Siyasət

Əxlaq və mənəviyyatdan uzaq siyasət: onlar seçim etməlidirlər

1 Oktyabr 2012 00:05
0 Şərh     Baxış: 379
Sarkisyanın bir zamanlar onun üzünə tüpürən adamlarla çalışması, üstəlik də onların vəzifələrini böyütmələri ilk baxışdan təəccüb doğurur.

Artaşes Gegamyan bir zamanlar Sarkisyanı bərk tənqid edir, söyüş, təhqirlərə məruz qoyurdu. Son parlament seçkilərində isə Gegamyan iqtidardakı Ermənistan Respublika Partiyasının siyahısında yer almışdı.

Viktor Dallakyan son vaxtlara qədər Sarkisyanı qumarbazlıq, əxlaqsızlıq və rüşvətxorluqda suçlayırdı. İndi isə Dallakyan hakim partiyanın parlamentdəki "fraksiya"sının üzvüdür.

Artur Baqdasaryan Yerevandakı Azadlıq meydanında tribunaya çıxaraq "Murdar Sarkisyanın adamları məni öldürmək istəyirlər!" deyirdi. İndi isə sabiq spiker, "Orinas Yerkir" Partiyasının sədri Sarkisyanı az qala yuxuda da dəstəkləyir.

"Təşəbbüskar" Sarkisyanın kadr siyasətinin gedişatını nəzərə alsaq, aydın olan budur ki, Ermənistanın dövlət başçısı hər şeyi və hər kəsi ləkələməyə çalışır. Yalnız ləkələnmiş siyasi arenada cəmiyyət mobil qruplar vasitəsilə dəfələrlə səs verən kütləyə çevrilir.

Yalnız ləkələnmiş cəmiyyətdəki insanlar seçkilərdə səslərini satırlar.

Sarkisyan təhtəlşüur səviyyəsində hiss edir ki, cəmiyyəti tam tənəzzül, deqradasiya səviyyəsinə çatdırmaq gərəkdir: yalnız belə olarsa, o, Ermənistanı rahatlıqla idarə etmək şanslarına yiyələnəcək.

Sağlam cəmiyyət Sarkisyanın təbii düşməni, saxta və xəstə cəmiyyət isə təbii müttəfiqidir.
Xəstə cəmiyyətdə Sarkisyandan savayı kim prezident ola bilər ki?..

O düşünür ki, hər şeyi və hər kəsi ləkələsə, özü görünməyəcək və hətta cəmiyyətlə harmoniya təşkil edəcək.

Təsadüfi deyil ki, Yerevandakı hakimiyyətin nəzarətində olan kütləvi informasiya vasitələri sosial şəbəkələrdə saxta profillər, yalançı "like"lar və eybəcər "statuscuq"lar vasitəsilə ermənilərə "cəmiyyət xəstədir, çirklidir, ləkəlidir" fikrini aşılamağa çalışırlar.

Xəbərləri oxuyan və sosial şəbəkələrdəki müzakirələrə diqqət verən ermənilərdə belə təəssürat yarana bilər ki, Ermənistan əhalisinin bir qismi Sarkisyanın "təbil"i funksiyasını yerinə yetirir, bir hissəsi abidələri korlayır, yerdə qalanları isə təbiətə ziyan vurur və brakonyerliklə məşğul olur.

Bir sözlə, Sarkisyan mediası təkrarlayır ki, ermənilər pisdirlər, çox pisdirlər.

İş o yerə çatıb ki, Baqramyan meydanına yığışmış "müxalifətçilər" bağıraraq müxalifətə söyür, əsgər analarının arasına qatılmış qara paltarlı qadınlar Müdafiə Nazirliyinin haqlı və ədalətli olduğunu qışqırırlar.

Serj Sarkisyan və onun dəstəsindəki adamlar "ölü", "xarab" cəmiyyətə can atdıqlarından siyasi meyit və ləkəli adamları vəzifələrə təyin edir, onlara deputat mandatı verir, bu yaramazların intensiv siyasi reklamı ilə məşğul olurlar.

Yerevandakı bandokratiya xalqı inandırmağa çalışır ki, insanlar heç bir halda müsbət dəyişikliklərə, inkişafa ümid etməsinlər.

Axı ətrafda hər şey və hər kəs alınıb-satılır, ləkəli və murdar insanlar yüksəlirlər ki, bunun ən sadə timsalı Viktor Dallakyandır.

Serj Sarkisyan bilərəkdən müştərilərini "öldürür" və onları inadla dəfn etmir, bu siyasi leşləri ölkənin mərkəzində qoyur, üfunətin ətrafa yayılmasına can atır.

Üfunətdən yaxa qurtarmağa çalışan adamlar da Ermənistanı tərk edir, mühacirətə yollanır, erməni diasporunun sıralarını artırırlar.

Yerevan küçələrinin qanla suvarılması hesabına prezident kürsüsünə yiyələnmiş Serj Sarkisyanın digər məqsədi bir oliqarxın iqtisadiyyatı, bir oliqarxın dövləti sisteminə nail olmaqdır. Belə dövlətdə iqtisadi və siyasi rəqabət ola bilməz.

