Siyasət

Paşinyanın səbri tükəndi: erməni kilsəsi “qırmızı cizgilər”i keçdi

13 İyun 2024 13:34
Baxış: 1 173

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə müxalifət deputatlarının ironik iradlarına və lağlağı qeydlərinə dözə bilməyib.

"Məndən əvvəlki hakimiyyət və sizlər insanlara tüpürmək belə istəmədiniz. Qarabağdakı ermənilərə tüpürmək belə, istəmədiniz. Məndən əvvəlki hakimiyyət iqtidarda qalmaq üçün yalnız özünü düşünürdü. Ermənistanın hakimiyyəti Qarabağı fələyin badına verdi. Qarabağdakı ermənilərin rəhbərləri isə 2023-cü ilin sentyabrında mənə mətbuat konfranslarında sual verən jurnalistlər vasitəsilə zəng edir, Qarabağdan çıxarılmaları üçün kömək etməyimi istəyirdilər. Onlar və indi burada mənə sual verən müxalifətçi deputalar sadəcə, qorxaq fərarilərdir! Yazıqlar olsun sizə!!!"

Daha sonra isə N.Paşinyan bəyan edib ki, Qarabağın Azərbaycan ərazisi olduğunu hələ 2018-ci ildə etiraf və bəyan etməliydi.

"2018-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üzləşdiyimiz ən böyük problem bu idi ki, həmin ilin aprelində mütləq şəkildə ya güzəştlərə getməli, ya da müharibəyə başlamalıydıq. Özümə sual verirdim: yaxşı, bunu güzəştə gedəcəyik, onu güzəştə gedəcəyik - bu güzəşt prosesi harada dayanacaq?! Həmin suala cavab tapa bilmirdim. İndisə cavabım var: Azərbaycana güzəştlər Ermənistan ərazisinin 29743 kvadrat kilometr olmasında dayanıb. Hələ o zaman - 2018-ci ildə qapalı rejimdə toplantı keçirməli və deməliydim ki, Dağlıq Qarabağın Azərbaycan ərazisində müxtariyyət olması ilə razılaşmalıyıq", - N.Paşinyan deyib.

Dünən Ermənistan parlamentindəki iclas zamanı Erməni Qriqorian Kilsəsinin Tavuş Yeparxiyasının arxiyepiskopu, "Baqrat" adı ilə tanınan Vazgen Qalstanyan tərəfdarlarını parlamentin binasının qarşısına toplamışdı. O, ətrafındakı insanlara guya parlamentdə dava düşdüyünü deyərək "İçəri daxil olun, onları çıxarın parlamentdən!" çağırışı etmişdi.

Yəni V.Qalstyan artıq bütün "kartları açaraq" Ermənistanda mövcud hakimiyyəti antikonstitusion qaydada devirmək, çevriliş etmək və iqtidara yiyələnmək niyyətini bəyan etdi.

Halbuki bu mənasız və absurd hücum, polislə toqquşma nəticəsində İrəvanın mərkəzindəki Baqramyan prospektində 101 nəfər xəsarət aldı.

85 nəfər zəruri tibbi yardım alandan sonra buraxılıb.

Arxiyepiskop Qalstanyan dünən İrəvanın mərkəzində tərəfdarları ilə polisin toqquşmasından, iğtişaş cəhdlərindən sonra bu gün Hökumət Dəftərxanasının, yəni Ermənistan hökumətinin iqamətgahının qarşısındadır.

Parlamentə soxula bilməyəndən sonra o, bu dəfə bəxtini Dəftərxana binası qarşısında sınamaq qərarına gəlib.

Ermənistanda N.Paşinyana qarşı aprelin 19-da Tavuş (Tovuzqala) rayonunda 32 ildən bəri erməni işğalında olan 7 kəndimizin 4-nün azad edilərək geri qaytarılmasının və Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin delimitasiyasına başlanmasının, həmçinin, sülh müqaviləsinin imzalanmasına yönəlmiş prosesin dayandırılması tələbi ilə aksiyalara başlayan Qalstanyanın rəhbərləri düşünürlər.

Etiraz aksiyalarının ssenari müəllifləri, təşkilatçıları, texniki və maliyyə mənbələri erməni kilsəsi, ABŞ-Fransa-Rusiya triosundakı erməni icması, əslən Qarabağdan olan və sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın rəhbərlik etdikləri "qarabağlılar klanı", bir də Ermənistanda kənardan maliyyələşdirilərək idarə olunan kiçik müxalif qruplaşmalardır.

Onlar müvəqqətii koalisiya yaradaraq N,Paşinyanın istefasını, ölkədə təcili şəkildə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Tələblər səslənsə də, onların batinində bir istək, plan və ssenari var: Robert Köçəryanın yenidən hakimiyyəti ələ alması üçün bütün gərəkli imkanlardan istifadə olunması və məqsədə çatılması.

Etiraz aksiyalarına çağırışları fasiləsiz səsləndirən struktur isə erməni kilsəsi, yəni Eçmiədzindir.

