Siyasət

Azərbaycanda xidmət və işlərlə əlaqədar qanunvericiliyin tələblərini pozan QHT-lər cərimələnəcək

5 Avqust 2025 16:02
Baxış: 332

Azərbaycanda qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə cərimələr müəyyənləşir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Məcəlləyə edilən yeni 432-1-ci maddəyə əsasən, qeyri-hökumət təşkilatı tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək.

Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə olmadan və ya qeydiyyata alınmamış belə müqavilə üzrə qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsinə və ya işlərin görülməsinə, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsinə görə vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə olunacaq.

Qeyri-hökumət təşkilatları, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimələnəcək.

Qeyri-hökumət təşkilatları, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə isə vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə ediləcək.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.