Siyasət

Qəzadan 36 gün keçdi: Rusiya niyə detalları açıqlamır?

30 Yanvar 2025 10:42
Baxış: 1 116

AZAL-ın təyyarə qəzasından 1 aydan çox vaxt keçir. Hava hücumundan müdafisə sistemi ilə vurulan təyyarə ilə bağlı Rusiya tərəfindən tutarlı açıqlama hələ də verilməyib. Görünür, Rusiya hadisənin detalları barədə açıqlama vermək istəmir.

Dekabrın 25-də baş verən qəzadan bir ay 4 gün keçməsinə baxmayaraq, hesabat açıqlanmır. AZAL-ın Rusiya tərəfindən vurulan təyyarəsi ilə bağlı materialların bu həftə açıqlanması gözlənilsə də, proses uzanır. Əslində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nizamnaməsinə görə, mülki təyyarə qəzalarının səbəbləri ilə bağlı ilkin hesabat bir ay müddətində dərc olunmalıdır.

Azərbaycanın sərnişin təyyarəsinin Rusiya səmasında vurulması ilə bağlı vəziyyət şübhəli olaraq qalır. Rəsmi Bakı məsələni eskalasiya etməməyə çalışaraq etik yanaşma sərgiləyib, istintaqın ədalətli şəkildə aparılmasını, günahkarların cəzalandırılmasını və zərərçəkənlərə kompensasiya ödənilməsini vurğulayıb. Lakin Rusiya tərəfi obyektiv araşdırma yerinə məsuliyyəti yayındırmağa və Azərbaycanı günahkar çıxarmağa cəhd edir.

Məsələnin həlli ilə bağlı əsas diqqət təyyarənin vurulmasında olmalı, hava müdafiə sisteminin qəlpələrinin təyyarə və sərnişinlər üzərindəki təsiri araşdırılmalıdır. Təyyarənin hansı hava limanına enməli olduğu məsələsindən çox, bu hücumun necə baş verdiyi əsas sualdır. Azərbaycandan gələn etik reaksiya və sosial mediada təhqirlərdən çəkinməsi, digər tərəfdən Rusiya tərəfindən apardığı ucuz propaqanda kampaniyaları ilə balansı pozulur, bu isə həm Azərbaycan ictimaiyyətində, həm də beynəlxalq səviyyədə narazılığa səbəb olur.

Rusiya məsuliyyətdən yayınır

Siyasi ekspert Asif Nərimanlı düşünür ki, problemin Rusiyadan qaynaqlandığı sirr deyil. Onun fikrincə son günlər Rusiya mediası üzərindən Azərbaycana qarşı aparılan kampaniya da Kremlin məsuliyyətdən yayınmağa çalışdığını təsdiq edir.

"Rusiya təyyarənin vurulmasından sonra iki əsas cəhd edib. Birincisi, vurulma faktının gizlədilməsi məqsədilə müxtəlif versiyalar yaymaq olub. İkinci cəhd isə vurulma faktı üzə çıxdıqdan sonra məsuliyyətin paylanması istiqamətində olub. Hər iki cəhd nəticəsiz qalıb və hazırda Bakıya qarşı informasiya hücumları, Rusiya səfirinin Xarici İşlər Nazirliyinə dəvət edilməsi kimi təzyiq cəhdləri həyata keçirilir. Bununla yanaşı, diplomatik müzakirələr də davam edir və Putinin xüsusi nümayəndəsi Titovun 27-28 yanvar tarixində Bakıya səfəri bu prosesin bir hissəsi kimi diqqət çəkir. Görünür, günahkarları cəzalandırmaq və kompensasiya ödəmək istəməyən Rusiya məsuliyyətdən yayınmaq, yaxud ən azı bölüşdürməyin yollarını axtarır".

Azərbaycan xalqı və ictimaiyyəti Rusiyanın məsuliyyətini qəbul edib ədalətli istintaq aparacağına, cinayətkarları cəzalandıracağına və zərərçəkənlərə kompensasiya verəcəyinə ümid edir. Bu, yalnız iki ölkə arasındakı dostluq münasibətlərinin saxlanması üçün deyil, həm də beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğunluq baxımından önəmlidir.

Nə baş vermişdi?

25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer E190AR" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Xəzər dənizi üzərində "SOS" siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb. Faktla bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işləri başlanıb. Hadisə ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Dekabrın 28-də hadisə ilə bağlı Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə üzrxahlıq edib.

Qəzaya uğrayan təyyarə 2013-cü ildə Braziliyanın "Embraer" şirkəti tərəfindən istehsal edilib. Elə həmin ildə AZAL tərəfindən alınıb. Təyyarə 4K-AZ65 quyruq nömrəsinə sahib idi. Qəzaya qədər ümumilikdə 9949 eniş həyata keçirib, ümumi uçuş müddəti isə 15257,22 saat olub. Son dəfə texniki yoxlanışdan 18 oktyabr 2024-cü ildə keçib. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.

Təyyarə Azərbaycan vaxtı ilə saat 7:55-də Bakıdan havaya qalxıb. Qroznı hava limanında pis hava şəraitinə görə təyyarə əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönləndirilib. Ekipaj 8:35-də qəza siqnalı verib və idarəetmə sistemində nasazlıq olduğunu bildirib. Daha sonra saat 8:49-da pilotlar Aktauda təcili eniş tələb ediblər və təyyarəni "birbaşa rejimdə" idarə etməyə çalışıblar. Lakin saat 10:28-də təyyarə yerə çırpılıb. Təyyarənin qəza görüntülərində yerə çırpılma zamanı eniş şassilərinin işə salındığı görünür. Təyyarə dik bucaq altında yerə çırpılıb, ilk olaraq sağ qanadı yerə dəyib. Sonra çevrilib və partlayış baş verib. Təyyarə iki böyük hissəyə bölünüb, tezliklə ərazidə yanğın başlayıb. Təyyarənin quyruq hissəsi əsas dağıntılardan uzaqda başıaşağı dayanıb və yanğından zərər görməyib.

İslam
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.