İrəvandakı proseslər indiki aksiyalarla başa çatan deyil. Erməni kilsəsi ölkədəki revanşistləri sürəkli olaraq hakimiyyətə qarşı qaldırmağa, sülh müqaviləsinin imzalanmasına imkan verməməyə çalışacaq.

Bununla belə, erməni kilsəsinin rəhbəri, katolikis 2-ci Qaregin əla anlayır ki, hakimiyyət zorla dəyişdirilərsə, Nikol Paşinyan vəzifəsindən kənarlaşdırılarsa, revanşistlər hakimiyyətə gələrsə və yeni hərbi əməliyyatlar başlayarsa - bütün bunlar Ermənistanın çox ağır fəlakətlə üzləşməsinə səbəb olacaq.

Fəqət, əsrlər boyu ermənilərin yaşamında və xüsusilə də ideologiyasında tutduğu yeri qaytarmaq, bərpa etmək üçün Eçmiədzin ən rəzil, yaramaz və ermənilər üçün faciəli ssenarini belə, reallaşdırmağa hazırdır.

Ermənilərin dövləti, məlum ki, 1918-ci ildə yaranıb. Bu, reallıqdır, danılmaz faktdır. Yerdə qalan bütün iddialar, "dənizdən dənizə Böyük Ermənistan"la bağlı sayıqlamalar isə heç bir real əsası olmayan uydurmalar və miflərdir.

Bu miflər və saxtakarlıqlardan sonradan erməni şovinizmi, erməni irqçiliyi və ermənilərin türk düşmənçiliyi törəyib.

Törəmənin müəllifi və rəhbəri mərkəzi Eçmiədzində yerləşən, monofizit olan Erməni Həvariyun (Apostol) Kilsəsi (EAK) adlanan, əslində isə qriqorian kilsə olan qurumdur.

Təbii ki, "erməni layihəsi"nin frormalaşmasında Eçmiədzini müttəfiqinə, tərəfdaşına və satellitinə çevirən Vatikan, habelə bir sıra Qərb ölkələrinin, xüsusilə də Fransanın xüsusi xidmət təşkilatları əlahiddə rol oynayıblar. Amma erməni irqçiliyinin, daşnaklığın, ərazi iddialarının və şovinizminin ekstremist rəhbəri əslində terrorçu xislətli erməni kilsəsidir.

Xatırladaq ki, məhz erməni kilsəsinin çağırışları və xeyir-dualarından sonra daşnaklar 1915-ci ildə Osmanlı Türkiyəsində dinc müsəlman əhaliyə qarşı qırğınlar törətmiş, qiyamlara başlamış və Osmanlı xanədanının hakimiyyətinin sərt antiterror tədbirlərinə əl atmağa vadar etmişdilər.

SSRİ dönəmində üzdə "proletar beynəlmiləlçiliyi"ni dəstəkləsə də, erməni kilsəsi aşkar islamofobiya, türkofobiya və ekstremizmi təbliğ edirdi.

SSRİ dağılmazdan az əvvəl artıq sabiq Dağlıq Qarabağ Muxtar Vilayətinin "Azərbaycanın tərkibindən çıxaraq Ermənistana birləşməsi" idefiksinin müəllifi də erməni kilsəsi idi.

Erməni ekstremizminin tüğyan etməsi və 1999-cu ildə Ermənistan parlamentindəki gülləbaran nəticəsində hakimiyyəti ələ keçirən "qarabağlılar klanı" Robert Köçəryanı prezident etmişdi. 2018-ci ilədək Köçəryan, daha sonra onun marioneti Serj Sarqsyan Ermənistanı taladılar. 2018-ci ildə Paşinyanın hakimiyyəti ələ keçirməsi, 202-ci ildə 2-ci Qarabağ Müharibəsində Ermənistanın kapitulyasiyaya uğraması Köçəryan-Sarqsyan duetini dayaqlardan məhrum etmişdi. Elə həmin dövr meydana Ruben Vardanyan çıxarıldı, amma o da fiaskoya uğrayanda erməni kilsəsi yenidən ön planda göründü.

Özü də çox hiyləgər və məkrli şəkildə. Belə ki, Eçmiədzinr tələsmədi, qarabağlı revanşistlərin tam siyasi fiaskoya uğramalarrını gözlədi. Daha sonra Xankəndindəki separatçı-terrorçu xuntanın məhvini seyr etdi. Sonda Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin demarkasiya və delimitasiya prosesinin başlanmasını gözlədi.

Revanşistlərlə terrorçuların, separatçılarla onları dəstəkləyənlərin Ermənistanda tam zəiflədiklərinə, keşiş Baqratın arxasınca getməyə razılaşdıqlarına əmin olandan sonra Eçmiədzin hərəkətə keçdi.

İndisə Ermənistanda reallıqla saxtakarlıq, yalanlarla gerçək üz-üzə gəliblər.

Paşinyan anlayır ki, geriyə doğru bir addım atarsa, həyasızlaşaraq aqressivləşmiş erməni kilsəsi onu məhv etmək istəyəcək.

Həm siyasi, həm fiziki baxımdan.

İrəvan yeni qarşıdurmalara səhnə olacaq...

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.