Azərbaycanın istehsal etdiyi, şərti adı "Turan 1" olan silah ilk dəfə "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Ush Security" şirkətinin nümayəndəsi məlumat verib.
Qeyd edilib ki, silah yerli mühəndislər tərəfindən hazırlanıb və 2024-cü ildə istehsal olunub.
Çəkisi 3 kiloqram 600 qram olan silahın vuruş məsafəsi 1000 metr, daraq tutumu 30 patronluqdur. Müasir sistem orijinal standartlara uyğun olaraq hazırlanıb və sərgidə ilk dəfə nümayiş olunur. Silah sınaq testlərindən keçib, lakin hələ istifadə olunmayıb.
Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.
Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun