Siyasət

Ankara və Bakı Şərqi Qərblə birləşdirir

24 Aprel 2024 15:25
Baxış: 1 005

"Düşünürəm ki, İraqa səfərim və imzalanmış anlaşmalar Türkiyə-İraq münasibətlərində yeni dönüş nöqtəsi olacaq".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa səfərinin nəticələrinə həsr olunmuş bəyanatında belə deyib.

Sadəcə Türkiyədə yox, bütün Yaxın Şərqdə, Cənubi Qafqazda, Mərkəzi Asiyada və Şimali Afrikada "Rəis" kimi tanınan dünya miqyaslı siyasətçinin, dövlət adamanın açıqlaması reallığı tam əks etdirir.

Fəqət, Türkiyənin dövlət başçısı bir sıra məqamlardan bəhs etmədi və o məqamlar arasında ən əsası budur: Ərdoğan sadəcə, Türkiyə və İraq arasında münasibətlərin yeni, çox intensiv dövrünə start verməklə yanaşı, Azərbaycanın da bölgədə geostrateji, geosiyasi və iqtisadi, habelə loqistik imkanlar əldə etməsini şərtləndirib.

12 illik fasilədən sonra İraqa səfər edən Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilk əvvəl Bağdadda ölkə rəhbərliyi ilə görüşərək danışıqlar apardı, daha sonra isə İraın şimalındakı Kürdüstan Muxtariyyətinin mərkəzi şəhəri Ərbilə yollandı.

Səfərin belə qrafiki Türkiyənin bütün qonşuları, o cümlədən İraqla mövcud problemləri həll etmək strategiyasına uyğundur.

Ərdoğanın səfərinə hazırlıqlar ötən ilin payızında başlanmışdı. Hazırlıq prosesində səfər əsnasında imzalanmış 26 sazişin mətnləri razılaşdırılmaqla yanaşı, bilavasitə müzakirələr də aparıldı.

Hakan Fidan və İbrahim Kalının Bağdada səfərləri də bununla bağlı idi.

Əsas məsələlərdən biri təbii ki, İraqın şimalında məskunlaşmış terrorçu PKK qruplaşması ilə bağlı Ankara və Bağdadın ortaq mövqe əldə etmələriylə bağlı idi.

Səfərin leytmotivini isə Türkiyə və İraq arasındakı ikitərəfli münasibətlərin strateji müstəviyə keçirilməsi təşkil edirdi.

Eyni zamanda, "İnkişaf Yolu" adlandırılan meqalayihəyə də start verilməli idi.

Bu layihə İraqın cənubunda, Fars Körfəzinin sahilində yerləşən, ərəblərin "Mina əl Fau əl Kəbir" adlandırdıqları Qrand-Fou limanından Türkiyəyə ümumi uzunluqları 1200 km-dən artıq dəmiryol və avtomobil yollarının inşası nəzərdə tutulub.

Habelə, təqribən 10 il istifadəyə edilməyən İraq-Türkiyə neft boru kəmərində nəqlin bərpası da plandadır.

"İnkişaf Yolu" layihəsinin önəmi sadəcə, Qrand-Fou limanınından və Bəsrə şəhərindən Türkiyəyədək uzaqacaq kommunikasiyalar deyil.

Bağdadda aparılan danışıqlarda İraq prezidenti Əbdüllətif Rəşid və baş nazir Məhəmməd əl Sudaninin də dedikləri kimi, Ankara-Bağdad vektorunda əlaqələrin aktivləşməsi bütün Yaxın Şərqdə və ətraf bölgələrdəki vəziyyətdə ciddi dəyişikliklərə səbəb ola bilər.

Səbəblər var və onlar önəmsiz deyil.

Rəsmi Ankara Bağdaddan terrorçu PKK qruplaşmasının Bağdad tərəfindən rəsmən terror təşkilatları siyahısına daxil edilməsini gözləyir.

İraqın hakimiyyət dairələri etiraz etmirlər, lakin bu qərarın müqabilində Türkiyənin Dəclə və Fərat çayları ilə bağlı problemin həllində Bağdada yardımçı olmasını istəyirlər.

