Siyasət

Sonuncu Paşikakan: qarabağlı ermənilərin xəyanəti, "ağa"ların dönüklüyü

12 Aprel 2024 11:43
Baxış: 952

Ermənistanın baş naziri Nikol Paşinyan son günlərdəki çıxışları və açıqlamaları ilə ölkənin gündəmini dəyişməklə yanaşı, ermənilərin böyük qismində çaşqınlıq yaradıb. Zarafat deyil: əsrlərdən bəri təkrarlanan və "danılmaz həqiqət" sayılan məqamları Paşinyan rədd edir, xülya adlandırır.

Ermənistan parlamentindəki çıxışında isə o, ümumiyyətlə, orta statistik erməninin şüuruna uşaqlıq yaşlarından başlayaraq nal mıxı kimi çalınan, gürzlə vurulan nəsnələrin artıq yarıtmaz, hətta yaramaz olduğunu söyləyib.

Son onilliklərdə, daha dəqiq olsaq, qarabağlı ermənilərin separatçılıq və terrorçuluq dalğasının başlandığı ilk günlərdən bəri ermənilərin əsl şübhə etmədikləri "həqiqət"lərin yalan nəsnələr, efemer məqamlar və xülya olduğunu Nikol Paşinyan söyləyib.

Təbii, Ermənistanın baş naziri ampluasına sadiq qalaraq yalnız özünün maraqlarından, hakimiyyətini qorumaq və daha da möhkəmlətmək istəklərindən çıxış edərək bu sözləri deyir.

N.Paşinyanın dediklərini onun əsl mövqeyi kimi qəbul etsək, sadəlövhlük edərdik: çünki adı çəkilən şəxs patoloji yalançıdır və maraqlarının təminatı üçün istənilən sözü demək, ağla gələn hər hərəkəti etmək qabiliyyətindədir.

Bununla belə, onun son bəyanatları Ermənistanın daxili siyasətində, ictimai həyatında, habelə xarici ölkələrdəki erməni icmalarındakı qüvvələr nisbətlərinin dəyişməsinə və yeni narrativlərin gündəmə gətirilməsinə xidmət edir.

Nikol Paşinyan Ermənistanın dövlət müstəqilliyini "hədiyyə" qismində əldə etdiyi ilk gündən bəri erməni cəmiyyətinə hakim olan ehkamlaşmış fikirləri təftiş etmək qərarına gəldiyi göstərmək istəyir. O, Ermənistandakı cəmiyyəti normal yaşama yönəltmək, milli ideologiyanı və siyasəti sağlaşdırmaq fikrində deyil.

Məqsəd ABŞ, Fransa və Avropa İttifaqının şərtlərini yerinə yetirmək, İrəvanın Qərbə meyllənmiş siyasətinin müqabilində Rusiya və İranın qaçılmaz əks-tədbirlərinin nəticələrini yumşaltmaq, daha sonra isə məhz Vaşinqton-Paris-Brüssel triosu vasitəsilə təhlükəsizliyi təmin etməkdən gedir.

Məsələ yalnız Ermənistanın dövlət və ya milli təhlükəsizliyi yox, ilk növbədə N.Paşinyanın hakimiyyətinə olan təhdidlərin qarşısını almaq istəyi ilə bağlıdır.

Nikol Paşinyan Ermənistan parlamentindəkir çıxışında İrəvanın onillərdən bəri trajladığı yalanları bilaixtiyar olaraq faş edib.

Beləliklə, onun çıxışındakı bəzi məqamlara nəzər salaq.

1. "Bizə xatırladılar ki, seçkiqabağı proqramımızda Rusiya ilə strateji tərəfdaşlıq və KTMT ilə münasibətlərin dərinləşməsi vardı. Bəli, haqlıdırlar, var idi. Amma KTMT bizə yardım etmək istəmirsə, nə olsun? Əgər müqavilə işləmirsə, nə edək?! Bilirsinizmi, KTMT müqaviləsində nəzərdə tutulmuşdu ki, əmrimiz olarsa, ölkədə Rusiya ilə birləşdirilmiş hava hücumundan müdafiə sistemi işə düşməliydi. Amma gərəkli anda, əmrimizdən sonra HHQ işə salınmadı. Və belə hadisələr çoxdur".

