Avropa Parlamentinin (AP) 19 dekabr tarixli, guya Azərbaycanda mövcud olan repressiyaları pisləyən qətnaməsi təkcə absurddur - bu sənəd açıq-aşkar riyakarlıq, qərəz və ölkəmizin nüfuzunu ləkələmək istəyən qeyri-qanuni qüvvələrə bəslənən açıq simpatiyanı əks etdirir. Əsassız ittihamlardan ibarət olan bu sənəddə konkret cinayət əməllərinə görə məhkum edilmiş şəxsləri əhatə edən "siyasi məhbuslar" anlayışından bəhs olunur.
Dekabrın 19-da keçirilmiş plenar sessiyada Avropa Parlamenti "Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı davam edən repressiyalar və Qubad İbadoğlu, Anar Məmmədli, Kamran Məmmədli, Rüfət Səfərov və Meydan TV ilə bağlı məsələlər" adlı qətnamə qəbul edib. Qətnamə 434 deputat tərəfindən dəstəklənib, 30 deputat əleyhinə səs verib, 89 nəfər isə bitərəf qalıb. Qətnamənin müzakirəsi bir gün əvvəl, 18 dekabrda baş tutub.
Sənəddə Avropa İttifaqı "Azərbaycan rəsmilərinə qarşı hədəfli sanksiyalar tətbiq etməyə və 2022-ci il enerji sahəsində strateji tərəfdaşlıq memorandumunun dayandırılmasına" çağırılıb.
Qətnamədə bütün "siyasi məhbusların, insan hüquqları müdafiəçilərinin, jurnalistlərin və aktivistlərin qeyd-şərtsiz azad edilməsinin vacibliyi" də vurğulanıb.
Qətnamədə, həmçinin, Xankəndidəki sabiq separatçı-terrorçu xuntanın keçmiş liderləri də daxil olmaqla, 23 erməni hərbi əsirinə xüsusi diqqət ayrılıb və onların "dərhal azadlığa buraxılması" tələb olunub. Qətnamənin müzakirəsi zamanı bir neçə deputat "erməni girovların məsələsini və Azərbaycanın yerli erməni əhalisinə qarşı təcavüzkar siyasəti"ni də gündəmə gətirib.
Tamam, kimdir axı bu "siyasi məhbuslar"? Onlar cinayətləri məhkəmədə sübuta yetirilmiş şəxslərdir və onların işləri dəqiq faktlara əsaslanır: korrupsiya, vergi ödənişlərindən yayınma, ictimai asayişin pozulması. Fəqət Avropa siyasətçilərinin gözündə onlar "əzabkeşlər", "repressiya rejiminə" qarşı mübarizə aparan qəhrəmanlardır. Əsl cinayətləri görməzdən gəlmək, cinayətkarları bəraət qazandırmaq və onları qurban kimi təqdim etmək nə qədər rahatdır!
Bəlkə də, "siyasi məhbuslar" Azərbaycanın qanunlarını pozaraq, nifrət toxumları səpən, yalan məlumatlar yayan və cəmiyyətimizə zərər verən şəxslərdir? Avropa Parlamentinin məntiqinə əsaslansaq, hay-küylü şüarlar arxasında gizlənən istənilən cinayətkar qəhrəman statusuna layiq görülməlidir.
Fasiləsiz olaraq ədalət, demokratiya və insan hüquqlarının müdafiəsinə sadiq olduğunu iddia edən Avropa Parlamenti digər regionlarda insan hüquqlarının real və kobud şəkildə pozulması hallarında heyrətamiz susqunluq nümayiş etdirir. Bəs niyə Fransanın onilliklər boyu korrupsioner rejimləri dəstəkləyərək, Afrikada sabitliyi pozan və qitə resurslarını istismar edən siyasətini pisləyən qətnamələr qəbul olunmur? Niyə Avropanın miqrant mərkəzlərindəki qeyri-insani şərait və ya Aİ ölkələrində vətəndaşların məxfiliyini və azadlığını pozan sistematik izləmə tədbirləri Avropa Parlamentinin deputatlarının diqqətini çəkmir?