Bağdad Ankaradan sözügedən çaylardakı su səviyyəsinin artırılmasını gözləyir.

Səbəb bəsitdir: İraqda istehlak edilən içməli suyun təqribən 70 faizinin mənbəyi Dəclə və Fərat çaylarıdır.

İraq isteblişmenti bəyan edir ki, 2021-ci ildən Türkiyədən gələn çaylarda suyun səviyyəsinin düşməsi nəticəsində suvarılan əkin sahələrinin ümumi sahəsində 50 faizlik azalma var. Dəclə və Fərat çaylarında su səviyyəsi artmazsa, bu ilin sonunadək əkin sahələrinin daha 25 faiz azalacağı istisna olunmur.

Ankara isə problemi Bağdadla sıx işbirliyi şəraitində həll edəcəyini bəyan edib.

Rəcəb Tayyib Ərdoğanın İraqa səfərinin əsas qayələrindən və mövzularından biri olan "İnkişaf Yolu" layihəsi Fars Körfəzindən yüklərin Türkiyəyə, oradan da Avropa İttifaqı ölkələrinə daşınmasını nəzərdə tutur.

Total sərmayə qoyuluşunun 17 milyard dollar səviyyəsində dəyərləndirildiyi layihə çərçivəsində sürətli dəmiryol marşrutunun və bu marşrut boyunca 15 stansiyanın inşası planlaşdırılıb. Ümumiyyətlə isə, Ankara və Bağdad layihəyə 23.8 milyard dollar sərmayə qoyacaq.

Türkiyənin nəqliyyat naziri Əbdülqadir Uraloğlunun dediyinə görə, layihə ilə bağlı son qərar verilib. Lakin marşrutun normal fəaliyyəti üçün İraqın şimalındakı dağlıq ərazilərə sığınmış terrorçu PKK qruplaşmasının hər hansı formada problemlər yaratmasının qarşısı sərt və qətiyyətli şəkildə alınmalıdır.

Layihədə nəzərdə tutulmuş marşrut üzrə daşımaların illik həcminin 2030-cu ildə 20 milyard dollara çatdırılması nəzərdə tutulub.

"İnkişaf Yolu"na regionun digər dövlətləri də qatılmaq niyyətindədir. Belə ki, Qətərlə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) artıq layihədə yer almaq qərarlarını açıqlayıblar.

Qətərin nəqliyyat naziri Casim bin Səif bin Əhməd əl Suleyti və BƏƏ-nin energetika naziri Süheyl Məhəmməd əl Məzrui Bağdada yollanaraq "İnkişaf Yolu" ilə bağlı Türkiyə, İraq, Qətər və BƏƏ arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasında iştirak ediblər.

Ümumiyyətlə, "İnkişaf Yolu" layihəsinin Yaxın Şərqlə bahəm, qonşu regionlar üçün əhəmiyyətini dəyərləndirmək çətindir.

Layihə ABŞ-ın müəllifi olduğu, Hindistanda başlayaraq Yaxın Şərqdən keçən və Avropa İttifaqına çıxan Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (India-Middle East-Europe Economic Corridor, İMEC) marşrutuna alternativdir.

İMEC Türkiyə ilə yanaşı, Azərbaycandan və Mərkəhi Asiya ölkələrindəən də yan keçir.

BƏƏ İMEC layihəsinin iştirakçısı olduğundan, ABŞ və Hindistana nə üçün Türkiyənin reallaşdırmağa başlayacağı "İnkişaf Yolu"na qatıldığını izah etməlidir.

17 milyard dollar investisiya tələb edən "İnkişaf Yolu" inşa ediləndən sonra ildə 4 milyard dollar xalis gəlir gətirməklə yanaşı, ən azı 100 min yeni iş yerinin yaranmasına səbəb olacaq. Məhz bu səbəbdən sözügedən layihəyə Çinin də qatılacağı şübhə doğurmur.

