Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə aprelin 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Azərbaycan aşıq yaradıcılığında milli-mənəvi dəyərlərin təcəssümü" mövzusunda elmi-praktik seminar keçirilib.
Azərbaycan Aşıqlar Birliyinin (AAB) dəstəyi ilə gerçəkləşən seminar saz-söz ustadı Molla Cuma, görkəmli yubilyar aşıqlar Hüseyn Saraçlı (110) və Pənah Pənahovun (100) sənət yoluna həsr olunub.
Tədbir iştirakçıları əvvəlcə muzeyin aşıq sənəti guşəsi ilə tanış olublar. Burada nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova muzeydə aşıq sənətinin inkişafına mühüm töhfələr vermiş görkəmli saz-söz ustadları ilə bağlı guşələrin olduğunu, qiymətli eksponatların saxlanıldığını bildirib.
AAB-nin sədri Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı seminarın əhəmiyyətini yüksək qiymətləndirib. O, tədbirin Azərbaycan aşıq sənətində özünəməxsus yeri olan Molla Cuma, Hüseyn Saraçlı və Pənah Pənahovun yaradıcılıq irsinin yaşadılması və təbliğinə töhfə olduğunu deyib.
MEMİM-in direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov seminarın təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd olunub ki, seminarın məqsədi milli-mənəvi dəyərlərimizin qorunması və vətənsevərliyi yaradıcılığında tərənnüm etmiş aşıqlarımızın irsinin tanıdılmasıdır. Vüqar Hümbətov MEMİM tərəfindən bu qəbildən tədbir və layihələrin davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonra AAB-nin katibi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun "Bənzərsiz dastan ustası - Hüseyn Saraçlı", AAB-nin üzvü, tədqiqatçı, Molla Cumanın nəticəsi Elman Əzizovun "Molla Cumanın ədəbi irsi" və MEMİM-in əməkdaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının "Pənah Pənahov yaradıcılığında aşıq və xalq mahnı üslubunun vəhdəti" mövzularında çıxışları dinlənilib.
Tədbir çərçivəsində tanınmış aşıqların ifalarından ibarət bədii proqram təqdim olunub. Həmçinin Əməkdar mədəniyyət işçisi, aşıq Gülarə Azaflının rəhbəri olduğu "Çeşmə" folklor qrupunun ifasında ustad aşıqların repertuarından saz havaları tədbirə rəng qatıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az





