Siyasət

Rusiyadan açıqlama: Azərbaycanla razılığa gəldik!

22 Avqust 2025 22:42
Baxış: 607

Azərbaycan və Rusiya enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəlib.

Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, bunu iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Həştərxan şəhərində keçirilən 23-cü iclasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

"Biz gələcək birgə iş üçün istiqamətləri müəyyən etdik. Rusiya-Azərbaycan əlaqələri qarşılıqlı faydalıdır. Prioritetlərimiz arasında regionda nəqliyyat əlaqələrinin inkişafı, qarşılıqlı hesablaşmalarda müstəqil maliyyə arxitekturasının gücləndirilməsi, enerji sektorunda əməkdaşlıq, sənaye kooperasiyasının, o cümlədən gəmiqayırma və kənd təsərrüfatının inkişafı, Xəzərdə əməkdaşlıq üzrə birgə iş var", - Rusiya rəsmisi vurğulayıb.

Həmçinin A.Overçuk qeyd edib ki, Moskva və Bakı Xəzər dənizində kruiz gəmiçiliyinin işə salınmasına və regionda turizmin inkişafına kömək etmək barədə razılığa gəlib.

Onun sözlərinə görə, Rusiya Azərbaycanın ilk üç ticarət tərəfdaşı sırasındadır:

"Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 10 faizi ölkəmizin payına düşür. Azərbaycan bazarında Rusiya kapitallı 1800-ə yaxın şirkət təmsil olunur".

A.Overçuk əlavə edib ki, Azərbaycan və Rusiya qarşılıqlı ticarətdə milli valyutalara güvənir.

İclasda Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayev təmsil edib.
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.