Nikol Paşinyan etiraf etdi ki, Ermənistanın MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana qarşı istifadə etmək, Rusiyanı hərbi əməliyyatlara cəlb etmək niyyəti olub. Ermənistandan Azərbaycan şəhərlərinə ballistik raketlər atıldığını və Azərbaycanın cavab zərbələrinin dağıdıcı olacağını nəzərə alsaq, Rusiyanın proseslərə müdaxiləsi ermənilərin əsas arzusu idi. Alınmadı, çünki bu planın təhlükəsini Moskva görərək ermənilərin tələsinə düşmədi.

2. "Bizə deyirlər ki, hökumətimiz Dağlıq Qarabağı tək qoyub. Atalar sözündə deyildiyi kimi, çörəyimizdə duz yoxdur? 2020-2023-cü illərdə Ermənistan hökuməti Dağlıq Qarabağa 538 milyard dram və ya 1,3 milyard dollar verib. Belə "tək qoymuşduq" onları?! Bu gün Dağlıq Qarabağdan elə mütəxəssislər var ki, onları işə dəvət edirik, amma bizə deyirlər ki, maaşlarımız azdır və bu maaşa işləmək mümkün deyil. Dağlıq Qarabağda maaşlar və pensiyalar Ermənistandan yüksək idi və bu, "Dağlıq Qarabağı tək qoyanların" sayəsində oldu".

Bu sözlərii əsla unutmayaq. Ermənilərin dediklərinə görə, ölkələri "ağır problemlərlə üzləşmişdi və yoxsul idi". Yoxsul ölkə separatçılara 1,3 milyard dollar verir, sonra da Qərbdən maliyyə yardımları və iqtisadi dəstək istəyir.

ABŞ, Fransa və Avropa İttifaqının mövqeyi ilə bağlı rəsmi Bakının narazılığı və qəzəbinin səbəbi də budur. İrəvana Qərbin istənilən (!) yardımı Ermənistanın dövlət büdcəsində maliyyə imkanları yaradır, ermənilər bu pulları Azərbaycana qarşı, ərazilərimizi minalamaq, vətəndaşlarımızı öldürmək üçün istifadə edirlər.

3. "Hərgah "Xilas naminə ayrılmaq" konsepsiyasını həyata keçirmək istəyi olardısa, Dağlıq Qarağbağ erməniləri orada (Azərbaycanın tərkibində, - red.) yaşamaq istəsələr də, bunu edə bilmirlər. Amma konsepsiyaya görə, qarabağlı ermənilər orada yaşamaq istəmirlər. Dağlıq Qarabağ nümayəndələri ilə onlarla dəfə danışmışam və etiraf edim ki, onların çoxu dediklərimi nəinki anladılar, hətta söylədiklərimin yeganə jüz yol olduğu ilə razılaşdılar da. Əgər konsepsiyanın başqalarının dediyi kimi separatizm olmadığını, qarabağlı ermənilərin yaşamaq istədiklərini, amma yaşaya bilmədiklərini söbut edə bilsək, müzakirələr başlaya bilər. Sonra həmin adamları xəyanətkar adlandırdılar, istefaya göndərdilər, yığışdılar və dedilər ki, "Siz artıq Qarabağı idarə edə bilməzsiniz, baxıq biz nə edəcəyik". Çünki onlara "Haydı, başlayın!" deyilən yerdən zəng etmişdilər. Xahiş edirdik, deyirdi ki, getməli, danışıqlar aparmalısınız. Razılaşdıq ki, Sofiyada, sonra başqa yerdə görüşmək variantı var. Razılaşırdılar, amma sonra zəng edib "alınmayacaq, bizə "getmək lazım deyil" dedilər" söyləyirdilər".

Nikol Paşinyan "qarabağlı erməniləin nümayəndələri" dedikdə Xankəndindəki sabiq xuntanın keçmiş rəhbəri Araik Arutyunyanla komandasını nəzərdə tutur. "Kənardan əmr alanlar" isə, Paşinyanın təqdimatında, Xankədinə xüsusi missiya ilə göndərilmiş milyarder Ruben Vardanyandır.

Məhz Vardanyanın Xankəndindəki "uzaqdan məsafəli idarə olunan" fəaliyyəti nəticəsində A.Arutyanyan "könüllü istefa"ya vadar edilmişdi. R.Vardanyan qarabağlı ermənilərin nümayəndələri ilə rəsmi Bakı arasında Yevlaxdakı görüşün baş tutması üçün bütün vasitələər əl atmış, sonda Azərbaycan rəhbərliyini terrorla "təhdid" etmişdi.