Rəsmi Bakının Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığına gəldikdə, Avropa ölkələri məmnuniyyətlə razılaşmalar və memorandumlar imzalayır. Bu, təəccüblü deyil, çünki Azərbaycan enerji resurslarının əsas təchizatçılarından biridir. Lakin Bakı suverenliyini qətiyyətlə müdafiə etdikdə dərhal "repressiyalar" barədə ittihamlar irəli sürülür və sanksiya təhdidləri meydana çıxır. Bu ikili, idbar standartlar sistemi Avropanın ədalət və bərabərliyə sadiqliyi ilə bağlı bəyanatlarını kinayə ilə qarşılamağa zəmin yaradır.
Azərbaycan hər zaman qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan tərəfdaşlıq əlaqələri qurmağa çalışıb. Amma aşkar görünür ki, Avropanın müəyyən dairələri insan hüquqları və demokratiya ritorikasını geosiyasi maraqlarına uyğun təzyiq vasitəsi kimi istifadə etməyə üstünlük verirlər. Sual yaranır: bəyan etdikləri prinsiplər yalnız Avropanın strateji və iqtisadi maraqları üçün seçmə qaydada tətbiq olunurmu?
Qətnamənin qəbul edilməsinin insan hüquqları ilə yox, Bakıya siyasi təzyiq göstərmək istəyi ilə bağlı olduğu aydındır. Sənədə erməni hərbi cinayətkarların daxil edilməsi bunun parlaq nümunəsidir. Burada hüquqlardan yox, erməni təbliğatını dəstəkləmək və beynəlxalq strukturlardan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməkdən bəhs olunur.
Rəsmi Bakı dəfələrlə bildirib ki, erməni hərbi cinayətkarları ilə bağlı məsələ ölkəmizi nüfuzdan salmaq məqsədi güdən məqsədyönlü dezinformasiya kampaniyasının nəticəsidir. Azərbaycanın həqiqətə əsaslanan və beynəlxalq prinsiplərə uyğun olan hərəkətləri, o cümlədən, Cenevrə Konvensiyalarına tam uyğundur.
Sənəddə "hərbi əsirlər" kimi sadalananlar kimlərdir bəs? Söhbət 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsindən sonra və 2023-cü ildə keçirilmiş "Dəmir Yumruq" əməliyyatından sonra Azərbaycanın ərazisində saxlanılmış şəxslərdən gedir. Onların əksəriyyəti, 10 noyabr 2020-ci il üçtərəfli bəyanata əsasən erməni silahlı qüvvələrinin bölgəni tərk etməli olduğu halda, qanunsuz silahlı dəstələrin üzvləridir.
Saxlanılanların bir çoxu terror aktları həyata keçirib, dinc Azərbaycan əhalisinə qarşı qətllər, işgəncələr və digər cinayətlər törədiblər. Onların heç biri beynəlxalq hüquqla müəyyən edilmiş "hərbi əsir" anlayışına uyğun gəlmir. Belə ki, saxlanılmış şəxslərin bəzilərinin Birinci Qarabağ müharibəsi və müharibələrarası dövrdə azərbaycanlıların qətllərində iştirak etdiyi haqqında çoxsaylı şahid ifadələri mövcuddur. Məsələn, məhkəmə proseslərində bəzi şəxslərin 1990-cı illərdə azərbaycanlı mülki şəxslərə, o cümlədən, qadınlara və uşaqlara işgəncə vermələri ilə bağlı sübutlar təqdim olunub.
Erməni cinayətkarlar Azərbaycanın Cinayət Məcəlləsinin konkret maddələrinə əsasən mühakimə olunublar. Məsələn, terrorçuluqda (Azərbaycanın Cinayət Məcəlləsinin 214-cü maddəsi), dövlət sərhədini qanunsuz keçməkdə (maddə 318), etnik nifrət zəminində qətllər törətməkdə (maddə 120.2.12) və ya qanunsuz silah gəzdirməkdə (maddə 228).
