Siyasət

Makron Paşinyanı topa tutur: Ermənistan yeni köləyə çevrilir

20 İyun 2024 13:40
Baxış: 949

Ermənistan Fransadan 155 mm çaplı 36 "Ceasar" özüyeriyən artilleriya qurğusu (ÖAQ), yəni haubitsa alacaq. Haubitsalar 15 ay ərzində İrəvana veriləcək.

Bu barədə Fransanın nüfuzlu "Le Figaro" jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson X sosial şəbəkəsində məlumat verib.

Buisson yazıb: "...Ermənistan Fransadan 36 "Ceasar" alıb ki, bu da onları növbəti 15 ay ərzində çatdırmalıdır".

İrəvan və Parisin "Ceasar" haubitsalarının tədarükünə dair müqavilə imzalaması faktını bir gün əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu açıqlamışdı.

"Ceasar" haubitsası zirehli kabinli "Renault Sherpa 10" yük maşını şassisinə quraşdırılmış 155 mm-lik ÖAQ-dır.

İlkin məlumatlara görə, haubitsaların hər biri Ermənistana 4-6 milyon dollara başa gələcək.

Fransa prezidenti Emmanuel Makronun göstərişi ilə rəsmi Paris Ermənistanı 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun lokal antiterror tədbirlərini reallaşdırmasından və Xankəndindəki separatçı-terrorçu xuntanın çökməsindən sonra sürətlə silahlandırmağa başlayıb.

Ötən ilin payızında Parislə İrəvan arasında imzalanmış müqaviləyə görə, Fransa Ermənistana 3 "Mistral" zenit-raket kompleksi, "GM2000" radiolokasiya sistemləri və 50 "Bastion" zirehli transportyorları verəcək.

Ermənistanı silahlandıran E.Makron dəfələrlə bəyan edib ki, İrəvanla hərbi-texniki əməkdaşlığa başlayan Fransa yalnız "müdafiə məqsədli silah və hərbi texnika satır". Amma radarlar, "Bastion" ZTR-ləri, haubitsalar və qısa mənzilli raketlər heç bir halda müdafiə silahları ilə texnikası sayıla bilməz.

Fransa və Ermənistandakı siyasətçilərin, analitiklərin və hərbi ekspertlərin bəyanatlarına rəğmən, "Ceasar" uzaqvuran haubitsaları heç bir halda bölgədəki hərbi qüvvələr balansını İrəvanın xeyrinə dəyişə bilməz. 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqları formalaşdıran Azərbaycan ordusunu daha da gücləndirmək istiqamətində çoxmilyardlıq yeni sazişlər imzalanmaqla yanaşı, raket-artilleriya qoşunlarının gücünü və imkanlarını da fasiləsiz artırır.

Belə ki, 41 km məsafədə hədəfi vuran, 155 mm çaplı 48 "Nora B52 NG" özüyeriyən artilleriya qurğularının (ÖAQ) alınması ilə bağlı Serbiya ilə 339 milyon dollarlıq saziş imzalanıb.

Çexiyanın "Excalibur Army" dövlət şirkəti isə Azərbaycana 155 mm çaplı 72 "DİTA" ÖAQ-ı tədarük edəcək. L45 topu ilə təchiz edilmiş bu haubitsa 39 km məsafədəki hədəfləri asanlıqla vurur.

Bununla yanaşı, Azərbaycanın raket-artilleriya qoşunlarında İsrail, Slovakiya və Rusiya istehsalı olaraq tırtıllı, habelə təkərli şassilərdə haubitsalar, yüksək dəqiqliyə malik reaktiv yaylım atəşi və operativ-taktiki raket sistemləri var.

Həmin sistemlər vasitəsilə ordumuz yüzlərlə kilometr uzaqlıqdakı hədəfləri məhv etmək imkanlarına malikdir.

Fransanın Ermənistana "Caesar" haubitsaları yollamağa hazırlaşması ilə bağlı rəsmi Bakının narahatlığı Cənubi Qafqazda hərbi balansın pozulması ilə bağlı deyil. Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin ordusu ilə müqayisədə dəfələrlə yüksək texniki təminata, imkanlara, peşə və döyüş hazırlığına malik olması 44 günlük İkinci Qarabağ Müharibəsində aşkar nümayiş edilmişdi.

Narahatlıq doğuran məqam Ermənistan ordusunun qalıqlarının sürətlə silahlandırılmasının və ermənilərə müasir silahla hərbi texnikanın verilməsini rəsmi İrəvanı yeni hərbi əməliyyatlara başlamağa sövq edə biləcək amilə çevrilmək ehtimalıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan indi özünü bütünlüklə sülhə meylli, şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, yekun sülh müqaviləsinin imzalanması proseslərini mümkün qədər tez başa vurmaqda maraqlı ölkə başçısı kimi göstərməyə çalışır. Bununla belə o, danışıqlarda konstruktiv mövqe tutmur, Bakı qarşısında yeni şərtlərlə çıxış edir və eyni zamanda yeni silahlarla hərbi texnikanın alınması üçün dövlət büdcəsindən milyardlarla dollar ayırır.

Ən nəhayət, Ermənistan rəhbərliyi ölkənin müdafiə potensialını artırmaq niyyətində olduğunu bəyan etsə də, sürəkli olaraq hücum silahları alır və mövqeyini bundan sonra da dəyişmək fikrində deyil.

