Siyasət

Sübhani İrəvandakı "nüfuz"unu vəzifəsinə qurban verdi - Rəisinin siyasətinə qarşıdır?

18 Aprel 2024 12:12
Baxış: 1 081

30 milyondan çox azərbaycanlının hazırki İran ərazisində yaşadığını nəzərə alsaq bu ölkənin Azərbaycanın güclənməsini istəməməsi normal hal kimi qəbul oluna bilər. Dəfələrlə Ermənistana silah ötürən, Ermənistanın ədalətsizliyinə göz yuman, bir sıra məsələlərdə Azərbaycanı tək qoyan İran illərdir ki, "nə şiş yansın, nə kabab" prinsipi ilə hərəkət edir. Lakin, bəzi şəxslər bu prinsipi pozmağa cəhd edirlər. Onlardan biri də İranın Ermənistandakı səfiri Mehdi Sübhanidir.

Hər hansı bir vətəndaşın başqa ölkə barədə şəxsi fikirləri o qədər də ciddiyə alınmasa da, səfirin sözləri diplomatik münaqişələrə yol aça bilər. Məhz bu səbəbdən də, səfirlər hər sözlərinə diqqət etməli, humanist davranmalıdırlar. Görünür, İranın Ermənistandakı səfiri Mehdi Sübhani vəzifəsinin nə olduğunu unudub, şəxsi fikirlərini, öz mövqeyini peşəsi vasitəsi ilə çatdırmağa çalışıb.

İran səfiri İsrailə nifrətini bildirərkən Azərbaycanı da araya qatıb. O, bir kəlməsi ilə həm İsraili, həm Azərbaycanı ittiham edib, həm də ermənilərin rəğbətini qazanmış olub. Nüfuzunu artırmaq üçün Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən səfir vəzifəsinin nə qədər ciddi olduğunun fərqində deyilmiş kimi görünür.

Mehdi Sübhani bildirib ki, Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahi ilə öldürülüb. Görünür, İran səfiri işğalçı dövlətin, Xocalı qətliamını törədən, illərlə torpaqlarımızı tapdaq altında saxlayan Ermənistanın bizim torpaqlarda öldürülməsini faciəyə çevirib. Bu zaman belə bir sual yaranır: Bu əsgərlər Azərbaycan ərazisində nə edirdilər? Bəs bizim əsgərlərimiz İran vasitəsi ilə daşınan silahlarla öldürülməyib?

İranın müharibə dövründə Ermənistanın tərəfində olması, onlara kəşfiyyat məlumatlarını ötürməsi, İran üzərindən yanacaq və silah daşınmasına dair onlarla faktlar var. İran illərlə Qarabağda və təhqir edilmiş dini abidələrin dağıdılması və təhqir olunmasına susub. Məhz İranın birbaşa iştirakı ilə işğal olunmuş Azərbaycan şəhər və kəndlərinin xarabalığa çevrilib.

İranın Ermənistandakı səfirinin çıxışı təəccüb doğurmur. Çünki, o, Azərbaycana qarşı bir neçə dəfə bu tərz iddialarla çıxış edib. Yaşadığı ölkədə təsir altına düşən səfir vəzifəsinin ciddiliyini unudaraq ölkəsinin prinsiplərinə də zərər vurur. Belə ki, İran Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevlə Daşkənddə görüşü zamanı: "Biz çox sevinirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq", - deyib. Belə nəticəyə gəlmək olar ki, İranın Ermənistandakı səfiri Rəisinin siyasətinə qarşıdır?

İslam
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.