Siyasət

Xaricdəki söyüş söyənlərə pul ötürən məmur kimdir?

30 May 2024 11:35
Baxış: 2 136

Almaniyada yaşayan, Azərbaycan hakimiyyətinə qarşı daim təhqir dolu ifadələr işlədən "söyüş müxalifəti nümayəndələri" arasında illər əvvəl yaşanan qalmaqal başqa formada yenidən müzakirə mövzusuna çevrilib. Belə ki, onlar bir-birlərini ifşa etməyə, gizlinləri açıb-tökməyə başlayıblar. İddiaların məğzi ondan ibarətdir ki, hələ də Azərbaycanlı məmurlar sırasında hakimiyyətinə söyüş yağdırmaq üçün külli miqdarda pul ayıran şəxs və ya şəxslər var. Bu şəxslər şəxsi maraqları yolunda dövlət üçün təhlükə yaradırlar.

Almaniyada yaşayan bloqerlərin bir-birini ifşası sırf Avropa paytaxtlarında qalmaq üçün erməni diasporu ilə belə əməkdaşlıq etməyə hazır olduğunu bəyan etmiş Tural Sadıqlının hakimiyyətlə bağlı problemlər daxili məsələdir və şikayəti əcnəbilərə yox, hakimiyyət nümayəndəsinə etməliyik tipli fikrindən sonra başlayıb.

"Söyüş müxalifət"inin üzvlərindən biri Surxay Lətifov yazır ki, Almaniyada olan azərbaycanlı blogerlərə qarşı Almaniya prokurorluğu araşdırma başlayıb. S. Lətifovun dediyinə görə prokurorluğun əllərində konkret faktlar var: "Məsələ bundadır ki, həmin blogerlər müxtəlif dövrlərdə şantaj yolu ilə azərbaycanlı məmurlardan 500 min avro pul alıblar. Pulvermə prosesi isə Azərbaycan DTX tərəfindən sübutlarla rəsmiləşdirilib Almaniya prokurorluğuna verilib. İndi prokurorluğa çağırılıb bir-bir ifadə verirlər. Daha çox hansısa Tural Sadıqlı adlı blogerin adı hallanır".

Əfqan Muxtarlı da məsələ barədə fikrini ortaya qoyaraq konkret rəqəm deyib. "Hətta deyilənə görə bir bloger şantaj yolu ilə 270 min avro alıb. Əlimdə konkret sənədlər olmadığı üçün ad çəkə bilmirəm. Amma Almaniya prokurorluğuna göndərilən sorğuma cavab gələn kimi dərc edəcəm. Bax, şantaj etmək yalnız səhv deyil, həm də cinayətdir. Xüsusən Avropada bunu bağışlamırlar. Həm də inanmıram ki, Almaniya bazarlığa gedə, Azərbaycan hökuməti iddiadan geri çəkilsə, almanlar işi bağlaya. Bağlamazlar", - o bildirib.

Aydındır ki, xaricdə erməni lobbisi belə halların yaşanması, bu kimi şəxsləri ələ almaq üçün fürsət güdür. Növbəti dəfə üzə çıxır ki, "söyüş müxalifəti" Azərbaycanda hansısa məmurun sifarişi ilə digər məmurlara qarşı qarayaxma kampaniyası aparır. Onlara "içəridən ötürülən" məlumatları sözügedən bloqerlərin son zamanlardakı fəaliyyətindən də sezmək olurdu. Lakin, belə hal tək hakimiyyət üçün yox, dövlət üçün də təhlükə yaradır. Görünən odur ki, uğurlarımızı gözü götürməyənlər sırasında sapı özümüzdən olan baltalar da var. Yəqin ki, yaxın günlərdə onların ifşasının şahidi olacağıq.

İslam
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.