Fransanın bölgədə yenidən gərginliyə nail olmaq, qarşıdurma risklərini artırmaq cəhdləri Rusiyanı da kəskin narazı salıb. Rəsmi Moskva anlayır ki, E.Makronun məqsədi Ermənistandan plasdarm qismində istifadə etmək, bu süni dövlətin ərazisinə fransalı hərbçiləri yeritmək, idealda hərbi bazanın yaradılmasına nail olmaq, Ermənistanla Rusiyanın əlaqələrini minimuma endirmək və sonucda, Rusiyanın ümumiyyətlə, Cənubi Qafqazı tərk etməsinə nail olmaqdır.

Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova Fransanın Ermənistana "Caesar" haubitsaları satmaq və ümumiyyətlə, erməniləri sürətlə silahlandırmaq niyyətini Parisin yeni təxribatı adlandırıb.

"Paris hazırda Ermənistan daxilində və ya Ermənistanla Azərbaycan arasındakı fikir ayrılıqlarından sadəcə, öz konyuktur məqsədlərinə çatmaq üçün vasitə qismində istifadə etməyə çalışır. Fərdi konyuktur məqsədlər dedikdə yalnız Yelisey Sarayını yox, NATO ideologiyasının təmsilçisi olan Fransanı da nəzərdə tuturam", - M.Zaxarova deyib.

Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Konstitusiyasına zəruri dəyişikliklər etmək istəməyən, sülh prosesi ilə bağlı danışıqları uzatmağa çalışan, revanşist və etnik zəmində nifrəti təbliğ edən qüvvələri üstələyərək şovinizmi təbliğat vasitəsinə çevirən rəsmi İrəvanın silahlanması təbii ki, regional sülhə və stabilliyə təhdid sayılır.

Fransa prezidenti Emmanuel Makron da Ermənistanı silahlandırmaqla, erməni revanşistləri dəstəkləməklə bölgədə stabil sülhün bərqərar olmasına qarşı bütün vasitələri işə salmaq niyyətini göstərir.

Makronun regionla bağlı mövqeyi ümumiyyətlə, absurddur.

Ermənistan MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və həmin qurumda fəaliyyətini dondurduğunu, struktura üzvlük haqqını ödəməyəcəyini bəyan etsə də, strukturu tərk etmək fikrində deyil.

Rusiyanın Ermənsitanda 102-ci hərbi bazası fəaliyyət göstərir, İrəvanla Moskva birgə quru qoşunları və hava hücumundan müdafiə sistemi formalaşdırıblar.

Nikol Paşinyan KTMT ilə bağlı çox aqressiv, radikal bəyanatlar versə də, Gümrüdəki hərbi baza və ya müştərək HHM sistemi barədə heç nə demir. Belə olan halda Rusiyanın həbi-siyasi müttəfiqini Fransanın sürətlə silahlandırmaq niyyəti NATO-nun strategiyasına nə qədər uyğundur - buna Paris cavab verməlidir.

Ermənistanın "Ceasar" haubitsalarıilə silahlanmasına rəsmi Bakının dərhal hərbi-texniki müstəvidə adekvat addım atmasına hələlik lüzum yoxdur.

Proses hazırda siyasi və diplomatik müstəvidə aparılmalı, ermənilərin iddialarına, ritorikasına və narrativlərinə cavab veriləcək.

Özü də sərt şəkildə.

Ermənistana gəldikdə isə, Nikol Paşinyan anlamalıdır ki, o, Fransanın regional siyasətində sadəcə, vasitə və alətdir.

Azərbaycanla sülh danışıqlarının getdiyi, Türkiyə ilə təmasların sistemli hal aldığı indiki şəraitdə rəsmi İrəvanın Parisin avantüralarına və vədlərinə aldanması Ermənistana çox baha başa gələ bilər.

Emmanuel Makronla Nikol Paşinyan inadla görmək istəmirlər ki, Fransanın Cənubi Qafqazda möhkəmlənmək istəyi Azərbaycanla yanaşı, Türkiyənin, Gürcüstanın, İranın və Rusiyanın kəskin reaksiyalarına səbəb olub. Bu isə region dövlətlərinin Fransaya qarşı razılaşdırılmış strategiya yürütməyə başlamasına səbəb ola bilər.

Eyni zamanda, Nikol Paşinyan onu da bilməlidir ki, o, Emmanuel Makron üçün əlverişli hökumət başçısı deyil. Paris İrəvanda onun maraqlarını tam təmin edəcək marionetkanı hakimiyyətdə görmək istəyir.

Fransa Ermənsitanla bağlı eynən 30 il əvvəlki Rusiya kimi siyasət yürüdür. Tam eyni siyasət, analoji addımlar, "əkiz" qərarlar: sürətlə silahlandırma, ucuz qiymətə silah və hərbi texnikanın verilməsi, hamilik və havadarlıq vədləri, strateji müttəfiqlik bəyanatı, Azərbaycana və Türkiyəyə nifrət edən qüvvələrin aktivləşdirilməsi, sonra da hərbi bazanın yaradılması tələbi.

30 il əvvəlki siyasətin 2020-ci ildə Ermənistan üçün hansı nəticə verdiyi göz qabağındadır.

Nikol Paşinyan erməni cəmiyyətində saxta narrativlər və stereotiplərlə mübarizə apardığını deyil. Ancaq anlamır ki, dəyişən geosiyasi vəziyyətdə Ermənistan və ermənilər sözdə yox, əməldə dəyişməlidir.

Əks halda Ermənistanın xəritəsi dəyişə bilər...

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.