparmağa icazə verən, amma sonra iclasa bağlı qapılar arxasında davam edən Milli Şuranın bitkin mövqeyini gözləyənlər yanıldılar.

Daha doğrusu, müzakirələr oldu - İsa Qəmbərdən tutmuş, Sülhəddin Əkbər və Fuad Qəhrəmanlıya qədər bir sıra müxalifət mənsubları vahid namizəd məsələsindən danışdılar.

Rüstəm İbrahimbəyov və onun yanında əyləşmiş Eldar Namazov da əvvəlcə qısa çıxış etdilər, sonra da söylənənləri dinlədilər.

Ancaq zaman Milli Şuranın əleyhinə işləməkdə davam edir.
 

Oktyabrda keçiriləcək prezident seçkilərinə çox az vaxt qaldığı zamanda təşkilat seçkiqabağı təbliğatla məşğul olmaq, görüşlər keçirmək, elektoratı öz tərəfinə çəkmək əvəzinə müzakirələr aparır, dil tapmağa çalışır.

Məsələ vahid məxrəc məsələsidir.
 

Amma o məxrəc tapılsa belə, simvolizmə qapılmış Rüstəm İbrahmbəyov və onun təmsil etdiyi quruma vətəndaş dəstəyi olacaqmı?
 

Çətin. Daha dəqiq desək, yox.
 

Simvolizm asudə zamanda oxunası və ya baxılası əsərlər ola bilər.
 

Əsərin sonu əvvəlcədən bəllidirsə, onun yalnız keyfiyyəti maraq yarada bilər.

Keyfiyyət də əzəldən yoxsa - məzur tutun, səylər absurddur.
 

Milli Şura rəhbərliyi bunu anlarsa...
 

"Vere Palace" otelinin yerləşdiyi məkanın da əvvəlki adının Şeytanbazar olduğunu qabartmayaq, deyilmi?!

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.