Azərbaycaqn Yaxın Şərq ölkəsi olmasa da, "İnkişaf Yolu" layihəsi Bakı və Ankaranın birgə reallaşdırdıqları layihələrə, habelə iştirakçı qismində qatıldıqları loqistika marşrutalrına əlavə, özü də çox güclü impuls verəcək.

Həmin layihə vasitəsilə Azərbaycan Şərqi Zəngəzurdan Qərbi Zəngəzura, oradan Naxçıvana, daha sonra isə Türkiyəyə keçən marşrutlarını sonradan Fars Körfəzindəki limanlaradək uzanacaq loqistika istiqamətləri ilə birlşədirmək imkanı əldə edəcək. Eyni zamanda, Fars Körfəzindən yüklər çox qısa yolla Türkiyəyə və Azərbaycana, daha sonra isə Mərkəzi Asiya ölkələrinə daşına bilər.

Azərbaycanın qatıldığı Bakı-Tbilisi-Qars, "Şimal-Cənub" və digər layihələrin "İnkişaf Yolu" ilə Türkiyədə birləşəcəyi halda Avrasiyada bir sıra ölkələr Avropa İttifaqına çox rahat, rentabelli və qısa loqistika marşrutlarıəldə edəcəklər.

Belədə yüklər Çin, Pakistan, Mərkəzi Asiya ölkələri və Rusiyadan Azərbaycanla Türkiyədən keçmək şərtilə Avropa İttifaqına, Avropadan isə Sakit Okean sahillərinədək geniş areala mövcud şərtlərdən dəfələrlə sərfəli invariasiyalarda daşınacaq.

Rusiyadan İrana və əks istiqamətdə loqistika marşrutu olan "Şimal-Cənub" layihəsinin Qəzvin-Rəşt-Astara hissəsi tam istifadəyə veriləndən sonra Azərbaycan regionda tranzit ticarət və daşıma dövriyyəsini minimum 2 dəfə artıra biləcək.

"İnkişaf Yolu" layihəsinə gəldikdə isə, Ankara və Bağdad, habelə bu layihəyə qatılmış ölkələr və qatılmaq fikrində olan dövlətlərlə müvafiq danışıqlar aparılandan sonra layihə Mərkəzi Asiya-Qara dəniz, Mərkəzi Asiya-Avropa İttifaqı, Çin-Avropa İttifaqı, Avropa İttifaqı-Çin, Rusiya-İran, İran-Rusiya, İran-Qara dəniz və Qara dəniz-İran istiqamətlərində daşımaların reallaşdırmaq imkanlarına yiyələnəcək.

Bir müddət sonra isə məhz Azərbaycanın iştirakı sayəsində sözügedən layihə müxtəlif nəqliyyat-kommunikasiya marşrutlarına inteqrasiya ola biləcək.

Beləliklə, Azərbaycan yaxın gələcəkdə Avropa İttifaqı, Qara dəniz, Qafqaz, Xəzər və Mərkəzi Asiya regionları arasında ticari, nəqliyyat və loqistika ələqələrinin inkişafında tranzit məkan qismində önəmini daha da artıracaq. Eyni zamanda, Avropa İttifaqı ölkələri, Cənubi Qafqaz, Mərkəzi Asiya və Çin arasında multimodal dəhlizin effektiv fəaliyyətində Azərbaycanın iştirak payı dəfələrlə yüksələcək.

Ən nəhayət, "İnkişaf Yolu" marşrutunun Azərbaycanın ən fəal iştirakı ilə həyata keçirilən Rəqəmsal Nəqliyyat Qovşağı və TASİM layihələrinə qoşulması Fars Körfəzindən Avropa İttifaqına daşımalara Yaxın Şərqin bir çox ölkələrini cəlb etmək imkanlarını formalaşdıracaq.

... Azərbaycan və Türkiyə beynəlxalq yük və sərnişin daşımaları sahəsində razılaşdırılmış siyasət yürüdür, multimodal daşımaları intensivləşdirmək üçün yeni layihələrə start verirlər. Bütün bunlar Ankara ilə Bakının regional əməkdaşlıqda lokomotiv rol oynadığını bir daha nümayiş etdirir.

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.