Bu cür sistemdə nüfuzlu mediaya da yer yoxdur, çünki həmin sistem üçün vətəndaşlar idarə olunası müti kütlə, qonşu dövlətlər isə "daim düşmən fikirlər və planlarda olan ölkələr"dir.
Siyasi yetərsizliyini və real məqsədlərini gizlətməyə çalışan Sarkisyan hakimiyyəti də bu səbəbdən müxtəlif miflər yayır.

Fəqət, zaman keçdikcə bu miflər sabun köpüyü kimi dağılır, müti olsalar da, ermənilər hakimiyyətin siyasətinin yalan və fars olduğunu görürlər.

Əfsuslar olsun ki, Ermənistanda Sarkisyanın bandasının nəzarətindəki kütləvi informasiya vasitələrinin yalanlarına inananlar hələ də az deyil.

Onlar 2008-ci ildən bəri Ermənistanın nəyə döndüyünü sanki görmür, ya da görmək və anlamaq istəmirlər.

Məsələn, Serj Sarkisyan və dəstəsi inadla, dəfələrlə bəyan edirlər ki, xarici siyasət müstəvisində "Azərbaycanla Türkiyəyə ağır zərbələr endirilir".

Hanı o zərbələr?

Bütün təzyiqlərə rəğmən, Türkiyə Ermənistanla sərhədləri açmadı.

Türkiyə və Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçildilər, türk Mövlud Çavuşoğlu AŞPA-nın sədri təyin olundu.

Çox "güclü zərbə"lərdir, söz yox.

Serj Sarkisyan çox vədlər verdi, amma birini də yerinə yetirmədi, xalqına sürəkli yalan danışmaqda davam edir.

Ermənilər dövlət səviyyəsində aldadıldıqları ilə barışdıqları müddətdə normal dövlət qura bilməyəcəklər.

Ümumiyyətlə, Ermənistan vətəndaşları unikaldırlar: hansısa erməni soydaşına borc verərsə və borc da üç gün sonra qaytarılmalı olarsa, amma qaytarılmazsa, yalançının halı pis olar.
Sarkisyan isə 2008-ci ildən bəri erməniləri dövlət səviyyəsində aldadır - heç nə olmur.

Digər mif isə budur ki, "xalq Serj Sarkisyanın ətrafında birləşərsə, inkişaf başlanacaq". Serj Sarkisyan prezident kürsüsünə yiyələndiyi gündən bəri yürütdüyü siyasəti ilə göstərdi ki, yalnız Artaşes Gegamyan və Viktor Dallakyan kimi insanlarla əməkdaşlığa hazırdır.

Sarkisyan ətrafında birləşməyə çağıranlar da iqtisadiyyatı viran qoyana, ölkəni səfil günə salana haqq qazandırmağa çalışanlardır.

Ermənistan prezidenti göstərdi ki, onun fiquru ətrafında birləşmək bu adama hansısa dövlət proqramlarını reallaşdırmaq yox, siyasətlə siyasi arenanı maksimal dərəcədə təmərküzləşdirmək və bununla da "bir oliqarxın iqtisadiyyatı" planını tam başa vurmaq üçün gərəkdir.

Bütün bunlar Yerevandakı hakimiyyətin yaydığı miflərin yalnız bəziləridir.

Biz hələ "yaxşı" Serj Sarkisyanın "qəddar və yaramaz oliqarxlarla mübarizə aparması"ndan, ona ölkəni inkişaf etdirməyə imkan verməyən adamlara müqavimət göstərməsi və s. kimi yalanlardan bəhs etmirik.

Ən azı ona görə ki, əxlaq və mənəviyyatın nə olduğunu bilməyən Sarkisyan az da olsa, normal siyasət yürütsəydi, Ermənistanı son illərdə yüz minlərlə insan tərk etməzdi.

Serj Sarkisyanın daha bir təbii müttəfiqi boşalmış, seyrəkləşmiş Ermənistandır. Ola bilər ki, Sarkisyan adamların Ermənistandan qaçmasını istəmir, amma belə alınır. O, təhtəlşüur səviyyəsində anlayır ki, mühacirətin sel dalğası səviyyəsinə çatmış Ermənistanı idarə etmək daha asan olacaq.

Ermənistanın baş nazirinin nagahani söylədiyi "Burada qalacaqlar ki, inqilab etsinlər?!" sözləri də Freydə uyğun çaşqınlıq idi.

Serj Sarkisyan, əslində, bacardığını, ona buyurulanları edir. Gərçi erməni cəmiyyətinin immun sistemi tam sıradan çıxmayıbsa, o, özündə qüvvə və güc tapmalı, qarşıdan gələn prezident seçkilərində zəhərli elementləri dövlətin orqanizmindən çıxarmalıdır.

Əks təqdirdə ermənilər bir neçə il sonra müstəqil Ermənistan barədə keçmiş zamanda danışmalı olacaqlar.

Ermənilər 2013-cü ildə seçim etməlidirlər: ya daha 5 il yalanlar aləmi, əbləh adamın idarə etdiyi ölkədə yaşayacaqlar, ya da gələn ildən etibarən normal dövlət qurmağa başlayacaqlar.

Asan seçimdir...

Novruz Sultanov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.