Siyasət

"Azərbaycan dünyaya təqdim edə biləcəyi əhəmiyyətli təbii resurslara sahibdir" - FOTO

13 Mart 2025 20:51
Baxış: 417

Azərbaycan dünyaya təqdim edə biləcək, həqiqətən də, əhəmiyyətli təbii resurslara sahibdir.

Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasında Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili, konsul Andres Felipe Giraldo Lopez deyib.

O, XII Qlobal Bakı Forumunun yeni dünya nizamı haqqında danışmaq üçün çox vacib ssenarilər təqdim edəcəyini hesab edir:

"Çünki bilirsiniz ki, dünya çox sürətlə dəyişir. Bütün dünyada ideyalar, ərazilər, bir çox şeylər uğrunda mübarizə aparan çox sayda insanları görürük. Buna görə də hər kəsin bu mövzular haqqında danışa biləcəyi, sülh içində yeni bir dünya yaratmaq üçün belə bir forumun olduqca əhəmiyyətli və zəruri olduğunu düşünürəm.

Burada keçmiş prezidentlər, Azərbaycan hökumətindən olan rəsmilər fikir mübadiləsi aparırlar. Düşünürəm ki, bura çağırışlar haqqında danışmaq üçün gözəl məkandır".

"Azərbaycan indiki məqamda dünyaya baxmaq üçün gözəl ölkədir. Çünki buranın digər ölkələrlə müqayisədə bir çox üstünlüklər var. Onun coğrafi mövqeyi cəhətdən Avropa və Asiya arasında yerləşməsi bu ölkənin strateji əhəmiyyətini özündə ehtiva edir və bu ölkə dünyaya təqdim edə biləcək, həqiqətən də, əhəmiyyətli təbii resurslara sahibdir", - deyə Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili vurğulayıb.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.