Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 30-da Ramazan bayramı münasibətilə təbrikində terrorçulara növbəti dəfə xəbərdarlıq edib.
O, bildirib ki, rəsmi Ankara "terrorsuz Türkiyə" hədəfi istiqamətində işlərini davam etdirir: "Dövlətimiz çağırış edərək öhdəsinə düşəni yerinə yetirib. İndi növbə qarşı tərəfindir. Onlar bu çağırışa şərtsiz əməl etməlidir. Bu mövzuda qeyri-məhdud vaxta və sonsuz səbirə malik deyilik".
Ərdoğan qeyd edib ki, terrorçular vaxt itirmədən silahı yerə qoymalıdırlar: "Regional və qlobal siyasət, həmçinin daxildə cərəyan edən hadisələr bizə bu prosesi uğurla baş vurmaq üçün heç vaxt olmadığı qədər əlverişli şərait yaradır". Suriyada Bəşər Əsəd rejimi devriləndən və PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırışından sonra Türkiyənin terrorla mübarizəsində yeni mərhələ başlanıb.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı siyasi şərhçi Kənan Novruzov açıqlama verib:
"Türkiyə uzun illərdir ki, terrorla mübarizə aparır. Terror bəlası Türkiyəni sosial- iqtisadi cəhətdən zəiflətməklə yanaşı, həm də ölkənin təhlükəsizliyi üçün təhdid yaradır. İndiyədək PKK, İŞİD kimi terror təşkilatlarının iştirakı və təşkilatçılığı ilə ölkə daxilində bir neçə dəfə terror aktı törədilib. Bu baxımdan terrorla mübarizə və terrora tamamilə son qoymaq rəsmi Ankara üçün strateji əhəmiyyətli məsələdir. Türkiyə bunun bir addımlığındadır. Amma Türkiyənin terrora tamamilə son qoyması yaxın gələcək üçün o qədər də asan olmayacaq.
Məsələ burasındadır ki, bəzi imperialist güclər, o cümlədən ABŞ uzun illər terror təşkilatlarından Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edib. Odur ki, indi Türkiyənin terrora son qoymaq uğrunda əzmkar mübarizəsi həmin oyunçuları narahat edir. Bu baxımdan terrorçulara dəstək artırılmaqla yanaşı, fəallaşmanın müşahidə olunması da mümkünür. Həmçinin ölkə daxilində yeni terror aktlarının törədilməsi istisna deyil.
Ərdoğanın "Bu mövzuda qeyri-məhdud vaxta və sonsuz səbirə malik deyilik" fikirlərinə gəldikdə isə, sözsüz ki, bu, açıq- aydın xəbərdarlıqdır. Görünür, Türkiyənin terrorçuların "nazı ilə oynamaq" fikri yoxdur. Bu isə o deməkdir ki, terror təşkilatları yaxın vaxtda özlərini ləğv etməsələr Türkiyə Suriyanın da köməyi ilə genişmiqyaslı əməliyyatlara başlaya bilər".
Aysel Əkbər
Milli.Az