4. "Problemimiz ondadır ki, 1994-cü ildə atəşkəsə nail olduq. Lakin o vaxtdan dünya dəyişdi. Dünya 1995-ci ildə də, 1998-ci ildə və sonralar da dəyişdi. Amma biz dəyişmədik. Dünya 21-ci əsrə keçib, biz isə 1994-cü ildə qalmışıq. Hər mənada".

Nikol Paşinyan bu sözləri ilə erməni cəmiyyətinin onillərdən bəri vücudunda və şüurunda daşıdığı mərəzlərin məcmusundan bəhs edir. Revanşizm, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları, Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olduğu illərdə bu prosesin "normal" sayılması, irqçilik, türkofobiya və islamofobiya, bütün bunlarla birlikdə sürəkli "hami" axtarışları ermənilərin mövcudluq prinsiplərini təşkil edirdi, indi də edir.

5. "Bizə daim ATƏT-in Minsk qrupu çərçivəsində baş verən proseslərdən danışırlar. Bizi buna görə də tənqid edirlər. Amma heç kim fikir vermir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri 2014-cü ildən nəinki bir-biri ilə münaqişədədirlər, hətta 2022-ci ildən bir-biri ilə müharibə vəziyyətindədirlər. Buna fikir vermisiniz? Bəyəm mən sizə təzə xəbər deyirəm?!"

ATƏT-in Minsk Qrupunun artıq tarixə qovuşduğu faktdır. Nikol Paşinyan isə belə melodramatik açıqlama ilə tarixi atavizmə çevrilmiş struktur barədə məlumat vermir - o, Minsk Qrupunun nə zamansa reinkarnasiya edəcəyinə, bərpa olunacağına ümidini dilə gətirir. Ermənistanın baş naziri həmişəki kimi yalan danışır: ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdikləri Minsk Qrupu yaradılan ilk gündən Azərbaycanın maraqlarına qarşı çıxıb, işğalçı Ermənistanla ərazilərinin 20 faizi işğala məruz qalmış Azərbaycanı bir müddət "eyni status"da görüb, sonra isə illər boyu aşkar ermənipərəst mövqedə durub. Nikol Paşinyanın ATƏT-in Minsk Qrupundan şikayətlənməsinin özü, paradoksdur.

6. "Heç kim tarixi Ermənistanı məndən çox sevə bilməz. Amma mən baş nazir kimi tarixi Ermənistanı Ermənistan Respublikasından çox sevməkdən imtina edirəm. Mən ümumiyyətlə real Ermənistandan başqa nəyisə sevməkdən imtina edirəm. Bu gün də deyirəm ki, biz Kilikiya çarlığından, Erməni ovalığından, Van çarlığından gəlmişik. Məsələ bu deyil. Söhbətimizin mahiyyəti belədir: bugünkü dünyaya Van çarlığından, yoxsa indiki Ermənistandan baxaq?! Bu, bizim konseptual mübahisəmizdir. Bizə vacib sual verilir: necə ola bilər ki, haradasa 7-ci əsr kilsəsi olsun, Azərbaycanla sərhəd isə bir neçə metr sonra başlasın? Bu çox vacib sualdır, çünki 7-ci əsrdən bir kilsə necə ola bilər ki, Türkiyə ilə sərhədin yanında olsun. Çünki, məsələn, xristianlığımızın başlanğıc simvolu olan Xor Virap kilsəsindən az sonra Türkiyə ilə sərhədimiz başlayır. Strateji seçim isə məhz bundan ibarətdir - biz Xor Virapdan uzaqda Türkiyə yoxdur deyəndə, tarixi Ermənistanı seçirik, Türkiyə oradadır deyəndə, əsl Ermənistanı seçirik?"

Nikol Paşinyanın bu açıqlaması isə sanki onun siu və ya apaçi hindu qəbiləsindən olan başçının sıravi üzvlərə xitabən tarixi xatırlatması, sonra da həmin saxta tarixlə manipulyasiya edərək öz məqsədini gerçəkləşdirməyə çalışmasının analogiyası sayıla bilər.

Fəqət N.Paşinyan sonuncu moqigan deyil. O, "Paşikakan" olmağa can atsa da, ideologiyası və siyasəti saxtakarlıq, yalan, ikiüzlülük və nifrət üzərində qurulmuş cəmiyyətin qısa müddətdə yeni yalana tapınması asan deyil.

Tapşırıq Qərbdən gəlsə də...

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.