Məhkum edilmiş "zavallı" ermənilərin sadəcə, ikisinə nəzər salaq. Hayk Kazaryan: 2021-ci ildə terror aktı törətməyə cəhd edərkən saxlanılıb, təqsirli bilinib və uzunmüddətli həbs cəzasına məhkum edilib. Roman Avetisyan: 1992-ci ildə Xocalıda mülki əhalinin işgəncələrinə iştirakı ittihamı ilə məhkəməyə verilib. Şahid ifadələri və sənədlərlə günahı sübuta yetirilib. Avropa Parlamentinin qəbul etdiyi qətnamədə 23 ermənidən bəhs edilir, amma bir sıra məqamlar "unudulur". Belə ki, Avropa Parlamenti Azərbaycanın ərazisində ağır cinayətlər törətmiş şəxslərin azad edilməsini tələb etməklə ədalət prinsiplərinə zidd olan yanaşma sərgiləyir.
Bu, həmçinin, Azərbaycanın öz ərazisində cinayət törədənləri məsuliyyətə cəlb etmək hüququnu pozur. Qətnamədə ermənilər tərəfindən törədilmiş konkret cinayətlər qeyd olunmur. Bunun əvəzinə, həmin şəxslər "siyasi məhbuslar" kimi təqdim olunur ki, bu da həqiqətə uyğun deyil.
Həmçinin, sənəd 434 səs çoxluğu ilə qəbul olunub, bu da erməni lobbiçilərinin və onların müttəfiqlərinin güclü siyasi təzyiqini göstərir. Bununla belə, 30 deputat qətnamənin əleyhinə səs verib, 89 nəfər isə bitərəf qalıb.
Avropa Parlamentinin qətnaməsi Azərbaycana siyasi təzyiq göstərmək məqsədi daşıyan ikiqat standartların növbəti nümunəsidir. Bununla belə, fakt dəyişməz qalır: bu "hərbi əsirlər" ağır cinayətlər törətmiş şəxslərdir. Azərbaycan erməni təcavüzünün qurbanları üçün ədaləti təmin etməyə davam edəcək.
Hər bir dövlət öz ərazi bütövlüyünü, qanun və nizamını qorumaq hüququna malikdir. Bu prinsiplər pozulduqda, məsuliyyət daşıyanlar mütləq cəzalandırılmalıdır. Lakin Azərbaycana qarşı irəli sürülən ittihamlar cinayətkarları bəraətləndirməyə və ölkənin imicinə zərbə vurmağa yönəlmiş cəhdlərdir. Azərbaycan müstəqilliyini gücləndirmək, inkişafını təmin etmək və beynəlxalq arenadakı rolunu artırmaq üçün bütün addımları atır.
Avropa Parlamentinin 19 dekabr 2024-cü il tarixli qətnaməsi suveren dövlətin daxili işlərinə müdaxilənin növbəti kobud, tərbiyəsizcəsinə bir nümunəsidir. Belə bəyanatlar birtərəfli yanaşma sərgiləyir və əsas faktları nəzərə almır. Azərbaycan dəfələrlə beynəlxalq hüquq və insan hüquqları prinsiplərinə sadiqliyini nümayiş etdirib. Sanksiyaların tətbiqi, siyasi təzyiq cəhdləri və bütün məsuliyyəti Azərbaycana yükləmək cəhdi ikiqat standartlar və siyasi motivli ritorika nümunəsidir.
Öz ərazi bütövlüyünü beynəlxalq hüquq normalarına uyğun bərpa edən bir ölkə milli maraqlarını qorumağa yönəlmiş fəaliyyətlərinə görə xarici qüvvələr qarşısında haqq qazandırmaq məcburiyyətində deyil. Avropa Parlamenti, sabitlik və ədalət maraqlarına uyğun olmayan gündəmi təbliğ etmək əvəzinə, baş verənləri obyektiv qiymətləndirməyə diqqət yetirməlidir.
Milli.Az